» » Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirmişdir (1966). Gültəkin Cabbarlının yetirməsidir. Teleradio Verilişləri Şirkətinin diktorudur. 1959-1975 illərdə radioda işləmiş, bir sıra radio tamaşalarında baş rollarda çıxış etmişdir. 1975-ci ildən televiziyada fəaliyyət göstərir. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləmiş, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirmişdir. Kinofilmlərdə də çəkilmişdir ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).
Ssenariçi Valid Sənaninin həyat yoldaşıdır.
Bunlar Ofeliya xanımın fəaliyyəti haqqında xronologiyanın müəyyən bir hissəsidir. Qısa gəldimi sizə? Əksinə, çox qısa olmağı da bu ömrün sanbalına bir başqa dəyər gətirir. Mən adam tanıyıram ki, tez-tez dəyişdiyi saysız-hesabsız iş yerləri iki əmək kitabçasına zorla kifayət etməmişdi.
Amma Ofeliya xanım Mikayıl Müşfiqin bəxtiyarlarındandır:

Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, vətənçin ğlən,
Səmimi bir insan nə bəxtiyardır!

Biz Ofeliya xanımı tanıyanda televiziya özü müqəddəs idi. Orada ancaq peşəkarlar vardı: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Nailə İslamzadə, Rafiq Həşimov və başqaları vardı. Biz elə bilirdik ki, bunlardan başqa daha heç kim diktor ola bilməz. Gözümüz nurlu, ağayana simalarına elə alışmışdı, qulağımız səslərinə elə uyuşmuşdu ki, birdən bunların birinin yerinə kimsə veriliş aparsa idi, ürəyimizə, canımıza yatmırdı. O vaxtlar indiki rahatlıqlar yox idi, texniki imkanlar yox idi, üstəlik senzura vardı, partiya nəzarəti vardı və sair, və ilaxır. Bütün bunlara baxmayaraq, hər kəs öz işinə bpyük sevgi və məsuliyyətlə yanaşırdı. Diktorların səsi, geyimi, səhnə, auditoriya davanışları, geyim mədəbiyyətləri daha nələr, hansı keyfiyyətlər vardı, hər biri çox ciddi şəkildə gözlənilirdi.
Bu diktorlar o mükəmməllikdə nitq səlisliyinə malik idilər ki, ən ciddi üslubda, ən ciddi mövzuda belə informasiya və faktları cilvələndirirdilər. Bəli, səsin çalarları üz ahənglərinə, baxışlarına elə uyğun olardı ki, onların görmədən səslərini eşidəndə belə, sanki sənə üzbəüz dayanıb dinləyirmişsən kimi gəlirdi.
Hər birinin öz yeri vardı. Hər birinə rəğbətimiz vardı və indi də olduğu kimi alır.
Sonra birdən nə oldusa, illərlə yaradılıb fomlaşdırılan, zaman-zaman cilalanan televiziya, ekran-efir mədəniyyətimiz durğunluğa tuş gəldi. Şüurlu, yaradıcı həyatının, demək olar ki, yarıdan çoxunu radiomuza, televiziyamıza həsr edən insanlar soyuqluğa tuş gəldilər. Halbuki adlarını çəkdiyiiz diktorların hər biri teleradio məkanında bir məktəb apara bilərdilər.
Sanki Azərbaycan televiziyasını yaratmış (onlara televiziyanın sahibləri də demək olar) insanlar birdən-birə tənənəli çəkildə təqaüdə göndərilən veteranlara çevrildilər. Halbuki onların hər biri peşəkarlıq səviyyəsinə bu yolu keçib gəlib çatmışdı və belə hesab edək ki, dövətimiz milli televiziyamızn qayğılarını çiyinlərində daşıya biləcək ustadların yetişdirilməsi üçün illərlə vaxt sərf edib, vəsait sərf edib, indi onlar niyə laqeydliyə tuş gəlib televiziyadan uzaqlaşmalıdır ki?
Gərək hər biri televiziyada qalıb, öz zəngin təcrübələrini bazasında fərdi akademiyalar yarada idilər.

P.S: Xalq artisti Ofeliya Sənani Simsar.az saytınln suallarını cavablandırmışdır. Tanınmış televiziya və radio diktorunun müsahibəsini aşaöıda sizə də təqdim edirik.
"Ana və Uşaq" 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın


Ofeliya Sənani: "Lazımsız adama çevrildim ”

Bir vaxtlar sizin təmsil etdiyiniz incəsənətlə, bu gün arasında hansı fərqlər nəzərə çarpır?
-İncəsənət çox cılızlaşıb. Vəziyyət hər gün daha da pisləşir. O dövrdə biz incəsənətin fanatı idik. Gecə-gündüz bilmədən çalışırdıq. Axşam saat birdən altıya qədər məşhur aktyorlarla, aktrisalarla birgə val yazdırırdıq. Siçovullu zirzəmilərdə qorxa-qorxa yazdırdığımız vallar sevilərək alınırdı. Bizə verilən mətnləri bədii qiraət edirdik. Hələ o vaxt represiya qurbanlarının yazdıqlarını oxuyurdum. Yuxum ərşə çəkilirdi. Bir gün val yazdıran adam gəlib bizə dedi ki, bu barədə heç yerdə, heç kəsə danışmayın. "KQB” bilsə, evimiz yıxılar. 1960-cı illər idi. Məscidlərimiz bağlanmışdı. Din yasaq edilmişdi. Qorxudan valları sındırdım. Amma sındırmamalıydım. İşimdən güc alırdım. Dublyajları daha çox sevirdim. Öz qeyri-adi enerjimi çəkilişlərə, val yazdırmağa, filmlərə xərcləyirdim. Yadımdadır, uşaqlarımdan birinin Minvoda müalicəsi üçün gedəcəkdim deyə, əvvəlcədən üçhəftəlik veriliş yazdırmışdım. Teleqram vurdular ki, veriliş pozulub, təcili gəlməlisən. Uşaqları rus qonşuya tapşırıb gəldim. Səhər saat 9-da Bakıda oldum. Saat birə qədər verilişi yazdırıb, uçdum Minvoda. Sənətimi bu qədər sevirdim. İndi bu cür zülmlərlə, qorxu ilə işləyən, öz üzərində çalışan, sənətinin aşiqi olan var? Təbii ki, yox...
 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın


Valların hamısını qırdız?
-Yox, birini yadigar saxladım. Həmin valda şeirlər, nağıllar, Hüseynağa Sadıqov, Məhluqə Sadıqova, Leyla Bədəlbəyli, Əli Zeynalov və mənim səsləndirdiyim əsərlər yer alıb. Nağılları niyə oxuduğumuzu anlamırdım. Sonradan öyrəndim. Bildim ki, nağıllarla böyüyürük. Fantaziyalar nağıllar üzərində qurulur. Nağıllar xalqın keçmişinin, düşüncə tərzinin göstəricisidir. O dövrdə yazılanların hansı əhəmiyyət daşıdığını da sonradan öyrəndim. Deməli, bu vallar dilimizin təbliği, saflığının qorunması uğrunda mübarizə imiş.
Bu gün necə, o mübarizə var?
-Yox, yoxdur. İndi teleməkanda özbaşınalıq baş alıb gedir. Əsl jurnalist çox azdır. Jurnalistika yox səviyyəsinə enib. Bir müğənnini çağırırlar verilişə, ondan müsahibə alıb, veriliş düzəldirlər. Elm adamları, mühəndislər, heykəltaraşlar, kinossenaristlər, kinorejessorlarımız var, onları tapıb ortaya çıxarmaq lazımdır. O vaxt mən radioda oxuduğum mətnlərdən o qədər maariflənirdim ki…

İndi nə işlə məşğulusunuz?
-Heç nə, evdar qadınam. Heç bir proyektim yoxdur. İstiyərdim ki, dublyajlarda olum. Təkliflər də gəlir. Məsələn, ANS televiziyası istəyirdi ki, onlarda veriliş açım. Əvvəllər apardığım "Səhər görüşləri” verilişini yenidən davam etdirim. ANS-in təklifini qəbul etmədim. Çünki hər şeyi özüm həll etməli idim. Aktyoru hardan tapmalıydım? Əvvəlki aktyorlar yoxdur. Hacıbaba Bağırov, Əli Ağayev, Nəsibə Zeynalova...

Belə çıxır ki, biz daha kasıb cəmiyyətə düşmüşük?
-Yox, hər şeyin, zamanı var. Aktyor yetişməlidir. Sonra inkişaf etməli, cəmiyyət tərəfindən sevilməlidir. İndi o cür aktyorlar yoxdur. Çünki belələrini Allah özü bizə bəxş edir. Biz nazını çəkirik, o da şaxələnir. Heç bir aktyor əvəzolunmaz deyil, amma təkrarolunmazdır. Möhsün Sənani kimi aktyor var? Əlbəttə, yox. Aktyorluq ulduz kimidir. Tez parlayan ulduz, tez də sönür. Elə aktyorlar var ki, tez tanınır, amma sonra içkiyə, başqa pis vərdişlərə aludə olub özünü məhv edir. Səməndər Rzayevi içki öldürmədimi?
 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

Bu cür insanlarla gözəl, yaddaqalan xatirələriniz olub?
-O qədər... Bir dəfə dublyajdayıq. Rejissor da Əlisəttar Atakişiyev idi. Şahmar Ələkbərov, Səməndər Rzayev, Həsən Əbluc və mən. O vaxt dublyajda belə bir adət var idi: Dublyaj edən şəxsin səsi filmdə oynayan aktyorun simasına düşməli, səs sifətə uyğun gəlməli idi. İndi dublyajlarda buna fikir verən yoxdur. O filmi səsləndirdikdən sonra bizi Azərbyacan kinoteatrına dəvət etdilər. Əlisəttar Valid Sənani ilə yaxşı zarafatları vardı. Həmin gün Səməndər dedi ki, Valid, vallah mənim sənə yazığım gəlir. Yoldaşın səninlə bərabər səhər evdən çıxıb, gecənin bir yarısı da qayıdır. Burdan gedəndə yəqin ki, ac qalırsan. Sən ona görə belə arıqsan...
Mən də bilmirdim zarafat edirlər. Səməndər, məni yoxlamaq istəyirsən, elə indi hamınızı bizə dəvət edirəm, dedim. Valid Sənani ilə aktyorları götürüb gəldik evə. O vaxt uşaqlar da balaca idi. Gəlib gördülər. Ev səliqəli, tərtəmiz. Balqabaqlı, lobyalı aş, yarpaq dolması, müxtəlif turşularım və salatlarım. Gətirib süfrəyə düzəndə Səməndər dedi, vallah, mən dəli oldum. Ofeliya xanım sən bunları haçan eləmisən? Dedim yuxum yoxdur. Mən səhər saat altıya qədər bunları edirəm. Yuxumu da maşınlarda işə gedəndə alıram. Onlara yaxşı bir çay süfrəsi də açdım. Gedəndə dedilər gərək bu haqda hər yerdə elan verək.

Ofeliya xanım, indiki aparıcılardan kimi bəyənirsiniz?
-Gənc aparıcılardan İctimai televiziyadakı Salehi daha çox bəyənirəm. Çox səviyyəlidir. Bu da ona kökdən gəlir. Akademik Milli Dram Teatrında Sadıq Salehin nəvəsidi. Əvvəllər radio və televiziyada ciddi rejim vardı. Radioda bir balaca fasilə verəndə xəbərdarlıq edirdilər. Söz ağzımızdan qurtaran kimi musiqi verməliydik. İndi isə özbaşınalıqdır. Əvvəlki illərdən fərqli olaraq indi televiziyaların 3-5 dublyoru var. Onların da səsi xaric. Səs simaya, dialoq da dialoqa uyğun gəlmir. Belə vəziyyətdə dublyaj çox bərbad alınır. Peşəkarlıq yoxdur. Ənənəni az-çox AzTv qoruyub.

 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

Niyə indi televiziyalarımızda belə qanunlar yoxdur?
-Televiziya sədrinin jurnalistikadan anlayışı olmayanda nəticə belə olur. Mən dublyaja gecikəndə Əli Zeynalov və ya Məhluqə Sadıqova məni gözləsəydilər çox utanardım. Axı, mən onların yanında uşaqdım. Tez çatmaq üçün, taksiyə minməli olurdum. Onda, böyük kiçik yeri bilən var idi, indi yoxdur. Bir dəfə Zaur Baxşəliyev məni öz verilişinə çağırdı. Qapını açıb studiyaya girəndə, uzaqdan məni görüb yerindən tərpənmədən, "gəlin-gəlin”- dedi. Nə ayağa durdu, nə də bir yer göstərdi. Mən hardan bilim harda əyləşməliyəm? Veriliş bitəndən sonra heç yola da salmadı, sadəcə, gəldiyim üçün təşəkkürünü bildirdi. Çox narahat oldum. Özündən böyüklərə qarşı bu cür münasibət yaxşı deyil axı. Leyla Bədəlbəyli dublyaja çatar-çatmaz konfeti soyub zorla qoyurdu ağzıma ki, anan ölsün, ye gücün olsun.
Bunları necə qarşılaşdırsan?
Əvvəl televiziyada aparıcı hazır mətnləri oxuyurdu. İndi belə mətnlər yoxdur. Aparıcılar ləhcə ilə danışır, ədəbi dil qaydalarını bilmir. Baxırsan, televiziyada ondan, bundan danışır. Belə olmaz axı. Gərək bir sahəyə gedirsənsə, o sahənin sirlərinə dərindən yiyələnəsən, peşəkar olasan.
Bu gün teleməkanda yalnız intellektual verilişlərə baxıram. Demək olar ki, bizdə əyləncəli verilişlər səviyyəli deyil. Şoular bərbad vəziyyətdədir. Xoşqədəmin verilişində oldum. Göz yaşımı silməkdən yoruldum, amma görürəm ki, bunun heç vecinə də deyil, aktrisalıq edir. "Bilirsiz əziz tamaşaçılar, mən buna inanmıram (deyərək Xoşqədəmi yamsılayır).

Valid müəllimlə necə tanış oldunuz?
- Onunla tanış olduq. O vaxt o, savadlı, püxtələşmiş jurnalist, mən də sadə gözəlliyə malik qız idim. İstəyənlərim çox olsa da, ağıllı və mehriban olduğuna görə onu seçdim. Sonralar bir-birimizi daha çox sevdik. İşə bir gedib-gəlirdik. Onun yanında çox rahat olurdum. Mən gözəl səs vurğunuyam. Gözəl səsi olan adamla rastlaşanda fikirləşirəm bundan yaxşı radio diktoru olar.

 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

Pedaqoq olmaq ağlınızdan keçməyib?
-Bununla bağlı çox təkliflər gəlib. Amma cavan olduğumdan dəyərləndirmədim Universitetdə diplom işim Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan” əsəri idi. Çox geniş yazmışdım. 25 səhifəlik iş əvəzinə 48 səhifəlik iş yazmışdım. Bizim kitabxanalarda olmayan materiallardan istifadə etmişdim. Gürcüstanlı aktyor İbrahim İsfahanlı vasitəsilə tamaşaya qoyulan əsər mənə zəngin material verdi. Elmi rəhbərim Təhsin Mütəllimov idi. O, Validin də dostu olub. Bizə zəng edib dedi ki, Ofeliya xanımın diplom işini arxivdə saxlamışam. Gəlsin bir az da genişləndirib, müdafiə eləsin. Mənə dedi ki, qocalanda heç kimə lazım olmayacaqsan, qadın da gecənin yarısı işdən gələr? Bu şəkildə nə qədər davam edə biləcəksən? Nə qədər maaş verəcəklərini soruşdum. Dedi 150-manat. Dedim eh, 150 manata görə sevdiyim işi atım? Əslində maaş bəhanə idi. Sevdiyim sənətdən ayrılamaq istəmirdim. Gənclik düşüncəm bəzi qərarları yanlış verməyə səbəb oldu. Necə də doğru demişdi!? 35 yaşımda böyrəklərim işləmədi. Təcili xəstəxanaya apardılar. Cavadzadə dedi ki, iş-işdən keçib, aparın evdə rahat ölsün. Məni təcili Moskvaya apardılar. Orda məni sağaltdılar. Bakıya məktub yazmışdılar ki, Ofeliya xanım yüksəklikdə yaşayır, buna yeni ev verilməlidir ki, təzyiqi qalxmasın. Heydər Əliyev mənə "28 May”da - "Cücələrim” kafesinin üstündə ev verdi. O zaman yoldaşım da mənə yaxşı qayğı göstərirdi. Evimiz balaca və darısqal olsa da, çox xoşbəxt idik. Çünki bu balaca ev sevgi ilə dolu olduğundan, bizim üçün saray idi.
1989-cu ilə qədər Moskvaya müalicəyə gedirdim. Lakin 1989-da erməni həkim mənə iynə vurmaqdan imtina etdiyindən, daha ora müalicəyə getmədim.

Bəs necə oldu filmə çəkildiz?

-Bir dəfə işə gəlirdim. Günorta növbəsinə. Gördüm Kamil Rüstəmbəyov və operatoru dəhlizdə dayanıb pəncərədən bayıra baxırlar. Salam verdim, keçdim. Bir də gördüm Kamil Rüstəmbəyov deyir tapdım, tapdım… Mən fikir vermədim. Gördüm arxadan çağırır Ofeliya xanım getmə, səni deyirəm e... Dedim, nəyi tapdız? Dedi, Hicranı. Yeni çəkiləcək filmdə Hicranı sən oynayacaqsan. Səni gözüm tutdu. Dedim, mən özbaşına deyiləm ki. "Valid müəllimə də deyərik, qaynatana da” –deyib onlardan razılıq aldılar. Sonra qaynatam Adil İgəndərovun yanına gedib bildirdi ki, gəlinim dublyaj işindən başqa, aktrisalıq üçün kinostudiyaya gələ bilməz.

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

 

Nə üçün buna razılıq vermirdi?
-Bir gün Adil müəllim məni çağırdı yanına ki, qadam, bilirsən də qaynatan sənin filmdə oynamağına qadağa qoyub. Dedim nə deyibsə doğru deyib. Baxdı üzümə dedi, necə olub ki, sənin teatr institutunu oxumağından xəbərim olmayıb? Filologiyanı bitirdiyimi söylədim. Dedi, çəkilmək istəmirsən? Dedim, yox, Adil müəllim, ailəm, uşağım var. Baxdı-baxdı, qapını göstərib: "Onda get, küftə bozbaşını bişir” – dedi. Sanki qaynar qazanı tökdülər başıma.
Qaynatam deyirdi ki, sənin aktrisalıq istedadın var. Səndən gözəl aktirsa olar. Amma istəmirəm ailən dağılsın. Çünki aktrisa olsan gec-tez ailən dağılacaq. Bu çox çətin sənətdir. "Dağlarda döyüş” filmini Şamaxıda çəkirdik. Filmdə at çapma epziodunu oynamaq üçün dərs aldım. İstəməzdim ki, mənim əvəzimə kimsə çəkilsin. Film çəkimi zamanı qaynatam xəstələndi.
Payız fəsli idi. İdman geyimində, arxa cibimdə də açılıb-bükülən bıçaq. Kimsə yaxınlaşmaq istəsə qorxudum, deyə bıçağı götürmüşdüm. Mürəbbələrdən də yığıb, gecə atla qaynatamın yanına getdim. İçəri girəndə kişi diksindi. Dedi: Sənin gecə vaxtı burda nə işin var? Necə gəlmisən, sən bura? Dedim, atla gəlmişəm. Ona zoğal mürəbbəsi ilə çay verdim. Səhərdən ac idi. Xəstə olduğu üçün yeməmişdi, doyunca yedi. Sonra Nalçikdə çəkilişdə olduq. Qaynatam ailəsi ilə getmişdi. Hər dəfə qapını döyüb, qaşının birini də qaldırıb, deyirdi: "Yemək yemisən? Get Qüdrət xanım sənə yemək versin”. Uşaqlarımdan ötrü burnumun ucu göynəyirdi. Bir ay qalsam da mənə il qədər uzun gəldi. Anladım ki, bu iş mənlik deyil. Axı, mən Validlə nəfəs alırdım. İşdən gec və yorğun çıxanda Valid qayğıma qalırdı. Mənə rəngli çay süzürdü. Deyirdi, bunu iç dincələrsən.

Sizin üçün həyatın bir anı keçməyib ki?

-Artıq keçdi. Düzdür, mənə həmişə diqqət göstərilib. Ətrafdakıların hamısı məni sevib, hörmət ediblər. 1990-cı illərdən sonra lazımsız adama çevrildim. Köhnə nəslin diktorları ilə birgə kənarda qaldıq. Əvvəllər buna görə az qalırdı ürəyim partlaya. Sonra mənə veriliş verdilər. Aparacı oldum. Bu mənə hardasa təsəlli gətirdi. Bizi kənara atmaq yox, bizdən istifadə etmək lazım idi. Heyf, televiziyadakı rəhbərlər bunu qiymətləndirməyi bacarmadılar.
 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 

Ofeliya Sənani - şərəfinə sağlığında ehtiram abidəsi ucaldılmış Qadın

 


Elmar Hüseynov
Mənbə: http://simsar.az/news/a-15830.html
Qeyd: Şəkillər "Ana və Uşaq" jurnalına məxsusdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz