» » Azadlıq mübarizəmiz və hərbi marşlar

Azadlıq mübarizəmiz və hərbi marşlar


Azadlıq mübarizəmiz və hərbi marşlar

Vətənə, yurda sevgi hər bir vətən övladının qəlbində hələ körpəlikdən ana südündən, ana laylalarından, nənə-babaların söylədikləri nağıl, dastan və rəvayətlərindən, orta məktəblərdə tədris edilən şair və yazıçıların əsərlərindən, musiqiçilərin bəstələrindən ruhumuza, hiss və duyğularımıza süzülür. Gələcək nəslin vətənpərvər ruhda tərbiyələnməsində ən çox rol oynayan amillərdən biri də hərbi vətənpərvərlik mövzusunda yaradılan qəhrəmanlıq nəğmələri hesab olunur..
Tarixən aparılan təcrübələr də göstərmişdir ki, hərbi marşlar, döyüş, qəhrəmanlıq, vətənpərvərlik nəğmələri əsgərlərin mənəvi tərbiyəsində, onların cəbhəyə yollanmasında psıxoloji amil kimi böyük rol oynayır. Bu cür nəğmələr əsgərlərin döyüş ruhunu, qələbə əzmini artırır, onları daha gərgin savaşlara hazırlayır.
Qədim yazılı abidələrimizdə də (Məs: "Kitabi-Dədə Qorqud”, "Koroğlu” və s.) düşmənə nifrət yaradan, döyüşə səsləyən vətənpərvər ruhlu qəhrəmanlıq nəğmələrinə rast gəlmək mümkündür.

"Kitabi-Dədə Qorqud” dastanında

Boş-Boş danışma, itim kafir!
İtimlə bir yalaqdan yal içən azğın kafir,
Altındakı alaca atı nə öyərsən?
Ala başlı keçimcə gəlməz mənə!
Başındakı dəbilqəni nə öyürsən, ay kafir?
Başımdakı papağımca görünməz mənə!
Altmış tutam nizəni nə öyürsən, murdar kafir?
Qırmızı dəyənəyimcə görünməz mənə!
Qılıncını nə öyürsən, ay kafir?
Əyri başlı çövkanımca görünməz mənə!
Belındə doxsan oxunu nə öyürsən, ay kafir?
Ala qollu sapandımca görünməz mənə!
Uzaqdasan-yaxındasan, bəri gəl!
İgidlərin zərbəsini gör, sonra get!

Azadlıq mübarizəmiz və hərbi marşlar

"Koroğlu” dastanında

Yoldaşlarım, bu gün dava günüdür,
Hazırlaşın, Tanrı sizə yar olsun!
Qeyrət əhli qızıl qana bulaşsın,
Qeyrətsizi qoy tər bassın, xar olsun!

Mənəm deyən kəslər girsin meydana,
At səyirtsin meydanda mərd-mərdana
Utansın namərdi bəsləyən ana
İşi daim onun ahu-zar olsun!

Həzrət Əli kimi nərələr çəkən,
İyidlərin bağır öfkəsin sökən,
Əyri qılınc çəkən, qızıl qan tökən,
Əsirgəmə, vur, əllərin var olsun!

Meşədən enərkən Çəmlı dağından,
Çəkinməyin haramıdan, yağıdan.
Səflər pozan, düşmənləri dağıdan
Öndəki düşməndən xəbərdar olsun!

İgid odur öz-özünü qaynada,
Meydan günü meydanda baş oynada.
Namusu, qeyrəti verməyə bada
Meydandan qaçana namus ar olsun!

Azadlıq mübarizəmiz və hərbi marşlar

Bəli, bu cür nəğmələr xalqımızı illər boyu döyüşə ruhlandırmış, bir çox qələbələrimizdə mühüm rol oynamışdır.
Umumiyyətlə, hərbi marşlar, döyüşə, qəhrəmanlığa səsləyən vətənpərvərlik mövzusunda olan bu cür nəğmələr televiziya verilişlərində, radio verilişlərində tez-tez səslənməsi təsirli olardı. Hərbi marşlardan orta məktəblərdə proqramın imkan verdiyi mövzularda müntəzəm tətbiq edilməli; belə musiqi əsərləri musiqi, hərbi hazırlıq, tarix, ədəbiyyat fənləri tədris edilərkən texniki vasitələrlə səsləndirilməli, hərbi hazırlıq dərslərində şagirdərin öz ifasında səslındirilməlidir. Bu cür nəğmələr cəmiyyətimizə, ailə, valideyn tərbiyəsinə də öz böyük təsirini göstərir. Əgər bir ailədə övlad öz böyüyünə - ata və anasına hörmət, Vətəninə sevgi hissi ilə tərbiyələnirsə, Vətəninə xidmət etməyi özünə müqəddəs borc biləcək, əsgəri xidmətə könüllü olaraq yola düşəcəkdir. Özü də bugünkü gündə, Vətənimizin 20% torpaqlarının yağı düşmən əlində olduğu və onun mərd, qorxmaz, dəyanətli övlada ehtiyacı olduğu bir zamanda hər bir Vətən övladı silaha sarılmağa hazır olmalıdır!
Düşünürəm ki, əsgərliyə yollanan hər bir Vətən övladının şüarı ən azından belə olmalıdır:

...Düşmənin yuvasını əlimlə pozmalıyam,
Səngəri dırnağımla, dişimlə qazmalıyam.
Tarixi qələmlə yox, qanımla yazmalıyam!
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

...İnamsız bir qartalın qanadları gərilməz,
Döyüşsüz azadlığın meyvələri dərilməz,
Şəhidsiz bir millətin vətən ruhu dirilməz
Oğullar ola-ola, necə deyim mərdim yox.
Ordum varsa, yurdum var,
Ordum yoxsa, yurdum yox!

Təəssüflə qeyd etmək istərdim ki, bugünkü gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayan hərbi marşlara, döyüş, qəhrəmanlıq nəğmələrinə şairlərimizin yaradıcılığında çox az yer verilir. Bu mövzuda deyərdim ki, M.Şəhriyarın "Azərbaycan”, Zəlimxan Yaqubun "Ordum varsa, yurdum var”, Şahın Musaoğlunun "And içirəm”, "İgid əsgər, möhkəm dayan”, Paşa Babakərlinin "Atıl düşmən üstünə”, Şəmistan Göyçəlinin "Çağırış”, Azər Tahirin "And içdim, əsgər andı” və s. kimi əsərlər təqdirə layiqdir.

Azərbaycan bəstəkarların marşları:

Təntənəli fanfar - (İşləyəni Baş Hərbi Dirijor Yusif Axundzadə)
Üzeyir Hacıbəyov - Milli marş (sözləri: Üzeyir Hacıbəyov)
Üzeyir Hacıbəyov - "Azərbaycan" marşı 1992 ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul edilmişdir [8] (sözləri: Əhməd Cavad)
Üzeyir Hacıbəyov - "Döyüşçülər" marşı
Üzeyir Hacıbəyov - "Qızıl əsgər" marşı (sözləri: Məmməd Səid Ordubadi) [9]
Müslüm Maqomayev (bəstəkar) - Marş-RV-8
Ağadadaş Dadaşov - "Təyyarəçilər" marşı
Azər Dadaşov - "Zəfər" marşı
Cavanşir Quliyev - "Əsgər" marşı
Emin Sabitoğlu - "Azərbaycan əsgəriyəm"
Əfsər Cavanşirov - "Gənclik" marşı
N.Musayev - "28 May" marşı
Ramiz Mustafayev - "And içərik"
Ramiz Mirişli - Azəri türkləri
Sərdar Fərəcov - "Vətən dara düşəndə"
Süleyman Ələsgərov - "Yürüş" marşı, "Gənclik" mahnısı

Azadlıq mübarizəmiz və hərbi marşlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz