» » Yaman çoxalıb saxta ürəklər (III yazı )

Yaman çoxalıb saxta ürəklər (III yazı )

 

Yaman çoxalıb saxta ürəklər (III yazı )

 

Böyük islam alimi Əbdülqadir Gilani ürəyi obrazlı olaraq könülləri valeh edən gülzara bənzədir: "Hər ürək öz içindəki çiçəyin qoxusunu verir". Bu cür ürək sahibini hər zaman sevgiyə bağlayır, mərhəmətli edir, həssas edir. Bu cür ürək özüylə bərabər ünsiyyətə girdiyi, ülfət bağladığı digər ürəklərə də bahar nəsimi, çiçək ətri gətirir.
Bütün ürəklər belə olsaydı, bütün kainatı sevgi, şəfqət, qarşılıqlı etimad bürüyərdi, həyat çox mənalı olardı.
Amma neyləyəsən ki, ətdən yaransa da, ət olmayan ürəklər də var. İnsana sevgi, təbəssüm, səadət bəxş etməliykən, "yüz ilin dərdiylə yükləyən” ürəklər də var. Pis deməyə adam çətinlik çəkir. Fəqət, bu da gerçəklikdir. Xoş halına o insanın ki, onun ürəyi öz qapılarını gözəlliyə açıb. Xoş halına o insanın ki, onun ürəyində hər zaman böyük fikirlər doğulur. Əgər ürək pakdırsa, müqəddəsdirsə, onun üçün heç nə kiçik deyil. O, sevginin işığında hər şeyi böyüdür.
Deyirlər ki, Allah, sadəcə, boş qəlbi verir. Qaldı onu doldurmaq, bu isə insanın özünə qalır. Kim ürəyini necə dolduracaqsa, həyatdakı, eləcə də insanların gözündəki yeri elə olacaqdır.
Ürək də eynən coşqun dənizlər kimidir: ləpələri də var, coşğun dalğaları da. Amma baş vura bilsən, dərinlilkərində incilər var. Nə yaxşı ki, belə deyən gənclərimiz var, onlar bu dənizin qəvvasları olmağı bilsələr, dənizin dərinliklərindən çıxaracaqları dürr, gövhər də "sevgi, sədaqət, vəfa, xoşbəxtlik " olar.
Yəqin hamınız eşitmisiniz, sevgili insanlar bir-birinə "ürəyimsən” deyir: əgər bu ürəyin içi əlinə, nəfsinə keçmiş qara-qura nələrlə dolu olsa idi, deyərdimi?
Müasir gənclər bəzən bir-birlərinə müraciət formasında "ürəksən” kimi də deyir. Bu, "ürəyimsən” müraciətinə yaxın olsa da, bir az fərqli çaları da ifadə edir. "Ürəyimsən” deyəndə "sən mənim özümsən, həyatımsan, canımsan”; "ürəksən” deyəndə yəni sevdiyinin yüksək hissiyyatlı, həssas olduğuna işarə edir.
Bəxtiyar Vahabzadənin düşündürən bir gözəl şeirinə də  ( "Bir ürəkdə dörd fəsil ") diqqət edək :

Hər gecə danışır radio havadan: 
"Sabah az buludlu, biri gün yağış... 
" İqlimin sirrini bu qadir insan,
Gör necə öyrənmiş, gör necə açmış... 

Sabahkı havanı bilirik bu gün,
Ey insan, bununla demərəm öyün... 

Minbir havasını yerin, dənizin 
Əvvəldən bilirik çox zaman, şəksiz. 
Bəs niyə bilmirik öz qəlbimizin 
Bir andan sonrakı havasını biz?.. 

Dörd fəsil yaşayır bir ildə torpaq 
Qış, qış kimi gəlir, bahar bahartək. 
Bir saat içində bəs nədən ancaq 
Dörd fəsil yaşayır bəzən bir ürək?

Sabahkı havanı bilirik bu gün.
Ey insan, bununla demərəm öyün...

Yaman çoxalıb saxta ürəklər (III yazı )

Şairin idealı , doğrudan da, düşündürücüdür və sanki Nizami Gəncəvinin "Yeddi gözəl" əsərindəki idealla birləşir:

İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən zirək.

Bu bəndi də Bəxtiyar Vahabzadə yazıb:

Bilək bu dünyada dünya yaradan,
Ömürlər dünyanı niyə tərk edir?
Göyləri, yerləri dərk edən insan,
Bəs niyə özünü çətin dərk edir?

Sonuncu iki misrada şair insanı özünü dətk etməyə çağırır: hava haqqında sinoptiklər, ölkənin milli hidrometrologiya xidmətləri proqnoz verə bilər. Amma ürəklərin sirrini, ürəklərin istəyini elə ürəklərdən qeyri kimsə nə təyin edə bilər, nə də əlac.
Odur ki, insan göyləri, yerlər öyrəndiyi kimi, özünü də öyrənməli, ürəyini, həyat yolunu hər zaman gözəl duyğularla zənginləşdirməlidir. Bunun üçün isə insan qəlbinə cəm etdiyi hisləri gözlərin deyil, ağılın, düşüncənin süzgəcindən keçirib qəbul etməlidir. Çünki gözlər yanıla bilər. Gözlər nəfsə sahib ola bilməyəndə insanın başına bəlalar da gətirə bilər. Amma əsl insan ürəyi cəzdirən vücud həm özü mənalı yaşayır, həm də ondan kimsəyə xətər toxunmur.

 

Yaman çoxalıb saxta ürəklər (III yazı ) 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz