» » Su çərşənbəsi

Su çərşənbəsi

 

Su çərşənbəsi

Bu  gün Azərbaycanda baharın müjdəçisi olan  çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi açıqlamalara görə, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır.

… Deyirlər ki, guya Tanrı əvvəlcə suyu yaradıb. Buna görə Su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, "əvvəl çərşənbə”, "gözəl çərşənbə”, "sular Novruzu”, "gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.

Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:


-Süfrəyə su dağılması aydınlıqdır,

-su içən adamı qəfil vurmazlar,

-su içən adamı ilan çalmaz,

-lal axan sudan keçərkən: "suyum irəlilə",- deyərlər.


Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:


- Su olan yerdə dirilik olar,

-su ehsandır,

-su murdarlıq götürməz,

-suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.


 

Su çərşənbəsi

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz