» » “Biz Qarabağa qayıdırıq” səyyar sərgisinə start verilib

“Biz Qarabağa qayıdırıq” səyyar sərgisinə start verilib

Müəllif: Anaveusaq.az от 7-10-2017, 20:06

“Biz Qarabağa qayıdırıq” səyyar sərgisinə start verilib

Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə mədəniyyət və incəsənət nümunələrinin müstəsna əhəmiyyəti nəzərə alınaraq birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin təşkili artıq ənənə halını alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "N” saylı hərbi hissədə Azərbaycan Rəssamlar İttifaqının üzvü, batalist rəssam Bayram Əlioğlunun əsərlərindən ibarət "Biz Qarabağa qayıdırıq” sərgisi şəxsi heyətin böyük marağına səbəb olub.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani səyyar rəngkarlıq sərgisinin açılışında çıxış edərək bildirib ki, rəssam B.Əlioğlu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Onun yaradıcılığında Qarabağ mövzusu, döyüş səhnələrinin təsviri və Qarabağ mənzərələri əsas yer tutur. Rəssamın hərbi-vətənpərvərlik mövzusuna, ümumiyyətlə döyüş səhnələrinin təsvirinə müraciəti heç də təsadüfi deyil. O, 1991-ci ildə yeni yaranmaqda olan Milli Ordumuzun sıralarına daxil olub, Ağdərə, Tərtər, Goranboy, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Mina partlayışı nəticəsində ağır yaralansa da, hərbi hospitalda müalicəsi başa çatar-çatmaz yenidən cəbhə bölgəsinə qayıdıb. 1996-cı ildə ordudan ehtiyata buraxılan B.Əlioğlu yaradıcılığını davam etdirərək bir çox məzmunlu və orijinal əsərlər yaradıb.

Qeyd olunub ki, "Biz qayıdırıq, Mübariz!”, "Ağdərə döyüşlərində”, "Əskəran qalası azad edildi” və digər əsərlərin də nümayiş olunduğu səyyar sərgi on gün davam edəcək. Döyüş mövqelərində, ön səngərdə xidmət keçən hərbi qulluqçular da batalist rəssamın yaradıcılığı ilə tanış olacaqlar.

Rəssam yaradıcılığı və döyüş yolu barədə hərbi qulluqçuların suallarını cavablandırıb, əsərlərində Qarabağın düşmən işğalından azad olunduğunu əminliklə təsvir etdiyi kimi, həmin torpaqların real vəziyyətdə qəhrəman döyüşçülərimiz tərəfindən tezliklə azad ediləcəyinə və bu arzuların həqiqətə çevriləcəyinə inandığını bildirib.

Döyüşçü rəssam şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub.

“Biz Qarabağa qayıdırıq” səyyar sərgisinə start verilib

Mənbə:https://azertag.az/xeber/Biz_Qarabaga_qayidiriq_seyyar_sergisine_start_verilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz