» » Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (III yazı)

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (III yazı)


Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur.

Stendal

 

Nəhayət, keçək  müraciət edən xanımımızın qarşılaşdığı  məqamlarla bağlı fikirlərə. Yazılan  şərhləri dönə-dönə oxudum.  Təbii ki,   hamının eyni fikirdə olması    mümkün deyil. Söylənilənlərdən  bir çoxu nəinki  müraciət edən xanıma səbirli olmağa, taleyinə sahib çıxmağa  təpər olacaq, əksinə,  tərəddüdləri artıracaq. Ailədə soyuqluq davam edəcək, bu yuvada böyüyən qızçığaz  Allah bilir, hələ  nə qədər vaxt  isti, şəfqətli ata-ana sevgisi olmadan böyüyəcək. Ürəyimcə olan  rəylər, məsləhətlər də var. Keçmişdə   insanlar  bir problem olanda qarşısına kim çıxdı ağız açmayıblar. Kim müdrik idi, kim  hansısa səbəbdən tökülmüş qanın qarşısını ala biləcəkdi, kim iki ayağını bir başmağa dirəyib  "qızımı” vermərəm ki vermərəm deyən  sərt atanı  yola gətirib işi yoluna qoya  biləcəkdi, belə şəxslərə pənah aparırdılar.


 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (III yazı)

 Ona görə sosial şəbəkələrdə tanıyıb-tanımamağından asılı olmayaraq  şəxsi həyatını, ailə tərəflərini  müzakirəyə qoşmaq  doğru deyil.

 Elçin Əlibəylinin  verilişinə  tanıdığım  bir gənci dəvət etmişdilər, ekspert kimi. Tələbədir, intellektual səviyyəsi  yaxşıdır. Amma onun ailə münasibətləri haqqında  ekspert fikri söyləməsi,  münsiflik etməsi hələ çox tezdir. Söylədikləri ilə  onu izləyənlərdə bu qənaəti yaratdı da.      

Bilmirəm,  həmin xanım bu yazıları oxuyurmu, oxuyursa, necə qəbul edir? Burda deyilənlərin heç də hamısını   işə yarayacaq kimi qəbul etmək olmaz.  Xanıma müraciət edirəm. Heç bir emosiyasız, sakit başla statusları  diqqətlə oxuyun.  Xeyirli məsləhətlər, əlbəttə, var, bunları seçin və əməl edin. Amma yazılanlara görə qayınanaya qarşı daha da sərtləşmək, ayrılmağa  yol başlamaq,  ailə üzvləri ilə  küsülü davranmaq kimi  münasibətləri tamam ağlınızdan çıxarın. Özəl münasibətlər haqqında kimdənsə məsləhət almayın. Bunu ancaq zəruri halda, yalnız həkim verə bilər.

 Heç nəyə müstəqil, sərbəst qərar verməyin. Heç nəyi əsəbləriniz tarıma çəkildiyi vaxt  incələməyin. Heç vaxt son sözünüzü  əvvəldən deməyə çalışmayın, buna öyrətməyin  özünüzü. Allahdan həmişə səbir  diləyin.

Siz  müəyyən səhvlər etmisiniz, amma  günah işlətməmisiniz. Qızlarımızın, qadınlarımızın  qarşılaşdıqları problemlərın kökündə onların emosional olmaları dayanır. Kişilərin bu sarıdan bəxtləri gətirib ki,  onlara zərif məxluqlarla nisbətdə çox rasionaldırlar. Çox tez duyğulanır qızlarımız.  Sadəlövh olduqlarından  hər şeyə  o saat da inanırlar.

Bu mənada kiməsə inanıb  könül verən qızlarımız sərhəd pozmayıblar, əvvəlcə düşünərəkdən  həyata keçirmək istədikləri heç bir  təxribatçılıq niyyətləri də olmaz, sadəcə, ailə qurmaq istəyərlər: Qadın, Ana  olmaq istəyəirlər.  Amma nə edəsən ki, belə qızlarımız  bəzən  sevgi üçün, ailə həyatı üçün  hazır olmayan gənclərə tuş gəlirlər.

 Nə deməkdir bu məntiq evliyi, indiki gənclər əndirbanı terminlər  icad edirlər. Söhbət  məntiqdən gedirsə, onda gərək güclü məntiqi olan  şəxs yanlış addım atmasın, aldanmasın və s.

Təsadüfən tanış olmaq  olar. Bütün sevgilər, adətən, təsadüfi tanışlıqlardan başlayır. Amma   bütün təsadüfi tanışlıqlar heç də xoşbəxt  gələcək vəd etmir.

Tanış olub  qısa vaxt ərzində evlilik qərarı qəbul etmək də  tələskənlikdir.  Oğlan da, qız da gərək   gələcək həyatını qoşa addımlamaq istədiyi  şəxsi gərək tamam-kamal tanısın.

Namaz, ibadət əhliyik deyirsiniz, amma siz də,  həyat yoldaşınız da  dinin, ibadətin  buyurduğu  səbirliliyi göstərə bilməmisiniz.

Əgər ailə ixtilaflarınız  iqtisadi çətinlikdən sonra  özünü büruzə veribsə,   burada da dözümsüzlük göstərmisiniz. Yoldaşınızla  aydın və qarşılıqlı  məqsədbirliliyiniz olmayıb. Ailə həyatında  böyük  sevgi olarsa, iqtisadi çətinlik qarşıya çıxa bilən problemlərin ən zəifidir. Hansısa  bir işə düzəlib yavaş-yavaş dolanışığın çəmini tapan kimi , belə problemlər də  yox olur. Əksinə, belə məqamda siz  həyat yoldaşınıza, həyat yoldaşınız da sizə   həyan olmalı idiniz. From deyir ki, sevgi  eyş-işrət yeri deyil. Sevgi birgə səylərlə, birgə  axıdılan tərlə qurulan  ailə xobəxtliyi deməkdir.

Biz də bu yolu belə keçmişik. 10 il  kirayədə yaşadıq. Amma  bunu dərd eləmədik. Dözdük. Rayondan Bakıya gələn çox idi.Çoxları dözmədi: ya geri qayıtdı, ya da Rusiyaya getdi və 2-3 il də orada fırlanıb kəndə döndülər.

Biz dözdük. Şükür, məqsəd birliyi olanda  təslim edilməyən çətinlik yoxdur.

Nəvələrimin  nənəsigil tərəfdən də dəstək oldular, bizdən də.  Büdrəməyə qoymadılar, biz də etimadı itirmədik.

Elə bilirsiniz ki, belə məişət qayğıları tək sizin evdə, sizin aildədir. Bu və ya digər  məzmunda problemləri  olmayan ailə, şəxs yoxdur. Problemi dilə gətirməkdənsə,  əl-ələ, baş-başa verib, onu dəf etmək daha doğru olardı.  Səbir etmək lazımdır.  Səbirlə hər şey yoluna düşəcək.

 İqtisadi problem  əbədilik deyil, müəyyən bir müddət üçündür. Yavan  çörək olsun, sevgi olsun.Vallah, sevgiyə  batırıb yavanlıq etsəniz, onun doyumluğu daha  müalicəvi, xeyirlidir.


 

Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (III yazı)

Mən elə bilirəm ki,  yaranan soyuqluğun  ən azı yarısı sizin  yanlış münasibətinizə görədir.

Necə yəni,  həyat yoldaşınızın  valideynləri ilə neçə aydır danışmırsınız. Bu, çox ciddi qəbahətdir. Valideynlər  dünyanı tutub durmayacaqlar. Bir vaxt onlar olmayanda həyat yoldaşınız  xatırlayacaq ki, siz  filan illərdə onları 8 ay söylətməmisiniz. Sizi necə sevmək olar? Amma xatırlasa ki, hər zaman onların qulluğunda dururdunuz,  vaxtlı-vaxtında çayını-çörəyini verirdiniz - dünəndən qalan çay vermirdiniz - onun oğlu indi sizə minnətdar olmalıdır.

eşitdiyim, bildiyim rəvayətlərdən birini də  söyləyim:


Bir qız  gəlin köçür və  oğlanın  valideynləri ilə bir ailədə yaşamalı olur. İlk günlər  mehribançılıq sezilsə də,  10-15 gündən sonra  gəlinlər qayınanası arasında  ziddiyyət  baş qaldırmışdı: gəlin qayınanasını görmək istəmirdi, qayınana da gəlinini.  Oğul da qalmışdı iki  yol ayrıcında.  Yəqin, dil tapıb isinəşəklər deyə ümid etsə də, əksinə,  ixtilaflar gündən-günə artmaqda davam edirdi.

Dava-dalaşdan bezən gəlin bir gün kəndlərindəki Loğmanın yanına gedib  dərdini danışır və ondan əlac istəyir. Xahiş edir ki, ona otlardan elə bir zəhər hazırlasın ki,   aparıb qayınanasının çayına, yeməyinə qatsın, oqayınanası ölsün, onun da canı qurtarsın. Loğman bu gəlini diqqətlə dinləyib razılıq vermiş və demişdir ki, amma gərək bəzi şərtlərə əməl edəsən. Mənim  indi  verəcəyim bu dərmanları hissə-hissə qayınananın çayına, çörəyinə əlavə edərsən.Filan vaxtdan sonra yatdığı yerdən qalxmayacaq.  Amma sən gərək bu müddətdə onun qulluğunda yaxşı durasan, əzizləyəsən ki, öləndən sonra səndən şübhələnməyələr.

Gəlin də sevincək "baş üstə” deyib, dərmanı alaraq evə cummuş və həmin gündən  tədbirlərini görməyə  başlamışdı. Samovar qaynadar,  Loğmanın  verdiyi "zəhər”dən 1-2 qaşıq gizlincə  çaynikə əlavə edər və çay dəm alandan sonra qayınanasını  çox şirin nəvazişlə çay süfrəsinə dəvət edərdi.Yeməyi də  belə edərdi. Artıq   üstündən  bir aya yaxın vaxt keçirdi. Qayınanasına verilən vaxta da az qalırdı. Qayınanası günü-gündən gümrahlaşır və o da gəlininə tam  başqa münasibət  bəsləyirdi. Çox mehribanlaşmışdılar. Artıq gəlin  təşvişə düşmüşdü ki, vaxt gəlib çatır,  qayınanam ölməməlidir. Yenə bir fürsət tapıb özünü  Loğmanın yanına çatdırır.Yalvarır ki, səhv etmişəm.İndi mənə elə dərman ver ki, qayınanama verim, o ölməsin.

Loğman göz yaşları ilə yalvaran gəlinə baxdı və özü də təsirlənir. Deyir ki qorxma, mənim sənə verdiyim zəhər deyildi.Onun içində  dağımız, çöllərimizin ən şəfalı otlarından hazırladığım müalicəvi dərmanlar idi. Əsl zəhər sənin dilində idi, ürəyində idi.Sən qayınananla  son  günlər nə qədər xoş rəftar etdin, o zəhər də əriyib getdi. İndi həmin  zəhərin yerində sevgi var. Sevgi sizi daha  mehribanlaşdıracaq.


 Müraciət etdiyiniz  səhifədə isə sizə məsləhət görürlər ki,  siz  ərinizi mamaşasından ayırmalısınız. 100 qadın ola,  oğullar ata-analarını atmaz, nankorlardan söhbət getmir ha. Əksinə, siz qayınatanıza və qayınananıza  bəslədiyiniz  böyük ehtiramla özünüzün o ocaqda  təhlükəsizliyiniz və rahatlığınız üçün çox güvənli bir zəmanət əldə etmiş olarsınız.

Eləcə də həyat yoldaşınız sizin valideynlərinizə bu şəkildə ehtiram bəsləməlidir. Atalar-analar  dünyada qonaqdırlar, sonra ömürlərini övladlarına, nəvələrinə bağışlayıb, dünyadan köç edirlər. Əgər onlar  əmin olsalar ki, yaxşı oğul-uşaqları var, oxuyublar, evlidir, ev-eşikləri var, çörəkləri var, ailələri çox səmimi və mehribandırlar, onlar da dünyadan nigaran köçməzlər. 


Peyğəmbər əfəndimizdən(səv) bir nəsihət:"Sən ərinə yer ol ki, o sənə göy olsun! Sən ona xidmətçi ol ki, o sənə kölə olsun! (III yazı) 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz