» » Dünyanın o qədər təzadları var ki

Dünyanın o qədər təzadları var ki

Dünyanın o qədər təzadları var ki

 

Həyatın hər anı heç bir dəyər ölçüsü ilə dəyərləndirilə bilməyəcək qədər qiymətlidir. Onu belə əvəzsiz edən bütün dad, duyğu və hiss üzvlərimizə hiss edə, dada bildiyimiz şirinliyidir. Bəzən bu şirinliyin içində özümüz də olmuşuq və oluruq da: dünyaya gəlişimiz bir vaxt ata-analarımıza şirinlik bəxş etməyibmi? İlk dəfə diş çıxaranda, ayaq açanda, məktəbə gedəndə onları nə qədər sevindirmişik…Və gəlib o vədəyə yetişmişik ki, valideynlərimizə, əmilərimizə, xalalarımıza, bibilərimizə verdiyimiz bu həyat nəşəsini indi özümüz alırıq: övladlarımızla, nəvələrimizlə. Allah hamıya ürəkdolusu qismət etsin bu nəşəni.
İnsan həyatını unudulmaz, şirin edən, şirini tamamlayan, daha mükəmməl edən şərt təkcə övladın, nəvənin olması deyil ki? Gərək ürəyincə böyüdə biləsən övladlarını. Gərək övladların sənin arzuladığın kimi yaşaya, oxuya, karyera qura. Belə olmayanda sarsılır adam, yaşadıqları, indiyə kimi daddığı şirinliklər də mənasını itirir. Böyük Nizaminin fikrincə, insan şərəfli işlər görməlidir, şərəflə yaşamalıdır, əlbəttə. Amma bəzən elə olur ki, şərəfli yaşayan bir şərəfli insan həyatın sərt töhfələri ilə qarşılaşır. O qədər ətrafımızda sadə, kasıb bir ailənin savadlı, qabiliyyətli övladlarını görmüşük ki, imkansızlıq ucbatından heç oxuya da bilməyib, hansısa bir ali məktəbə qəbul olunubsa da, təhsilinin sonuna kimi ehtiyacın bütün sərt döngələrindən keçməyə məcbur olub. Heç tələbəlik dövründə abırlı bir kostyumu da olmayıb, çox vaxt qarındolusu da isti xörək yeməyib. Amma orta məktəbə hərdən təsadüfən gedən kimsə pullu da olsa, hansısa daha yüksək reytinqli bir ali məktəbə qəbul olunub: dərsə də inomarka avtomobillərdə gedib.
Bir kitabxanaçı qızı sdə görkəmiylə sevən yox, amma modelyer qızı bir neçə nəfər.
Təbiətdə də var bu nizamsızlıq. Sevimli şairimiz, ən birinci təbiət şairimiz Hüseyn Hüseynzadənin şeirində deyildiyi kimi:

Ey ana təbiət, de neyçün, nədən,
Gülün budağında tikan bitirdin?
Bulağın gözünü qotur keçiyə,
Bulanıq suyunu ceyrana verdin?

Dünyanın o qədər təzadları var ki

Və yaxud, qızılgül kol-kosun, bənövşə də qaratikanın altında bitər həmişə. Niyə belədir bəs?
Niyə cənnət anaların "ayaqları altında"dır? Əksəriyyət, elə bilir ki, insan dünyasını dəyişəndə torpağa tapşırılır, cənnət də torpğın altındadır. Amma kəlamın mənası tamam başqadır. Anaya səcdə edən, xidmətində olan övladın yeri cənnətlikdir. Əslində də insani münasibətlərdə ən böyük ehtiram da, etiraf da ayağa getməkdir. Ananı evə-çölə çiynində daşısan da, bu ehtiramın ən gözəl adı təzimdir. Protokol qaydasında digərlərinə bu qəbildən bəslənən münasibət ehtiram adlana bilər, hörmət adlana bilər, amma təzim yox. Təzim müqəddəslərə edilir.
Güllərə gəlincə, qızılgül də, bənövşə də məhz bu xüsusiyyətlərinə görə güllərin şahı və sevimlisi hesab olunur. İlyas Tapdıq yazıb: "Bənövşənin xətrinə kol dibinə iz düşdü”. Şəms Təbrizin kəlamı da lap fikrimizi tamamlayar: "Ayağında tikan yarası olmayan, sinəsinə gül qoxusu çəkə bilməz…” Qızlar gül və çiçəklər kimidir. Onların dilini anlaya bilsən, heç kəsilməz ki, bu ətir.
Söhbət ondan getmir ki, ana da, sevgili də sərtdir. Belə düşündüyümüz üçündür ki, analara sevgimiz də, öləziməkdədir getdiyincə. İnsanı həyatda yaşadan Ana və Sevgidir. Bir mənanı incələyin: ana sevgi doğurur, sevgi də ana. Məsəlçün, ərəb şeyxləri qədər pulu olan gedib Sinqapudan şəxsi təyyarəsi ilə sevgili gətirsə, guya əsl sevgi bumu, guya nə xoşbəxt şahzadəymiş bu sinqapurlu gəlin, beləmi? Mən internetdən bir şəkil götürmüşdüm: Lənkəranda bir el oğlu nişanlısını Kamaz maşınında gəlin gətirir. İnsanlar inkişafın, texnologiyaların bu səviyyəsinə gəlib çıxlblar. bu gənc niyə gəlini Kamazda gətirir, niyə bu qızın valideynləri qızı aparmağa gələndə qızlarını evdən buraxıblar. Acıqla deyəydilər ki, "Bugatti"nin Veyron modeli gəlməsə, qızımızı bir addım evimizdən buraxan deyilik?

Dünyanın o qədər təzadları var ki

Dünyanın o qədər təzadları var ki

O qədər duyğulandım ki, bu toy şəkillərindən. Uşaqlıqda anamdan kənd toyları haqqında eşitmişdim. Deyirdi ki, gəlini kəl arabasında gətirirdilər. Adlarını da deyirdi rəhmətliklərin. Deyirdi ki, filənkəs dayı arabanın qabağında piyada sinəsində də yaba, guya saz çalır, filənkəs dayı da oxuyurdu.
İndi müqayisə edin o illərin ailə keyfiyyətlərini də, bu illərin də. Nəyə lazımdır bu dəbdəbələr. Həyatın qəribə nizamı var. Həyatın, yaşamağın keyfiyyəti fiziki olaraq nə qədər rahatlaşırsa, mənəvi dadı o qədər tez və sərt olaraq qeyb olur, adiləşir getdikcə və çox keçmir ki, tamam yox olur, bu evlilik, ancaq formal olaraq qalır.
Bu, tək bizə aid deyil: bütün dünyada belədir. Əsl sevginin ləzzəti çətinlikdədir, yəni səni döyüb , üz-gözü qaraldırsa, mütilik edib dözməyi demirəm, bu, insanlıq deyil. Mən digər çətinlikləri, məsələn, sadə olmağı, kasıb olmağı, oğlanın evinin olmaması, qazandığının güc -bəla ancaq ailəsinin azuqəsinə yetməsini, uzun müddət kirayədə yaşamağı və s. nəzərdə tuturam. Əgər sən bu çətinliklərə proletarla birgə dözüb birlikdə çətinliklərin dizini qatlayacaqsınızsa, sizin səadəti kimsə oğurlya bilməz. Amma həyatda hər cür imkanla təmin olunmuş insanlaın həyatına da baxın.  Onlar ən kiçik  mübahisədən baş aça bilmirlər, heç nəy   doğru məcraya yönəldə bilmirlər.

Dünyanın o qədər təzadları var ki

Həyati müşahidələr göstərir ki,  insan qarşısına qoyduğu məqsədlərə  ən qısa müddətə, həm də  artıqlaması ilə  nail olması həyatı  mənasızlaşdırır. Gərək hər şeyə bir az əlin uzanılı qala, çatmaq üçün mübarizə aparasan. Əgər mübarizə aparırsınıznsa, hər halda az-az da nail olursunuz istəyinizə axı. Axı birdən-birə 30 yaşında hamısına nail olsaq, bəs sonra nə gəzəcəyik?! Həyat budur da...

Hüseyn Arifin şeirindəki misrada təbiətə isti bir giley var. İnsana bəzən Dosteyevski demişkən, kədər də lazımdır, yoxsa əlindəkinin qədrini bilməz. Təəssüf də lazmdır. Qurban olduğum nə yaradıbsa, hər biri həyati zərurətlərdir. Qotur keçi lap hardan su içir-içsin, bir dağ əyləncəsi lazım gəlməyəcəksə, kimdir onun arxasıca düşən. Ceyranın isə arxasınca düşərsən, laləliyə tuş gələrsən))))

 

Dünyanın o qədər təzadları var ki

Həyatda belə əksliklər, təzadlar  çoxdur. Allah Rasim Kərimliyə rəhmət etsin:

Yetirin dərdimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ.
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalax.
Əzəldən bayquşa göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın talehi gümana qaldı.
Qarğa qarıldadı, mükafat aldı.
Biçarə bülbülə söz verilmədi

Qarğa nə qədər ulduz olsa, laureat adı alsa belə, kimə "qarğa" desən,  məmnun qalar ki? Kimə qarğa versən qəbul edər ki?Amma  kimə "bülbül" desən, bülbül hədiyyə etsən, məmnun qalar. ona görə də müdriklərin dediyi kimi,  gər qanqal olub gözə girməyəsən, bənövşə olasan, hamı səni gəzə...

Dünyanın o qədər təzadları var ki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz