» » Dərdsiz adamın alt köynəyi (Şəki rəvayətlərindən)

Dərdsiz adamın alt köynəyi (Şəki rəvayətlərindən)

Bir şahın yeganə bir qızı varmış. Qız xəstələnir. Şah ölkədə olan yaxşı həkimləri gətirir, nə qədər dava-dərman edirlərsə, xəstə qız sağalmır ki, sağalmır. Şah, falçılar, münəcimlər arasında da qızın xəstəliyindən baş tapan, onu sagalda bilən adam tapmır. O, əlacsız qalıb bütün ölkəsinə elan edir ki, mənim qızımı kim sağaltsa, ona bir dəvə yükü qızıl verəcəm.
Günlərin bir günü səhər tezdən görürlər ki, elçi daşının üstündə bir qarı oturub. Adət üzrə şahla görüşmək istəyən adamlar elçi daşının üstündə oturarlarmış.
Qarı saray sakinlərinə deyir:
– Şahin qızına əlac etməyə gəlmişəm.
Xəbəri şaha çatdırırlar və şah buyurur ki, qarını hüzuruna gətirsinlər.
Qarı qızın otağına daxil olur. Kitab açır, tas qurur, nəhayət, onu sağaldacaq dərmanı tapdığını bildirir:
– Şahım, qız dərdsiz adamın alt köynəyini geyən kimi yaxşı olacaq.
Şah tədbir libas olub öz diyarını şəhərbəşəhər, kəndbəkənd gəzir. Bir çox adamla söhbət edir. Kimə üz tutursa, o adam öz dərdindən danışır. Dərdsiz bir adama rast gəlmir.
Bir gün axşam hava təzə qaralanda şahın yolu bir kənddən düşür. Bir evin qabağından keçərkən pəncərədən içərini görür. Orada ailə üzvləri şənlik edirdilər, ər, arvad və bir neçə uşaq deyib -gülürdülər. Kişi əlilə sinini dınqıldadır, uşaqlar əl çalır, arvad da ortaya düşüb oynayır. Sonra arvad çalır, kişi oynayır. Axırda da uşaqlar oynayırlar.
Şah öz-özünə fikirləşir ki, "Diyəsən axtardığımı tapmışam. Bu adamların heç bir başqa dərdi yoxdu”.
Şah qapını döyür. Kişi qabağa gəlir. Şah deyir:
– Allah qonağıyam. Məni bu gecə qonax saxlıyarsınız?
Ev sahibi deyir:
– Allaha da qurban olum, onun qonağına da, buyur gəl içəri.
Ev sahibi şahı içəri dəvət edir, başda əyləşdirir, amma qabağına yemək-içmək qoymağa imkanı olmur. Demə, bunnarın axşam yeməyə heç quru çörəkləri də yox imiş.

Dərdsiz adamın alt köynəyi (Şəki rəvayətlərindən)

Ər-arvad çalıb-oynamaqlauşaqların başını qarışdırıb yuxuya vermək istəyirlərmiş. Şah öz-özünə fikirləşir ki, "Bunlar yoxsul, ac olmalarını belə özlərinə dərd eləmirlər. Bu kişinin köynəyini alıb qızıma geyindirsəm,
görən sağalarmı?”
Şah dərdini söyləyib kişidən alt köynəyini istəyir. Kişi üst paltarını qaldırıb çılpaq bədənini şaha göstərir və deyir:
– Kasıb adamam, balalarıma bir qarın çörək tapmıram, bədənim heç alt köynəyi görmiyitdi.
Səhəri şah saraya qayıdır, taxta əyləşərkən öz-özünə soruşur ki, görəsən mənim ölkəmdə niyə dərdsiz adam yoxdu? Bəlkə hamının bədbəxtliyinə səbəb elə mənim işlərimdir?
Şah xalqın xeyrinə qanunlar verir. Yetimlərə əl tutur. Acların qarnını doydurur. Camaat ona xeyir-dua edir. Xəstə qız yavaş-yavaş yaxşılaşır.
Demə, qızı rəiyyyətin ah-naləsi, qarğışı tutubmuş. Deyirlər:
Gej kəsər, kazlı kəsər,
Bir məzlumun ahı kəsər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz