» » Fatma xanım Kəminə

Fatma xanım Kəminə

Fatma xanım Kəminə

 

Fatma xanım Kəminə Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində "Fəna” təxəllüslü Ağa Mirzə Bəybabanın poeziya nəfəsli ocağında dünyaya göz açmışdır. M.Müctəhidzadə özünün "Riyazül-aşiqin” təzkirəsində Fatma xanıma xüsusi yer vermiş, onu Şərqin Məhsəti Gəncəvi, nigar xanım, Nuri Cahanbəyim, Ayişə Teyyibə kimi şairləri sırasında adını çəkir. Şairə haqqında " Təskirəyi-Nəvvab”da, F.Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı kitabında, Nəvai divanının kənarlarında yazılmış qeydlərdə maraqlı məlumatlara rast gəlinir.
Görkəmli ədəbiyyatşünas F.Köçərli öz əsərində Fatma xanım Kəminə haqqında belə məlumat verir: "Fatma xanım Kəminə Qarabağın üçüncü şairə məhtərəmisidir. "Kəminə” onun təxəllüsüdür. Mirzə Fatma xanım 1840-cı ildə Şuşa qalasında anadan olmuşdur. O, təlim və tərbiyəni Şuşa qalasında alıbdır. F”atma xanım öz fitri kəmalət zehni və fərasətilə çoxlarını heyrətə gətirirdi və müasirləri içərisində özünə artıq şöhrət və hörmət kəsb etmişdir. Mirzə Fatma xanım türk və fars dilində yaxşı savad əldə edib, hər iki dildə gözəl şeirlər yazardı. Onun təxminən 400-500 şeir və qəzəli vardır. Fatma xanımın qəzəlləri bir-birindən gözəldir.”
Daha sonra Firidun Köçərli Fatma xanım Kəminənin şəxsi keyfiyyətindən bəhs edərək yazır : "Fatma xanım həqiqətdə çox gözəl və zərif bir can idi. Bu zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaq hüsn sahibəsi olub ziyada xoş xəlq, mülayimə və xoş rəftar və nadirə zəmanə idi ki, onun vəfatı cümlə şüara və ürfan Qarabağa bir yas oldu. ”
Fatma xanım Kəminə 1898-ci ilin sentyabr ayında Şuşada vəfat etmişdir. Nikbin ruhlu şairə Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında müsbət rol oynamış, öz mənalı qəzəl və şeirləri ilə ədəbiyyatımızın yaddaşına köçmüşdür.
Fatma xanım yalnız şairə kimi deyil, həm də fəal ictimaiyyətçi və təşkilatçı kimi də tanınmışdı. O, Şuşada təşkil olunmuş "Məclisi- F əramuşan”da iştirak edir, öz fikirləri, ağlı və gözəl şeirləri ilə müasirləri arasında seçilirdi.
Kəminə şairə Natavanın başçılıq etdiyi "Məclisi-üns”ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla şeirləşmişdir.

Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,
Qəmi-hicrində onun qəmli könül virandır.

Biz dedik, bir oxuya, ləzzəti-ruhani verə,
Almadı boynuna, lakin, oxuyub çalandır.

Ala gözlər süzülüb. nərgisi-fəttanə dönüb,
Baxışı can alıcı kim, deyəsən ceyrandır.

Belə xurşidliqa bir mahi-taban olmaz,
Olsa yüz canım əgər cümlə qurbandır.

Derimiş mən də belə maili-zülfü xaləm,
Elə aşüftədi kim, bu sözü həm yalandır.

Çun töküb qəmzə oxun. sinəmi amac qılıb,
Dil dönüb qanə, nedim, könlüm evi virandır.

Hərəkət cümlə əzasında müxəmmərdir onun,
O qədər balü pər açmış deyəsən tərlandır.

Gər yüzüm gülsə də xəlq içrə gülüşdür bica,
Qəm hücumavər olubdur, bu dilim talandır.

Ey Kəminə, belə şuxi də sən əldən qoyma,
Dəxi düşməz əlinə kim, bu da bir dövrandır.
 
Fatma xanım Kəminə
 
Mənbə: Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz