» » Uşaq oyunları : “Qələndər, ay Qələndər”

Uşaq oyunları : “Qələndər, ay Qələndər”

Uşaq oyunları : “Qələndər, ay Qələndər”


Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", "Sual-cavab" , "Topla atışma" kimi adlandırılsa da, əsasən, "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır.
10-13 yaşlı uşaqlar üçün maraqlı bir oyundur.
Oyunçuların sayı 8-15 nəfərdən ibarət olur.
Uşaqlar sıraya düzülürlər. Onlardan biri aparıcı olur. Aparıcı olan uşaq əlində bir qayış (turna) saxlayır və ürəyində bir quşu tutub, onun əlamətlərini uşaqlara təsvir edir. Aparıcı danışdıqça uşaqlar hamısı bir ağızdan "Qələndər, ay Qələndər” deyib avazla səslənirlər.

Aparıcı: "Bir quşum var bu boyda” (əllərilə quşun böyüklüyünü göstərir).

Uşaqlar: "Qələndər, ay Qələndər”.

Aparıcı: "Dimdiyi var bu boyda” (barmaqları ilə ürəyində tutuduğu quşun dimdiyinin böyüklüyünü göstərir).

Uşaqlar: "Qələndər ay Qələndər”.

Aparıcı bu qayda ilə ürəyində tutduğu quşun əlamətlərini (boyunu, dimdiyini, qanadını, ayayqlarını, dırnaqlarını) təsvir edir.

Uşaqlar da hər dəfə "Qələndər, ay Qələndər” deyib şənlənirlər.

Aparıcı sözünü qurtardıqdan sonra, üzünü uşaqlara tutub soruşur: " Tapın görək hansı quşdur? "

Aparıcı sonra əlindəki qayışı sırada duran uşaqların birinə verir. Həmin uşaq hər hansı bir quşun adını deyir. Əgər o quşun adını deməzsə, bu zaman başçı deyir: "yalandır, ver qayışı tapana”. Uşaq qayışıyanandakı yoldaşına verir. Bu qayda ilə qayış doğru cavab tapıncaya qədər əldən ələ keçir. Doğru cavab verildikdə, aparıcı "palandır” deyərək ucadan xoş avazla səslənir. "Palandır” sözünü eşidən kimi bütün uşaqlar qaçırlar. Quşu tapan uşaq isə əlindəki qayışla uşaqları qovur. Uşaqlar isə yuvaya (mərəyə) çatıncaya qədər sürətlə qaçır. Qayış kimə dəysə, o, aparıcı rolunda çıxış edir, yəni, aparıcı olur.

Göründüyü kimi, bu oyun uşaqların hərəki qabiliyyətlərinin (sürət, cəldlik, çeviklik və s.) və həm də zehni cəhətdən inkişafına kömək edir. Onlar quşu əlamətlərinə görə tapmaq üçün düşünür. Fikri fəallığını artırır. Beləliklə, bu oyunda oyunçular fəal istirahət etməklə yanaşı, eləcə də fiziki və zehni yükləri bir-birilə növbələşdirir.

Mənbə:

Baloğlan Quliyev
- "Mütəhərrik və əyləncəli oyunlar;
Bakı – "ADPU" nəşriyyatı-2011

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz