» » Sizi unutmayacaq bu torpaq, bu el

Sizi unutmayacaq bu torpaq, bu el

 
Bu gün onların doğum günüdür. Onlar Vətənin azadlığı üçün döyüşdülər. Ölümlərinə razı oldular ki, Vətən yaşasın.
Analar oğulsuz, bacılar qardaşsız qalmasın. Onlar el-obalarına, bizim ürəklərimizə nəğmələrdə qayıtdılar.
Biz hər zaman belə qəhrəmanlarımızı Vətənimizn taleyi ilə bir yaşadacağıq.
siz cismən aramızda olmasanız da, mənən hər birimizin ürəyindəsiniz.
Allah rəhmət etsin...
 

Sizi unutmayacaq bu torpaq, bu el

1969 — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Qabil Qayıbalı oğlu Ağayev Şamaxı rayonunun Həmyəli kəndində anadan olub.
1995-ci ildə hərbi xidmətə yollanan Qabil Ağayev 1999-cu il 31 yanvarda Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.
Qabil Ağayev doğluduğu Şamaxı rayonunun Həmyəli kəndində dəfn olunub.

1975 – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri - Qarabağ müharibəsi şəhidi Elxan Şükür oğlu Fətiyev
Cəliabad rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Orta təhsilin doğma kəndlərindəki orta məktəbdə almışdır. Erməni vəhşiləri xaincəsinə torpaqlarımıza təcavüz edəndə o da Milli ordumuzun tərkibində Vətənin azadlığı uğrunda döyüşlərə atılmışdır.
Elxam Fətiyev 8 may 1994 –cü ildə 18 yaşında ikən döyüşlərin birində şəhid olmuş və doğulduğu kənddə torpağa tapşırılmışdır.

1982
— Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı — Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərov Saatlı şəhərində anadan olub.
1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzuli döyüşləri zamanı şəhid olub.
6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və şücaətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri ifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı,
25.12.2020-ci il tarixli Sərəncama əsasən isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

1991
—Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Ramil Taqət oğlu Babayev Kürdəmir rayonunun Şilyan kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı Ramil Babayev 2020-ci il sentyabrın 27-də erməni təcavüzkarlarının torpaqlarımıza xaincəsinə basqını ilə başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşlərə atılmış , Murovdağ istiqamətində döyüşmüşdür.
Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.

Sizi unutmayacaq bu torpaq, bu el

1992— Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu - Vətən müharibəsinin şəhidi Elvin Tərlan oğlu Məmmədov Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub.
Elvin Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Milli Ordunun sıralarında işğal altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərə atılıb, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ,
24.12.2020-ci il tarixli Sərəncama əsasən isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

1993 – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Cavid Hümbət oğlu Hüseynov Tovuz rayonunun Alakol kəndində anadan olub.
2000-2011-ci illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb.
2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində xidmət edib.
2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N” saylı hərbi hissəsində xidmət edirdi.
Cavid Hüseynov mahir snayperçi idi. Dəfələrlə "Ən yaxşı snayper” fəxri fərmanı ilə təltif edilib.
2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni qəsbkarlarına qarşı azadlıq mübarizəsinə qoşulmuşdur. Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.
Cavid Hüseynov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən şərəfli mübarizələrdə öz əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən , Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı , 29.12.2020-ci il tarixli Sərəncama əsasən , "Kəlbəcərin azad olunmasına görə" medalı ilə, 30.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

1996 —Azərbaycan Silahlı Qüvvələrinin əsgəri - Vətən müharibəsinin şəhidi Sadiq Elbəyi oğlu Əsgərov Yevlax rayonunun Nemətabad kəndində anadan olmuşdur.
2003-2014-cü illərdə Yevlax rayon Nemətabad kənd tam orta məktəbində təhsil almışdır.
Sadiq Əsgərov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir.
2020-ci ilin avqustundan etibarən isə eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Sadiq Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni təcavüzünə qarşı başlanan Vətən müharibəsində mexanik-sürücü kimi iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sadiq Əsgərov 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sadiq Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncama əsasən, "Suqovuşanın azad olunmasına görə" medalı ilə,
24.06.2021-ci il tarixli Sərəncama əsasən isə "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Sizi unutmayacaq bu torpaq, bu el

1996— Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Quliyev Aqşin Dilavər oğlu Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub.
2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində təhsil alıb.
2013-cü ildə orta məktəbi başa vuraraq hərbi xidmətə yollanıb. Aqşin Quliyev gələcək həyat yolunu hərbi xidmətdə olarkən seçib. XTQ-dən hərbi hissəyə gələn zabitlər Aqşinə XTQ kursuna qatılmağı təklif edib. Aqşin kursları uğurla başa vurub və əsgər kimi xidmətinin qalan hissəsinin XTQ də keçib. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016 aprel döyüşlərində böyük şücaət göstərib "İgidliyə görə" medalı ilə təltif olunub.
Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Aqşin Quliyev Hadrutun azad olunmasında böyük şücəat göstərib düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyətə gətirib silah-sursat anbarlarını partladıb bir neçə düşmən hərbçisini öldürüb, 1 nəfər zabitini əsir götürüb. 2020-ci il oktyabrın 16-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən müdafiə mövqelərinin dərinliklərinə irəlləyərək bir neçə düşməni məhv edib qarın nahiyəsindən yaralanmasına baxmayaraq, geri dönməyib, irəlləyərək ona verilmiş döyüş tapşırığını sona çatdırıb. Yaralı olmasına baxmayaraq, yüksəklikdə pusqu qurmuş düşmən snayperini məhv etməyi bacarıb.
Döyüşün qızğın anlarında düşmən gülləsinə tüş gəlib və şəhid olub. Şəhidin nəşi ordu qüvvələrimizin bir neçə saat sonra həmin ərazini azad etməsindən sonra tapılıb. Noyabrın 17-də şəhidin cənazəsi 3 rəngli Azərbaycan bayrağına bükülərək doğulub böyüdüyü Sabirabad rayonunun Çiçəkli kəndinə gətirilib və böyük izdihamla dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aqşin Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən müharibəsi iştirakçısı”, "Kəlbəcərin azad edilməsinə görə”, "Cəbrayılın azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə” və "Şücaətə görə” medalları ilə təltif edilib.

2001
— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri—Vətən müharibəsinin şəhidi Quliyev Vüqar Fizuli oğlu Ağsunun Qaraqaşlı kəndində anadan olub.
Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbdə alıb.
2018-ci ildən Bakıda peşə məktəbində qaynaqçı kimi peşə təhsili alıb. Sonradan həqiqi hərbi xidmətə yollanıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
3 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
8 noyabr 2020-ci ildə Ağsu Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Sizi unutmayacaq bu torpaq, bu el

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.