» » "Xoyski" soyadı haqqında - Çox maraqlı fakt

"Xoyski" soyadı haqqında - Çox maraqlı fakt

Müstəqil dövləti yaradanlardan və ona qol-qanad verənlərdən bir olan Fətəli xanın, adamın düz-əməlli dilinə belə yatmayan bu qəribə soyadı haradan gəlir? Necə yəni Xoyski? Təpədən-dırnağa kimi milli ruhda yoğrulan ulu bir nəsil qəfil axına necə düşüb? Bu da taleyin bir oyunudur. Bəlkə heç çoxu bilmir ki, az qala beş yüz il Azərbaycan tarixində iz salan bu şanlı-şöhrətli nəslə bu qəribə soyadı Cavad xanın qatili qəddar Sisianov yamayıb. Bəli, məhz Sisianov! Azərbaycanı işğal edən gürcü mənşəli rus generalı!
ötən əsrin əvvəlində Peterburqa göndərdiyi raportlardan birində o, Fətəli xanın ulu babası olan Xoy vilayətinin sabiq hakimi Cəfərqulu xan Dünbülünü Xanxosyki, yəni Xoy xanı kimi təqdim etmişdir. Elə o vaxtdan da bu nəcib soyad onların ünvanına yazıldı.
Əslində isə bu qədim və şöhrətli nəslin soyadı tamam başqadır. Bütün Cənubi Azərbaycanda, xüsusən də Xoy mahalında o, Dünbülü tayfası kimi tanınır. Özü də necə bir tayfa, nə cür bir nəsil?! Mənbələrdə göstərilir ki, Təbriz və Xoy xanlıqlarının əsasını Dünbülü tayfasının başçıları qoyublar. Onlar hələ Səfəvi hökmranlığı dövründə Xoy vilayətini idarə edirdilər. XV əsrdən başlayaraq, XIX yüzilliyin ortalarına kimi Xoyda hökmranlıq irsən Dünbülü hakimlərinin əlində olmuşdur.
Müasirlərinin yazdıqlarına görə, Dünbülü tayfasının başçıları öz torpaqlarında əsl ixtiyar sahibi kimi hərəkət edirdilər, zaman-zaman İranın şahları onlara əsla bata bilmirdilər. Əlbəttə, bu şan-şöhrət heç də çoxunun xoşuna gəlmirdi.
Şah sarayında oturanlar fürsət düşən kimi onları qan içində boğmağa çalışırdılar. Növbəti sui-qəsdlərdən birində qohum-əqrəbasının çoxunu itirən Cəfərqulu xan Dünbülü məcburən ölkəni tərk edir...
"Xoyski" soyadı haqqında - Çox maraqlı fakt
Fətəli xanın ulu babası sayılan həmin Cəfərqulu xan Dünbülü tarix ədəbiyyatında çox hünərli bir adam kimi təsvir olunur. Daşıdığı qılıncın çəkisinə görə ona "Batmanqılınc” da deyirdilər. Rus-İran savaşında iştirak edib. Birinci Aleksandr tərəfindən bahalı brilliantla bəzədilmiş qızıl medal və fəxri lələklə təltif olunur. 1807-ci ildə Şəki xanı təyin edilir, general-leytenant rütbəsi alır.
Cəfərqulu xan vəfat edəndən sonra Şəki xanlığını bir müddət onun oğlu İsmayıl xan idarə edir. İsmayıl xanın oğlu İsgəndər xan da rus ordusunun general-leytenantı idi. 1919-cu ildə atası öləndə İsgəndər xan ailəsilə birlikdə Gəncəyə köçür. İsgəndər xanın bir qızı və dörd oğlu olmuşdu: Tutubəyim, Cahangir xan, Hüseynqulu xan, Rüstəm xan və bir də Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan.
Qardaşları Cahangir xan və Rüstəm xan kimi o da Rusiyada hüquq təhsili almışdı. Hüseynqulu xan isə hərbçi idi: cümhuriyyət dövründə Gəncədə general-qubernatorun müavini olmuşdu. Ümumən Fətəli xanın bir neçə qohum-qardaşı Azərbaycanın müstəqilliyi uğrunda çox fəal mübarizə aparıb. Fətəli xanın özünün bu yoldakı əvəzsiz xidməti isə hamıya bəllidir. ADR yaranan kimi birinci hökumət kabinetini o təşkil edib, ikinci və üçüncü kabinetlərin də rəhbəri olub. Fətəli xan eyni zamanda xarici işlər naziri kimi fəaliyyət göstərib. Sonrakı taleyi də hamıya bəllidir. 1920-ci il iyun ayının 19-da Tiflis şəhərində muzdlu qatil tərəfindən arxadan güllə ilə vurulub.
Çoxunun taleyi beləcə acınacaqlı olub. Fətəli xanın atası İsgəndər xan öz böyük nəsli üçün Gəncənin Səbskar məzarlığında iri bir məqbərə tikdirmişdi. Orada uyumaq yalnız iki balasına qismət olur: oğlu Cahangir xana və qızı Tutubəyimə. Qalan övladların, nəvə-nəticələrin nəsibi sürgünlər, təqiblər, qürbət ellər olub...

Mənbə: https://ok.ru/bilirsenmi/topic/65574908551261

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz