» » Gülü öz bağçanızdan dərin

Gülü öz bağçanızdan dərin

Gülü öz bağçanızdan dərin

Atalar misalı var: "Ərlə arvadın torpağı bir yerdən götürülüb." Kimi bu misalı qəbul edir, kimi də deyir ki, atalar belə misal deməz. Özümə qalırsa, mən qəbul edirəm ki, atalarımız bu misalı deyə bilər. Təbii ki, atalar bunu dava-şalaşlı, problemli ailə üçün deməyib. Belə ailələr üçün başqa cürə hikmət söyləyiblər. Amma bu misalları söyləyən ərənlərimizin vaxtında sevgi, ailə, həyat yoldaşı olmaq dövrümüzdəkindən qat-qat üstün olub. Hansı ailədə oğul evləndirəcəkdilər, qız köçürəcəkdilər, nəinki o oğlan və yaxud o qız, hətta onların ailələri də qəbul edirdilər ki, oğlu kişi kimi belə olmalıdır, qızları da ər evinə köçən gündən özünü qadınlıq həyatına hazırlamalıdır. Əl-ələ, baş-başa verib, ocaqlarını isidirdilər. O ailələrdə olsun ki, küsmək, incimək olurdu. Amma ata evinə qayıtmaq, boşanmaq, 2-ci, 3-cü kişiyə getmək və s. kimi naqisliklər ola bilməzdi. Qız ata evindən çıxanda arxasınca qara daş atırdılar. Az qala bu adəti də topa tuturlar ki, atalarımız köhnəfikirli olub. Amma əslində bu qız köçürən ata-ananın ciddi tapşırması idi: bu evə bir də meyitin qayıda bilər. Amma indi bunun da çarəsi var: ata evinə qayıtmaz, gedib hansı bir şəhərdəsə sərbəst həyatını yaşayar.
Qonşumuzda bir kasıb kişi yaşayardı. Ata-babadan qalma evdə yaşayardı. Min bir əziyyətlə özü, arvadı palçıqdan kərpic kəsib ev tikmişdilər, onu da tam qurtarmamışdılar. Kişi evə çıxanda pilləkəndən yıxılmışdı, qonşu arvadlar da eşidib arvadına təsəlli verməyə gediblərmiş. Anam deyirdi ki, (üstündən 40 ildən çox vaxt keçib, amma mən dünən olmuş kimi xatırlayıram) arvadı dil deyib ağlayırdı: ay Cəlil, mən sənin bu gününə də qailəm, ölmə. Bax, belə ər-arvadın torpağı bir yerdən götürülüb. Ailə həyatına necə başlayıblar, sonadək sədaqətli olardılar, bir-birlərinin qarşısına şərt qoymazdılar. Sonra zaman dəyişdi, insanlar dəyişdi. İndi vay o gündən ki, arvad kişidən çox pul qazansın, vay o gündən ki, kişi işləməsin, ailəni güc-bəla dolandırsın. Məni qınamayın, elələri də var ki, bu vəziyyəti rahatlıqla bəhanə edir, kişini bir əl-bir təpə qoyub yarıda yolunu ayırır. Bunlara, əlbəttə ki, deməzlər ki, torpaqları bir yerdən götürülüb.
əvvəllər , adətən, hər kəs öz kəndindən, çox nadir halda qonşu kənddən evlənə bilərdi. indi vəziyyət tamam başqadır, hətta acıqlandırarsan, qız fələstinliyə gedər, oğul da qara gəlin alar. Bunların da torpaqları heç vaxt bir yerdən ola bilməz. Çünki fərqli-fərqli mühitlərdir, özləri də fərqli-fərqli baxışa sahibdirlər.
Qarışıq nikahla ailə quran gənclərimiz təki belə problemlərlə qarşılaşmasınlar, xoşbəxt olsunlar. Fəqət, əcnəbilərlə qurulan ailələrin boşanma statistikası narahatlıq doğurmaya bilməz. Bu mənada, bu da mənim arzumdur: çalışın, gülü öz bağçanızdan dərin...

Gülü öz bağçanızdan dərin

Sevgini ailə qurandan sonra başlayın. Ailə sədətinizə sahib çıxın. Qarşınıza çıxan çətinliyə təslim olmayın, onu birlikdə aradan qaldırın.
Əgər "kişi belə etdi", "qadın belə etdi" deyəcəyiksə, hər zaman qarşınıza problem çıxacaqdır. M.Yaqub demişkən:

Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim...

Onda birləşin, buraxdığınız səhvi də birlikdə düzəldin. Unutmayın ki, ailənin davamlılığı hər iki tərəfdən asılıdır. Yaşananlar göstərir ki, indiki inamsızlığın başlıca səbəblərdən biri kənar təsirlər və kişilərin maddi çəhətdən imkansız olması ilə bağlıdır. Ər ailəni dolandırmağa çətinlik çəkir...Ailə mədəni-sosial həyatdan tamamilə uzaq düşüb. Gecə- güdüz çalışırlar ki, bir tikə çörək qazansınlar. Sevgi duyğuları getdikcə öləziməyə başlayır. Amma kimlərsə bu biçarələr qədər zəhmət çəkmədiyi halda, şən və qayğısız yaşayırlar. Ehtiyac mənhus caynaqlarını bu ailənin səadətinə uzada bilir. Bax, sevginin əzəməti belə məqamlarda üzə çıxır. Elə bilirəm ki, sevgisi sağlam arzulardan qaynaqlanan, təmiz hislərdən maya tutan eşqlər bu cür vəziyyətlərdə heç bir çətinliyə təslim olmur, əyilmir, sınmır.

Gülü öz bağçanızdan dərin

Əsl sevgi varsa, bu problemləri həll etmək olar deyənləri başa düşürəm..Mən də bunu arzulamışam ki, qarşılıqlı əmək, mübarizə yolu ilə hər kəs öz səadətini qura bilsin. Həyatımızda nə qədər çətinliklər olsa da, hər kəs öz səadətini hər şeyə rəğmən xoş günlərə aparmağa qadir olmalıdır. Bu, yenə deyirəm, qadın və kişinin sevgilərinə sahib çıxa bilməsindən asılıdır.
Heç vaxt bərabərlik haqqında düşünməyin. Bərabərlik olan kimi, nəmin andan da   inkar  başlayır. Fərqi yoxdur: çalışın ki, ya sən onu, yaxud da o , səni bir az çox istəsin. Belədə sevgi daha şirin ola bilər. Elə bilməyin ki, dünyanın zərif məxluqlarına qarşı çevrilmişəm. Yox, mən bunu əksər yazılarımda demişəm, yenə də deyirəm: hüzurunda boyun bükdüyüm  Anam var. Bacılarım var, qız  nəvələrim var.   Dünya, həyat qadınlarımızın əlindədir. Bütün bunlarla yanaşı, mən həyat formulunu tamam başqa cür fikirləşirəm. Həyatda kişinin - ərin üstün rolunu qəbul edərək, daha çox sevgi qazana bilərsiniz. Əgər belə deyilsə, dəyişsin onda qadın, kişi adı...Onda qoy ümumi bir ad fikirləşsinlər, ikisinə də elə bu eyni adla müraciət etsinlər. Niyə qəbul etmirsiniz ki, ideal sevgi yoxdur.. Olmamalıdır da. Olsa, sonra necə yaşamaq olar axı...5 gündən, 5 ay sonra nə umacaqsınız...nə gözləyəcəksiniz... Doymamaq daha yaxşı..arzu etmək daha yaxşı..əli uzanılı qalmaq daha yaxşı...gözü həsrət çəkmək daha yaxşı..Göydən 3 alma düşməsin.. Qoy...gözləyə-gözləyə qalaq…
                                                      

Gülü öz bağçanızdan dərin 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz