» » Arxeoloq qadın alim - tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova

Arxeoloq qadın alim - tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova

 

Arxeoloq alim , tarix elmləri namizədi Güllü Əbil qızı Əbilova 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər” adlandırılan bir guşəsində, adlı-sanlı neftçi
Arxeoloq  qadın alim - tarix elmləri namizədi Güllü Əbil qızı Əbilovaailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Alın təri ilə qazanılan çörəyin nə qədər dadlı və bərəkətli, halal zəhmətin nə qədər dəyərli və düşərli, paklığın, ismət və qeyrətin nə qədər qiymətli olmasını Güllü xanım valideynlərindən öyrənmişdi.
Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir, ulularımızın keçdiyi uzun və çətin yolların yolçusu olur. Onun dövrümüzün ən geniş miqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə - Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı. Onların sistemləşdirilməsi və qeydiyyata alınmasında Güllü xanımın əməyi böyükdür.
Sevindirici haldır ki, bütün bu işlər fakültə professor - müəllim heyətinin və rektorluğun nəzər diqqətindən yayınmamışdı. 1948-ci ildə Güllü Əbilova ali təhsilini müvəffəqiyyətlə başa vurarkən ona universitetdə qalmaq, elmlə məşğul olmaq, arxeologiya ixtisası üzrə mühazirələr oxumaq təklif olunmuşdu. Gənc mütəxəssis bundan sonra universitetdə təzə yaradılan arxeologiya kafedrasında fəaliyyətə başlayır. Tezliklə Güllü xanım tərəfindən ilk dəfə olaraq Azərbaycan dilində arxeologiya fənninə aid dərs proqramı hazırlanır və çapa verilir. Eyni vaxtda, onun təşəbbüsü ilə universitetdə zəngin arxeoloji fond yaradılır. Beləliklə, müxtəlif illərdə Azərbaycanın ayrı-ayrı bölgələrindən, o cümlədən Mingəçevirdən tapılmış nadir maddi mədəniyyət nümunələri fondun əsasını təşkil edir. Arxeologiya ixtisası üzrə elmi araşdırmalarını genişləndirmək və dərinləşdirmək məqsədilə Güllü Əbilova 1950-ci ildə universitetin aspiranturasına daxil olur. İşgüzar və istedadlı gənc həmkarından öz qayğısını heç vaxt əsirgəməyən dünyaşöhrətli Azərbaycan alimi Yevgeni Alekseyeviç Paxomov ona elmi rəhbər təyin edilmişdi. Güllü Əbilovaya "Cənubi Qafqazın meqalit abidələri” mövzusunu işləmək tapşırılmışdı. Mövzu çətin olsa da aktuallığı ilə seçilirdi. Uzaq tunc dövründə Azərbaycanın dağlıq bölgələrində - əlçatmaz yüksəkliklərdə ucaldılmış möhtəşəm qalalar - meqalit tikililər mövcud qədim cəmiyyətlərin iqtisadi-ictimai və ideoloji sistemləri haqqında dəyərli məlumatları qoruyub saxlamışdı. Bu, Güllü Əbilovanı ciddi və məsuliyyətli axtarışlara sövq edirdi. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın meqalit abidələri hələ 30-cu illərdə rus sovet alimi İ.Meşşaninov və azərbaycanlı alim İ.Cəfərzadənin tədqiqatlarında mühüm yer tutmuşdu. Lakin belə vəziyyət gənc tədqiqatçı Güllü Əbilovanı qorxutmamışdı. Topladığı zəngin bilik, əldə etdiyi dərin təcrübə, özünə inam böyük iradə sahibi Güllü xanımı öhdəsinə düşən vəzifəni ləyaqətlə başa çatdırmağa səfərbər etmişdi. O, Azərbaycanın ayrı-ayrı dağlıq bölgələrinə arxeoloji səfərlər etmişdi. Onun Gədəbəy bölgəsinə olan səfəri xüsusilə uğurlu olmuşdu. Təkcə bu bölgədə o, onlarca yeni abidənin yerini müəyyənləşdirmişdi.
Daim axtarış və yazıb yaratmaq əzmində olan Güllü xanım 1953-cü ildə dissertasiya işini uğurla başa çatdıraraq müdafiəyə təqdim edir. Dissertasiya işi fundamental tədqiqat kimi öz müəllifinin yetkin bir alim olduğunu nümayiş etdirir. İlk dəfə olaraq meqalit abidələrin dəqiq təsnifatı verilir, Avrasiya məkanının oxşar abidələri ilə müqayisə aparılır.
1954-cü il yanvar ayının 14-də Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında dissertasiyanın rəsmi müdafiəsi keçirilir. Şura üzvləri və rəsmi opponentlər - respublikanın adlı-sanlı alimləri Saleh Qazıyev və İshaq Cəfərzadə dissertasiya işini yüksək qiymətləndirirlər. Maraqlıdır ki, iddiaçının dissertasiyasında tənqid olunan İshaq Cəfərzadənin özü belə işin Azərbaycan tarixşünaslığı üçün böyük əhəmiyyət kəsb etdiyini öz rəyində təsdiqləyir. Alimlik dərəcəsi aldıqdan sonra Güllü xanım Azərbaycan Dövlət Universitetində arxeologiyanın əsasları və Azərbaycan arxeologiyası ixtisasları üzrə mühazirələrini davam etdirməklə yanaşı, çox sevdiyi Tarix Muzeyində də elmi və təşkilati fəaliyyətlə məşğul olur. Muzeydə arxeologiya şöbəsinə rəhbərlik Güllü xanıma tapşırılmışdı. Yaxşı təşkilatçılıq bacarığına malik olan Güllü xanım qısa müddətdə muzeydə bir sıra dəyərli işlər görmüşdü. Onun təşəbbüsü ilə muzeydə yeni arxeoloji materiallar əsasında Azərbaycanın yazıyaqədərki qədim tarixinin bütün mərhələlərini əyani şəkildə əks etdirən geniş ekspozisiya yaradılmışdı. Muzey fondlarında illərdən bəri toplanılan çoxsaylı zəngin maddi mədəniyyət nümunələri sistemləşdirilmişdi. Muzeydə elmi yaradıcılıq işlərinə və çap məsələsinə də xüsusi diqqət yetirilmişdi. Diqqətəlayiq haldır ki, Güllü xanım muzeyşünaslığı müstəqil elm səviyyəsinə qaldıra bilmişdi.
Azərbaycanın qədim və zəngin tarixini geniş xalq kütləsinə çatdırmaq məqsədilə Güllü xanım ayrı-ayrı bölgələrdə diyarşünaslıq muzeylərinin yaradılmasının təşəbbüskarı olmuşdu. Mədəniyyət Nazirliyində işləyərkən bu sahəyə bilavasitə özü rəhbərlik etmişdi. Az vaxt içərisində bir sıra bölgələrdə Azərbaycanın tarixi-mədəni irsini öyrənən və onun qiymətli yadigarlarını qoruyub saxlayan və təbliğ edən muzeylər açılmışdı.
Arxeoloq  qadın alim - tarix elmləri namizədi Güllü Əbil qızı ƏbilovaÖtən əsrin 60-cı illəri Güllü xanım Əbilovanın həyatında xüsusi mərhələ olmuşdu. Həmin illərdən başlayaraq Güllü xanım ömrünün son günlərinədək respublikamızda bir sıra məsul vəzifələrdə çalışmış və onların hamısında yüksək təşkilatçılıq bacarığı nümayiş etdirmişdi.
Bununla belə, ilk baxışda romantik görünən, lakin çox çətin olan arxeologiya Güllü xanımın həyatında yenə də əsas yer tutur. O, Azərbaycanda gedən arxeoloji tədqiqatları diqqətlə izləyir, onların nəticələri ilə yaxından maraqlanırdı.
İstedadlı alim və görkəmli ictimai xadim Güllü xanım Əbilovadan danışarkən onun yüksək insani keyfiyyətlərini xatırlamamaq qeyri mümkündür. Tanrı ona ən yüksək əxlaqi-mənəvi dəyərlər bəxş etmişdi. Güllü xanım ismət və qeyrət rəmzi olan ömrünü ləyaqətlə başa vurmuşdur. İnsanlara yaxşılıq etmək, sevinc gətirmək onun həyatının əsas qayəsini təşkil edirdi. Güllü xanım qayğıkeş və mətin ana, sədaqətli həyat yoldaşı olmuşdu. Gənc ikən ömür yoldaşını itirən Güllü xanım ləyaqətli övladlar böyüdərək onları doğru yola yönəltmişdi.
Bu gün Azərbaycan arxeologiyası yüksəliş dövrünü yaşayır. Dövlət qayğısı ilə əhatə olunmuş onlarca arxeoloji ekspedisiya hər il respublikanın bölgələrində ulu keçmişimizin izlərini axtarır, yeni abidələr üzə çıxarır və öyrənir. Abidələrimiz isə zəngin keçmişimizə müvafiq saysız-hesabsız və misilsizdir. Fərəhləndirici haldır ki, silsilə abidələrimiz indi ümumbəşər mədəni irsinin siyahısına salınmışdır.
Həyat davam edir. Aylar illərə dönür, nəsillər bir-birini əvəz edir. Arzeoloji axtarışlar və elmi araşdırmalar indi arxeoloqların yeni nəsli tərəfindən davam etdirilir. Bilik və təcrübələrini, tarixi-mədəni irsə olan sonsuz sevgisini yeni nəslə ərmağan edən şanlı sələflərimizin sayı da ildən-ilə artır. İndi sönməz sələflər kəhkəşanında Azərbaycan arxeologiyasının dan ulduzu Güllü xanımın işığı daha parlaq görünür.
Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz