» » Səkinə Axundzadə - ilk azərbaycanlı qadın dramaturq

Səkinə Axundzadə - ilk azərbaycanlı qadın dramaturq

Müəllif: Anaveusaq.az от 3-11-2016, 06:54
Səkinə Axundzadə -  ilk azərbaycanlı qadın dramaturq

Səkinə xanım Mirzə Heybət qızı Axundzadə Azərbaycanın ilk qadın dramaturqu və müəllimlərindən biridir. Yazıçı Mirzə Heybət Axundzadənin qızıdır. 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmiıdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasma, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi.
Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamış, "Elmin bəhrəsi" pyesini və "Gəlin və qaynana" komediyasını yazmışdır.
Səkinə xanım bu illərdə həm də milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmişdi. O, Türkiyə ədəbiyyatından bir neçə maraqlı əsəri də dilimizə çevirmişdi. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulmuşdu. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazmışdı. Bu əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanmışdı. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında dram əsəri yazmışdı. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin əvvəllərində Milli Dram Teatrında müxtəlif səhnə quruluşunda tamaşaya qoyulmuşdu. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunmuşdur.

Səkinə Axundzadə -  ilk azərbaycanlı qadın dramaturq
Səkinə xanımın yazdığı əsərlər o dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılmışdır. Həmin dövrdə Reyhan xanım Topçubaşova Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədr müavini idi.
Səkinə xanım Axundzadə "Elmin bəhrəsi”, "Gəlin və qaynana”, "Bəxtsiz bala”, "Zülmün səmərəsi”, "Haqq söz acı olar”, "Şahzadə Əbülfəz” və bir çox pyeslərin müəllifidir. "Zülmün bəhrəsi”ni Hüseyn Ərəblinski 1914-cü ildə Tiflisdə, Abbas Mirzə Şərifzadə 1917-ci ildə və 1922-ci ildə Bakıda tamaşaya qoyublar. Əsas rollarda özləri və Kazım Ziya, İsmayıl Talıblı, Yeva Olenskaya, Yunis Nərimanov oynayıblar. "Bəxtsiz bala” da bu dəstələrin, digər əsərlər isə qız gimnaziyası tələbələrinin iştirakı ilə göstərilib.

Qulam Məmmədli yazırdı: "Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar verilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi...”.
Hüseyn Ərəblinski : "Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər”...

Milli teatr sənətinin inkişafında özünəməxsus xidmətlər göstərmiş Səkinə Axundzadə nəinki Azərbaycanda, həm də müsəlman Şərqində pyes, nəsr əsərləri yazan ilk azərbaycanlı qadın yazıçı, görkəmli maarif işçisi, ana dilində orta məktəb dərsliklərinin müəllifi kimi ictimai və ədəbi fikir tarriximizdə hər zaman yaşayacaqdır.

Səkinə Axundzadə -  ilk azərbaycanlı qadın dramaturq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz