» » Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

"General Əli ağa Şıxlinskinin qadını Nigar xanım Şıxlinskaya hərbi vəzifədə işləyən ilk azərbaycanlı qadınıdır. Nigar xanım birinci imperialist müharibəsində ordu sıralarında yaralılara tibbi yardım göstərən qadın komitəsinin sədri olmuşdur. Şıxlinskayanın "Russkiy invalid” qəzetinin 1914-cü il bir avqust tarixli nömrəsində rus qadınlarına müraciətnaməsi, həm vətənpərvərlik hissi, həm də ifadəsi etibarilə diqqətə şayandır. Nigar xanım Azərbaycan ədəbiyyatı məsələləri ilə çox yaxından məşğul olmuşdur. Bu fədakar qadın geniş məlumata və yüksək mədəni səviyyəyə malik olmaqla, Azərbaycan xalqı nın ümumi inkişafı və mədəni yüksəlişi uğrunda bacardığı qədər çalışmışdır”.
Heydər Hüseynov, akademik

Gecikmiş vüsal üçün doğulanlar : Nigar və Əli ağa

Nigar xanım Şıxlinskayanın adı həm azərbaycanlı ilk tibb bacısı kimi, həm də məşhur hərbi xadim general Əliağa Şıxlinskinin həyat yoldaşı kimi tarixə əbədi həkk olunmuşdur.
Nigar xanımın atası Əliağanın anası Şahyəmən xanımla (Şair Molla Vəli Vidadinin nəvəsi) əmioğlu-əmiqızı idilər.
Nigar xanım 1871-ci il oktyabrın 10-da Tiflisdə ziyalı ailəsində dünyaya göz açmışdı: Əli ağadan 6 yaş kiçik idi - Anası Səadət xanım Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. Nigar xanım ilk təhsilini evdə almışdı, 1889-cu ildə Tiflis Nəcib Qızlar İnstitutunu qızıl medalla bitirmişdi. O, fransız və rus dillərində sərbəst danışırdı, ərəb və fars dillərini də əla bilirdi.
Əli ağa isə 1886-cı ildə Peterburq Topçular Məktəbini əla oxumuş , pul mükafatı və buraxılış imtahanında qızıl saat hədiyyə almışdı.
Zaqafqaziya müftisi kimi məsul vəzifədə çalışan Mirzə Hüseyn on iki yaşından Əli ağanın təlim-tərbiyəsi ilə özü məşğul olmuşdur. Onu Tiflisə gətirib Semyon Monastırsevin şəxsi gimnaziyasına oxumağa qoymuşdur. İllər keçəcək ömrünün son illərində bu əvəzsiz yaxşılığı xatırlayan Əli ağa Şıxlinski yazacaqdı: "Ata-anam həmişə kənddə yaşadığına görə mən tamamilə Mirzə Hüseyn əfəndinin himayəsinə keçdim. Sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörünüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdə diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam”.
Əli ağanın təlim-tərbiyəsində əvəzsiz xidmətləri olan müfti ilk vaxtlar qızı Nigarla onun ailə qurmasına razılıq vermişdi. Arada hələ heç bir nişan-filan olmasa da Peterburqdakı Mixaylovski Topçuluq Məktəbində təhsilini davam etdirən Əli ağa ilə qızının sevgi yazışmalarından da xəbərdar idi. Müdrik müfti Mirzə Hüseyn yaxşı bilirdi ki, qeyri-adi istedada malik olan Əli ağanın çox parlaq bir gələcəyi var. Ona görə bu izdivacın baş tutacağına qəlbən razı idi.

 

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

Saçın uçun hörməzlər..
.
Həmin vaxtlarda milliyyətcə acar olan knyaz Məmməd bəy Palavandovu Qazax qəzasına hakim təyin etdilər. Uzun illər Stavropol ərazisində yüksək rütbədə olan Məmməd bəyi müfti hələ gəncliyindən yaxşı tanıyırdı. O vaxtlar Məmməd bəyin bir neçə qohumu Qori Seminariyasında təhsil alırdı. O səbəbdən də Qoriyə tez-tez gələrdi. Müfti Qori seminariyasında dərs deyəndə görüşüb dostlaş- mışdılar. Dədə-baba Vətəni Qazaxa hakim təyin olunan Məmməd bəyi təbrik etmək üçün ailəsilə birgə Tiflisə qonaq çağırdı. Elə bu qonaqlıqda Nigarı görən Məmməd bəyin arvadı onu oğlu Dərviş bəyə istədi. Qız anası Səadət xanım dönə-dönə işarə vurdu ki, Nigar bibisi oğluna istəklidir. Üstəlik də qızının hələ kiçik oldu- ğunu və təhsil aldığını da xatırlatdısa, mümkün olmadı. Nə Məmməd bəy, nə də inadkar arvadı əl çəkmədilər. Zor-xoş müftidən razılıq aldılar. Müftidən soruşanda ki, Nigarla Əli ağa bir-birilərini çoxdan sevirlər, indi qızı Palavandovlara niyə verirsən. Əli ağada hansı qüsuru gördün? Daxilən əzab çəkən müftinin cavabı yarızarafat, yarıciddi belə olardı:
– Əli ağa hərbçidir, onun şələsi dalındadır. Bu gün bu şəhərdə, sabah o birində yaşayacaq. O həm də ağıllı və istedadlıdır. Harada olsa, xoşbəxtliyini tapacaq. Nigarı mən gözümün nuru qədər istəyirəm. O, mənə yazı-pozu işlərində ən yaxın köməkçidir.
Onu gözümdən qırağa qoya bilmərəm, kəsəsi, istəmirəm gül kimi balam yad şəhərlərdə, gavurlar içində yaşasın.
Nə yaman çətindirdir sənsiz yaşamaq...

İllər ötdü, yaşın üstünə yaş gəldi.

Hərbi sahəsindəki uğuları onu hər zaman izləsə də, ilk sevgisini heç cür unuda bilməyən Əli ağa başqa birisinə könül verib evlənə bilmirdi. Nigarsız yaşamaq çətin idi.
1906-cı ildə Port-Artur müharibəsindən ad-sanla qayıdan Əli ağa Şıxlinskini öz xahişi ilə Çarskoye-Seloda yerləşən Artilleriya Zabitləri Məktəbində təhsilini davam etdirməyə göndərdilər. Kursu böyük müvəffəqiyyətlə bitirən podpolkovnik Əli ağa Şıxlinskini məktəbdə müəllim saxladılar. Elmləri asanlıqla mənimsəyən Əli ağanın tərtib etdiyi "Üçbucağı” məktəb heyətində yaxşı mənada səs-küy qaldırıb onun şöhrətini artırdı. Məktəbin rəisi onun elmi işini şurada müzakirəyə qoydu. Müəllim və professor heyəti ona zabitlər üçün yeni məsələ kitabı tərtib etməyi tapşırdı. Məktəbin rəisi tam artilleriya generalı Aleksandr Nikolayeviç Sinitsın əmr etdi ki, nəşr olunan kitabda üçbucağın şərhi "Şıxlinski üçbucağı” kimi yazılsın. 1908-ci il noyabrın 25-də Çarskoye-Selodakı Yekaterina sarayında Georgi Pabedonosev günü qeyd olunacaqdı. İmperatorun əmri ilə buraya dəvət olunanların əksəriyyəti Port-Artur döyüşlərinin iştirakçıları və Georgi kavalerləri idi. Onların arasında Əli ağa da vardı. Kavalerlər sırasında padşaha təqdim olunanda Əli ağa sağ ayağına laklı, qəşəng, sol ayağına isə mahud çəkmə geymişdi. İmperator ona diqqətlə baxıb xoş təbəssümlə gülümsündü:
– Cənab zabit, – dedi, – od-alov içindən çıxmış Georgi kavalerlərindən soruşmazlar ki, niyə axsayırsan? Məgər yaralarınız hələ də sağalmır? – Əlahəzrət, sol dizimin üstündən aldığım yara sağalmır ki, sağalmır. Qıçım qatlanıb açılmır. Həkimlərin dediyinə görə yara xeyli dərinə işləyib.
İmperator xəfifcə gülümsündü:

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

– Sizə şərəfli Georgi ordeni təqdim edir və altı ay padşah xəzinəsi hesabına Qafqaz sularında müalicə olunmağı tövsiyə edirəm. Baxıram, Siz cavan və sağlam zabitsiniz. Hələ uzun müddət orduda qulluq edə bilərsiniz. Çalışın ki, tez sağalın.
Altı aylıq məzuniyyətin iki ayını Yessentuki mineral sularında müalicə olunan Əli ağanın yarası xeyli yaxşılaşdı. Çoxdan qürbət ellərdə dolaşan Əli ağanı könlü doğma eli-obası, qohumları istədi. Onun Qazaxa gəlişi özü ilə bayram əhvali-ruhiyyəsi gətirdi. Hamı onu görməyə gəlir, qonaq çağırırdı. Qəzetlərdə təriflənən Port-Artur qəhrəmanını hamı yaxından görüb həmsöhbət olmağı özünə şərəf bilirdi. Hər gün evləri görüşə gələnlərlə dolu olurdu. Bir gün Tiflisdən Müftinin böyük oğlu Bahadır da Qazaxa gəldi. Aralarında yaş fərqi olsa da Əli ağa Bahadırı çox istəyirdi. Bahadır ona deyir ki, Əli ağa, anam səni bizə qonaq çağırır.
Əli ağa zarafatla deyir:
– Bəs Müfti necə, çağırmır? Mən onsuz da dəvətsiz də gələcəkdim. Anam da bir neçə dəfə bu barədə söhbət salıb. Amma bu gəlib-gedənin əlindən imkan yoxdur. Mən özümdə kəndim-kəsəyim üçün darıxmışam. Axı, on ildən çoxdu mən Vətənə gələ bilmirəm.


Yenə bu şəhərdə gəldik üz-üzə

...Neçə illik ayrılıqdan sonra Əli ağa ilk gənclik illərini keçirdiyi Tiflis və heç vaxt unutmadığı Nigarını gördü. İllər ötsə də Nigar az dəyişmişdi, əvvəlki gənclik təravətini saxlamışdı. İlk görüşdə özünü şən göstərən Nigarın qəlbi kədər və niskilli idi. İki il əvvəl əri Dərviş bəy Palavandov vəfat etmişdi. Onların Xosrov bəy adlı bir oğlu var idi. O da əmisi ilə Türkiyəyə getmişdi. Yaxın günlərdə qayıtmalı idi. Əli ağa fürsət tapıb Nigarla ayrıca söhbət elədi. Səmimi-qəlblə bildirdi ki, onu unuda bilmir. Əli ağanın Nigarla evlənmək xəbərini eşidən Şıxlinskilərin bəziləri onu töhmətləndirdi ki, qız tapılmır, sən gedib dul qadın alırsan. O vaxt Qayıbovlar bir qızı da bizə çox gördülər. Müfti tamahının ucundan qızı vəzifəli adamın oğluna verməklə bizi təhqir etdi. İndi sən təzədən onun dul qızını istəyirsən.
Əli ağa isə inadından dönmədi:
– Nigar, – dedi, – mənim ilk məhəbbətim, ilk arzumdur. İki dünya bir də olsa, Nigarla evlənəcəm, vəssalam. O ki qaldı qız, dul məsələsinə – mənim üçün nə olsa da, qəbuldur. Təki ilk sevgim Nigar olsun…

Yarın könlün alaydım,
Dərdim yada salaydım.
Qismət belə imiş,
Gərək yalqız qalaydım.
 

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”


1909-cu il oktyabrın 27-də, qırx dörd yaşlı Əli ağa Şıxlinski ilk sevgisinə belə qovuşdu və bu mükəmməl eşq 22 il davam etdi, həm də mükəmməl davam etdi.


Nə ola məhəbbət əbədi qalsa...

General Əli ağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi. O, sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını tamamilə artıq hesab edirdi. Bu, doğrudanmı belədir, yoxsa şair təbli məşhur sərkərdəmiz ötəri hissəmi qapılmışdı? 1931-ci il avqustun 12-də vəfat edən Nigar xanımdan sonra general on üç il yaşamışdı. Bu on üç ildə tənha yaşayan Əli ağa Şıxlinski həyatının bir anını belə Nigarsız təsəvvür etməmişdi. O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət etmiş, vəfatının ildönümündə ehsan vermişdir. Şıxlinskilər nəslinin çoxsaylı nümayəndələri mənə dönə-dönə demişlər ki, generalın ən çox sevdiyi insan yalnız və yalnız həyat yoldaşı Nigar xanım olub…

Ə.Şıxlinski özü də "Xatirələrində” bu barədə yazmışdır: "Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi... Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi”. "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”
Generalın 4 vəsiyyəti olub və bu 4 vəsiyyətinhamısında d a qeyd edib ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz: elə Əli ağa Şıxlınskini Nigar xanımla yanaşı da dəfn edirlər.

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

Əli ağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi "Ey Sevdiyim Dilruba”, "Ana və onun əziz Nigarına” adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki,istər istəməz bir hərbiçinin qələmindən çıxmasına inanmaq çətindir. Amma bu həqiqətən də belə idi. Şair qəlbli general və onun zəngin dünyagörüşə malik xanımına yazdığı bu şeirlər o qədər gözəldir ki,hətta Üzeyir Hacıbəyov "Ey sevdiyim,ey dilruba” şeirinin 2 bəndinə romans bəstələmişdir:
 
Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”
Ey Sevdiyim, ey dilruba
Ey sevdiyim,ey dilruba,
Səbrim qərarımsan mənim.
Səd mərhaba, səd mərhaba
Nə türfə yarımsan mənim.
Görən səni ey nazənin,
Deyər: pəh-pəh səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!
Gözəl zahirdə surətin,
Gözəl batin,təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum,arımsan mənim.
Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.
Səni ziyarət eylərəm,
Sənə ibadət eylərəm.
Həm çox sədaqət eylərəm.
Çün sən Nigarımsan mənim.
Mən aşiqin adı Əli,
Verdin bu dərsi bilməli.
Eşqindən olmuşam dəli,
Sən ahu zarımsan mənim.

"Ana və onun əziz Nigarına”
Dənizin üstündə bir ulduz yandı,
Dalğalar vuruldu işartısına.
Oxudu,ağladı, qəmli dayandı,
Yalnız əzabları qalmışdı ona.
Kədərli qayalar, dumanlı sahil,
Gecənin qoynunda inləyirdilər.
Fikirli dayanıb onlar elə bil,
Qəmli dalğaları dinləyirdilər.
Fəryada dönmüşdü dənizin səsi,
Ulduzlar sularda yırğalanırdı.
Tənha məhəbbətin qəmli nəğməsi,
Qaya qulaqlarda sırğalanırdı.
O uzaq göylərin dərinliyində,
Sözlü dodaq kimi səyridi ulduz.
Həsrət mənzilində, əzab dilində,
Sanki öz dərdini deyirdi ulduz.
O mavi göylərdən silinməyib iz,
Uzaq bir həsrətin ağrısı qalıb.
Kədərlə dinləyir göyləri dəniz,
Hıçqırır, inləyir, gözləri dolub.

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”


Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

Əliağa Şıxlinski: “Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın”

 

Qeyd:1.Yazı çox hörmətli yazıçımız, qədirşünaslıq ədəbiyyatımızın ən cəfakeş yazıçısı Şəmistan Nəzirlinin "General Əli ağa Şıxlinski və silahdaşları" kitabındakı (Bakı – 2012; "Şərq- Qərb" nəşriyyatı) "Gecikmiş vüsal"
sənədli hekayəsi əsasında hazırlanmışdır. Sadəcə, təqdim etdiyimiz parçanı jurnalın yönümünə uyğunlaşdırdıq və şəkillər əlavə etdik.

2. Böyük Sərkərdəni, onun vəfalı ömür-gün yoldaşını ehtiramla andıq.

3. "General Əli ağa Şıxlinski və silahdaşları" kitabının müəllifi Şəmistan Nəzirliyə çansağlığı arzulayırıq və yazıçıdan daha yeni-yeni kitablar gözləyirik.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz