» » 5 Şəki lətifəsi

5 Şəki lətifəsi

Müəllif: Vüsal от 9-11-2016, 06:15

Tapdığın zarafatları


5 Şəki lətifəsi

  

Ağır səfər 

Yeznələrindən biri Bakıya gedirmiş. Tapdıqdan soruşur ki, Bakıya bir qulluğun varmı? Tapdıq fövrən bir zarafat fikirləşir, deyir ki, Ramizgilə bir sovqatım var, xahiş edirəm sabah verim, onu da çatdır. Səhər tezdən yeznəyə ağır bir yeşik verir və deyir ki, mürəbbə və ağ xiyarın şorbasıdır, ehtiyatlı olsun. Yeznə hıqqana-hıqqana ağır yeşiyi avtobusdan taksiyə, oradan da Əhmədliyə daşıyır. Qan-tər içində tələsən bacanağından sovqatın kimdən göndərildiyini soruşan Ramiz Tapdıq adını eşidəndə gülməyə başlayır. Bacanaq pərt halda soruşur:
– Niyə gülürsən, aç bax da, mürəbbədir.
– Özün aç bax-deyə Ramiz daha bərkdən gülür ,- o bizə heç nə göndərməli deyil.
Bacanaq yeşiyin iplərini açır, yeşikdən iki kubik parçası və sınıq kərpiclər çıxarır.

5 Şəki lətifəsi

 Daha qiymətli yük
Bir nəfər Tapdıq ilə zarafat etmək fikrinə düşür. Onu çəkindirirlər ki, sən onun zarafatına dözməzsən, qoşulma. Fikrindən dönməyən "koxa oğlu”Tapdığın darvazası ağzına bir maşın çay daşı tökdürür. Səhər maşını həyətdən çıxarmaq istəyən Tapdıq yol bağlı olduğundan işə piyada gəlir və yol boyu zarafatın cavabını fikirləşir. Az vaxtdan sonra payız düşür, yağışlar başlayır, Tapdıq kərpic zavodundan bir "Kamaz” maşın sarı torpaq alır və "koxa oğlu”nun qapılarının lap ağzına səhər alatoranda tökdürür. Səhər evdən çıxan "koxa oğlu”nun ayağı gilə batanda bilir ki, bu, Tapdığın işidir. Deyirlər,  gil palçığını "koxa oğlu” düz bir aya təmizlətdirə bilmir.

5 Şəki lətifəsi

Kapron corab 
Tapdıq dayısı oğlunun hər bazar günü evlərinin yanındakı hamama getdiyini bilirdi. Çıxıb yol üstündə durur və hamamdan çıxan kimi dayoğlusunu zorla nahara aparır. Yeməyi bir az ləngidir və onu yaxşı içirdir. Sonra hamam çamadanına qadın corabı qoyur. Səhər evdən çıxan dayoğlu evə axşam dönür, özü də kefli. Arvadı ilə harasa gedəcəklərini də unudur. Arvad deyinə-deyinə, hirsli halda çamadanı açıb kirli paltarları yumaq üçün götürəndə qadın corabı görüb lap dəli olur. Kişi nə qədər and-aman edirsə,  qadın inanmır, yubanmağın səbəbini buna bağlayıb iki körpə uşağını da götürüb gedir atası evinə. Tapdığın anası bir-neçə gündən sonra xəbər tutub, bunun oğlunun fırıldağı olduğunu başa düşür və onu xeyli danlayır, sonra Quranı götürüb gəlinin yanına gedir və əl basıb deyir ki, bu Tapdığın zarafatıdır.
Gəlin inanıb geri qayıdır.

5 Şəki lətifəsi

Qış zarafatı 
Qar dizə çıxan vaxt gecə saat 12-də Ələsgər Tapdıqgilin zəngini basıb iri pul xırdalamasını xahiş edir. Gecə zəngindən narahat olan Tapdıq dilxor halda deyir ki, yüzlüyə xırdası yoxdur. Sonra evə qayıdıb soyuq yorğan- döşəkdə daha yata bilmir. Səhər saat beşdə maşını işə salıb Ələsgərgilıə gedir və qapının zəngini ara vermədən basır, həm də daşla dəmir darvazanı döyür. Təşviş içində "kimsən?” deyən yeznəsinin sorğusuna isə qapı açılınca cavab vermir. Qorxmuş halda qapını açan Ələsgərə gülə-gülə xırda pul uzadan Tapdıq üzürxahlıq edir:
– Gecə gəldin, xırda pulum olmadı, yanında xəcalətli oldum, indi tapıb gətirmişəm.

5 Şəki lətifəsi

Yeni il hədiyyəsi 
Bütün yeznələr yeni ildə qaynanasını təbrikə gəldiyindən, yeni il gecəsi Tapdıq qapını açıq qoyardı. Gecə saat 11-də növbəti zəngə eyvana çıxan Tapdıq qışqırır:
– Darvaza açıqdır, gəlin.
Bir qoltuğunda xoruz, o biri qoltuğunda anaş bir toyuq olan Abdulla içəri keçib hündürdən deyir:
– Bax, yeni ili təbrik etməyə belə gələrlər, öyrən.
Tapdıq gözlərinə inanmır, yeznədən belə səxavət gözləmir. Hövsələsizlik edir, qorxur ki, anası qızına qıymaz, hədiyyəni geri qaytarar. Tez evdən iti bıçaq götürüb həyətə düşərək deyir:
– Yeznə, bax, kəsərəm ha.
Abdulla ərklə xoruzu arxa tərəfi irəli Tapdığa verir. Tapdıq bir göz qırpımında xoruzu kəsir. Sonra görür ki, özlərinin yumurtlayan anaş toyuğudur. Deməli, darvazanın açıq olduğundan istifadə edən yeznə hinə girib Tapdığın öz toyuqlarından ikisini tutub, arxası tərəfə qoltuğuna vurub və yenidən bayıra çıxaraq zəngi basıbmış.

5 Şəki lətifəsi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz