» » Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir

Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir

Müəllif: Vüsal от 8-09-2016, 15:41
 

Aqrar sektor ölkənin ərzaq təhlükəsizliyini təmin etməlidir

 

Bunun üçün mövcud potensialdan səmərəli istifadə olunmalıdır.
Müasir dövrdə dünya iqtisadiyyatında aqrar sektor strateji əhəmiyyət daşıyır. Çünki aqrar sektor ölkənin ərzaq təhlükəsizliyinin başlıca təminatıdır. Bir tərəfdən də dünya əhalisi sürətlə artır. Həm də uzun illər torpaqlardan səmərəsiz istifadə edildiyi üçün məhsuldarlıq azalıb. Digər tərəfdən isə, dünyada su qıtlığı problemi yaşanır. Mütəxəssislər hesab edirlər ki, 2030-cu ildən yaranacaq su qıtlığı 2050-ci ildə pik səviyyəyə çatacaq. Sözsüz ki, belə bir vəziyyət dünyada əhalinin ərzaqla təminatında ciddi problemlər yaradacaq. Bu vəziyyəti aradan qaldırmaq üçün hər bir ölkə aqrar sahənin inkişafına diqqəti artırmalıdır. Azərbaycan da bu sahədə istisna deyil.
Ölkəmizin ərazisindən axan əsas iri iki çayın mənbəyi sərhədlərimizdən xaricdədir. Bu səbəbdən Prezident İlham Əliyev hələ neçə il öncə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxildə iri su ehtiyatlarını yaratmaq barədə qərar qəbul etmişdir. Şəmkirçay və Taxtakörpü su anbarlarının tikilməsi bu məqsəd üçündür. Üstəlik, ilin əvvəlində Tovuzçay su dəryaçası da istifadəyə verilib. Bundan başqa, ölkə daxilindəki kiçik çayların üzərində mobil tipli elektrik stansiyaları quraşdırılıb. Bu da həmin ərazidə yerli əhəmiyyətli su mənbələrinin yaranması deməkdir. Beləliklə, mövcud su ehtiyatlarından istifadə edərək ölkədə ərzaq təhlükəsizliyini təmin etməyə qadirik. Çünki yeni su ehtiyatları ölkəmizdə min hektarlarla əlavə torpaq sahələrinin əkin dövriyyəsinə daxil etməsinə imkan verir. Belə vəziyyət əvvəllər istifadə edilən, lakin su çatışmazlığı üzündən məhsuldarlığı aşağı düşən sahələrin də istifadəsinə müsbət təsir göstərir.
Azərbaycanda qeyri-neft sektorunda ən böyük potensiala malik sahələrdən biri kənd təsərrüfatıdır. Ölkəmizin bu sahədə imkanları kifayət qədərdir. Bərəkətli torpağımız, əlverişli iqlimimiz var. Bu da əksər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan yaradır. Elə buna görədir ki, həmişə yerli məhsullarda çeşid bolluğu olub. Digər tərəfdən, yerli məhsulların keyfiyyəti və dadı-tamı başqadır. Təsadüfi deyil ki, bizim məhsullara istər daxili, istərsə də xarici bazarda tələbat çoxdur. Bu isə o deməkdir ki, kənd təsərrüfatı məhsulları ilə daxili tələbatı ödəməklə yanaşı, ixrac hesabına külli miqdarda qazanc əldə etmək də mümkündür.
Ölkəmiz özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyi prioritet istiqamətlərdən biri sayır. Buna görə də ölkədə ciddi struktur islahatları aparılır, müasir dövrün tələblərinə cavab verən texnika və texnologiyalardan istifadə olunur. Çünki bunsuz aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq mümkün deyil.
Əhalinin çörəklə təminatı strateji məsələdir. Buna görə də ölkədə taxılçılığın inkişafı üçün istehsalçılara bir sıra güzəştlər edilir. Son vaxtlar Prezidentin sərəncamı ilə əkin sahələrinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə büdcə vəsaiti hesabına ayrılan yardımın həcmi 40 manatdan 50 manata qaldırılıb. "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və müvəqqəti suvarma sistemlərinin ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib, aqrar sektorda çalışan sahibkarlara mineral gübrələrin satış qiymətlərinə tətbiq edilən güzəştlərin həcmi isə 50 manatdan 80 manatadək artırılıb.
Taxılçılıq üzrə məhsuldarlığın artırılmasında yeni elit sortları xüsusi əhəmiyyət kəsb edir. Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutlarının yenidən qurularaq müasir dövrün tələbləri səviyyəsinə qaldırılması, Dövlət Taxıl Fondunun yaradılması məhz bu məqsədə xidmət edir. Taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən bir sıra rayonların taxılçılarına dövlət vəsaiti hesabına yüksək reproduksiyalı toxum verilir. Həmin fermerlərin əkin sahələrində məhsuldarlıq daha yüksək olur. Aqrar sektorda fəaliyyət göstərən bütün sahibkarlar belə toxumlarla təmin edildikcə taxılçılıqda məhsuldarlıq da artır.
Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyul aylarında açıqladığı rəqəmlərdən də aydın olur ki, aqrar sektorda dinamik inkişaf davam edir. Belə ki, hesabat dövründə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3290,4 milyon manat təşkil edib ki, bunun da 1677,7 milyon manatı heyvandarlıq, 1612,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 2,6 faiz, o cümlədən bitkiçilik üzrə 2,5, heyvandarlıq məhsulları üzrə isə 2,8 faiz artıb.
Avqust ayının 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 98,2 faizi biçilərək həmin sahələrdən 2802,1 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 29,7 sentner təşkil edib. 3,6 min hektar qarğıdalı sahəsindən 13,9 min ton məhsul götürülüb.
Hesabat dövrü ərzində ölkə üzrə diri çəkidə 263,6 min ton ət, 1168,8 min ton süd, 947,8 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6, süd istehsalı 2,1, yumurta istehsalı 5,5 və yun istehsalı 1,6 faiz artıb.
Aparılan son hesablamalara görə, hazırda özümüzü mal əti ilə 92, qoyun əti ilə 99, quş əti ilə 98,6, yumurta ilə 99,6, süd və süd məhsulları ilə 80, taxıl istehsalı ilə 64, kartof istehsalı ilə 90, meyvə və giləmeyvə ilə 110, duzla 87, şəkərlə 191, bitki yağları və marqarin ilə 67, kərə yağı ilə 60, makaronla 52, meyvə-tərəvəz şirələri ilə 105 faiz təmin edirik. Bu rəqəmlər ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı sahəsində böyük uğurlar qazanıldığını sübut edir. Əlbəttə, görülməli işlər də çoxdur. Hazırda bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir və heç şübhə yoxdur ki, onların sayəsində yaxın bir neçə ildə ölkəmiz yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin tam təmin edilməsinə nail olacaq.
Dövlət başçısı aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinə xüsusi önəm verir. Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə demişdir: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün prioritet məsələdir. Keçən il bir neçə fərman imzalanmışdır. Bu fərmanların praktik nəticələri artıq görülməkdədir. Əlavə vəsait ayrılmışdır. Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə keçən il "Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də "Kənd təsərrüfatı ili”dir. Hər il "Kənd təsərrüfatı ili” olmalıdır”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da aqrar sektorun inkişafına xüsusi diqqət yetirib. Dövlət başçısı kənd təsərrüfatını qeyri-neft sektorunda mühüm sahə adlandırmaqla yanaşı, onun ölkənin ərzaq təhlükəsizliyindəki rolunu da xüsusi qeyd edib. Bununla yanaşı, ölkədə son illərdə barama, tütün, fındıq və xurma istehsalının ümumi inkişafdan geri qaldığını bildirib. Qeyd edib ki, bu sahələrin hər biri aqrar sektorda gəlirli sahələrdir. Təkcə ötən il fındıq ixracından ölkəyə 90 milyon dollar vəsait daxil olub.
Ölkəmizdə baramaçılığın tarixi qədimdir. Azərbaycan Çindən Avropaya gedən İpək yolunun üzərində yerləşməklə bərabər, həm də ipək istehsalçısı olub. Hələ qədim zamanlardan ölkəmizin müxtəlif bölgələrində ipək istehsal edən sexlər fəaliyyət göstərib. Burada müxtəlif ipək parçalarla yanaşı, milli simvolumuza çevrilən kəlağayılar da istehsal olunub. Sovet dönəmində bu sahədə ixtisaslaşan ən böyük müəssisə Şəki İpək Kombinatı idi. Burada istehsal edilən məhsullar keçmiş SSRİ-nin hər yerinə ixrac edilərək xarici bazarlarda da satılırdı. Bu istehsal müəssisəsi həmin dövrdə ölkəmizin bütün bölgələrində istehsal edilən barama ilə təchiz edilirdi.
Baramanın üstün cəhəti ondadır ki, bu məhsulu qısa bir müddətdə yetişdirmək mümkündür, üstəlik, ağır zəhmət də tələb olunmur. Bununla belə, çox gəlir gətirir. Baramaçılığı inkişaf etdirmək üçün böyük ərazilərdə yeni tut bağlarının salınmasına ehtiyac var. Hazırda meşə fonduna daxil olan, əslində heç bir ağac olmayan min hektarlarla torpaq sahələri var. Yaxşı olar ki, həmin ərazilər tut bağlarının salınması üçün fermerlərə verilsin. Bu yolla ölkənin yaşıllığını artırmaqla yanaşı, həm də baramaçılığın yem bazasını da yaratmaq olar. Belə imkandan fındıqçılığın da inkişafı üçün istifadə etmək mümkündür.
Hazırda dünya ölkələri bitkiçiliyin inkişafında iki əsas məsələyə - torpaqdan və sudan səmərəli istifadəyə xüsusi diqqət yetirir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə torpaq və sudan səmərəli istifadə edilməsinin vacibliyini bildirərək müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verib. Dövlət başçısının bu tapşırığının yerinə yetirilməsi istiqamətində müəyyən işlər görülür. Yaxın gələcəkdə biz bu əməli tədbirlərin nəticəsini aqrar sektorda məhsul istehsalının artımında görəcəyik.
Rüstəm KAMAL,
"Azərbaycan”

Mənbə:http://www.azerbaijan-news.az/index.php?mod=3&id=104631

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz