» » Ulduzlar yerdə də olur

Ulduzlar yerdə də olur

Ulduzlar yerdə də olur

Müşgünaz xanımın hekayəti ilə
Cavid səhnə sənətimizin bütün xadimlərini, kiçiyindən tutmuş böyüyünə qədər hamısını sevərdi. O deyərdi ki, böyük sənətkar elə onsuz da ümumi məhəbbət, ümumi qayğı görür. Onu şöhrəti qoynuna alıb gəzdirir. Adi sənətkarlar isə özünəməxsus fədakardırlar. Onlardan şöhrət uzaqdır. Lakin buna baxmayaraq, böyük səhnədən uzaqlaşmırlar, əksinə, ona daha möhkəm tellərlə bağlanırlar. Məncə bunlar da böyük sənətkarlar kimi böyük hörmətə və məhəbbətə layiqdirlər.
O həmişə deyərdi ki, teatr mədəniyyətinin inkişafında xidmət edən hər bir kəsin öz yeri var. Heç bir zaman səhnəyə çıxmayan, səhnə arxasında öz faydalı əməyi ilə ömrünü keçirən teatr işçiləri də səhnədə şöhrət çələnginin başına
qoymuş aktyorlar qədər olmasa da, böyük hünər göstərirlər. O həmişə teatr işçiləri ilə dostluq edərdi. Əlbəttə, onların
içərisində Abbas Mirzə Şərifzadənin xüsusi sevərdi. Cavid deyərdi ki, Abbas Mirzə yaradıcılığı teatr tariximizdə böyük
bir epoxadır. Onun yaradıcılığı xalqın, teatr sənətinin inkişaf yoludur. Abbas Mirzənin yaradıcılığı obrazlar, onun xalqının keçdiyi tarixi yolu təcəssüm etdirir, Abbas Mirzə səhnədə azman bir aktyordur. Onun səsi, hərəkətləri, yaratdığı obrazın daxilini tam açıb tamaşacıya göstərir. O, böyük psixoloq-aktyordur. Adama bəzən elə gəlir ki, bu aktyor illərlə, bəlkə də on illərlə bu və ya başqa psixoloji hadisəni alim kimi öyrənmiş, tədqiq etmiş, sonra onu sənətkar gözü ilə cilalamış və səhnəyə çıxarmışdır. Eh... Belə aktyorları təbiət nadir hallarda yaradır. Təbiət böyük sənətkarlar yetirməkdə nə qədər xəsislik edir!
Cavid teatr sənətkarlarını çox sevdiyindən onlarla tez-tez görüşərdi. Onlardan bəziləri, xüsusilə Abbas Mirzə bizə tez-tez gələrdi. Yeri gəlmişkən deyim ki, Abbas Cavidə "Cavidcan”, – deyə müraciət edərdi, Cavid isə ona sadəcə "Abbas” deyərdi. Yadıma gəlmir ki, onların söhbəti çox qısa, ayaqüstü olaydı. Cavid bu böyük sənətkarla saatlarla söhbət edərdi.
Adətən, yayda Abbas Mirzə bizə gələrkən, (mənzilimizin pəncərələri ikinci mərtəbənin damına açılırdı) yemək otağının içərisindən balaca pilləkənlə dama çıxırdı. Çıxarkən xırdaca samovarı qaynadıb onların yanına qoyar, yay axşamlarında hamımız bir yerə toplaşıb çay içər, dincələrdik, söhbət edərdik. Dediyim kimi söhbət gecə yarıdan keçənə davam edərdi.
Yenə bir dəfə Cavidlə Abbas Mirzənin söhbəti çox uzun çəkdi. Söhbət sənətdən gedirdi (çox təəssüf ki, təfərrüatı yadımda deyil).
Mərziyə xanım bizim narahat olacağımızdan ehtiyat edərək üzünü Abbas Mirzəyə tutub pıçıltı ilə dedi:
– Abbas, axı, lap gecdir. Bir göyə bax, az qala ulduzlar da batıb. Axı, biz uşaqları da narahat edirik.
Cavid Mərziyə xanımın sözlərini eşitcək üzünü ona tutub dedi:
– Əvvəla siz, Mərziyə xanım səhv edirsiniz. Ulduzlar batmır, əksinə ulduzlar getdikcə daha da parıldayır. Bir də, əzizim, heç belə havada, iki belə böyük ulduzun bizə qonaq gəldiyi zaman adam narahat ola bilərmi?
O iki ulduz deyərkən Abbas Mirzə və Mərziyə xanıma işarə elədi. Bundan hər iki sənətkar güldü.
Abbas Mirzə özünəməxsus təvazökarlıqla başını aşağı əyib dedi:
– Cavidcan, bizə yaman sataşırsan, biz hara, ulduz hara?
Cavid bir az bundan qabaqkı zarafatyana ahəngini dəyişərək tam ciddi bir tərzdə dedi: "Xeyr, Abbas, sən də, Mərziyə xanım da, hər ikiniz böyük sənətin əngin səmalarında sönməz ulduzlarsınız ki, bu gün bizə qonaq gəlibsiniz, göydə göy ulduzları, yerdə elm ulduzları, mənəvi aləmin ulduzları, sənət ulduzları olur”

Müəllif:R.Bahar SONAM
Hüseyn Cavid: Yazmasaydım...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz