» » Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Müəllif: Anaveusaq.az от 3-01-2022, 09:06

  Çox aktual mövzudur, əhəmiyyətli mövzudur. Bəşəriyyət mədəniyyətin  guya ən ali səviyyələrinə doğru can atır. Amma elementar etiket normalarından xəbərdar olmayanlar var, xəbərdar olub əməl etməyənlər var. Hara gəldi tüpürmək,  balkondan zibil paketləri atmaq, çörəyi zibilliyə, küçələrə  qoyub tez də gözdən itmək, ictimai yerlərdə siqaret çəkmək, siqaret kötüklərini  hara gəldi atmaq,  ictimi yerlərdə hündürdən danışmaq və s. Bunlar hər dəqiqə rastlaşdığımız mənzərələrdir.Gərək bu yazı Hindistandan yox, bizdən yazılaydı.

Xüsusilə   məktəbyaşlı uşaqlar  belə davranış normalarına məhəl qoymurlar.  Məhəllədə   oturacaq yerlər var, "besedka”lar var.  Gəlirsən ki, əyləşəsən ( böyüklər üçün  həyətdə bir ayrı "besedka”  var idi), baxırsan ki, dairəvi  tüpürcək topaları və yaxud tum qabıqları, şirə paketləri. Böyüklər yanlarında olanda belə,  çənələri kip, sadəcə, dodaqları ilə çırta-çırt başlayırlar tüpürməyə. Adamın ödü ağzına gəlir.

  Hindistan polisi belə şeylərə baxır, amma bizim polis yox. Məktəblərdə tərbiyə işləri   az qala yox səviyyəsindədir.

 10 yeniyetməni söhbətə tutsaq, 7-si Avropa həyat tərzini idealizə edəcək.Getməyib axı. Bilmir ki, orada liftə, avtobusun içinə, küçəyə tüpürmürlər, zibil paketlərini gecəyə salıb həyətə atmırlar.........

"Ana və Uşaq.az”

 
Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı
Mumbayda tüpürməyin ictimai sağlamlığa nə qədər zərərli olduğunu izah etmək üçün divarlara qraffitilər çəkilib.
Bu ilin əvvəlində iki hindistanlı - Raca və Priti Narasimhan "ictimai yerlərdə yerə tüpürməyi dayandırın" mesajı ilə ölkə boyu kampaniya başladıblar. Cütlük əllərindəki meqafonlarla avtomobildən "tüpürmək əleyhinə" şüarlar səsləndirib.
Hindistanda olmusunuzsa, ər-arvad Narasimhanların nəyə qarşı mübarizə apardıqlarını yaxşı bilirsiz. Ölkənin küçələri tüpürcüklərlə "bəzədilib" - həm "sadə", həm də bəlğəmli tüpürcəklərlə. Bəzən də kofeinə bənzər stimullaşdırıcı betel qozunu çeynəyən insanların qanlı tüpürcəkləri ilə. Hətta Kəlküttə şəhərinin tarixi Haora körpüsünündə də vəziyyət belədir.
Bu səbəbdən Narasimhan cütlüyü küçələri, binaları və körpüləri yerə tüpürən insanlardan qorumaq üçün ölkə boyu təbliğatla məşğuldur.
 

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Puna şəhərində yaşayan cütlük 2010-cu ildən bu yana sözügedən problemə qarşı mübarizə aparır. Bu mövzuda seminarlar təşkil edir, onlayn və oflayn kampaniyalar vasitəsilə yerli bələdiyyələrlə birlikdə təmizlik işləri təşkil edir.
Cənubi Asiyada betel və ya areka qozu deyilən məhsulları betel yarpaqlarına bükmək və çeynəmək geniş yayılmış ənənədir. Onların paan və ya qutkha kimi müxtəlif növləri də var. Orqanizmdə kofein effekti yaradan, müəyyən müddətdən sonra ağız xərçənginə səbəb olan bu məhsullar ağzı qırmızıya boyayır.
Raca deyir ki, bir dəfə Pune dəmiryolu stansiyasında paan ləkələrini örtmək üçün divarı boyayıblar, amma üç gün sonra insanlar yenidən divara tüpürməyə başlayıblar.
Onlar Raca və ərinin tənqidlərinə etiraz edir, hətta əsəbləşiblər, hətta biri "Sənə nə? Atanın malıdır?" deyə qəzəblənib də.
Priti deyir ki, pandemiya dövründə müəyyən dəyişikliklər baş verib, tüpürənlərin bəziləri hətta üzr də istəyiblər:

"Epidemiya təhlükəsi onları düşündürdü".

Tüpürmək adətinə qarşı bu ölkədə həmişə könülsüz mübarizə aparıblar. Mumbay şəhərində isə ən çətin yol seçilib - yerə tüpürən, zibil atan və ya işəyən insanları danlamaq "başa bəla" könüllü nəzarətçilərə həvalə edilib.
Bəzi şəhərlərdə yerə tüpürən kişilərə tüpürcəklərini təmizləmək cəzası verilir
 

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı


 

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Ardınca koronavirus epidemiyası başlayıb. Tüpürmək vərdişini aradan qaldırmaq üçün "Fəlakətlərin idarə edilməsi" Qanununa uyğun olaraq pul və hətta həbs cəzaları tətbiq edilməyə başlayıb. Baş nazir Narendra Modi tüpürməyi "həmişə səhv hərəkət olduğunu bildiyimiz bir şey" adlandıraraq kişiləri yerə tüpürməməyə çağırıb.

Amma səhiyyə nazirinin 2016-cı ildə dedikləri bunun tamamilə əksi olub:
"Hindistan tüpürən bir ölkədir. Darıxanda tüpürürük. Yorulanda tüpürürük. Əsəbləşəndə də tüpürürük. Biz tüpürürük. Hər yerdə, bəli, hər yerdə tüpürürük. Saat neçə olur-olsun, həmişə tüpürürük".
O da özünə görə haqlıdır. Hindistanda küçəyə tüpürmək çox yayğın ənənədir. Yol kənarında dincələn kişilər başlarını o tərəf-bu tərəfə tərpədib ağızlarının suyunu yerə atırlar. Velosiped, avtomobil və ya avto-rikşa sürən adamlar başlarını uzadıb işıqforlara tüpürməkdən çəkinmirlər. Bundan əvvəl qırtlaqlarındakı bəlğəmi tərpətmək üçün hündürdən səs də çıxarırlar.
Bu vərdiş əsasən kişilərə xasdır. Köşə yazarı Santosh Desai yazır ki, hindistanlı kişilər öz bədənlərindən və bədənlərindən çıxan hər şeydən çox məmnundurlar:
"Bu, şüurlu, eqoist bir rahatlıqdır. Narahat olsam, dərhal tədbir görərəm. Mən özümü məhdudlaşdırmaq fikrini həqiqətən də sevmirəm".
Hindistanda nəşr olunan "The Telegraph" qəzetinin redaktor müavini Uddalak Mukherjee qeyd edir ki, tüpürmək həm də toksik kişiliyi gücləndirən "talançılıq" formasıdır.

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

 

Amma niyə hamının yanında tüpürəsən ki?

Raca Narasimhanın sözlərinə görə, əsas səbəb "vaxt keçirməyə" görə yaranan qəzəbdir:
"Bundan daha yaxşı bir işlə məşğul olmaq imkanları yoxdur. Ya da bəsit bir şəkildə hesab edirlər ki, tüpürmək onların haqqıdır".
Tarixçi Mukul Kesavanın qənaətincə, daha bir səbəb "hindistanlıların kirlilik və ondan qurtulmaqla bağlı vasvasılığıdır".
Bəzi tarixçilərə görə, bu vasvasalıq hindlilərin və yuxarı sosial təbəqələrin natəmiz hər şeyi evdən kənara ataraq bədən təmizliyini qorumaq ideyasına əsaslana bilər.
"Tüpürməyə münasibət gigiyena məsələləri çərçivəsindən kənara çıxır. Bir dəfə bir taksi sürücüsü mənə dedi ki, pis bir gün keçirdim və bunu kənara atmaq üçün tüpürdüm" - Mukherjee belə yazır.

Tüpürüyə qarşı savaş

Belə görünür, Hindistan tarixində insanların hər yerə tüpürdüyü bir dövr olub. Çünki tüpürmək hətta kral məhkəmələrində də bayram edilib. Bir çox evdə böyük tüpürcək qabları olub.

Orta əsrlərdə Avropada süfrənin altında olduğu müddətdə - nə?? yemək zamanı tüpürmək olardı. Erasmus bununla bağlı məqaləsində yazırdı ki, "Tüpürməkdən geri çəkilmək hörmətsizlikdir". 1903-cü ildə "British Medical Journal"-da çıxan bir məqalədə isə Amerikadakı tüpürmə vərdişindən bəhs edilirdi.
1908-ci ildə Massaçusets ştatının sağlamlıq müfəttişi getdiyi hər fabrikdə dərzilərin niyə yerə tüpürdüklərini soruşmuş, ona belə cavab vermişdilər: "Əlbəttə ki, yerə tüpürəcəklər. Siz onlardan öz ciblərinə tüpürməyi gözləyirsiz?"

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Vaxtilə İngiltərənin səhiyyə işçiləri tramvaylara tüpürənlərin cəzalandırılmasını və bununla bağlı qanun qəbul edilməsini tələb ediblər. Yəni İngiltərədə də vəziyyət yaxşı olmayıb.
Qərbdə bu vərdişin azalmasına vərəm epidemiyası səbəb olub. Bu yaxınlarda dərc ediləcək "Vərəm Tarixə necə təsir etdi?" (Phantom Plague: "How Tuberculosis Shaped History") kitabının müəllifi, jurnalist Vidya Krishnan deyir ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində mikroblar haqqında məlumatların artması vəziyyətin dəyişməsində həlledici rol oynayıb:
"Mikrobların necə yayıldığına dair məlumatlılıq yeni sosial vərdişlərin və adətlərin yaranmasına səbəb olub. İnsanlar asqırıq və öskürəkdən qorunmağı, əl sıxmaqdan imtina etməyi və körpəni öpməməyi öyrəniblər. Ev üçün məcburi sayılan gigiyena tələbi küçələrə də yayılıb".
Krişnanın sözlərinə görə, tüpürmək vərdişinin vərəm kimi xəstəliklərin yayılmasına gətirib çıxardığını öyrənmək kişilərdə "davranış dəyişikliyinə" səbəb olub.
Bununla belə, o qeyd edir ki, Hindistanın aşmalı olduğu bəzi maneələr var. Birincisi, dövlət heç vaxt bu vərdişə qarşı ciddi mübarizə aparmayıb. İkincisi, tütün çeynənməsi, idmançıların kamera qarşısına tüpürməsi və ya Bollivud filmlərində kişilərin bir-biri ilə döyüşərkən tüpürməsi bu davranışın cəmiyyət tərəfindən məqbul sayılmasını gücləndirir .
Raca Narasimhan isə küçələrdə tüpürcək qablarının olmamasına təəssüflənir:
"Onlar soruşurlar ki, "Həqiqətən tüpürməli olanda hara tüpürəcəm". Uşaq vaxtı mən Kəlküttədə elektrik dirəklərinə qumla dolu tüpürcək qablarının bərkidildiyini görmüşdüm. Amma sonra o qablar yoxa çıxdı və insanlar hər yerə tüpürməyə başladılar".
Daha böyük çətinliklər də var.

Hindistanın yerə tüpürməyə qarşı bitməyən savaşı

Priti Narasimhan deyir ki, "Heç bir böyük davranış dəyişikliyi və ya ictimai sağlamlıq müdaxiləsi kasta, sinif və cinsiyyət problemlərini diqqətə almaya bilməz. Hindistanda hamamlar və yaxşı su təhcizatı hələ də hamı üçün əlçatan deyil".
Səhiyyə mütəxəssislərinin fikrincə, insanların niyə tüpürdüklərini anlamağa çalışmadan, onları sadəcə cəzalandırmaqla bu problemi aradan qaldırmaq olmaz.
Pandemiyanın artıq 2 ildir ki, davam etməsinə baxmayaraq tüpürmək vərdişini tərgitmək cəhdləri zəifləyir.
Amma Raca və Priti küçələrdə tüpürməyə qarşı mübarizələrini davam etdirilər.
Onlar vurğulayırlar ki, bir çox insan bu mübarizənin "Covid-19"-un yayılmasına töhfə verə biləcəyinin fərqində deyil.
Tüpürmə vərdişini tamamilə yox etməsələr də, səylərinin nələrisə dəyişə biləcəyini söyləyən Raca Narasimhan optimistdir:
"Vaxtımızı boş yerə sərf etsək belə, cəhdlərimizi davam edəcəyik. İnsanların hətta 2 faizinin davranışında dəyişikliyə nail olmuşuqsa, deməli, fərq yarada bilmişik".
 Mənbə: https://www.bbc.com/azeri/international-59834629

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.