» » “Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq xərclərini azaltmamalıdır - Müsahibə

“Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq xərclərini azaltmamalıdır - Müsahibə

 

"Azərsun Holdinq"in Marketinq üzrə bölmə rəisi

Vüsal Əhmədov ilə Facemark.az  əməkdaşının müsahibəsi:  


1. Heç kəsə sirr deyil ki, Azərbaycanın qida sektorunda "Azərsun” aparıcı yeri olan ən böyük şirkətlərdən biridir. Vüsal bəy, zəhmət olmasa, deyə bilərsinizmi ki, hazırki iqtisadi şəraitdə yerli və xarici bazarda rəqabət səviyyəsinini necə qiymətləndirirsiniz?

Çoxları rəqabəti hər hansı bir sahədə eyni məqsədi əldə etmək üçün ayrı-ayrı şəxslər və müəssisələr arasında mübarizə, çəkişmə kimi qəbul edir. Əslində də belədir. Amma biz kimsə ilə rəqabət aparmırıq. Bizim rəqabətimiz ölkəmizə, xalqımıza daha keyfiyyətli xidmət etmək üçün bir çox hədəflərə çatmaqdır: Çoxlu “Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq  xərclərini azaltmamalıdır - Müsahibə 
 “Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq  xərclərini azaltmamalıdır - Müsahibəsayda alıcı və satıcının olduğu bazarda, eləcə də xarici bazarda istehlakçı "Azərsun” mallarını seçəcəksə, bu, bizim rəqabət hədəfimizdir.
Şirkətimizin qurucusu Hörmətli Abdolbari Gözal və onun rəhbərliyi ilə "Azərsun Holdinq” komandası hazırki iqtisadi şəraitdə müəssisəmizin rəqabət səviyyəsini saxlamaqda və davam etdirməkdədir.

2. "Böhran" sözünü çinlilər şans anlayışı ilə eyniləşdirirlər. Başqa bir deyimlə böhran şirkətlər üçün həm də şans deməkdir. Sizcə, böhran dövründə ən effektiv kommunikasiya kanalları hansıdır?

"Böhran” sözü ərəbcədir. Həyatın bir çox sahələrinə (iqtisadi və siyasi böhran, sənaye və aqrar böhranı, hərbi böhran, mənəvi böhran və s. ) aid edilə bilinsə də, iqtisadi sahədə daha işləkdir: xırda istehsalatçıların iflasına, istehsalın vaxtaşırı azalmasına səbəb olan nisbi həddən artıq əmtəə istehsalı deməkdir.
"Böhran” sözünün çin dilində yazılışına fikir verin, o, iki heroqlifdən ibarətdir. Maraqlıdır ki, simvol olaraq bunların biri "təhlükə”, digəri isə "şans” mənasını ifadə edir. Deməli, istənilən böhran vəziyyətində təhlükə və imkan çox yanaşı addımlayır. İstehsalın, idarəetmənin dilini bilənlər belə təhlükələrə öncədən hazır olurlar, belələrinə böhran önəçıxmaq, möhkəmlənmək şansı yaradır.
Əsas məsələ, bu cür kritik şəraitdə nəinki inamlı olmaq, geri çəkilməmək, əksinə,
yeniliklər etmək və yaradıcı olmaq lazımdır. Çünki bazarın hansı şəraitdə olmasından asılı olmayaraq, əhalinin ehtiyaclarına istiqamətlənmiş məhsullara onların hər zaman ehtiyacı var. Həm də istənilən qida məhsulları biznesi böhran zamanı daha yaxşı olur.
Amma əgər əvvəllər insanlar bahalı və keyfiyyətli məhsullara qaçırdılarsa, böhran zamanı istehlakçıların prioriteti mahiyyətcə dəyişir, artıq belə şəraitdə onlar ilk növbədə ucuz məhsullara yönəlmiş olurlar. Ona görə də, profilini daha çox bahalı məhsullara ayıran ticarət şəbəkələri zərərlə üzləşiblər.
Amma uğurunu, hədəfini doğru müəyyən etmiş istehsal sahələri böhran vəziyyətində ən çox tələbat olan məhsullara yatırım edir və sadiq istehlakçılarının tələblərinə uyğun xırda dəyişkən addımlar atır. Məsələn, "Azərsun Holdinq”in məhsulları: süd, çörək, uşaq yeməkləri, yağ və s. belə qidalara daxildir. Bu məhsulların dəyəri nə qədər baha olsa da, insanlar onu almaqda davam edəcək.
Böhran vəziyyətlərində əsas iş biz marketoloqların çevikliyindən, peşəkarlığından çox şey asılıdır. Marketoloq, özünü itirməməli, bu situasiyadan öz şansları üçün yararlanmağı, komandasını arxasınca aparmağı bacarmalıdır. Marketoloq optimist olmalı, özündəki nikbinliyi komandanın bütün üzvlərinə ötürməyi bacarmalıdır.
O, yaranmış vəziyyətin hər tərəfini müşahidə etməlidir, yeni qoyduğu qiymət strategiyasını istehlakçısına aşılamağı bacarmalı və satıcıların da bunu belə bilmələrinə nail olmalıdır. Yoxsa satıcı müştəriyə yeni qiyməti deməyə, eləcə də təqdim etməyə çətinlik çəksə, çaşqınlıq nümayiş etdirsə, belə hal müştəridə haqlı şübhələr yaradar.
Müştərilərlə sıx əlaqələrin yaradılmalı, bu qiymətlər onlara verilməlidir. Vəziyyət elə anladılmalıdır ki, istehlakçı istehsalçı ilə eyni probleləmlə üz-üzə qaldığını yaxşıca dərk etsin. Narazı müştərilərə fərdi yanaşılmalı, ayrıca iş aparılmalıdır.
Bunlar hələ heç də hamısı deyildir. Böhran vaxtı daha inamlı addımlar atıb yeni satış kanallarının tapmağa səylər etməli, buna nail olmalı, satıcıları yeni satış kanalları ilə işləməyə hazırlamalıdır.

3. Şübhəsiz ki, bütün dünyada başlayan böhran şirkətlərin çox qismini büdcələrində qənaət etməyə məcbur etdi. İşçilərin ixtisarı, reklama 
ayrılan vəsaitin azaldılması gözümüzün önündə baş verdi. Amma biz "Azərsun”un timsalında başqa bir mənzərənin şahidi olduq. Şirkət məhsullarından biri olan Final yağları üzrə 3D formatında reklam çarxı hazırladı. Maraqlıdır, bu satışlarınızın artımına təsir göstərdimi? Effektivliyini necə ölçürsünüz?

Bu suala əvvəlki sualda qismən cavab verdim. Böhran vəziyyəti, digər forsmajor hallar, əslində, yeni bir şey deyidir. Bunlar həmişə olub və olacaq da. Məsələn, belə vəziyyətlərə hazır olmaq, müəssisənin belə vəziyyətlərə əsaslandırılmış strategiyalarının olmasıdır. Bəli, "Azərsun Holdinq” bu gün Azərbaycanın qida sektorunda öz yeri və töhvəsi olan şirkətdir. Şirkətimiz hər zaman yenilənir, istehsalata ən müasir texnologiyaları tətbiq edir, Azərbaycan naminə "Azərsun Holdinq” brendini uğurla irəli aparır.
"Azərsun Holdinq” 1991-ci ildən fəaliyyət göstərir və şirkətimizin uğurlarının bir mənbəyi də kollektivimizin birliyi ilə bağlıdır. Bizdə heç kimi ixtisar edilmək, işdən azad olunmaq fobiyası üzləşmir. Əksinə, "Azərsun Holdinq” hər zaman işçilərinin ixtisasartımı, yeni ixtisaslara, peşə bacarıqlarına yiyələnmə qayğısına qalır.
Bəli, neçə müddətdir ki, "Final” yağlarının qablaşdırılması yenilənib. Bu, məhz müasir bazarın tələblərinə uyğun olaraq "Azərsun” məhsullarını öz müştərilərimiz üçün daha cəlbedici formada qablaşdırılması borcundan yarandı.
Bu məqsədlə Azərbaycanda ilk dəfə çəkilmiş 3D formatlı reklam filmi meydana çıxdı. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunmaqla "Azərsun” müştərilərinə daha bir addım da yaxınlaşdıq.
Bildiyiniz kimi, üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı "Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib. Qeyd edək ki, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Final” ölkəmizin ilk milli qida markasıdır və artıq 27 ildir ki, satışı həyata keçirilir. Marka indi "yeni qabda, eyni dadda” təqdim olunur.
Satışlarımızda artım olub olmadığı, effektivliyin necə ölçülməsi sualınıza geri dönərsək isə, qeyd etmək istəyirəm ki, bildiyiniz kimi hər bir marketinq fəaliyyətinin son etapında şirkətin qazanc əldə etməsi durur.
Ancaq bu hər zaman marketinq fəaliyyətinin qazanc əldə etməsi ilə nəticələnmir. Belə ki, layihə başlamadan öncə bu layihə sonunda əldə ediləcəklər öncədən düşünülmüş və qərarlaşdırılmış olur.
Bəzən bu qərarlarda marka və məhsulun satışlarının artırılması, bazar payının böyüdülməsi kimi qərarlar olsa da, bu hər zaman belə olmur. "Final” markasının 2017-ci ilə olan bir çox faəliyyətində və xüsusən də bu layihəsində də biz bu nüansları diqqətə almamış, sırf markanın sadiq istehlakçısı ilə arasında olan illərdir sürən sədaqət bağlarının gücləndirilməsinə bir töhvə vermək planlaşdırmış və həyata keçirmişik.
Qısası, biz bu kimi layihələr ilə böhran dövründə maddi qazanc əldə etməyi deyil, istehlakçılarımızın sədaqətini möhkəmləndirməyi, etimad qazanmağı üstün tutduq və tutmaqda davam da edəcəyik.

“Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq  xərclərini azaltmamalıdır - Müsahibə

4. Azərbaycanlı müştərilərin bir qismi yeniliyə qarşı həssasdılar. Bəs müştərilər "Final" yağları üzrə yeni qablaşdırmanı necə qarşıladılar?

Çox doğru buyurursunuz, 100 faiz rafinə, vinterizə və dezoderə olunmuş "Final” qarğıdalı yağı yüksək texnologiya və ixtisaslı mütəxəssislərin nəzarəti altında istehsal olunur.
Tərkibində "E" qruplu vitaminlər olan "Final” qarğıdalı yağı, təbii ki, mətbəxlərimizin sultanıdır və Azərbaycan xanımları tərəfindən yenə rəğbətlə qarşılanmaqdadır.
Araşdırmalarımızda bunu göstərir ki, illərdir Azərbaycan bazarında, əsasən də duru yağ markası kimi tanınan "Final” hər bir ailənin sevimlisi olmuş, hətta, demək olar ki, "ailənin üzvü" kimi qəbul olunmağa başlamışdır. Rəqabətcil bazarda isə ən önəmli faktorlardan biri isə fərqlənməkdir.
Bunun üçün biz layihənin ilk addımında "Final” markasının qablaşdırılmasını dəyişdik. Təbiidir ki, dəyişiklik hər zaman bir mənalı qarşılanmamaqdadır.
Biz isə bu fərqlənməni həm də marka-məhsulumuzu inkişaf etdirmək, gələcəyə daşımaq kimi gördüyümüz üçün yeni qablaşdırma haqqında mütəmadi olaraq istehlakçılarımızdan məlumatlar almağa davam edirik.
Yuxarıda da qeyd etdiyim kimi, "Final” ailənin üzvü kimi göründüyündən istehlakçılar da "Final”ı özlərinə doğma bildikləri üçün bu inkişaf prosesində haqlı olaraq yaxından iştirak edir, öz fikirlərin bizə bildirməkdədirlər. Bu səbələ sizin vasitənizlə də bir daha onlara "Final” markası adından minnətdarlığımı bildirirəm.

5. Sizin hədəf auditoriyanız xanımlardır, xanımlarla işləmək çətindirmi? Hansı xüsusiyyətləri sizə istiqamət verir?

Sualı iki mənada başa düşmək olar yəni, "Azərsun Holdinq"in xanım əməkdaşlarının uğurlarımızdakı yeri kimi də düşünülə bilər, bütün xanımlarımız üçün mətbəxdə gərəklililik keyfiyyəti kimi də. Hansı olursa-olsun, fərq etməz: yəni qida qayğılarımız, istər özümüzün, istərsə də övladlarımızın bəslənməsi bizim məhsulların keyfiyyəti ilə zəmanət, etibar qazanırsa, bu, həm də bizim fəaliyyətimizə məsuliyyət və zəmanətdir. Bu mənada, qadınların qayğıları üçün işləmək uğurlarımız üçün məsuliyyət deməkdir.

6. 3D formatında reklam çarxını hansı şirkət ərsəyə gətirib? Yerli yoxsa xarici? Sizcə, yerli və xarici şirkətlərin hazırladıqları reklam çarxlarında keyfiyyət baxımından fərqlər çoxmudur?

3D model – fəzanın istənilən nöqtəsindən obyektin görünməsinə imkan verən və eskizlərinə, şəkil və ya cizgilərinə uyğun yerinə yetirilmiş obyektin üçölçülü modelidir. Belə modelə işıqlanma, əksetmə, kölgələnmə və s. effektləri tətbiq etmək mümkündür. Bu cür nümayişlər, əlbəttə ki, xarici şirkətlərə məxsusdur.
Ancaq biz bu reklam filmini həm, xarici həm də yerli şirkətlə birlikdə ərsəyə gətirdik. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunub. Üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı "Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib.
Yerli və ya xarici şirkətlərin hazırladığı reklam çarxlarının keyfiyyətini bu şəkildə müqayisə etmək yanaşmasını heç zaman doğru görmürəm. Reklam çəkilməsi özlüyündə çox zaman alan, həm də çox məsuliyyətli bir prosesdir. Reklam sırf bazarda digər rəqib şirkət və ya markalardan geri qalmamaq adına bir boşluğu doldurmaq kimi görünərsə, burada keyfiyyətdən söz etmək doğru olmaz.
İstərsə bunu "Hollywood" filmlərinin çəkilişlərini edən bir şirkət etsin, nəticə ürəkaçan olmayacaqdır. Təəssüflər olsun ki, reallıqda Azərbaycanda sırf , qeyd etdiyimiz kimi, ehtiyacsızlıqdan doğan ehtiyac kimi reklam çəkilişi edən şirkətlər var. Burda isə mən yerli reklam şirkətlərini qınamıram. Belə ki, reklam ehtiyacı niyə yaranıb, nədən yaranıb, nəyə xidmət edəcək, kimə xitab edəcək, hədəfi nə olacaq və bu kimi sualların cavabını ilk olaraq marketinq mütəxəssisi özü dərk etməli və özlüyündə cavablandırmalıdır.
Bu cavablar əsasında, həqiqətən də, reklama ehtiyac varsa, o zaman "brief” dediyimiz ehtiyaclar toplusunu hazırlayaraq reklam agentlikləri ilə görüşlər təyin etməlidir. Ehtiyac düzgün olarsa, mən əminəm və şahidi də olmuşam ki, xarici şirkətlərin çəkdiyi reklam filmlərindən geri qalmayan reklam filmi çəkən çox gözəl yerli şirkətlərimiz var.
Hər zaman ilklərə imza atan "Azərsun Holdinq”in köklü markası olan "Final” markasına Azərbaycanın ilk 3D reklam filminin çəkilməsi layihəsinin rəhbəri olaraq Azərbaycan Marketinq tarixinə bir tövhə verə bilmənin xoş təəssüratları içində olduğumu da vurğulamalıyam.

7. Vüsal bəy sirr deyil ki, bu gün belə rekalama pul xərcləmək istəməyən şirkətlər var. Həmin şirkətlərə məsləhətiniz nə ola bilər?

Bəli, belə hallar təsadüf olunandır, var. Çox vaxt olur ki, iqtisadi böhran vəziyyətində şirkətlərin əksəriyyəti reklam və marketinq xərclərinin azaldır. Əlbəttə ki, doğru deyil. Çünki insanlar üçün böhranın olub-olmadığı vacib deyil, amma reklama heç zaman laqeyd qala bilməz. Məsələn, endirimlər və kampaniyalar müştəriləri mağazaya cəlb etməyin ən ideal yoludur. Odur ki, reklam hər zaman aktualdır, vacibdir.
Reklam, televiziya, qəzet, radio, billboard və s. vasitələrlə tanıdıla bilər. Belə reklam üsulu istehlakçılara mal məhsul və xidmətlər və bunların istifadəsi haqqında məhsulların haradan, necə, hansı qiymətlərə alına biləcəyi haqqında məlumat verir, istehlakçılara doğru mal və məhsulu almaları üçün yol göstərir.
Ancaq sırf reklam çəkilişi isə yuxarıda qeyd etmiş olduğum kimi düzgün hədəflər və düzgün suallara cavab sonrasında başlanması gərəkli bir prosesdir. Bunun üçün səbrli olmaq, düzgün şəraiti seçmək və necə deyərlər, "nöqtə atışı" etmək lazımdır.
Reklam olmadan bazara girmək və rəqabətcil bazarda ayaqda durmaq çətin ki, uğur gətirə bilsin. Reklam kanallarını doğru seçmək, plana uyğun şəkildə davamlı olaraq həyata keçirmək və bunun effektivliyini rəhbərliyə doğru, məntliqli və tutarlı səbəblərlə inandırmaq lazımdır.
"`360⁰ marketinq” anlayışı deyilən bir deyim var. Bura marketinqin ağlımıza gələbiləcək bütün yönləri daxildir. Bunu hər ilin sonunda doğru analiz etmək və bir sonrakı ilə doğru planlamaq lazımdır. Əminəm ki, bunu edəcək hər bir şirkət markalarının nə dərəcədə dəyərli olduğunu il sonu satışlarında hiss edəcəkdir.
Məsləhətim isə budur ki, hər bir şirkət məhsullarını satmaqdan daha çox markasına zəmanət qazandırmağı özünə prioritet götürməlidir. Bunun üçün reklam etməyə onu tanıtmaqdan başlamalıdır.

8. Bir az da şirkətin gələcək planlarından danışardınız?

Bunu sirr olaraq saxlayaq. Oxucularınıza gələcək planlarla bağlı qısaca bunu demək istərdim ki, müasir dövrdə yeniliklərə hər zaman öncülük edən "Azərsun Holdinq” bu yenilikləri ən müasir şəkildə məhsul və xidmətlərinə tətbiq etməklə yanaşı, başlıca missiylarından olan "Etibarlı və nümunəvi beynəlxalq ticari məhsullar və xidmətlər təqdim etmək, cəmiyyətə verdiyimiz faydanı davamlı artırmaq və fəaliyyətlərimizdə ətraf mühitin qorunmasını ön planda tutmaq” missiyalarını da qoruyub saxlamaqdadır.
Amma oxucularınıza bir sirr vermək istərdim. "Final” markasının Azərbaycanda yeni bir ilkə imza atmasına sayılı günlər qalıb. Əminəm ki, bu yenilik həm Azərbaycan, həm "Azərsun Holdinq” və həmdə "Final” markasına sizlərin sayəsində çox dəyər qatacaqdır.

Müsahibə üçün Sizə təşəkkür edirəm.

“Azərsun” rəsmisi: ŞIirkətlər reklam və marketinq  xərclərini azaltmamalıdır - Müsahibə

Ülviyyə Əlizadə

Mənbə:http://m.facemark.az/mobile/news/azersun-resmisi-sirketler-reklam-ve-marketinq-xerclerini-azaltmamalidir-musahibe

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz