» » İzi itən Köylü qızı

İzi itən Köylü qızı

Müəllif: Dəyanət от 3-01-2017, 00:10

İzi itən Köylü qızı

Azərbaycan tarixi fonunda qadına nəzər salanda elə qadınlarla rastlaşır ki insan, nənəm demiş, dünyanın bu düz vaxtında fəaliyyətsizliyindən, acizliyindən utanır. "Bacarmaram”, "qorxuram” deməkdən utanır.
Həyatına nəzər salanda insanın öz acizliyindən utandığı qadınlardan sadəcə biridi Köylü qızı.
Stalin repressiyası onun da həyatından yan keçmədi. Onu ağır sınaqlara çəkdi, zor tətbiq etdi, işgəncə verdi, böhtan atdı, ağır sınaqlar qarşısında qoydu, nəhayət, məhv etdi. Sürgündə kimsəsiz ölərkən hələ 40 yaşı yox idi.
Zamanın bütün sərt tələblərinə meydan oxumağı bacarmış bu qadın repressiyaya məruz qalıb məğlub olanda da mənən qalib idi.
1903-cü ildə Nuxa qəzasının (indiki Şəki rayonu) Baş Göynük kəndində ruhani ailəsində dünyaya göz açmışdı. İlk soyadı Əfəndiyeva idi. Şəkidə tanınmış bir nəsildən idi. Atası kəndxuda idi, lakin sonradan Göynük bəyləri tərəfindən öldürülür. Anası isə sonradan başqa biri ilə ailə qurur.
Gülarə xanım ailə qurarkən həyat yoldaşı Əhməd Qədirbəyovun soyadını götürür. Əhməd Qədirbəyovla xoşbəxt ola bilməyəcəyini anlayan Gülarə ondan boşanır, lakin sonradan yenidən Asəf Rəhmanovla evlənsə də, soyadını dəyişmir. Zatən onun üçün soyad formal idi, o, Köylü qızı Gülarə idi çünki. Mətbuatda da, gələcək ictimai fəaliyyətində də bu adla tanınacaqdı. O, Köylü qızı olmağı hər şeydən uca tutmuşdu.
Hələ Şəkidə yaşadığı zamanlarda aktiv, öz sözünü deməyi bacaran, cəsarətli bir qız idi Gülarə. Anası onun bu cəsarətindən qorxurdu, gələcəkdə bunun başına bəla olacağını fikirləşirdi.
Gülarənin ən böyük arzusu öyrənmək və öyrətmək idi. O, faydalı insan olmaq istəyirdi. Öyrənib, öz həmkəndlilərini də öyrətmək məqsədilə o, Şəkidə açılmış pedaqoji kurslara qatılır və buranı bitirdikdən sonra ibtidai təhsil vermək hüququ qazanır. Qadınların təhsildən uzaq tutulduğu bir zamanda qızların təhsilə cəlb edilməsini qarşısına məqsəd kimi qoyur. Dərsdə iştirak etməyən qızları məktəbə gətirmək üçün hətta onların evlərinə də gedir.
Lakin onun bitib-tükənməyən enerjisi və irəli getmək istəyi kənd müəllimliyi kimi kiçik işlə məhdudlaşa bilməzdi. O, tezliklə ictimai həyata qoşulur. 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Həmin vaxtdan qadın azadlığı uğrunda mübarizənin öncüllərindən biri olur. Bundan sonra isə onun yolu Kommunist partiyasından keçir. Onu partiyaya keçirirlər, bundan sonra isə Şamxor (indiki Şəmkir) və Quba qadınlar şöbəsinin müdiri kimi çalışır.
Əhməd Qədirbəyovla tanış olduqdan sonra qısa müddətdə onunla evlənir və Bakıya köçür. 1927-ci ildə ona Azərbaycan MİK qadınlar şöbəsinin müdiri vəzifəsi həvalə olunur. 1928-ci ildə qadınların çadradan azad edilməsi məqsədi ilə Azərbaycan K(b)P Mərkəzi Komitəsinə təkliflər verir. Bu, elə bir zaman idi ki, çadrasız qadınlar öldürülür, təhqir olunur, daim təhlükədə olurdular. Gülarə kimi qadınların varlığı köhnəlik tərəfdarlarını narahat edirdi.
Bu hadisələrin cərəyan etdiyi zamanda Gülarə Qədirbəyova Köylü qızı imzası ilə mətbuatda publisistik yazılarla çıxış etməyə başlamışdı artıq. Oxunaqlı, maraqlı yazıları ilə hələ rayonlarda çalışarkən "Yeni fikir”, "Kəndli” qəzeti və başqa mətbu orqanlarda çıxışlar edirdi. 1923-cü ildə "Şərq qadını” jurnalı nəşrə başlayanda Gülarə burada müəlliflik edən ilk xanım yazarlardan biri olur. 1931-ci ildən etibarən "Şərq qadını” jurnalının baş redaktoru təyin olunur. Jurnaldakı fəaliyyəti onun həyatında yeni cığır açır. Həmin vaxtdan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi görkəmli şair və yazıçılarla tanış olur.
Köylü qızının jurnalda hər çıxışı səs gətirirdi. O, əsasən qadın savadsızlığının ləğv edilməsi uğrunda çalışırdı.
Sovet hakimiyyəti qurulduqdan sonra təkcə kişiləri yox, qadınları da partiyaya keçirməyi, qadın klubları yaratmağı qarşısına məqsəd qoymuşdu. Gülarə Köylü qızı da bu klublardan birinin ilk rəhbərlərindən olmuş və bu işə illərini vermişdi. O, xatirələrində yazır: "Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı oldu və böyük təcrübəvi işlərim mənim üçün bir məktəbə çevrildi. Həyatın hər üzünü iş prosesində gördüm”. Lakin gün gələcəkdi ki, onun bütün xidmətləri gözardı ediləcək və bir cani kimi istintaqa cəlb ediləcəkdi. Buna isə hələ xeyli müddət vardı…
Köylü qızı eyni enerji ilə yazıb-yaratmaqda, öz fəaliyyətini davam etdirməkdə idi. Repressiya maşını isə incə-incə işə düşməyə başlamışdı. Artıq onun çarxı öz məşum dişinə Azərbaycanın bir çox ziyalılarını, düşünən beyinlərini keçirməkdə idi. Köylü qızının ağlına da gəlməzdi ki, bir gün Cavidi, Müşfiqi, Ə.Cavadı tanıdığına görə ittiham oluna, təzyiqlərə məruz qala bilər. Ancaq o gün nəhayət ki yetişdi. Onu müsavatçılıqda, əksinqilabçılıqda günahlandırırdılar.
 

İzi itən Köylü qızı

 

1936-cı ildə "Bir sarayın tarixi” adlı, Əli Bayramov adına Qadınlar Klubunun 15 illiyi ilə əlaqədar kitab çap olunur. Köylü qızı Gülarənin rəhbərliyi ilə yazılan və onun redaktəsi ilə nəşr olunan kitab sanki onun özünə qarşı silah kimi istifadə olunur. Kitabı millətçilik ruhunda yazılmış bir əsər kimi qələmə verirlər. Redaktorunu isə guya müsavatçı olan, antisovet fəaliyyəti aparan Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi ziyalılarla dostluq etdiyi üçün təqib edirlər. Üstəlik də Həmid Sultanov xalq düşməni kimi istintaq edilərkən təzyiq altında Köylü qızı Gülarənin Müsavatın üzvü olduğunu deyir.
Köylü qızı dörd dəfə həbs olunur. Birinci dindirilmə 1938-ci il avqustun 15-də, ikinci 1938-ci il oktyabrın 31-də, üçüncü 1938-cil il noyabrın 15-də olur. Hər birində o, bütün ittihamları rədd edir, heç bir əksinqilabi qrupda olmadığını, partiyaya xəyanət etmədiyini bildirir. Onun 1938-ci ilin noyabrın 21-də son dindirilməsi olur. O, yenə də heç bir ittihamı qəbul etmir, işgəncələrə dözməli olsa da, öz sözündən dönmür, sonadək mətin dayanır. 1939-cu il yanvarın 20-də son protokolla tanış olan Gülarə xanım ona bu sözləri əlavə edir: "Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram”.
1939-cu il 9 iyul tarixli (protokol №14) qərarla Gülarə Qədirbəyova 5 il müddətinə Sibirə sürgün edilir. 1942-ci ildə isə Sibirdə vəfat edir.
İndiyədək məlum olan mənbələrin bəzilərində onun Sibirdə yoxa çıxdığı qeyd olunur. 1980-ci illərdə Azərbaycanda Gülarə Qədirbəyovanın xatirəsinə düzənlənən yubileydə professor Əzizə Nəcəfova ürək dağlayan bir hekayə danışır. Bu hekayə bizə Köylü qızının son acınacaqlı taleyindən soraq verir. "Xalq düşməni elan edilmiş günahsız həkim Tehran Şəmsəddinskaya sağlığında gəlini Əzizə xanıma danışıb ki, sürgündə G.Qədirbəyova ilə eyni düşərgədə olublar. Tezliklə dostlaşıblar Köylü qızı ilə. Günlərin birində Gülarənin qarın nahiyəsində güclü ağrılar başlayıb. O, bu şiddətli ağrılara dözə bilməyib düşərgə həkiminə müraciət edib. Korbağırsağın iltihabından şübhələniblər. İki dəfə cərrahiyyə əməliyyatı edilib. Yenə də ağrılar ara verməyib. Gülarə 1942-ci il dekabrın 29-da Tomskaya dəmiryol stansiyasının xəstəxanasında, peşəkar həkim, tibb bacısı, dava-dərman tapılmayan yerdə üçüncü cərrahiyyə əməliyyatından sonra elə masadaca həyata əbədi olaraq əlvida deyib”. Bu, Köylü qızının sürgündən yoxa çıxmasının yalan olduğunu təsdiqləyən mühüm fakt idi. Tehran xanım Gülarənin nə zaman, harada vəfat etdiyini görüb, dəfninin iştirakçısı olub.
Ona illər sonra bəraət verilir, ölümündən 15 il sonra. Bu vaxta qədər isə qaniçən rejim onu qaçaqlıqda da ittiham etmişdi. Onun ölümünü gizləmək üçün sovet rejiminin axmaq oyunlarından sadəcə biri idi bu riyakarlıq.
39 il yaşanan bir ömürə hər duyğunu, əzabı sığdıra bilmişdi sanki Köylü qızı. Qəlbində işıqlı arzular, bahar duyğuları yaşatdı. Sonadək ümidini itirmədi. Ən əsası, öləndə də mətinliyini qorudu, əzablarla ölsə belə, iradəsini və qürurunu itirmədi.
Ziya Bünyadov onun haqqında "Qırmızı terror”da yazır: "Bəs nə oldu Köylü qızına? İzinə düşən varmı?”
İzinə düşən varmı Köylü qızının?!

İzi itən Köylü qızı

 Mənbə: https://vefababayeva.wordpress.com/2014/04/26/izi-it%C9%99n-koylu-qizi/


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz