» » Amerikalı jurnalist: "Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"

Amerikalı jurnalist: "Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"


Amerikalı jurnalist, "NewsBlaze”, "The Jeurusalem Post”, "The Times of Israel” kimi nüfuzlu mətbuat orqanlarının yazarı Nurit Qrinqer Azərbaycana səfər edib və ölkəmiz haqqında növbəti məqalə yazıb.
AZƏRTAC xəbər verir ki, məqaləsinə "Azərbaycana gələn hər kəs çox qısa zamanda insanlar arasında harmoniya və birliyin mümkünlüyünə əmin olur” sözləri ilə başlayan Nurit Qrinqer Azərbaycan xalqının öz genlərində fəxarətlə harmonik mövcudluğu yaşatdığını qeyd edir. Müəllif "Nəyə görə bu, Azərbaycanda mümkündür və digər yerlərdə mümkün deyil” kimi sualla çıxış edərək məqalə boyunca buna cavab tapmağa çalışır.
Gününü Şəhidlər xiyabanını ziyarətlə başlayan müəllif qanlı Yanvar faciəsində və Qarabağ uğrunda müharibədə həlak olanların məzarlarını ziyarət etdiyini bildirir. Yanvar faciəsi və Qarabağ müharibəsinin sülhpərvər Azərbaycan xalqının tarixində ən kədərli məqamlardan biri olduğunu yazır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdən müsahibə alan Nurit Qrinqer Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qeyd edir. Müəllif yazır: "Hikmət Hacıyev fəxarətlə və böyük həvəslə Azərbaycan rəhbərliyinin ölkə vətəndaşları üçün təmin etdiyi parlaq gələcəkdən danışdı”.
Jurnalist XİN-in sözçüsünə istinadən Azərbaycanın tarixən böyük güclərin döyüş meydanı olduğunu və Azərbaycan xalqının buna görə çox əziyyətlər çəkdiyini bildirir. O, bu gün Azərbaycanın yəni əməkdaşlıq və tərəfdaşlıq xarakterli siyasət yürütdüyünü yazır.
H.Hacıyev Azərbaycanın xarici siyasətinin daxili siyasətinin əksi olduğunu qeyd edərək müəllifə Azərbaycanın İsrail, İran, Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı, ölkəmizin nəqliyyat strategiyası, turizmin, təhsilin və kənd təsərrüfatının inkişafı, "qara qızıl”ın insan kapitalına çevrilməsi siyasəti haqqında məlumat verir.
Müəllif Bakıdakı Katolik Kilsəsinə, sinaqoqa, Təzəpir məscidinə ziyarətindən və Qafqaz Müsəlmanları İdarəsində görüşlərindən də bəhs edir. O, Azərbaycanda yəhudilərin firavan və təhlükəsiz yaşadığını vurğulayır.
Müəllif oxuculara Azərbaycana səyahət etməyi məsləhət görərək məqaləsini bu sözlərlə bitirir: "Azərbaycana səfər etsəniz sizin bütün şüuraltı qərəzli fikirləriniz bu ölkənin alicənab, mədəni və sivil insanlarının mühitində tamamilə əriyib gedəcək”.
Amerikalı jurnalist: "Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"
Mənbə:http://azertag.az/xeber/Amerikali_jurnalist_Azerbaycana_gelen_her_kes_insanlar_arasinda_harmoniyanin_mumkunluyune_emin_olur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz