» » "Qəbələ ədəbi mühiti" - 9 imza

"Qəbələ ədəbi mühiti" - 9 imza



Manera.az "Bölgələrdə ədəbi mühit" layihəsini uğurla davam etdirir.Layihənin növbəti ünvanı "Qəbələ ədəbi mühiti"dir.Qəbələ ədəbi mühitini təmsil edən 9 imzanı təqdim edirik:
 
Tacəddin ŞAHDAĞLI -İKİ ARZU

Səhərdir… gedirəm meşə arası,
Görünür günəşin yalnız parası.
Nə göydə bir səs var, nə də ki, yerdə,
Bir sükut hökmü var göy meşələrdə.
Yarpaqlar başımın üstə görüşür,
Boynuma bir damla zərli şeh düşür.
Durub düşünürəm: bu necə yerdir,
Hər tərəf elə bil canlı şeirdir.
Deyirəm nə ola, meşə, ay meşə,
Mənim bu sözlərim dillərə düşə;
Sənin yarpaqların saralmayaydı,
Mənim də saçımı qar almayaydı.

QARA QOVAQ

Bir vaxt mənə doğma idin,
Ey möhtəşəm qara qovaq.
Deyirdim ki. yetirərsən
Məni bir gün yara, qovaq.

Heyif indi nə sən varsan,
Nə o çağlar, nə o dövran.
Bəs o günlər, bəs o zaman
Uçub getdi hara, qovaq?

Yaşayırsan diləyimdə,
Ağır yüksək kürəyimdə.
Bu gün mənim ürəyimdə
Olmusan bir yara, qovaq,
Ey ünvansız qara qovaq!

**********

Şakir XƏYAL - CAVANLAŞIRAM

Daha ağarıbdır qara tellərim,
Sən idin bir zaman mehriban yarım.
Səninlə keçibdir gənclik illərim,
İlləri geriyə necə qaytarım?

Bir vaxt çinar idi görüş yerimiz,
Çinarı görürəm,səni görmürəm.
Orda səslənərdi gülüşlərimiz,
Çoxdandı mən sənə salam vermirəm.

Yenə qızıl günəş bura səpir nur,
Çinar da bəzənib sanki gəlindi.
Yaşıl yarpaqlara əlim toxunur,
Mən elə bilirəm sənin əlindi.

Quşlar nəğmə deyir budaqlar üstə,
Mənə elə gəlir sənsən oxuyan.
Alışıb yanıram bulaqlar üstə,
Nələr çəkdiyimi eh kimdi duyan.

Gəncliyim ötübdür yaş o yaş deyil,
Görsən tanımazsan bəlkə sən məni.
Bu görüş yerinə gələrəm hər il,
Yada salırsanmı sən hərdən məni.

Ölüm ayağında yanıma gəlsən,
Ölmərəm,bir anda cavanlaşaram.
Əllərimdən tutub üzümə gülsən,
Mavi gözlərinə şeir qoşaram.

**********
Füzuli YAVƏR

Bu dünyada hamı bir-birini aldadır.
Kişilər arvadlarını aldadır, qızlar sevgililərini.
Satanlar alanları aldadır. Danışanlar dinləyənləri, susanları.
Varlılar kasıbları aldadır.
Aldadır.
Qəzetlər, kitablar aldadır. Ekranlar aldadır, səhnələr aldadır.
Müdirlər işçilərini. Hakimlər məhkumları. Padşahlar xalqını. Aldadır,
aldadır...
Eh, nə bilim, daha kimlər kimləri...
Hərdən mən də yalançılıq edirəm. Aldadıram
özüm-özümü."Bir az da döz, gözlə bir az da.
Sona yetəcək bütün bu yalanlar. Yaxşı olacaqhər şey” deyərək.
Allah da aldadır yalançıları cəhənnəm xofu ilə.
Ancaq hələ ki, cəhənnəmdə çırpınanlar aldananlardır,
cənnətdə keyf edənlər – aldadanlar.
Mən hardayam? Özü-özünü aldadanların yeri haradir görəsən?
Bilmirəm, bilmirəm...

**********
Xəbərin oldumu, səndən ayrılıb mənimlə gəldi. O payız
axşamında ilk dəfə gördüyüm gözlərin. Mənimlə gəldi, bir də
təbəssüm boyalı dodaqların.
Günahkaramsa, bağışla...
O gündən hara gedirəm - mənimlə gedir. Payız axşamı
rəngində gözlərin. Mənimlə gedir. Bir də təbəssüm boyalı dodaqların.
Günahkaramsa, bağışla.
Axşamlar, şam işığında oturub toza bürünmüş gitaramın
simlərini səsləndirirəm. Onlar üçün. Mən çalıram, dodaqların
gülümsəyir. Baxışların nəğməyə dönür, təbəssümün çiçəyə.
Mən çalıram. İçim sevinclə dolur. Axşamlarım aləm olur.
Günahkaramsa, bağışla...

**********
Zərdüşt ŞƏFİ - ŞAİRİN ÖLÜMÜ

Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…
Bu ömrü yolundan çıxarar qəza-
gəlsin qabaqlasın,
gəlsin saxlasın…
Mən ölümə gedən adamam, adam-
yadlara doğmayam,
doğmaya yadam…
Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha-
əllərim göyərçin yuvalarıdı-
qatarlar aparsa əzizlərimi…
Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi…
Bağışla ömrümü,
uzun gecədi-
Bir say ulduzları, bax gör neçədi?
Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə-
zəhər çayıma…
Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…

**********
Səndən sonra həyat elə ömürdü,
yanıb-yanıb, közü sönmüş kömürdü.
Səndən sonra ürək daşdı, dəmirdi.
İsti-isti döy dəmiri, dəmirçim.
Damar-damar filizlənibdi içim.

Yum gözünü, çıx bir parka, bir otur.
Düşün-daşın, şəklimə bax, xəyal qur.
ömür gedir- itib gedir işıq, nur.
Sən sönürsən, mən sönürəm, gün batır.
Arzu yoxdu, ümid ölüb, bəxt yatır.

Varlığımda sən adında boşluq var.
Yollarımda sevda adlı daşlıq var.
Bu kitabda bircə sətir başlıq var.

– Mən bilirəm, bəs sən necə?
– De bilim.
– Mən sevirdim, sən sevmirdin, sevgilim…

**********
Qismət VƏNDAM

Bəxtim aydın səma mən gün görmürəm,
Bilmirəm qalmışam nə kölgəsində.
Adamın gülüşü xəyala dalır,
Böyük arzuların düşüncəsində.

Yüyürsəm nəfəsim çatarmı görən,
Bir dua yolu var məndən arzuya.
Hə dəfə arxamca su atan zaman,
Anamın göz yaşı qarışır suya.

Bu qədər istiyə alışmır hələ,
Kimin ölüm günü isidər səni .
Hardasa bir isti ocaq küncündə,
Bilirəm bir soyuq düşünür məni.

Nə bilim sonuncu sözüm hansıdı,
Hansı vəfasıza nəğmə yazacam.
Səhərdən səsinin sehrində idim,
İndi başdan-başa qulaq asacam.

Sevgimin alnında tər damlasısan,
Sevmək gecikəndə ağlamaq deyil.
Saatı nəbzinin üstə bağlamaq,
Nəbzini zamanla bağlamaq deyil.

Bəzən həyat rəngi düşür sevgiyə,
Sanırsan bahalı ürək qurtarıb.
Adam xanımına şer oxuya,
O da qayıda ki çörək qurtarıb.

Nəyindən bezmisən asa bilərəm,
Bir edam ağacı göyərdib dərdim.
Amma sən ümid ver qalxım ayağa,
Tabut taxtasından ömür düzəldim.

Yaxşı dəli çıxar məndən istəsən,
Heç nə istəmirsən ürəyi buzsan.
Deyirsən şerdən nə tapmısan sən,
Mən şer yazmasam sən adi qızsan.

**********
Tapammıram xeyli vaxtdı
Hardasa vaxt itirmişəm.
Yığıram ömrü gözümə,
Görən nə vaxt itirmişəm.

Payızın qapısın döyüb,
Açıb görürəm qış düşüb.
Ağ günlərin sənədləri
Saçlarımla yanlış düşüb.

Bu qədər təklər içində
Yenə kimsə yalqız qalıb.
Tanıtmadım insanlara,
Dərdim evdə qız qalıb.

Sənə çatmaq, səni ötmək,
Bir az qaranlıqdı küçə.
Bütün sevgi nağıllarım,
Gözlərində dönür heçə.

Keçdim səndən də birtəhər,
Yıxılmadım sənsizliyə.
Daha yağmurlu hava da
Şeir yazmır bu sevgiyə.

Ağlına gəlsəm, bağışla
Bağışla deyim hardasan.
Unutmaq üçün getmişdim,
Çatıb gördüm ordasan.

Şeytan da əl üzüb məndən
Allah sən də burax gedim.
Havam çatmır bu sevgidə
Atın bir az uzaq gedim...

**********
Qoşqar QARAÇAYLI - SEVMƏK CİNAYƏTDİ

Hökm oxu qəlbimə on il onbeş il...
Qara gözlərimi bağla görməyim...
Elə əzab ver ki... elə dağla ki,
Səni ömrü boyu daha sevməyim..
Sevmək cinayətdi, həbs elə məni...

Götür qələmimi qır tulla getsin..
Bir də ünvanına məktub yazmayım...
Bağla yollarımı dörd bir tərəfdən,
Gəlib küçənizdə daha azmayım,
Sevmək cinayətdi, həbs elə məni...

Qoluma qandal tax günlərlə açma,
Məni susuz saxla, məni ac saxla...
Yazığın gəlsə də mənə söyləmə,
Çəkil uzaqlarda gizlincə ağla..
Sevmək cinayətdi, həbs elə məni...

Çəkdiyim fikrimə sərhəd qoy,sədd qoy
Səni düşünməyi qadağan eylə.
Öldür gözlərimdə həyat eşqini,
Dayan bircə kəlmə əlvida söylə...
Sevmək cinayətdi həbs elə məni...

**********
XATİRƏ DƏFTƏRİ

Xatirə dəftəri düşüb əlimə,
Bir vaxt xatirinə dəydiyim qızın..,
Özündən xəbərsiz düşüb eşqinə,
Ürəkdən bəyənib sevdiyim qızın...

Xatirə dəftəri düşüb əlimə,
Üşüyür əlimdə donur əllərim..,
Hanı o qız hanı? qaytar İlahi
Qaytar, xatirələr damır əllərim...

Açıb oxumağa ürəyim gəlmir,
Qorxuram içindən o qız boylanar..
Danışmaz bircə söz, deməz bircə söz,
Baxar gözlərimə, yalqız boylanar...

Əsər əl-ayağım, dolar gözlərim,
Düşərəm tilsimə çıxa bilmərəm..,
Saralmış məktublar düşər içindən,
Oturub baxaram, yığa bilmərəm...

Baxaram eləcə dili lal kimi,
Baxaram gözləri kor kimi elə...
Neçə il keçmişə qaytarar məni..,
Ruhumla, canımla, nəfəsim ilə...

Düşər xatirimə əzizləyərəm,
Axı sevgisini sevən unutmaz..,
Yığıb nömrəsini zəng eləyərəm,
Heyf nömrəsinə daha zəng çatmaz...

Düşünə-düşünə elə qalaram,
Gözlərim yollarda, qulağım səsdə..,
O qıza bir dəstə çiçək yığaram,
Aparıb düzərəm yolları üstə...

Sonra da dönərəm tənha evimə..,
Tənha otağıma qayıdaram mən...
Oturub yazaram təzə bir şeir,
Sevgidən, sevgidən yenə sevgidən...

**********
Nəzakət NEMAN - SƏN OLA BİLMİR

Düşmüşəm qəribə bir aləmə mən,
Heç nə bir-biriylə tən ola bilmir.
Hara gedirəmsə xəyalımda sən,
Ürək şadlanmayır,şən ola bilmir.

Sözlər eşidirəm sözünə bənzər,
Kədərli gözlər var, gözünə bənzər.
İnsanlar görürəm özünə bənzər,
Dəni saçındakı dən ola bilmir.

Yorur sənsizliklə bu savaş məni,
Boğur qəhər məni, gözdə yaş məni,
Bəlkə də bilirlər qəlbi daş məni,
Kimsə bircə anlıq mən ola bilmir...

Ruhum ruhun ilə qovuşmur yenə,
Düşürəm yağışa, dumana, çənə,
Kainat yığışıb gəlsə də mənə,
İnan ki sən deyil, sən ola bilmir...

**********
MƏNİM

Sınıbdı qanadı arzularımın,
Gəlməyən baharım, yazım var mənim.
Daha ünvanı yox ahu-zarımın,
Dinməyən bir ağrım, sızım var mənim.

Yurdumu, yuvamı itirib gəldim,
Köksümdə qəm-qüssə bitirib gəldim,
Qarabağ dərdimi gətirib gəldim,
Dilimdə nə qədər sözüm var mənim.

Düşmənin bağrını qan edəmmədim,
Özümü bəladan yan edəmmədim,
Neylədim zülməti dan edəmmədim,
Gülməyi bilməyən gözüm var mənim...

Düzlərim yalanmı, yoxsa doğrumu?
Vətənin naləsi dəldi bağrımı,
Sarmadım yaramı, çəkdim ağrımı,
Alovsuz, ocaqsız közüm var mənim.

Səs saldım hər yana, duyan olmadı,
Günah kimindisə yuyan olmadı.
Fəryadım dünyaya ayan olmadı,
Canımda hələ də dözüm var mənim...

**********
Nargilə QAFAROVA - XATİRƏLƏR XİYABANI

Nə deyim mən sənin xoşuna gəlsin....
Desəm ki yaxşıyam,yalan olardı...
Mənim bircə günüm başına gəlsin,
Gör ki ömrün necə talan olardı..

Sənsizlikdən ötür məni,qoy gedim..
Yandır ayrılıgı,işıq sal yola..
Şübhələr qorxudur məni,nə edim..
Ümidi dayaq tək səp sağa-sola..

Gəzək xatirələr xiyabanında,
Gün ayın,ay ilin icində itsin..
Göz yaşım səpilsin dörd bir yanında,
Cücərib burada,eşq gülü bitsin...

Sevgililərin yolu kecsə oradan,
Baxıb zövq alsınlar gül dənizindən...
Necə bivəfasan...bilsinlər hardan..
Yoxsa gecməzdilər sənin izindən..

**********
MƏRC

Necə də sən mənə gəlirsən tanış,
Elə bil hardasa rastlaşmışıq biz,
Gəl mənə bir azca özündən danış,
Bəlkə tapılacaq bir xatirəmiz..

Şeiri sevirsən,mən də sevirem.,
Ortaq düşmənimiz var imiş; yalan..
Sən qədər riyaya nifrət edirəm,
Sevdiyin əsərmiş mən sevən roman..

Ya lap tez gəlmisən, ya da bir az gec,
Bu dünya gələsi dünya deyilmiş,
Mənim də ruhumda başlanıb bir köc,
Öz dünyanı tapmaq cox cətin imiş..

Səninki qara cay, bir də siqaret,
Cəkirsən dərdləri ovutmaq ücün,
Tünd qara cayımın qaynarlıgında
Yanaram, dünyanı unutmaq ücün..

Üzüb dənizlərdən sən də mənim tək,
İstərsən tapasan tənha bir ada,
Yüz faiz səninlə mərc gələrəm ki,
Nə vaxtsa olmuşuq birgə orada...

**********
Fəridə İLK CAN - GÜNƏŞİ UNUTDUM

Bu gedişin,nə gedişdi?
Bir gecede,saçlarımda
Ağ qaralar yer dəyişdi
Bütün dünyanın işığın,
Baxışlarında qaraldıb,
Gözlərinə yığıb,
Getdin..
Ümidimi yandıraraq,
O buz kimi dodağına,
Bir siqaret kötüyünü
Sıxıb,
Getdin..
Bu gedişin nə gedişdi?
Elə keçdinki ömrümdən,
Xoşməramlı duyğularım,
İnandığım nağıllarım,
Uzaq-uzaq şimallarda
Azdı mənim

Məmləkətin divləriylə tək qalmışam,
Sanki dərdim,azdı mənim!
Səbdən sonra yay olmadı,
Bütün sarı ayrılıqlar
Sərhəd cızdı yollarıma,
Səndən sonra,
Payızları saraltmağa
Yer üzündə rəng qalmadı
Sonra,qəfildən qış düşdü,
Qar da yağdı,buz da tutdum
Soyuqladım keçənlərdə,
Iynə dərman,isti papaq,
Yun corablar,
Belə birtəhər,ötüşdü..
Sənki məni tanıyırsan,
Mən daxilən dörd divaram,
Çöldən soyuq dəymir mənə,
Çox üşüyür o kimsəsiz,
Sol tərəfim,
Xəyalıma gəlsən,yavaş,
Buz bağlayıb,
Ürəyimin
yol tərəfi
Sonra qəfildən qış düşdü,
Qar da yağdı,
Buz da tutdum,
Səndən sonra,bu dünya da,
Bir istini
Bir də...
Günəşi unutdum!

**********
HƏVVA

Sonra qovuldum cənnətdən
Tapdım ozumu bir masa arxasinda
Əlimdə siqaret,
Qarşımda külqabı
Tapdanmış saflıq üstdə dikdaban ayaqqabım
Sağ çiynimdə
Bir ovuc savab,
Onu da tərslikdən
Örtür qıvrılan saçlarım
Sol çiynimsə,
Heç üz vurma
Çöküb dabanımın altına
Ağır gəlir özümə də
Öz günahlarım
Dodağım-
al qırmızı,
Qaranlığın dibinə aparır
Iblismi?!
Nə ehtiyac
Yer üzünə.bir bax
Bir bax,Tanrım!
Adəmi yolundan
Mənim kimi qadınlar çıxarır...

Hazırladı: Tural ADIŞİRİN
MANERA.AZ
Mənbə: http://manera.az/edebiyyat/6209-qebele-edebi-muhiti-9-imza.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz