» » Babamla fəxr edirəm

Babamla fəxr edirəm

Babamla fəxr edirəm
Müharibə!!! İzahlı lüğətdə bu sözün mənası "dövlətlər arasında mütəşəkkil silahlı mübarizə”, "qarşıdurma”, "hərb”, "dava” kimi verilib.
XI sinif şagirdi olsam da, düşünürəm ki, bu izah tam deyil. Onun leksik mənasıdır bu, amma "müharibə” sözünün doğurduğu təəssüratların, gətirdiyi fəlakətlərin miqyası, hüdudları ölçüyəgəlməz qədər böyükdür.
İndi də müharibədən qayıtmayan qəhrəmanlarımızın ailələrində o illərdən yadigar qalan üçkünc "qara məktub”lar var: Üstündən 70 il keçsə də, həmin məktublar qaysaq bağlamış yaraları unutmağa qoymur. Müharibədən minlərlə insan "təkqıç”, "təkqol”, bir gözünü itirib qayıtdı. Neçə sevgi duvağı pozuldu...Neçə ana oğulsuz-nəvəsiz, neçə gəlin ərsiz qaldı, yasdan çıxa bilmədi... Neçə-neçə fidan dünyaya atası cəbhəyə gedəndən sonra göz açdı, çoxlarının heç atası da qayıtmadı...
Dünyanı tərpədən top mərmiləri, onların taleyini də alt-üst etdi...Bax, bunlar yoxdur "müharibə” sözünün izahında...
Məşhur Azərbaycan şairi Əliağa Kürçaylının "Ana” şeirindəki fikirlər bu mənada daha doğrudur:

Müharibə!
...Qəfil solan gözəllik,
Qara saça düşən dən, 
Bir parça qara kağız.
ərsiz sən, atasız mən...

Babamla fəxr edirəm
Bu da hələ son deyil. Axı qara kağızı gələn təkcə ərmi, atamı? Onlar həm də mənim kimi uşaqlrın ömürlük həsrət qaldıqları babadır. Böyük Vətən müharibəsində milyonlarla həmyaşıdım müharibə qurbanı oldu, atasız-anasız qaldı...babasız qaldı...Babasız qalanlardan biri də mən.
Bakı Dövlət Universitetinin 1 kursunda oxuyuram. Babam Əkbərov Qəzənfər Qulam oğlu da Böyük Vətən müharibəsi illərində rəşadətlə döyüşmüş və qanlı döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Babam 4 aprel 1917-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Cəhri kəndində doğulmuşdur. Naxçıvan Müəllimlər İnistitunu bitirdikdən sonra bir müddət Koşadiz kənd natamam orta məktəbində direktor vəzifəsində işləmişdir. Müharibə başlayanda isə könüllü olaraq Sovet Ordusu sıralarına yollanmışdır. Tbilisidə hərbi məktəbi bitirdikdən sonra 1941-ci ilin avqust ayında cəbhəyə göndərilmişdir. 1941-cü ilin avqust ayından 1944-cü ilin sonlarına qədər dünyanın başı üstünü alan faşizmə qarşı döyüşən sovet ordusunun sıralarında babam Varşavanın şimal-şərqində yerləşən Nadma bölgəsinə qədər gedib çıxmış, bir çox şəhər və kəndlərin düşməndən azad edilməsində şücaət göstərmişdir. Onun xidmət etdiyi 1-ci Belorus cəbhəsi 2-ci Tank ordusunun 41-ci tank əleyhinə briqadası ən ağır döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirmişdir.
Babamın komandiri olduğu 41-ci tank əleyhinə artilleriya briqadası növbəti döyüşlərin birində əsl rəşadət nümayiş etdirmişdir. Döyüş vaxtı babamın idarə etdiyi tankla düşmənin 2 tankı və 100-ə yaxın əsgəri məhv edilmişdir. Nəticədə düşmən cəbhənin içərilərinə doğru irəliləyə bilməyib, öz ordusuna köməyə gedə bilməyib və həm də bizim ordumuz üçün arxadan zərbə niyyətləri baş tutmayıb. Heyhat ki babam bu döyüşdə özü də qəhrəmancasına həlak olmuşdur. 26 oktyabr 1944-cü ildə babama ölümündən sonra göstərdiyi hünər və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. 9 aydan sonra isə faşizm üzərində tarixi Qələbə qazanılacaqdı...
Cəmi 9 aylıq bir zamanın hökmü məni əbədi olaraq babamı görməkdən məhrum edəcəkdi…

Babamla fəxr edirəm
Babamın adı müharibədən sonra əbədilişdirib, Naxçıvan şəhərində adına orta məktəb, doğulduğu Cəhri kəndində büstü və yaşadığı evi önünə xatirə lövhəsi vurulmuşdur. Yaşa dolduqca babamı çox axtarıram. Yaşasaydı, mən dünyaya göz açanda babamın 80 yaşı olardı. Azərbaycan uzunömürlülər diyarıdır. Odlu-alovlu cəbhə həyatı keçmiş Sovet İttifaqı Qəhrəmanı hər halda gümrah olacaqdı. Babam məni çox sevəcəkdi, qucağına alacaqdı, saçımı oxşayacaqdı. Hara getsə, oradan mənə nəsə alacaqdı. Mən də yanında addımladıqca, babamın sinəsində parlayan Qızııl Ulduza baxıb qürur hissi keçirəcəkdim ki, mənim babam Sovet İttifaqı Qəhrəmanıdır. Lap indinin özünə qədər də babam yaşaya bilərdi- 97 yaşı olardı...Babam mənimlə lap gümrah olardı....
Bunlar 17 yaşlı bir qızcığazın baba harayı, baba həsrətidir... Bu nazlanmalardan, qürurdan məni və mənim kimi milyonlarla həmyaşıdımı müharibə məhrum etdi. İllər bir-birini əvəz etdikcə, bilik dairəm, dünyagörüşüm artdıqca babamı daha çox axtarır, daha çox sevirəm. Demək, onlar həyatlarını məhz bu ideallar uğrunda qurban veriblər...
Sovet xalqları o vaxt vahid bir ailədə müharibəni qələbə ilə başa çatdırdılar. Keçən əsrin sonlarına qədər kimsə güman etmirdi ki, bir daha müharibə ola bilər. Təəssüf ki, oldu və biz uşaqlar dünyaya bu müharibə illərində göz açdıq. Torpağımızın axarlı-baharlı yerlərində yer verdiyimiz nanəcib qonşularımız, onlara qonşu yox, mənfur düşmən demək lazımdır, öz alçaq niyyətlərini həyata keçirmək üçün xarici qüvvələrin köməyi ilə torpaqlarımızın 20 faizini işğal etdilər. 24 ildən artıqdır ki, Azərbaycan torpaqları düşmən işğalına məruz qalıb. Ermənilər bizim torpağın sinəsində Xocalı faciəsi törədiblər. Torpaqlarımıza dəyən maddi itkilər milyonlarla manatdan çoxdur. Bu da bizi o qədər ağrıtmaz. Azərbaycan dövləti, atalarımız, dayılar-əmilər əl-ələ verib bu itkini bərpa edəcəklər. Amma qəfil erməni hücumunda canlarını qurtarmaq üçün çöllərə səpələnən və erməni güllələrinə tuş gələn, soyuqda-çovğında donub ölənlər həyatlarını həmişəlik itirdilər.
Xarı bülbülümüz perik düşdü..Neçə-neçə həmyaşıdım gəlinciyini, "Bənövşə bəndə düşər” oynadıqları doğma yerləri zorla tərk etməyə məcbur edildilər...
Fikirləşəndə ki, indi Azərbaycanda minlərlə şuşal Şuşasız, laçınlı Laçınsız, füzulili Füzulisiz, kəbəcərli Kəlbəcərsiz, qubadlılı Qubadlısız, ağdamlı Ağdamsız, zəngilanlı Zəngilansız doğulub, qəhər adamı boğur. Bunları fikirləşdikcə, içimdəki sülh arzuları daha böyüyür. Gözəl şairimiz Məmməd Araz nə yaxşı deyib:

Əridib silahları,
Biz marten sobasında,
Körpü yarada billik,
Yerlə- Göy arasında
Müharibə olmasa..

Doğrudur, mən heç vaxt əlim çatmayacağı, səsim yetməyəcəyi baba həsrətimi həyatımın sonuna kimi özümlə yaşadacağam. Amma bütün bunları düşündükcə , həm də ümidlərimi Milli Ordumuza bağlayıram. Mübariz, Fərid, Ramil kimi oğulları olan bir xalq torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Əgər ölkə başçımızın sülhməramlı niyyətləri ilə torpaqlarımızı azad edə bilməsək, onda son sözü Azərbaycan Əsgəri deməlidir.

Babamla fəxr edirəm
Südabə Əkbərova: şagird,
Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun nəvəsi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz