» » Elxan Poluxov : " Virusun tüğyan etdiyi ölkədəki səfirimiz: “Testlərin sayı artsa, yoluxma qat-qat artacaq”

Elxan Poluxov : " Virusun tüğyan etdiyi ölkədəki səfirimiz: “Testlərin sayı artsa, yoluxma qat-qat artacaq”

Elxan Poluxov : " Virusun tüğyan etdiyi ölkədəki səfirimiz: “Testlərin sayı artsa, yoluxma qat-qat artacaq”

Bu gün koronavirus infeksiyasının ən çox yayıldığı ölkələrdən biri də Braziliyadır. Son məlumatlara görtə, artıq bu ölkədə yoluxma sayı bir milyonu keçib.

Azərbaycanın Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Azvision.az-a eksklüziv müsahibəsində Braziliyadakı hazırkı vəziyyət, görülən tədbirlər, iki ölkə, eyni zamanda Azərbaycanı təmsil etdiyi digər dövlətlətlərlə münasibətlər barədə danışıb.
Səfirlə müsahibəni təqdim edirik:

- Cənab səfir, bu gün bütün dünyanın üzləşdiyi koronavirus pandemiyası Braziliyada daha geniş yayılmaqdadır. Siz hazırda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda ölkədə vəziyyət çətin olaraq qalır və yoluxanların sayı gündəlik artmaqdadır. Təəssüflə qeyd olunmalıdır ki, Braziliya hazırda dünyada həm yoluxanların, həm də virusdan dünyasını dəyişənlərin sayına görə ikinci yerdədir və rəqəmlərdə azalma müşahidə olunmur. Hələ may ayının əvvəlində yerli tədqiqatçılar ehtimal edirdilər ki, pandemiyanın yüksək həddi iyun ayında olacaq, lakin reallıq onu göstərir ki, Braziliya bu xəstəliyin maksimal həddini hələ də keçməyib.

- Braziliyada vəziyyətin belə demək mümkünsə, nəzarətdən çıxmasına səbəb nədir? Vaxtında tədbirlər görülmədi, yoxsa bu daha çox insanların məsuliyyətinə bağlıdır?

- Burada ilk yoluxma halları fevral ayının sonunda qeydə alınıb, lakin o zaman xəstəliyin pandemiyaya keçməsi ehtimalları az olduğundan qabaqlayıcı işlər aparılmayıb, sonradan atılan addımlar isə öz effektini verməyib. Həmçinin, xəstəliyin ilkin fazada müəyyən edilməsi üçün testlərin sayı da kifayət qədər az olduğundan, vaxtında yoluxma miqyasının müəyyən edilməsi mümkün olmayıb. (212 milyon əhalisi olan ölkədə hələlik 2 milyona yaxın test keçirilib və nəticədə 1 milyona yaxın yoluxmuş insan müəyyən edilib).

Bəzi tədqiqatçıların ehtimallarına görə, testlərin sayı artsa, yoluxanların sayı da qat-qat artacaq. Bundan əlavə, ölkədə bu xəstəliyə münasibətdə mərkəzi və federal hakimiyyət arasında ziddiyyətlər mövcuddur. Ölkə Prezidenti Jair Bolsonaro COVID-19-u "yüngül qrip” adlandırıb və əhalinin qapanması nəticəsində iqtisadiyyata vurulacaq ziyan insanların həyatına xəstəlikdən çox təsir edəcəyini deyib. Bu yanaşma ilə əyalətlərin qubernatorları razı olmadığından, mərkəzlə əyalətlər arasında ziddiyyətlər yaranmışdır. Həmçinin, virusun pandemiya formasına keçdiyi dövrdən ölkədə iki səhiyyə naziri dəyişildi və hər iki nazir dövlətin xəstəliklə apardığı mübarizə üsullarından narazı olaraq istefa verdilər.

- Azərbaycanın Braziliyadakı səfirliyi hazırda fəaliyyətini tam şəkildə davam etdirirmi və əməkdaşlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb?

- Səfirlik öz fəaliyyətini normal qaydada davam etdirir və əməkdaşlar arasında yoluxanlar yoxdur. Yaranmış vəziyyətlə bağlı səfirliyin fəaliyyəti daha çox onlayn və telefon vasitəsi ilə həyata keçirilir, lakin tələb olunan hallarda görüşlər baş tutur. Müasir əlaqələndirici texnologiyalardan istifadə edərək bu ayın 10-da səfirliyin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə "Çağırışlar bizi yaxınlaşdırır. Əməkdaşlıq bizi birləşdirir” mövzusunda ilk Azərbaycan-Braziliya parlamentlərarası virtual görüş keçirilib.

Tədbirdə iştirak edən deputatlar belə görüşlərin effektliyini yüksək qiymətləndiriblər. Həmçinin, 17 iyun tarixində səfirlik Paraiba əyalətinin Federal Universiteti ilə birlikdə universitetin beynəlxalq konfranslar silsiləsi çərçivəsində "Təhsilin beynəlxalqlaşdırılması və Azərbaycanda mədəniyyətlərarası münasibətlər” mövzusunda onlayn elmi konfrans keçirib və belə yeni formatda işlərin davam etdirilməsinə dair fəaliyyət davam edir.

Mənbə:https://azvision.az/news/219070/virusun-tugyan-etdiyi-olkedeki-sefirimiz--testlerin-sayi-artsa,-yoluxma-qat-qat-artacaq--musahibe-.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz