» » İsmayıl Şıxlı və Hüseyn Ariflə bağlı lətifələr

İsmayıl Şıxlı və Hüseyn Ariflə bağlı lətifələr

 
 

İsmayıl Şıxlı və Hüseyn Ariflə bağlı  lətifələr

 

Bir gün Hüseyn Arifin həyat yoldaşı Məleykə Xanım İsmayıl müəllimgilə zəng vurur. İsmayıl müəllim telefonu götürən kimi Məleykə xanım təşvişlə başlayır:
Ay İsmayıl qardaş, Hüseyn yenə bir həftədi yoxa çıxıb.
İsmayıl Şıxlı gülür və deyir:
Hüseynin belə yola çıxmağı təzə iş deyil ki.Narahat olmayın, tapılar.
Orası elədir. Amma bu dəfə evdən çıxanda demişdi ki, bir saata qayıdıram.
Bir gün sonra İsmayıl Şıxlı da narahat olmağa başlayır. Bu dəfə özü zəng vurub Hüsüyni soruşur ki, kafirdən bir xəbər yoxdur?.
Məleykə xanım sevincək deyir:
Var, Nalçikdədir.
Orda nəz gəzir?
Küçəyə çıxanda dostu Nazim Axundova rast gəlib. Onun putyovkası varmış, istirahətə gedirmiş, qoşulublar bir-birinə.
******
Bir gün Hüseyn Arif İsmayıl müəllimə zəng edir. Kefi kök imiş.Adətən, daha çox təzə şeir yazanda, təzə şeri çap olunanda əhvali-ruhiyyəsi yuxarı olurmuş. Hər dəfə də şeirlərini telefonda İsmayıl müəllimə oxuyurmuş. Hə, İsmayıl müəllim telefonu qaldıran kimi, Hüseyn Arif başlayır:
A qoca, bilirsən, nə var? Dünən idarədə oturmuşdum. "Aşıq Pəri”nin sazlı-sözlü qızları da yanımda. Birdən qapı açıldı. Gələn Zəlimxan Yaqub idi. Bığları da, maşallah, üzünün yarısını tutub. Atıldı boynuma və o üzümdən, bu üzümdən marşamarçla öpməyə başladı. Dedim ki, dünyanın işinə bir bax, "xalxı” gözəllər öpür, məni də Zəlimxan Yaqub. Ona bir bənd şeir yazmışam, bir qulaq as:

Vaxt olur məclisim meyli-məzəli,
Vaxt olur çiynimdə payız xəzəli.
Nadanın birini dünya gözəli,
Hüseyn Arifi Zəlimxan öpür.

******

Aşıqlar Birliyinin binası ilə Yazıçılar İttifaqı yanaşıdırlar. Aralarında cəmi bir divar var.
Bir gün Şair İsmayıl müəllimə zəng vurur:
A qoca, görürəm yorulubsan, özün də bir az xəstəhalsan. Sənə kömək etmək istəyirəm.
Nə təhər, a kafir?
Qərara almışam ki, ara divarı açım. Yazıçılar İttifaqını qatım Aşıqlar Birliyinə. İkisinə də elə özüm rəhbərlik edəm.
Lap ağıllı fikirdir, mənim canımı birdəfəlik qurtarardın.
Razılaşırlar. Ertəsi gün Hüsüyn Arif yenidən zəng vurur:
A qoca, bu gecə yatmamışam. Fikrimi dəyişdim.
Niyə?
Mənim 450 dəlim var, sənin də 350. Əgər birləşdirsəm, bu dəlilərin öhdəsindən gələ bilmərəm.

*******
Hüseyn Arif Ağstafada özünə ev tikdirirmiş, çətinliklə maşın tapıb və gətirib tökdürüb qapısına. İsmayıl Şıxlı şairə zəng vurub soruşur:
- A kafir, deyəsən, ev tikdirirsən?
Hüseyn tələsik cavab:
- Mən yox, xalq özü şairə ev tikdirir.
Aradan bir ilə yaxın keçir. İsmayıl Şıxlı eşidir ki, şairin daşlarını oğurlayıblar. Kədərlənir yenidən zəng vurur:
- A kafir, deyəsən xalq daşını geri aparıb.
Hüseyn Arif özünü sındırmadan cavab verir:
- Yox, daşı oğurlayanlar gəlmələrdir, xalq deyil
******
Bir səhər Hüseynin zənginə telefonu qaldırdım.
- A qoca, bizm camaat lap bir təhər olub. Ayə, yerindən duran diplomat kimi danışır. Ağzı söz tutmayan, siyasətdən başı çıxmayan adamlar az qalırlar ki, dünya siyasətçiləri ilə kəllə-kəlləyə gəlsinlər. Başın haqqı, 25 gün Türkiyədə qaldım: bir köəyoğlu siyasətdən söz salmadı. Hər kəs başını aşağı salıb öz işini görür.
Türkiyədən Qazaxa qayıdanda beli bükülmüş, dişləri tökülmüş bir qarı məndən soruşdu:
-A şair, sən bilmiş olarsan, Qarğaçovla Yelsoyun davası nə ilə qurtardı.
- Canına azarla, -dedim.
-Get öz iş-gücünlə məşğul ol. Qapı-bacanda hərlən.Ək-becər, toyuq-cücə saxla, gedib yumurtanı, təərvəzi bazardan alma. Sənin siyasətlə nə işin var.
- Niyə acığın tutur a şair? Şair kirimiş dura bilməz.Mən gəzyən, söyləgən arvad olsam da, şeir dəyazıram. İstəyirsən, gəl, deyişək:

Əziziyəm, mən qalam,
Mən yaşayam, mən qalam.
Allahdan arzum budur,
Gəlin ölə, mən qalam.

- Di cavab ver!

Gördüm bu arvad uzun işdi.Dil altında qalmadım:

Mənzil qısa yaxşıdı,
Söhbət kəsə yaxşıdı.
Allah sənin səsini,
Eşitməsə yaxşıdır.
 

İsmayıl Şıxlı və Hüseyn Ariflə bağlı  lətifələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz