» » Sevda Əhməd bəy qızı Pepinova

Sevda Əhməd bəy qızı Pepinova

 

Sevda Əhməd bəy qızı Pepinova

Sevda Əhməd bəy qızı Pepinova Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi, Axıska türkü Əhməd bəy Pepinovun qızı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəvəsidir.
Azərbaycanın Əməkdar incəsənət xadimi , ilk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayevanın qızı, musiqişünas Xurşid Abdullayevanın anasıdır.
Anası X.Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır. X.Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XİX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Sevda xanım məşhur komediya ustası Lütfəli Abdullayevin həyat yoldaşıdır.
Bu möhtərəm ailə ilə bağlı çəkilən adların hər biri tarixi şəxsiyyətlər olub və Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük xidmətləri olan şəxsiyyətlərdir. Sevda xanımın atası
Əhməd bəy Mirzə Cəlilin ən yaxın məsləkdaşı maarifçi-publisist Ömər Faiq Nemanzadənin bacısı oğludur. Onun ziyalı şəxs kimi formalaşmasında Ömər Faiqin rolu əvəzsizdir.
Pepinov məhz onun sayəsində həm "Molla Nəsrəddin” jurnalı, həm də "Açıq söz” qəzetində çoxsaylı məqalələrlə çıxış edib və dövrünün görkəmli ziyalıları ilə təmasda olub.
Təkcə onu demək kifayətdir ki, Cumhuriyyətin oxumaq üçün xaricə 100 tələbə göndərməsi aktının əsas müəlliflərindən biri Əhməd bəy Pepinovdur.
1919-cu ildə Cumhuriyyət parlamentinin sədri Həsən bəy Ağayevin qızı ilə ailə quran Pepinov 1920-ci ildə Yusifbəyli hakimiyyətinin istefasından sonra vəzifəsindən kənarlaşdırılıb. Amma bəzi tarixi əsaslara görə sovet rejimi başqa cumhuriyyətçilər kimi Pepinova toxunmayıb, ondan öz kadrları kimi faydalanamğa çalışıb. Böyük təcrübəyə malik olan Pepinov yenidən başqa sahədə nazir vəzifəsinə gətirilsə də, bu postda çox qala bilməyib. Repressiyaya məruz qaldıqdan sonra isə ailəsinin aqibəti xeyli çətinləşib.
Repressiyanın "qayda-qanunları”na görə,
"Pepinov” soyadını daşıyan şəxslər müəyyən dairələr tərəfindən təqiblərə məruz qalırdılar. məhrumiyyətlərə məruz qalan ailə üvlərindən biri də qızı Sevda Pepinova olub.

Sevda Əhməd bəy qızı Pepinova

Maraqlı fakt kimi onu da deyək ki, Sevda xanım Azərbaycan komediya sənətinin korifeylərindən sayılan aktyor Lütfəli Abdullayevin həyat yoldaşı olub. Aktyor məhz Pepinov amilinə görə Sevda xanımla nə az, nə çox düz 9 il evlənə bilməyib. Amma öz sevgisinə sona qədər sadiq qalıb, başqaları başını dinc saxlamaq üçün xanım Pepinovadan uzaq gəzəndə, yalnız o, sevdiyi qızı tək buraxmayıb. Bu barədə Lütfəli Abdullayevin qızı - Bakı Musiqi Akademiyasının professoru, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevanın publika.az-a müsahibəsi çox maraqlı faktlar var:

Sevda Əhməd bəy qızı Pepinova

"- ….Onların elə maraqlı məhəbbət tarixçəsi olub ki, bu haqda film çəkmək olar. Anam çox məşhur ziyalı ailədən idi. Parlament sədrinin müavini Həsən bəy Ağayevin nəvəsi, ilk əmək naziri Əhməd bəy Pepinovun qızı idi. Nənəm Xurşid Ağayeva Azərbaycanın ilk musiqişünas xanımı olub. Ümumiyyətlə, anamın ailəsinin hər bir üzvü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Sevda xanımın Lütvəli Abdullayevlə tanışlığının tarixçəsi:
- İkinci Dünya Müharibəsi dövründə incəsənət xadimləri üçün Bakıda yeməkxana açılmışdı və talonla yemək verirdilər. Özünüz bilirsiniz də, necə ağır illər olub. Nənəm Xurşid xanım isə əməkdar incəsənət xadimi idi. Öz talonunu anama verir ki, qızı gedib doyunca yemək yesin. Atam da anamı orada görüb, vurulur və ətrafındakılara deyir ki: "O qızı görürsünüz? Mən onunla evlənəcəm.” Anama yaxınlaşıb, tanış olur və bilet verib, tamaşasına dəvət edir. Anam sonralar danışırdı ki, mən tamaşaya gələndə Lütfəli bütün ailəsini gətirib, məni uzaqdan onlara gələcək həyat yoldaşı kimi təqdim etmişdi. Babam Əhməd bəy Pepinovsa 1937-ci ildə güllələnmişdi. Ona görə anama "vətən xaininin qızı” damğası vurulmuşdu. Əhməd bəyi güllələyəndən sonra Xurşid xanım məcburən yenidən ailə qurmalı olur, anamı isə nənəsi Xədicə xanım böyüdür.
Xədicə xanım da çox ziyalı qadın olub: anası tatar knyazının nəslindən olub. Tağıyev o zaman Peterburq qəzetində elan yerləşdirmişdi ki, Bakıda açlıan qızlar məktəbinə müsəlman müəllimələr tələb olunur. Xədicə xanım da, məktub yazıb, bildirir ki, tatardır, müsəlmandır və ali savadlı müəllimdir. Beləcə, 1900-cü ildə Bakıya dəvət edilir. Çox aristokrat qadın olub. Anam gözünü açandan evdə fransızca, almanca danışıblar. Dayəsi də alman bonnası olub. Nə isə... Atam gəlib, Xədicə xanımdan anamı istəyir. O da qızı Lütfəliyə vermir. Anama da acıqlanır ki, ay Sevda bu nədir? Heç olmasa, dram aktyoru da deyil... Sonra 1946-cı ildə "Arşın mal alan” filmi çəkilir. Atam əməkdar artist adına layiq görülür, dövlət mükafatı alır. Şəmsi Bədəlbəylini də götürüb, anama yenidən elçi düşür. Xədicə xanım Şəmsiyə deyir ki, ay Şəmsi, sən o cür ailədənsən, utanmırsan, mənim qapıma bu məsələyə görə gəlirsən? Atam da deyir, nə olub ki, mənə? "Mən laureatam”. Xədicə xanım daha da hiddətlənir, deyir: "Bunun danışığına bax. Rədd olun, ikiniz də". Nə isə... evdən çıxırlar, Şəmsi də pərt olur ki, bilirdin qızı yenə verməyəcəklər, məni bura niyə gətirirdin? Atam əminliklə deyir ki, özləri çağıracaq. Belə də olurAtam düz 15 il onu gözləyir.
Anamı Pepinovun qızı olduğu üçün institutdan da çıxartdılar, işdən də uzaqlaşdırdılar. Çox tanınmış bir ailədən olan Hacı Murad İbrahimbəyli adlı zabit anama deyir ki, mənimlə ailə qursan, sənin üçün hökumətə ağız aça bilərəm. Anam da ailə qurur, axı taleyi onun əlində idi.
Anam Hacı Muradla ailə qurur, amma tezliklə başa düşür ki, bədbəxt olacaq və bu insanla yaşaya bilməyəcək. Çünki atamı sevirdi. 3 ay evlilikdən sonra da qayıdır nənəsinin yanına. Xədicə xanım günlərin bir günü deyir ki, Lütfəliyə de, elçiləri göndərsin. 1957-ci ildə nəhayət ailə qururlar...”
 

Sevda Əhməd bəy qızı Pepinova

"…Biz uşaq olanda ən böyük mükafatımız teatra getmək idi. Yəni həftə ərzində özümüzü yaxşı aparsaq, dərslərimizdən yüksək qiymət alsaq, mütləq həftə sonu teatra gedirdik. Yox, nə isə anamı qane etmədisə, cəzalanıb, evdə qalırdıq. Mən də gəlirdim atamın yanına ki, sən Lütfəlisən, anama de, icazə versin, gedək. Axı görürdüm onun cəmiyyətdəki böyük hörmətini. Mənə deyirdi, anan dedisə, yox, demək yox. Həmişə fəxr edirdi anamla. Deyirdi, mən Sevdanın yanında heç kiməm. Qürurlanırdı ki, mənim həyat yoldaşım Sevda Pepinovadır. Hətta ailə quranda anama dedi ki, soyadını dəyişməyəcəksən, çünki Əhməd bəyin oğlu yoxdur….”
"…Rafael Hüseynov bizim ailə haqda "Millətin zərrəsi” kitabını yazıb. Bu kitabı yazanda bütün məxfi sənədləri, Əhməd bəyin həbsdə ikən yazdığı və ailəsinə çatdırılmayan məktubları, bir sözlə, bütün gizli məlumatları üzə çıxardıb. Həmin Bahadur Eyvazov uzun müddət Tibb İntitutunun rektoru olmuşdu. Ömrünün sonunadək Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Ən əsası Əhməd bəy həbs olunanda onun katibi idi. İkinci əri nə Xurşid xanımı anasının, qızının yanına, nə də anamı onların evinə buraxmayıb. Ancaq ezamiyyətə gedəndə nənəm gizlincə gəlib anamı görərmiş. Çox gözəl qadın olub. 46 yaşında qan xərçəngindən dünyasını dəyişib və yalnız ölümünə 1 ay qalmış atalığı anamı onu görmək üçün evlərinə buraxıb. Buna görə, anamın ana həsrəti vardı….”
"…- Onlar bir-birini çox sevirdilər, hörmətlə yanaşırdılar. Heç bir dəfə də mübahisə etdiklərini görmədik. Sonralar deyirdim, ay ana, sizin heç sözünüz çəp gəlmirdi? Dedi, niyə gəlmirdi, sizin yanınızda göstərmirdik. Gedib, otaqda gizlin həll edirdik məsələmizi. Anam özü alman dili üzrə professor idi. Xarici Dillər Universitetində kafedra müdiri kimi çalışırdı….”

Sevda Əhməd bəy qızı Pepinova

 

Sevda Əhməd bəy qızı Pepinova

 

Sevda Əhməd bəy qızı Pepinova

Qeyd: Yazı Lütfəli Abdullayevin qızı - Bakı Musiqi Akademiyasının professoru, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevanın publika.az-a müsahibəsindən ixtisarla təqdim olunur (Bax:http://m.hurriyyet.org/xeber/lutfeli_abdullayev_haqda_bilmediyiniz_en_nadir_faktlar_-_qizinin_dilinden).

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz