» » Müzakirə: Qadın ərini adıyla çağıra bilərmi?

Müzakirə: Qadın ərini adıyla çağıra bilərmi?

  

Heç fikir vermisinizmi baba-nənələriniz, ata-analarınız həyatları boyu bir-birlərinə necə müraciət etdilər, bir-birlərinə nə deyib, kim deyib səslədilər? Vaxtında belə şeylər heş ağıla gəlmir, tək bu yox, çox şeylər yada düşmür. Kimdənsə, nədənsə tamam ayrı düşüb, üstündən illər keçəndən sonra başlayırıq xatirə kisələrini silkələməyə.
Ata baba-nənələrimi görmədim. Cəmi ölmüşlərimizə Allahın rəhmətini diləyirəm, Amma ana babamı, nənəmi və o günləri çox yaxşı xatırlayıram. Ata –anam da belə idi. Onların heç vaxt bir-birlərinə ad deyib çağırmasını görmədim. Amma anam-atam az hallarda bir-birlətinə adlarını deyib müraciət edirdilər.
Bəs əslində necə olmalıdır? Eşitdiklərimə, müxtəlif sayt və qəzetlərdə oxuduqlarıma görə ərin xanımını adı ilə çağırmasına "olmaz” deyə bir qadağa yoxdur. Lakin qadının ərini adla çağırması doğru sayılmır. Türk qadınları ərlərinə böyük ehtiram göstərərək "bəy, əfəndi, bəyəfəndi" kimi müraciətlərlə səslənirlər. Əlbəttə ki, bu, daha gözəldir. Məsələ burasındadır ki, bizim qadınlar da öz ərlərinə böyük ehtiram bəsləyirlər, fəqət, deyilə biləcək, müraciətləri səssiz edirlər, impuls göndərirlər, o saat bir-birlərinə səmtlənirlər. Mən, şəxsən, öz fikrimi deyirəm və burada heç bir qəbahət görmürəm. Türklərdə tarixən bu müraciət formaları olub, "bəy”, "əfəndi”, "bəyəfəndi” və s bu kimi etiketlər olub və bu müraciətlər, onların qrafik təsviri kimi bu sözlər də leksik mühit qazanıblar.Amma indi bizdə, məsələn, kimsə mənə "Akif bəy” deyə müraciət etsə, lap xanımım, söz heç bir təsir yarada bilmir. Əgər qeyriləri desə, bir rəsmiyyət çaları yaradacaq, çünki bu etiketlərə daha çox rəsmi ünsiyyətlərdə rast gəlirik. Xanımım da desə, yenə heç bir assosiasiya doğurmayacaq. Ondansa yavanca adı  desin, ya da elə "a kişi” deyə səslənsin, bir şirinlik ovqatı yaransın.
Biz öz ata-babalarımızda da belə gördük. Kişilər ailənin münasibətdə olduğu adamlarla, ən azından tanıdığı adamla söhbətdə xanımından danışmaq lazım gəlirdisə, "uşaqların anası”, "evin xanımı, qadını” deyə şəhadət verərdilər. Bəzən "bizim arvad” kimi də ifadə edərdilər, bəzən yumorvari "kül tullayan” da deyirdilər, amma indi belə deyən, lap zarafatla da olsa, yoxdur.

"Əhməd hardadır?" kinosundan xatirinizə gətirin: Nərgiz xala ( Nəcibə Məlikova) Şirin dayını (Məmmədrza Şeyxzamanov) küçənin bu tayından o tərəfinə "kişi" , "a kişi" deyib çağırır, adama ləzzət edir.

 

Müzakirə: Qadın ərini adıyla çağıra bilərmi?


Müraciət etmək texniki bir yanaşmadır. Kimsə qadınına "xanım” deyə müraciət edirsə, amma yazığın gününü göy əskiyə döndərirsə, nəyə lazım bu süni müraciət? Qadın da, tutaq ki, ərinə "bəy” dedi, amma həyatda ərini gıda yerinə qoyacaqsa, nəyə lazımdır belə müraciət formaları?
Azərbaycanın bir çox rayonlarında olmuşam. Bu halı, gərqli yanaşmanı görmüşəm ki, bəzi yerlərdə yuxarıdakı kimi, kişi qadını adıyla çağıra bilər, amma qadın çağırsa ailədə mərəkə qopar. Burda qəribə olan 2 cəhət var: bir xalqın qadınına bir ərazidə başqa cür yanaşma, digər ərazidə bir ayrı yanaşma. Hamısı Azərbaycan qadını deyilmi? İkinci fərqlilik isə,
nə dərəcədə ədalətlidir ki, kişi qadınını onun adıyla çağıranda hörmətsizlik olmur, çaşıb qadın da belə çağırsa hörmətsizlik olur?! Deyilmi? Belə ədalətsizlikdən, bir az qaragüruhdan, bir az qeyri-səmimi kübarlıqdan uzaq olmaq lazımdır. Əsas budur ki, ehtiram içdən olsun, düşünülərəkdən olsun, həyat tərzinə çevrilsin. 
Gərək bütün ətrafda hamılıqla belə müraciət formaları olsun. Allah ölmüşlərə rəhmət etsin. Mənim üçün anam əzizdir, hər kəsin də anası ona belədir, amma mən heç vaxt ehtiyac duymadım ki, anama "Xanım” deyim və yaxud istəməzdim ki, kimsə də ona belə müraciət etsin. Fəqət, bizim analar xanımların xası idilər. Lap yoldaşıma da xanım deyə bilmirəm, onda elə biləcəm ki, biz yadıq. Yad adamlar desin qoy belə. Biz doğmayıqsa, doğmalığı sözdə yox, real münasibətlərimizdə əbədi həyat tərzinə çevriək.
Hörmətli dostlar, oixuyub yan keçməyin, yaxın gəlin, fikir bildirin. Siz bu məsələlərə necə baxırsınız: əriniz sizə necə müraciət edir, bəs  siz ərinizi necə çağırırsınız?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz