» » Əsl həkim üçün təbabət yalnız sənət deyil

Əsl həkim üçün təbabət yalnız sənət deyil

Əsl həkim üçün təbabət yalnız sənət deyil

Kimin evində bişmədi ki hədik... Bir ağız dadı almaqdan daha çox ruhumuz qidalandı, içimizə məmnunedici bir rahatlıq yayıldı: körpəmiz/ nəvəmiz ilk dişini çıxaracaqdı. Bu müjdə bir vaxt böyüyüb arxamızca gələcək, çiyinlərimizə çiyinləri ilə dəstək verəcək oğlumuzun/nəvəmizin inkişafa doğru getdiyinə ilk işarə idi, yazağzı toxumdan baş qaldıran cücərti kimi. 
Analar/gəlinlər bilməsələr də nənələr, maşallah, görüb-götürmüş olurlar: axır vaxtlar körpəsinin nadinclik etməsindən, xəstəhal olmasından, əlinə keçəni gicişən diş yerinə sürtməsindən bilərlərlər ki, körpə diş çıxarır və onlar da başlayarlar hazırlığa. Hədiyi də nənələrdən hansısa bşirməli idi ki, urvatlı olsun, səbəbli olsun. Buğda, noxud, qarğıdalı, lobya, mərcimək bir gecə əvvəlcədən suda isladılar, səhəri gün isə qazan asılardı. Guya qazanın içindəki buğda, noxud, qarğıdalı, lobya, mərcimək suda yumşaldıqca, çatladıqca, çənədə yuvasından çıxmağa can atan mərcan kimi zərif dişlər də asan çıxacaq, yavrusu çox əziyyət çəkməyəcək. Bişəndən sonra isə qohum-qonşuya, həyətdəki quşlara da paylanar ki, bu balaca tifilin dişçıxarması dualı olsun, alqışlı olsun. 
Bu, dədə-babaların, ağbirçək nənələrimizin bir inancı idi. Allahdan, taledən bəxş olunmuş könül payının ailəyə gətirdiyi ilk sevinc idi…Hətta o qədər sevincli idi ki, ailə hüdudlarından aşaraq iki tərəfin qohum-qardaşlarına çatardı, hamının üzündə, dodaqlarında hədikdə çatlayan buğda, qarğıdalı, noxud kimi, təbəssüm çatlayardı… 
Körpə diş çıxarır… Adətən, 3-6 aylıqdan şıxmağa başlayan uşaq dişləri 12 yaşına qədər davam edir: əvvəlcə öndəki alt dişlər, sonra yuxarıdakı ön dişlər çıxır, bu ardıcıllıqda daha sonra sağ-sol yanlardakı dişlər sıralanır. Ananın, nənənin gözləri sonuncu diş çıxanacan körpəsinin/uşağının ağzında olur.
Körpə diş çıxarır və ailənin ilk diş qayğıları başlayır.
Bəs bu qayğılar nədən ibarətdir, onlara necə əməl edilməlidir və ailə bu qayğılara nə vaxtdan başlamalııdr?
Bu və digər məsələlərə aydınlıq gətirmək üçün nəvələrimin diş həkimi - Xətai rayonundakı 8 saylı Uşaq poliklinikasında həkim –stamatoloq işləyən Kamil Tehran oğlu İsayevlə görüşüb jurnalımız üçün yazı hazırlamağa qərar verdim. Kamil İsayev Azərbaycan Dövlət Tibb Universitetini 1997-ci ildə bitirib, elə universiteti bitirən ildən də bu poliklinikada həkim-stamatoloq işləyir.

 "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır".

A.P.Çexov, yazıçı-həkim


Kamil həkim Füzuli rayonundandır. Füzuli rayonu Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi sayılan Seyid Şuşinski, Süleyman Abdullayev, İslam Rzayev, Ağabala Abdullayev, Qəndab Quliyeva, Qoçaq Əsgərov, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi Eldəniz Məmmədov, bir vaxt hamının sevə-sevə izlədiyi"Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri, gözəl mahnılar müəllifi, bəstəkar Əfsər Cavanşirov, istedadlı bəstəkar, şair, tarzən, gitaraçı Bəhram Nəsibov və digər məşhur musiqi və incəsənət adamları ilə həmişə fəxr etmişdir.
Kamil həkimin məhz incəsənət sahəsini deyil, tibb sahəsini seçməsi bu cəhətdən diqqətimi cəlb etmişdi. Həm də ona görə ki, atası Tehran kişi də, özündən kiçik bir qardaşı da diş həkimidir. Nəsildə ümumilikdə tibb sahəsini seçmiş 8 nəfər var. Bu məqamı bir də ona görə nəzərə çarpdırmaq istəyirəm ki, XIX əsrdən XX əsrin əvvəllərinədək Azərbaycanda fəaliyyət göstərək bütün tibb müəssisələrində cəmi 2 nəfər azərbaycanlı həkim fəaliyyət göstərmişdir: Gəncədə Teymurov, Şamaxıda Babaxanov.
Amma indi Azərbaycanın  əyalət kəndinin yalnız bir ailəsində 5 nəfər ali təhsilli həkim, 3 orta ixtisas təhsilli tibb işçisi var. Öyünüləsi faktdır.
Kamil həkimin karyerası ilə əlaqəli bir məqam da diqqətimdən yayınmayıb ki, 0, artıq 20 ildir ki, eyni müəssisədə çalışır.
8 nömrəli Uşaq poliklinikası 1985-ci ildə istifadəyə verilib: 28 sahə üzrə 25964 uşağa tibbi xidmət göstərir. Poliklinikanın  müasir aparatlarla təchiz edilmiş şüa diaqnostikası, rentgen, USM, fizioterapiya və tibbi bərpa kabinetləri, laboratoriyasıhəmçinin  bədən tərbiyəsi və  yeniyetmə otaqları vardır. Burada pediatriya, uşaq- cərrahlığı, otorinolarinqologiya, oftalmologiya, stamotologiya, kardiologiya, nevropatologiya, endokrinologiya, dermatologiya, infrksion xəstəliklərləri, psixoloji xidmət  üzrə yüksəkixtisaslı 66 həkim, 101 orta tibb işçisi, həmçinin 60 nəfər də  sanitar-texniki işçi fəaliyyət göstərir. 
  Bir sözlə,  bu şəfa ocağının mövcud imkan və şəraiti ərazinin balaca sakinlərinə hər cürə və həm də yüksək keyfiyyətli tibbi xidmət göstərməyə imkan verir.

 

Əsl həkim üçün təbabət yalnız sənət deyil 

Əsl həkim üçün təbabət yalnız sənət deyil 

Əsl həkim üçün təbabət yalnız sənət deyil

Əsl həkim üçün təbabət yalnız sənət deyil 

  Əsl həkim üçün təbabət yalnız sənət deyil   

"Həkimin əxlaqi mədəniyyəti, təcrübəsi ona ruhi sakitliyini saxlamaqda kömək edəcək. Bu da ona yaxınları və Vətən qarşısında müqəddəs borcunu həyata keçirməyə imkan  verəcək. Məhz bu, həyatda  həkimin qazandığı əsl xoşbəxtliyə səbəb olacaq".

 

 S.İ.Botkin, akademik

Bunlar həm də işin keyfiyyətinə, insan resurlarının peşəkarlığının yüksəldilməsinə, nümunəvi xidmət üçün sağlam mənəvi-psixoloji mühitin yaradılmasına kömək edir. Bu sırada poliklinikanın ikimərtəbəli geniş binası, işıqlı və  müasir tibbi avadanlıqlarla, həmçinin  mebellərlə təchiz edilmiş yaraşıqlı kabinetləri, estetik və gigiyenik tələblərə tam şəkildə cavab verən sanitariya və xidmət ortaqları, ən nəhayət, müxtəlif gül və kollarla əhatə olunmuş nümunəvi sahəsi şəfa missiyasını stimullaşdırır: balacaların, eləcə də onları müşayiət edən valideynlərin psixologiyasına, tibb fobiyasına qarşı , sözün əsl mənasında, əsl sağlamlaşdırıcı təsir göstərir. Poliklinikadakı təmizlik, gigiyenik işlərin üst səviyyəsindən bəhs etmişkən, elə Kamil həkimin həkimlik fəaliyyətini, peşə etikasını mükəmməl edən, onu məşhurlaşdıran əsas səbəblərdən biri də fəaliyyətində, eləcə də kabinetində gigiyenik tələblərə son dərəcə diqqətli olmasıdır. Onun haqqında kimdən soruşdumsa, peşəkarlığından öncə məhz bu amili birinci dilə gətirdilər.
Poliklinikanın baş həkimi Zəhra Nəbiyeva müraciət edərək Kamil həkim haqqında soruşanda,  sualıma elə sualla da cavab verdi: "Siz bizim fəaliyyət göstərdiyimiz ərazidə yaşayırsınız. Həkimimiz haqqında ərazinizdə rəy necədir?”
Dedim, heç narazılıq eşitməmişəm, hamı peşəkarlığından, xüsusi ilə də gigiyenik tələblərə son dərəcədə məsuliyyətlə yanaşdığından danışır. Baş həkim dedi ki, Kamil İsayevin peşəkarlıq dəyərləndirilməsi, bax, elə vətəndaşların bu fikirləridir.
Bütün bunları öz gözümlə görmək üçün bir neçə dəfə həkimi iş anında da müşahidə etdim, müayinəyə gəlmiş balacalardan, onların valideynlərindən bu barədə soruşdum. Hər kəs, hamı ancaq xoş sözlər söylədi.
Haqqında yazmaq istədiyimi bildikdə əvvəlcə razılıq vermədi:”Mən öz vəzifə borcumu yeriə yetirirəm”,- dedi.
Amma müşahidələrimə və haqqında öyrəndiklərimə əsasən də yazımı onsuz da qələmə alacaqdım. Həkimə dedim ki, sizin bizə dedikləriniz səhifəmizdə dərc olunacaq, bunları yalnız xidmət etdiyiniz ərazinin vətəndaşları deyil, hamı oxuyacaq. Sizin fikir və məsləhətləriniz tibbi maarifləndirmə baxımından işə yaraya bilər. Nəhayət, müsahibə verməyə razılıq verdi.
Kamil həkimlə söhbətimiz ümumilikdə uşaq stamotologiyası, uşaqların diş sağlamlığı ilə bağlı ailələrin qayğıları, xarakterik diş xəstəlikləri, eləcə də türkəçarə üsullarla diş xəstəliklərinin müalicə və profilaktikası haqqında oldu. Sonda həkim valideynlərə  bəzi  məsləhətlərini də bildirdi.

Əsl həkim üçün təbabət yalnız sənət deyil

Əsl həkimin işığı başqasının üstünə düşmürsə,  özünün sönməsi yaxşıdır.

 

S.Kolomin

Müsahibə :


1. Ailənin diş qayğıları nə vaxtdan başlamalıdır: ilk diş çıxandan, yoxsa həkimə ilk dəfə müraciət etdiyi vaxtdan?

Əslində, belə qayğılar ananın hamiləlik dövründən başlayır. Çünki hamiləlik müddətində ana bətnində olan uşaq öz orqanizmi üçün lazım olan qida maddələrini anadan alır. Bu zaman ana təkcə öz orqanizminin deyil, həm də bətnindəki körpəsinin qida ehtiyaclarını nəzərə almalıdır. Əgər bu dövrdə ana orqanizmi kifayət qədər kalsium qəbul etməzsə, nəinki ananın, eləcə də uşağın diş sağlamlığı üçün gələcəkdə problem yaşanacağı gözləniləndir.
Uşaq dünyaya gələndən sonra da ana onun sağlamlığının qayğısına qalmalıdır. Ana uşağını 2 yaşına kimi öz südü ilə qidalandırmağa çalışmalıdır. İlk dövrlərdə bu, olduqca vacibdir. Südəmər dövrün ilk dörd ayında ana südü ilə qidalanma zamanı ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyaları normal inkişaf edəcək.
Ana südündə həm də körpənin sağlamlığı və eləcə də digər xəstəliklərin profilaktikası üçün vacib olan bütün maddələr var.
Uşaqlarda ilk dişlər təxminən 6 aydan başalyaraq çıxmağa başlayır. Lakin bu proses fərdi , bir qədər də irsi olduğundan bir az əvvəl də, gec də gec də başlaya bilər.
Dişçıxarma ilk dişlərin göründüyü vaxtdan deyil, körpənin ağzından seliyin çox axması ilə başlayır.
Diş çıxarma dövründə uşağın yanaqları qızarır, diş ətləri şişir, ağrı, qaşıntı, iştahsızlıq, yuxusuzluq və ishal kimi əlamətlər narahatlıq yaratmağa başlayır. Uşaq davamlı olaraq əlini ağızına aparır, yəni bunlar uşağın sağlamlığı üçün diqqətl edilməsi vacib olan gigiyenik qayğılardır.
Gənc analar təcrübəsiz olduqları üçün bu qayğılar onlara aydın olmaya bilər. Onda gənc anaların  tibb müəssisələrinə və ya   ixtisaslı həkimlərə müraciət etməsi, əlaqə yaradılması təbiidir və ailə və artıq  esəhiyyə ocağının qarşılıqlı əlaqəsi başlamış olur.

Əsl həkim üçün təbabət yalnız sənət deyil

2. Uşaqlar həkimdən, xüsusilə diş həkimindən qorxurlar. Bu fobiya nədən yaranır?

Fobiya(yunanca- "φόβος” ("fobos”) sözündən olub "qorxu” deməkdir: təşviş və qorxu hissləri, eləcə də müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan psixoloji haldır. Tez-tez müşahidə edilərsə, təşviş pozuntuları kimi izah edilən müxtəlif növ nevroz təzahürləri yaradır. Elmə saysız-hesabsız fobiyalar məlumdir və bunların biri də "dentofobiya”, yəni diş həkimindən qorxmaqdır. Bu, bütün dünyada mövcud olan bir problemdir. Problemin yaranmasına gəlincə, ailədə yaranır. Uşaqlar sözə baxmayanda, nadinclik edəndə analar öz uşaqlarını "yeməyini yeməsən səni həkimə aparacağam”, "həkim gələcək ha”, "həkim sənə iynə vuracaq”, "həkim dişini çıxaracaq” və s. bu kimi həyacan və təşviş doğuran sözlərlə onları qorxudurlar. Nəticədə, kiçik yaşlarından uşaqların psixologiyası zədələnir, onlarda, nəinki həkimlərə, küçədə rast gəldikləri ağxalatlı başqa peşə sahiblərinə qarşı qorxu hissi əmələ gəlir. Uşaq elə bilir ki, bu ağxalatlılar da həkimdir və onların dişini çıxaracaq. Bəzən elə də olur ki, kiçikyaşlı uşaqla bağçaya, məktəbə gedəndə elə bilir ki, bu yerlər həkimlərin işlədikləri yerlərdir, ona görə də ağlayır, əldən çıxıb geri dönmək istəyirlər. Bu cür uşaqlarda stomatoloq qorxusu ömürboyu davam edir. Bəzi hallarda, hətta,  belə uşaqların keçirdikləri ağrı, təlaş, qorxu kimi xoşagəlməz hisslər onların valideynlərinə də sirayət edir, onlar da uşaqları ilə bərabər həyəcanlamağa başlayır ki, bu, uşağın vahiməsini daha da artırır. Bəzən bu vahimə, hətta o dərəcəyə çatır ki, uşaq hərəkətlərinə, psixoloji durumuna nəzarəti itirir.
Əlbəttə ki, bəzi fobiyalar ailə ilə qaynaqlanmaya da bilər.
Belə qorxular stamatoloji əməliyyatlar zamanı da ortaya çıxa bilər. Uşaqlar hələ tanış olmadıqları yerdə, deyək diş həkiminin kabinetində ona tanış olmayan avadanlq, aparat, alətlər gördükdə psixologiyalarının hələ qəbul edə bilmədiyi təəssüratlara qapılaraq emosional reaksiya göstərirlər. Onlar televiziyada belə səhnələr görmüşlər, küçələrdə, yaşadıqları həyətlərdə xüsusi səs siqnalları ilə köməyə tələsən təcili yardım maşınlarını görmüşlər. Anlaya bilməsələr də bunun fərqli bir xidmət olduğunu hiss etmişlər. Yəni, indi diş kabinetində ağxalatlı həkim və tibb bacısının qarşısında stomotoloji kresloda əyləşəndə yaranan təşviş hissləri həmin təssüratlarla birləşib uşaqda fobiya yaradır.
Diş həkiminin belə məqamlarda uşağa münasibəti, davranış və ünsiyyət mədəniyyəti tədricən qorxunu aradan qaldıraraq, uşağın davranışına müsbət təsir göstərir.
Əgər ailənin səhiyyə müəssisəsi ilə əlaqələri yüksəkdirsə, əgər valideynlər övladlarını tez-tez müxtəlif profilaktik məqsədlərlə , məsələn, ilk diş təyin edilməsi, peyvəndlər, analiz və s. bu müəssisəyə aparıb gətirirsə, uşağın daha sonrakı müalicələrinə , eləcə də diş müalicələri üçün bu, çox effektli olacaqdır.
Belə əlaqələr uşaq -səhiyyə müəssisəsi, uşaq - həkim səmimiyyəti üçün müsbət motivasiya olacaqdır.
 

"Pediatr əlləri xaricdən kobud görünə bilər. Lakin onlarda elə bir daxili  incəlik vardır ki,  uşaqlara əzab verəcək hər bir şeyin qabağını  almağa qadirdir".

Q.Speranski

Əsl həkim üçün təbabət yalnız sənət deyil

3. Bəs həkimi uşaq həyatına necə yaxınlaşdırmaq lazımdır?

Dental fobiya, həqiqətən də, stamotologiyanı qarşısında duran ciddi bir məsələdir. Çünki istər müalicə, istərsə də profilaktika prosesini daban-dabana izləyən narahatlıq və qorxu uşağın diş həkiminə qarşı mövqeyini sərtləşdirir və nəticədə müalicənin müsbət istiqamətdə getməsinə əks
təsir göstərir. Bu isə ilk növbədə dental təcrübəsi olmayan uşaqları  narahatlıq və qorxulardan azad etməyi , onlara qarşı yeni dental davranış və yanaşma üsulları seçməyi tələb edir.
Dental narahatlıq və qorxuların yaranmasında yaş və cins amilləri böyük rol oynayır. Dentalfobiya problemlərini idarəetmə məsələləri ilə məşğul olan mütəxəssilər bununla bağlı bur araşdırma aparmışlar. Gəlinən qənaət belə olmuşdur ki, dental qorxu, əsasən, azyaşlı uşaqlar və qız uşaqları arasında daha çox olur.
Onların psixoloji inkişafı hələ diş müalicəsinə tab gətirə biləcək durumda olmur. 4 yaşdan başlayaraq isə qorxular azalmağa doğru meyilli olur. Mütəxəssislərin sorğuya cəlb etdikləri  uşaqlarla bağlı  göstəricilər  bu fikri təsdiqləmişdir:  dental uşaqların 30 faizi 3-6 yaş qrupu arasında, 11 faizi 7-12 yaş qrupu arasındakı uşaqlar olmuşdur.
Əvvəlki cavablarımızda belə fobiyaların ailədən başladığı haqqında demişdik. Bu da aparılan araşdırmalarla sübut olunub. Əgər bir ailədə ailə digər üzvləri arasında da diş narahatlığı problemləri yaşanırsa, bu da öz növbəsində  uşaqların klinik davranışlarına təsir edir.
Braziliyada 2 yaşdan 5 yaşa qədər uşaqlar və onların analarının diş problemləri araşdırmaya cəlb edilərək qiymətləndirilib. Məlum olub ki, 79,3 faiz uşaq heç vaxt diş həkiminə getməyib. Ən təəccüblüsü də bu idi ki, bu uşaqların 60 faizinin anası  da mütəmadi olaraq ağız və diş müayinəsdən keçməyiblərmiş.  Bu da məlum olub ki, 79,3 faiz uşağın diş müayinəsinə getməməsi, imtina etməsi analarının təhsil səviyyəsi ilə də əlaqəsi varmış.
Uşaqlar, adətən, poliklinikaya anaları ilə gəlirlər. Doğrudan da, anaların özünün intellektual səviyyəsinin yüksək olaması  övladlarına tibbin, sağlamlığın  əhəmiyyətini  düzgün şəkildə anlada bilməsini təmin edəcək,  uşaq  istər evdə, istərsə məktəbdə  öz gigiyenasına məsuliyyətlə yanaşacaq , beləliklə,  fobiya da getdikcə aradan qalxacaq.
Bu sırada səhiyyə müəssisənin həyətindən və dəhlizlərindən, interyer və tərtibatlardan başlamış qəbul otağına, kabinetlərə kimi, hər şey balacaların zövqünü oxşamalı, uşaqlar buradan iynə vurulan, diş çıxarılan yer kimi deyil, onların canına, ruhuna şəfqət bəxş edən şəfa ocağı kimi ayrılmalıdırlar.
Həkimin, tibb bacılarının, texniki işçilərin professional xidməti balacaları məmnun etməlidir. Uşaqlar belə münasibət, psixoloji dəstək görüncə,  səhiyyə müəssisəsinə gəlməkdən heç vaxt inkar etməyəcəkdir.
 

Əsl həkim üçün təbabət yalnız sənət deyil

4. Uşaqlarda ən çox rast gəlinən  diş xəstəlikləri hansılardır?


Diş çürüməsi xəstəliyi, diş -çənə anomaliyaları, kariyes, selikli qişalarda müəyyən somatitlər və s.

Ümumiyyətlə, ağız və diş sağlamlığı bütövlükdə orqanizmin sağlamlığını şərtləndirən çox vacib amillərdən biridir. Bir az diqqətlə incələsək, insanlar, təəssüf ki, ağız və diş sağlamlıqıarına laqeyd yanaşırlar, bu xüsusiyyət uşaqlara daha çox aiddir. 

Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların hədsiz  qəbulu, qida rasionunun gözlənilməməsi,  ağız gigiyenasına düz əməl edilməmisi və s   anaların öz ağız təmizliyinə fikir verməməsi və s. diş çürüməsini fəallaşdıran səbəblərdir. Eyni zamanda, ağız boşluğunda problem olan ananın, nənənin  və yaxud digər şəxslərin usage öpməsi də təhlükə mənbəyidir, onların ağzından uşağın dodaqlarına bakteriyalar düşə bililər. Bəzən bu cür problem ana uşağın əmziyini öz ağzına alıb guya təmizləyir və qaytarıb uşağın ağzına qoyur. Bu yolla bakteriya keçməsi daha fəal olur.

 anada olan çürük dişlər və s. səbəbləri göstərmək olar.

Diş-çənə anomaliyaları da ən çox rast gəlinən xəstəliklərdən hesab edilir: 3 uşaqdan 2-də bu anomaliyalar var.  Sağlam olmayan ekologiya, qidaların düzgün təyin edilməməsi, asan olsun deyə daha çox yumşaq qidaların seçilməsi üstünlük verilməsi, ananın hamiləliyi problemli keçirməsi və s. səbəblər diş-çənə anomaliyaları ilə nəticələnir.

Somatit ağız boşluğunun infeksion-iltihabi xəstəlikləri arasında çox ciddi xəstəlik hesab olunur. Xəstəlik zamanı

ağızın selikli qişası qızarır, pis qoxu gəlir, hərarət artır, dəridə suluqlar əmələ gəlir. Belə vəziyyətdə dərhal həkimə müraciət edilməlidir.

Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verə bilər.

Bakteriyalar, B qrupu və C vitaminlərinin çatışmazlığı; qidaya və diş pastasına qarşı allergiyalar; antibiotiklərdən, epilepsiya əleyhinə preparatlardan çox istifadə edilməsi  

 İstər somatit, istərsə də digər stomotoloji xəstəliklər zamanı gigiyenaya tam diqqət yetirilməlidir.  Dişlər hər gün azından iki dəfə  olaraq, diş yuyulmalıdır. Dövrü olaraq ildə 2 dəfə az olmamaq şərti ilə diş müayinəsindən keçmək və həkimə müraciət etmək  lazımdır.

Əsl həkim üçün təbabət yalnız sənət deyil

5. Kariyes nədir?

"Həkim nə qədər kamil və təcrübəlidirsə,  gigiyenanın qüdrətini və dərman terapiyasının  nisbi zəifliyini daha çox başa düşür".

 Zaxart

Körpəniz güləndə mərcan kimi ağ dişlərinə fikir vermisinizmi? O 1qədər gözəldir ki, uşağınızın üzündəki, qəlbindəki sevinci bütünlüklə tamamlayır. Bu tamlığın sona qədər davam etməsi üçün uşaqlıqdan dişlərə diqqət və qayğı göstərilməlidir. Valideynlər nail olmağa çalışmalıdırlar ki, uşaqlar sistematik olaraq dişlərinə özləri qulluq etsinlər.
Bəzi ata-analar yanlış düşünürlər ki, süd dişlərinə qulluq gərək deyil. Əslində isə balacanın ilk dörd dişi çıxdıqdan sonra kiçik və yumşaq fırça ilə təmizlənməyə başlanmalıdır..Fırça ilə damağı da masaj etmək lazımdır ki, o möhkəmlənsin və qan dövranı yaxşılaşsın. Dişin damaqla birləşdiyi yerdəki çöküntüləri yox etmək üçün dişlərin təmizlənməsi ciddiyyətlə getməlidir..Onlar kariyesin inkişafına şərait yaradır. Yadda saxlamaq lazımdır ki, diş sağlamlığının əsası damagin sağlamlığındadır.Əgər dişlər düşübsə, onu yenə təmizləmək lazımdır. Amma bu zaman xəstə sahələrə toxunulmamalıdır.
Kariyesin ilk əlamətləri – xırdaca tutqun nöqtələr görünən kimi, dişin müalicəsinə başlamaq lazımdır. Sağlam süd dişlərinin çəkdirilməsi məsləhət görülmür, çünki onlar daimi dişlər üçün özül hazırlayırlar.
Həkim xəstə dişi çəkərkən boşalmış dişin yerini doldurmaq və çıxacaq dişlərin əyilməsinin qarşısını almaq üüçn xüsusi lövhəcik daxil edir. Dişlərin bərabərləşdirilməsinə 4 yaşdan başlamaq lazımdır.Təəssüf ki, valideynlər buna əhəmiyyət vermirlər, nəticədə kələ-kötür dişlər problem yaranır. Bu cür dişlər digər xəstəliklər üçün səbəb olmaqla yanaşı, uşağın normal fiziki və psixi inkişafını da əngəlləyir.Münki uşaq qidanı yaxşı çeynəyə bilmir, qida pis mənimsənilir.
Kələ-kötür dişlər ən çox erkən çağlarda süni qidalanma nəticəsində əmələ gəlir. Uşaq döşdən süd əməndə bir cür, şüşə qabdan qidalananda başqa cür qəbul edir. Əyri dişlər süni yolla qidalananlarda o birilərinə nisbətən 40 faiz çox olur.
Kariyes uşaqların sağlamlığı üçün ciddi təhlükədir. Mütəxəssislərin fikrincə, kariyesin yaranmasına ciddi səbəb şirniyyatla daxil olan karbohidratların artıqlığındandır. Yatmağa yaxın uşağa heç vaxt konfet, peçenye vermək olmaz. Çünki qapalı ağızda qlükoza turşuya çevrilir və dişin toxumalarını dağıdır. Odur ki, axşam yeməyini alma deserti ilə başa çatdırmaq və yeməkdən sonra mütləq dişləri təmizləmək lazımdır.

Əsl həkim üçün təbabət yalnız sənət deyil

6. Valideynlərə məsləhətiniz

Elmi izahını versək, diş ağız boşluğunda yerləşən və qida maddələrini tutmaq, parçalamaq, çeynəmək funksiyalarını yerinə yetirən bir orqandır. Bu, dişin insan həyatı üçün necə mühüm əhəmiyyət kəsb etdiyini sübut edir. İnsan yeməsə, yaşaya bilməz. Qidanı ağzında yaxşıca çeynəyib mədəyə ötürməsən, həm  canına yatmaz , həm də mədə üçün fəsadlar törədər.
İnsanların ictimai varlıq olaraq bir-biri ilə ünsiyyət yaratması üçün nitq vacibdir, zəruridir. Diş sözlərin tələffüzündə böyük əhəmiyyətə malikdir. Səslərin yaranmasında digər üzvlər kimi, ön dişlərin də rolu böyükdür. Məsələn, üst qabaq dişləri olmayan bir şəxs "d", "z", "l", "n", "s", "t" kimi dil-diş samitlərini tələffüz edərkən necə çətinlik çəkdiyi o dəqiqə hiss olunur: səslər məxrəcində yarımçıq formalaşır, nəticədə məna itir.
Və nəhayət, dişlər estetik gözəllik bəxş edir. "Bəyaz dişlər bəyaz təbəssümdür”, "Dişlərin incidəndir, dürdəndir, incidəndir” kimi obrazlı ifadələr dişlərin həyatımızdakı dəyərini təsdiqləməkdədir.
Məhz bu səbəblərə görə nəfəsə gözəl təravət bəxş edən ağız boşluğu, sağlam diş hər bur adamın birinci qayğısı olmalıdır. "Sağlamlıq ağız boşluğundan başlayır” deyiblər. Böyükyaşlı insanlar bu qayğıya şüurlu şəkildə başalaya bilərlər. Amma bu vacib məsələni övladlarınıza hələ uşaq ikən aşılamaq lazımdır. Çünki uşaq yaşlarından qorunan dişlər həm də ağız boşluğuna xidmət deməkdir. Uşaqlıq yaşı həm də ən əhəmiyyətli bir vaxtdır.

 

Əsl həkim üçün təbabət yalnız sənət deyil

 

" Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün  mühafizəçi,  sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir".

Hippokrat, təbabətin ən məşhurlarından biri, yunan həkimi

Ağız boşluğuna və dişlərə qulluq etmək üçün  valideynlərə məsləhət :
* Uşaqlıq dövründəki qidalanma keyfiyyəti dişlərin sağlamlığında böyük rol oynayır. Kalsium, fosfor, flüor mineralları ilə zəngin qidalar qəbul edilməlidir. Dişəti və diş sağlamlığı təmin etmək üçün C,A və D vitamini olan meyvələrə üstünlük verin. Ağartı və təzə meyvələr xüsusilə əhəmiyyətlidir.
* Həmişə yumşaq qidalar yemək doğru deyil. Diş sağlamlığı üçün kök, alma kimi bərk qidalara da yer ayırmaq lazımdır.
* Balacalar şəkərə, konfetə, torta çox meyillidirlər. Şəkərli qidalar diş sağlamlığına əks təsir edir. xüsusilə yatmazdan öncə şirniyyat yeyilməsi təhlükəlidir, qapalı yerdə ilə turşuya çevrilərək dişlərin mina səthində aşınmaya və beləliklə, diş toxumasında çürüklərin yaranmasına səbəb olar. Ehtiyac yarandıqda şəkərsiz saqqızdan, təbii meyvə suyundan istifadə etmək olar.
* Diş sağlamlığında ən vacib addım uşaqları diş fırçasına alışdırmaqdır. Uşaqlar dişlərini fırça ilə yumağa 3 yaşlarından etibarən başlamalıdırlar. Dişlər gündə ən azı iki dəfə fırçalanmalıdır. Diş ipindən də istifadə etmək olar. Unutmayın, dişləri qaydasınca fırçalamaq diş çürükləri ilə yanaşı, diş əti xəstəliklərinin, ağızdan gələn pis qoxuların da qarşısını alır.
* 3 yaşından etibarən uşaqların diş həkimi ilə tanış olması, onlarda həkimə olan inamı artırır, dentofobiyanı aradan qaldırır.
* Valideynlər daim uşağın dişlərində yarana biləcək problemlərlə maraqlanmalı, özləri ağız boşluqlarına gösrtərdikləri xidmətləri ilə uşaqlarına şəxsi nümunə olmalıdırlar.
* Ən azı 6 ayda bir dəfə profilaktik olaraq diş həkimi müayinəsindən keçmək məsləhətdir. Bu, daha yeni çürüklərin meydana gəlməsinin qarşısını ala bilər.

7. Müasir tibb elmi yeni dərman və müalicə üsulları baxımından çox inkişaf etmişdir. Amma hələ də diş ağrıları zamanı türkəçarə üsullara üz tutanlar da vardır. Sizin xalq təbabətinə münasibətiniz necədir?

"Mənə mənim haqqında mənimlə düşünüb-danışan həkim daha yaxşıdır".

Zalmanov, tibb elmləri doktoru


Həkim "ərəb” sözü olub, ali tibb təhsili olan, diaqnoz və müayinə vasitəsi ilə insanları müalicə edən şəxs deməkdir. Hələ çox-çox qədimlərdən də insanlar öz sağlamlıqları haqqında düşünmüşlər. Amma o zaman elm olmadığından bu işi kahinlər, cadugərlər, şamanlar və s bu kimi fəaliyyətlərlə məşğul olan şəxslər icra etmişlər. Getdikcə bunlar türkəçarə həkimlər, ara həkimləri, daha məşhurları löğman, təbib adıyla insanların sağlamlığı keşiyində durmuşlar.
Loğman əfsanəvi bir həkimin adı olub, "hər cür dərdi müalicə edən , mahir həkim” kimi məşhur olmuşdur.
Cəmiyyət irəliliyə doğru inkişaf etdikcə insanların təbiət, eləcə də cəmiyyətlə əlaqələri daha ahəngdar olmuş və həyat üçün zəruri olan fəaliyyət sahələri elmi biliklərə ehtiyac duymuşdur: nəticədə,müxtəlif elm sahələri meydana gəlmişdir. Bu inkişafda xalq təbabəti yerini daha çox elmi təbabətə vermişdir. Amma xalq təbabətinin də yaxşı ənənələri bu gün də hafizələrdə yaşamaqda, bu və ya digər şəkildə istifadə edilməkdədir.
El arasında diş ağrısı adama əzab verən, sağalması çətin xəstəlik kimi məlumdur. Keçən əsrin 30-cu illərinə qədər Azərbaycanda diş ağrısı müalicə olunmamışdır.
Bununla belə xalq təbabətində diş xəstəliklərinin qarşısını almaq üçün ağız boşluğunun yeməkdən sonra su ilə qarqara edilməsi, ağızın yaxalanması dişlərin profilaktikasını təmin edən tədbirlərdən hesab olunur.
Ata-baba tövsiyələrində dişlərin qorunması barədə fikirlərə rast gəlmək olur, məsələn,  isti yeməkdən sonra soyuq su içmək olmaz. Dişlə sapa düşmüş düyünü açmaq, fındıq-qoz sındırmaq  dişləri zədələyə bilər. Profilaktik tədbir kimi isə keçmiş dövrlərdə dişlər saraldıqda kömürlə, duzla, alma, heyva, kök kimi bərk meyvələrlə təmizləməyi tövsiyə edirdilər. Diş diblərinin, damağın möhkəmləndirilməsi vasitələrindən kəvər yemək, yeməyə sarımsaq əlavə etmək kimi türkəçarə əlaclar  da profilatiki  məqsəd daşımışdır.
Diş ağrayanda el biliciləri onun koğuşuna zəy, duz qoymuşlar.
Köpənin diş çıxarması münasibəti ilə hədik bişirilməsi əski inac olsa da, indi də davam etməkdədir. Hədik bişirilib paylanan evlər qabı geri qaytararkən onun içinə müyvə, şirniyyat, yumurta qoyub qaytarır və qabı verəndə dua edirlərmiş ki, uşağın dişləri sağ-salamat çıxsın, möhkəm olsun.
Süd dişlərinin dəyişilməsi mərhələsində ilk diş laxlayıb yerindən çıxanda, el adətinə görə həmin çıxmış dişi əskiyə büküb qalada daşlarına arasına qoyar, ya da içində neft olan bir qaba atarmışlar. İnanca görə bu diş natəmiz yerə düşsə, qalan dişlər də vaxtsız tökülər və sahibi hər zaman bunun ağrısını çəkərmiş.
Xalq təbabətində xəstə dişlərin çıxarlması üsulları da olmuşdur. Sapın bir ucunu ağrıyan dişə, o biri uçunu isə ağacın əyilmiş budağına bağlayırlarmış, sonra budağı buraxırlarmış.
Keçmişdə həkim olmadığından, nə qədər təəccüblü olsa da, nalbəndlər və dəlləklər çəkirlərmiş, özü də iri kəlbətinlərlə.
Elmi təbabət xalq təbabətini heç vaxt inkar etməyib. Amma bu o təbiblər olub ki, onlar əsl bilici və loğmanlar imiş. Amma nalbəndin iri kəlbətinlə diş çəkməsi doğru sayıla bilməz.
Mən də xalq təbəbətinə müsbət baxıram, amma bu, kor-koranə olmamalıdır, mütləq həkimin tövsiyəsi ilə olmalııdr.

  

Əsl həkim üçün təbabət yalnız sənət deyil 

Xalq təbabəti təbii bitkilər və onlardan hazırlanmış ekstrakt və ya məlhəmlərlə bu gün də müalicə edir.
Məsələn, "Herba Flora ” flora şirkəti artıq 20 ildir ki, elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verməklə bu ənənəni qoruyub yaşatmaqdadır. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir.

8. Məni Sizin haqqınızda yazmağa vadar edən eşitdiklərim və müşahidələrim oldu. Necə eşitmişdim. gördüklərimlə üst-üstə düşdü. Xidmət etdiyiniz ərazidə haqqınızda kifayət qədər nüfuz və rəğbət qazanmısınız. Biz də "Ana və Uşaq” jurnalı olaraq özümüzü uşaqlara həsr etmişik. Uşaqlara xidmət etmək nə deməkdir?

Təbii ki, bütün peşələr insanlığa xidmət edir, xalqa xidmət edir. Bu peşələrin hər birinin də xalqımızın sağlam və firavan həyatında öz yeri var. Mən atamın yolunu seçmişəm və bu sənətə bağlayan bir səbəb də budur. 20 ildən artıqdır ki, bu müəssisədə çalışıram. Mənimlə fəliyyət göstərən tibb bacısı Fəxriyyə Cəfərova isə 2006-cı ildən. Əslində, bizim poliklinikada işləyənlərin hamısı uzun müddətdir ki, burada fəaliyyət göstərir. Bu , sağlam kollektiv deməkdir. Belə kollektivdə işləmək də adamı məsuliyyətli edir, işinə, kollektivə bağlayır.
Uşaqlar xalqımızın gələcəyidir. Uşaqlarla işləmək , uşaqlara xidmət etmək gələcəyə xidmət etmək deməkdir.

Kamil həkim bunları dedikcə, görkəmli tibb alimi, akademik, A.F.Bilibinin məşhur fikirlərini xatırladım:
- Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır.
Əmin oldum, Kamil həkim: Həkimlik sizin üçün də yalnız sənət deyil, sizin həyatınızdır.
Məşhur bioloq alim, akademik K.İ.Skryabin demişdir: "İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir.”

Siz xoşbəxtsiniz….

Əsl həkim üçün təbabət yalnız sənət deyil

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz