» » İlk qadın mexanizator - Sevil Qazıyeva

İlk qadın mexanizator - Sevil Qazıyeva

İlk qadın mexanizator -  Sevil  Qazıyeva

Bu gün Azərbaycan tarixində ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Həmzət qızı Qazıyevanın Xatirə günüdür.
Sevil Qazıyeva 23 sentyabr 1963-cü ildə sükan arxasında faciəli surətdə həlak olmuşdur.
Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Tala kəndində anadan olub. 2 yaşı tamam olmamış atası Həmzət Qazıyevi əsgər aparıblar. Həyat yoldaşı müharibəyə getdiyi üçün evin bütün qayğısı anası Anaxanım Qazıyevanın üzərinə düşüb. Anası kolxoz işində çalışdığı üçün Sevil qonşuların ümidinə qalıb. Ayaqlarının birini müharibədə itirən atasının 1945-ci ildə müharibədən qayıtması ailənin yükünü azaltmayıb.
Sevil Qazıyevanın ən böyük arzusu həkim olmaq idi. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Kəndə qayıtmayan Sevil elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada mütərrib peşəsinin sirlərini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandıraraq, xüsusi istedad sahibi olduğunu nümayiş etdirə bilir. Sevil Qazıyevanın həmin illərdə mətbuatda dərc olunan şeirləri də bunu sübut edir.

İlk qadın mexanizator -  Sevil  Qazıyeva
Sov.İKP Mərkəzi Komitəsinin 1959-cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Mətbuat vasitəsilə plenumun materialları ilə tanış olan mütərrib-tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə, sürücü mexanik olmağa qərar verir. Sevil bu qərarını rəfiqəsi Diləfruz Ocaqquliyevaya bildirəndə, o da həvəslə sürücü-mexanik olmağa razılaşır. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi Məsud Əlizadəyə məktub yazıb, ondan Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.
1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır.
 

İlk qadın mexanizator -  Sevil  Qazıyeva

Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir. 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplanısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir.
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edirlər.
Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırır. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edir, həm də seçicilərinin problemləri ilə məşğul olur. Tələbə-deputat boş vaxtlarında isə imtahanlara hazırlaşır. Bütün imtahanlardan əla qiymətlər aldığı üçün müəllimləri onu əyani şöbənin tələbələrinə nümunə göstərirmişlər.
Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə, 600-nəfərdən çox qız mexanizator peşəsini seçmişdir.
 

İlk qadın mexanizator -  Sevil  Qazıyeva

Sevil Qazıyeva gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. Onun işlədiyi traktor yanmış və o, öz həyatı bahasına sahəni yanğından xilas etmişdir. Ölümündən sonra "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür.
1970-ci ildə "Azərbaycanfilm" tərəfindən ona həsr olunmuş "Sevil Qazıyeva" filmi çəkilmişdir.
1970-ci illərin əvvəllərində Bakıda onun monumenti qoyulmuşdur. Monumentin heykəltəraş M. Rzayeva, arxitektoru Ş. Zeynalovdur.
2002-ci ilin yayında monumentin qoyulduğu bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur.
Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır.

 

İlk qadın mexanizator -  Sevil  Qazıyeva

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz