» » Müsahibə: "Sədaqətini itirən mənliyini də itirər".

Müsahibə: "Sədaqətini itirən mənliyini də itirər".

Bugünkü müsahibim saytımızın elmi redaktoru Esmira xanımdır. Esmira xanım saytımız üçün, müəyyən mənada yeni istifadəçi olsa da, elə bil ki, Ana və uşaq.az ailəsi üçün yol gəlirmiş. Çox qısa vaxtda hamıyla qaynayıb-qarışdı, qollarını çırmalayıb işə qoşuldu... Hamıyla, hər kəslə ünsiyyət qurmağa, kömək etməyə can atdı. Belə elmi redaktoru sevməmək olarmı? Müsahibəyə hazırlaşarkən də Esmira xanıma fərqli yanaşmağa çalışdım. Axı bilirdim ki, fərqli cavablar eşidəcəyəm... o ki elmi redaktordur, filoloqdur, söz xiridarıdır.. bir az da məsuliyyətlə yanaşdım. Çox maraqlı bir müsahibə alındı. Buyurun, tanış olun:

1. "Oxuya bilsəniz, hər insan bir kitabdır". Esmira xanım bir kitab olsaydı, oxucuları çox olardımı?

- Mənim üçün oxucuların sayı deyil, oxucunun bədii zövqü daha vacibdir.

2. Xoşbəxtlik nədir sizin üçün?

- Məncə, xoşbəxtlik nisbi anlayışdır və anla olur. Utopik cəmiyyətdə yaşamadığımız və həyatın hər üzü ilə rastlaşdığımız üçün müəyyən zamanlarda xoşbəxtlik hisslərini yaşayırıq. Xoşbəxtlik istər ailədə, istərsə də cəmiyyətdə bir-birini anlamaq üzərində qurulur. Xoşbəxtlik, məncə, başqası üçün yaşaya bilməkdir...

3. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın...Sussan, ağrıdar...Danışsan, qanadar... Oldumu sizdə belə bir hal?

- Bu məqamda Z. Yaqubun sözləri yadıma düşdü:
Dilimin ucunda bir söz göynəyir,
Desəm öldürəllər,deməsəm ölləm!
Hər iki halda nəticə eyni olduğu üçün sözlərimi dediyim məqamlar çox oldu.
Ümumiyyətlə, söz insan üçün əvəzolunmaz "silahdır”, yerində və vaxtında deyiləndə qılıncdan kəsərli olur. Bu silah həm dağıdır, həm qurur, həm də tərbiyə edir. Mən çalışıram, sözümü elə deyim ki, mənə "sus” deməsinlər.

4. Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz... Çox baxmadınız ki, gedənin arxasınca?

- Elə gedənlər olur ki, onların yerini gələnlər heç vaxt tuta bilməz. Hələ də yolunu gözlədiyim, yoxluğu ilə barışa bilmədiyim, barışmayacağım Atam getdi...əllərim arxasınca uzanılı qaldı...gözlərim getdiyi yoldan heç vaxt çəkilməyəcək. Harda itkisinin amansızlığını hiss edib, göz yaşlarını ürəyinə axıtmaqdan başqa gücü heç nəyə çatmayan bir qızcığaz görsəniz... harda ata haraylayan dil, göz görsəniz, harda əlləri atasına doğru uzanılı əllər görsəniz...o mənəm... Atalı günlərin həsrətindəyəm...Atalar ölməyəydi kaş...

5. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə "mən yazdım" deyərdiniz?

- Bu ömrü bizə Tanrı bəxş edib. Allahın yazdığı ömrü ağılla yaşamağa çalışıram.

6. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi...! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?

- Bu cəhətdən həyat mənim üçün çox gözəldir… Sevgi məsuliyyətdir. O həm qayğı, həm borc, həm qorumaq, həm qurub-yaratmaq, həm vəfa, sədaqətdir. Sədaqətini itirən mənliyini də itirər.

7. İstədiyiniz kimi görünürsünüz?

- Olduğum kimi görünürəm.

8. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər... Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?

- Bəli. Həmçinin çalışıram ki, açanda da qəlbimi düz "açsın” həmin açar…

9. Mən heç vaxt gələcək haqda düşünmürəm. O, kifayət qədər tez gəlib çıxır...Çox düşünürsünüzmü gələcək haqqında?

- Əvvəllər gələcək haqqında çox düşünürdüm, artıq gələcək haqqında düşünmürəm...

10. "Kaş ki tanımasaydım" dediyim heç kim olmadı. "Kaş ki məni tanımasına icazə versəydim" dediklərim oldu... Sizdə necə oldu bəs?

- İndiyə qədər qarşıma çıxan insanlar haqqında belə düşüncələrim olmayıb.

11.Özünüzə güvənirsiz?

- Əlbəttə. Bunun üçün əsaslı səbəblərim olduğunu düşünürəm.
Bu, əsla özündən razılıq əlaməti deyil. Çünki məndə güclü özünütənqid xüsusiyyəti var. Öz səhvlərimi dərk etmək iqtidarındayam.

12. Başqalarına qarşı zəfər qazanan qüvvətlidir, öz nəfsinə qarşı zəfər qazanan isə qüdrətlidir... Razısınızmı bu fikirlə?

- Məncə, ən böyük qələbə nəfs üzərində qazanılandır. Çünki nəfs insan əxlaqını poza bilən başlıca səbəbdir. Nəfsinə hakimlik edə bilən hər kəs özünü düzgün tərbiyə edə bilər.

13. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?

- Tanış misralar:
"Yalnızlıq insana çox şey öyrədirmiş,
Sən getmə və izin ver, mən cahil qalım." (N. Hikmət)
Ona görə ki, yalnız qalanda daxili "mən”inlə, vicdanınla baş-başa qalırsan, öz "məhkəməni” qurub ədalətli qərar qəbul edirsən.

14. Hər şeyi bildiyini sanma! Gerçəkdə çox məlumatlı olsan da, özünə cahiləm deyə biləcək cəsarətin olmalı... Bu cəsarət varmi sizdə?

- Bəli. Əlbəttə, bilmədiklərim daha çoxdur. Buna görə də hər gün yeni bir şey öyrənməyə çalışıram. Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: "Beşikdən qəbir evinə qədər öyrənin".

15. Həyat insanın iradəsini müxtəlif üsullarla yoxlayır: ya tamamilə heç nə baş vermir, ya da hər şey birdən baş verir... Həyatınızda nə baş verdi?

- Bir kitabda oxuduğum fikir yadıma düşdü və bunu öz həyatıma da şamil edə bilərəm : Həyatım bir karvana bənzəyir, əvvəlcə səslər eşidilir, sonra karvan özü görünür, ötüb keçir, daha sonra zənglərin səsi eşidilməkdə davam edir...

16. Vaxt bütün qapıları səbirli insanların üzünə açır... Səbirli insansız?

- Səbirli olmağa çalışıram, desəm, daha doğru olar. Çünki, bilirəm ki, əldə edəcəyim nailiyyətin əsasında məhz səbir durur.

17. Moda sizə yaraşandır, ya...?

- Bəli, mənimçün moda məhz mənə yaraşandır. Dəblə ayaqlaşsam da, əsasən, öz geyim tərzimə uyğun seçimlər edirəm.

18. Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır... Razısınızmı bu fikir ilə?

- Məncə, hər ikisi eyni ölçüdə olsa, daha mükəmməl olar. Sevgi olmayan yerdə anlayış da olmaz. Mən həmişə vurğulayıram ki, ailədə əsas şərt bir-birini anlamaq və güzəştə getməkdir.

19. Bəzən deyirlər ki, insanlar çox sevdiyi şəxslərə acı həqiqəti deyə bilmir…Bəs siz deyə bilirsiniz?

- Əgər həmin adama şirin yalan söyləsəm, ona daha çox pislik etmiş olacağımı düşünürəm. Həqiqət nə qədər acı olsa da, dərk edildikdə şirinləşir.Həqiqətlə yalanın bir oxşarlığı var: heç birini sandıqda gizlətmək olmaz. Həqiqəti çox adam bilə bilir, amma hamı dilinə gətirmir. Acı da olsa bunu dilə gətirmək, əslində qarşımdakı insana verdiyim dəyərdir, məncə.

20. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər...Siz hansı ilə razısız?

- Məncə, pul xoşbəxtlik gətirmir. Atalarımız əbəs yerə deməyib ki, "Neynirəm, qızıl teşti, … "

21. Uşaqlıq illəri yaddaşınıza necə həkk olunub?

- Uşaqlığım valideynlərim sayəsində çox maraqlı və mənalı keçib. Hərdən mən uşaqlıq illərimdən danışanda yoldaşım mənə həsəd aparır.

22. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır...Belə dostunuz varmı həyatda?

- Bəli, şükür Allaha, mənim dostlarım sınaqdan keçmiş insanlardır. Amma ən yaxın dostum ailəmdir.

23. Gülüş insanı cavanlaşdırır...Başınıza gələn,hələ də yadınıza düşəndə gülümsədiyiniz bir hadisə...

- Həyatımda belə hadisələr çox olub. Çox vaxtınızı almayım, birini deyim: Mənim bacım məndən 2 yaş balaca olsa da, hamı bizi əkiz sanırdı. Mənə elçi gələndə yoldaşım da bacımla məni səhv salıb gülü ona vermişdi, heç bunun fərqində də olmamışdı. Sonradan mən otağa daxil olanda səhv saldığını anlamışdı.

24. Deyirlər ki, ailə qurduqdan sonra sevgi azalır və yaşlandıqca məhv olur...sizə görə bu doğrudur ya...?

- Mən hələ o qədər yaşa dolmamışam. Bunu zaman göstərəcək. Amma hələ ki bu fikirlə razı deyiləm. Ona görə ki, əvvəlcə təkcə sənin "yarın” olduğu üçün həmin şəxsə yaranan sevgin sonralar həyat yoldaşın, övladının atası olduğu üçün bir qədər də artır.

25. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz?

- İnadkarlıq…

"Ana və uşaq" ailəsinə arzu və istəkləriniz...

- Səmimi, ziyalı, zəngin dünyagörüşünə malik insanların üzv olduğu mehriban, qədirbilən "Ana və uşaq” ailəsinə həmişə irəlidə olmağı və bu keyfiyyətlərini qoruyub saxlamağı arzu edirəm. Nə xoş ki, siz tanıdım, əziz "Ana və uşaq”lılar.
Sevinc M, sənə də sonsuz səbir nümunəsi nümayiş etdirib məndən müsahibə aldığın üçün sonsuz təşəkkürümü bildirirəm… Bu lalələr də sənin...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz