» » "Ən böyük dərd isə biganəlikdir…" və yaxud Turan İbrahimovun fikrlərinə cavab

"Ən böyük dərd isə biganəlikdir…" və yaxud Turan İbrahimovun fikrlərinə cavab

 

Hələ  çox arzular ələk-vələkdir

Ən böyük dərd isə biganəlikdir…

                                           Şəhriyar

 

"Ən böyük dərd isə biganəlikdir…" və yaxud Turan İbrahimovun fikrlərinə cavabSosial şəbəkələrdə tanınmış aparıcı  Turan İbrahimovun qətlə yetirilən Nərmindən bəhs edən  bir süjeti paylaşılıb. Həmin süjetdə deyilir:

"Düz 40-45 gündür ki, televiziya və bütün sosial şəbəkələrdə, özünü reklam etmək istəyən, gündəmdə olmağa can atanlar, başı çıxdı, çıxmadı Nərminin facisəsindən şou düzəldib paylaşdı. Hətta mənə də sosial medialardan mesaj olaraq ya da paylaşdığım postların altına şərh olaraq yazırdılar ki, bəs siz niyə bu barədə heç nə paylaşmırsınız. Əvvəlcə onu deyim ki, qəribə, psixoloji bir vəziyyət yaranmışdı. Gördüyüm və çıxardığım nəticə bu oldu ki, biz hələ cəmiyyət olaraq formalaşmamışıq. Müəyyən sloqanlar var ki, onları belə başqalarından kopyalayıb götürən insanlarıq. Bu cəmiyyətin düzəlməsi üçün xeyli vaxt lazımdır. Xəstəyik. Xəstəliyimizin daha bir sübutu: uşaq ölüb, bütün ölkə bundan danışır, qatil tapılıb, amma onu da qeyd edim ki, tapılan o şəxsin həqiqətən qatil olduğuna inanmıram və bütün bunlar baş verərkən, qətlə yetrilən uşağın anası çıxıb Bakıda yaşamaq üçün ev istəyir. Bax, buna nə ad qoyasan?! Bu bizim cəmiyyətimizin yerin dibində yox haa..ən, ən, ən dibində olduğunun göstəricisidir. Allah bizə kömək olsun. Allah bizə şəfa versin.”

  Turan İbrahimovun adı televiziya jurnalistikasında kifayət qədər  tanınmış addır. Bəzən qalmaqallı olsa da,  verilişləri həçişə canlı olub, maraqla izlənib. Yəni, onun  haqqında söhbət gedən hadisəyə münasibət bildirməsi journalist araşdırması baxımından  gözləniləndir. Amma Turan bəyin  Nərminin anasının  televiziyada Prezidentə, Mehriban xanıma müraciət edib, yaşamaq üçün Bakıda ev istəməsini qınaması bir qədər  ürəyimcə olmadı.

 Bu məsələ ətrafında   hələ  dərindən danışmaq , mülahizə yürütmək də doğru olmazdı.Çünki istintaq gedir, söylənilən fikirlər, mülahizə və gümanlar   hadisədə  cavabdehliyi olan və yaxud olanlar üçün  məsuliyyətdən  boyun qaçırmağa, istintaqın hansı mərhələsindəsə etiraf etməsinə, lap istintaqı azdırmağa  variantlar seçməkdə  kömək edə bilər.  Cinayət işi hərtərəfli araşdırılıb hüquqi qiymət veriləndən sonra  bizim hər birimizin hələ  çox uzaq olduğumuz  həqiqət  ortaya çıxacaq, eləcə də  sizin dediyiniz kimi: "sosial şəbəkələrdə, özünü reklam etmək istəyən, gündəmdə olmağa can atanlar, başı çıxdı, çıxmadı Nərminin facisəsindən şou düzəldib paylaşanlar”  da seyrələcək.

Amma hər kəsin narahat olmasını da qınamaq olmaz.

Sadəcə, hər kəs yazdığı, dediyi fikirlərin fərqində olmalıdır.

 Nərminin anasının    hadisənin  belə isti vaxtında  ev arzulaması haqqında isə mən başqa cürə fikirləşirəm.  Faciəli övlad dağı görmüş ana  dərhal  özünü öldürsə idi, cəmiyyət onun analıq sevgisinə yalnız bu halda  dəyər verməliymişmi?

…Mən lap çoxdan kəndlərimizin birində  bir qədər fərqli  faciəli hadisə haqqında eşitmişdim. Qızı ilə bağlı  başına faciə gəlmiş  valideynləri  heç cürə yola gətirə bilmədilər, yəni tərəflər arasında barış mümkün olmadı.  Qız tərəfinin valideynləri deyibmiş ki, biz daha bu kənddə yaşaya bilmərik. Evlərini sataraq kənddən çıxıblar.

 Hesab edirəm ki, bu valideynlər də  belə hala düşüblər.  Köç-binə qurub  indiyə kimi əhatəsində yaşadığı insanlardan  dönüklük görüb  bu ailə...   İllərlə  bir kənddə, qapı-qapıya qonşu kimi yaşadığı  insanın  xəyanətindən açmadan torpağa gömdürülən fidanının qarşısında  boynubükük qalan bu ana daha sadəlövh olmaq istəmir. Uzaqlaşmaq istəyir  xəyanətkar insanlardan, dönüklükdən.

 İnsan cəmiyyətinin mövcud olduğu ilk vaxtlar  ailə icmasının   elliklə  məsuliyyət daşımaq borcu varmış. Hamı hər şeyə görə eyni  cavabdehlik daşıyırmış. Soyuqqanlılıqdan, biganəlikdən  indi bu dərəcəyə gəlib çatdıq.  Biz bir yerə gedəndə evimizi-eşiyimizi, uşaqlarımızı qonşuya tapşırırıq. Amma qonşunun içindəki xislətdən xəbərsizik demə.

Od qonşusun  bu ailənin əbədi odunu, ocağını keçirdiyi kənddə daha  necə yaşamaq olar?

Əgər  belə davam edərsə,  iraq-iraq, hələ çox Nərminlər ola bilər.

Məgər  sosial şəbəkələrdə   bu tipli xəbərlərə rast  gəlmirsinizmi?

 Son bir neçə illər mətbuatın, televiziyanın  paylaşdığı şəkillərin, yazıların bircəciyi niyə sizi dilə gətirmir? Bu gün kütləvi informasiya vasitələrində, internetdə elə gərəksiz yazılar , şəkillər paylaşılır ki,  balaca qızcığazlara, oğlan uşaqlarına qarşı  xəstə təxəyyülləri  körükləyən belə informasiyalardır.

 ONN İnformasiya Agentliyi Turanə Məmmədli adlı bir xanım jurnalist  hadisə baş verən ilk günlərdə  dərc etdirdiyi  məqalədə çox maraqlı bir  bir xitab etmişdi: "...Mənə yaşamağı, insan olmağı öyrədin!.."

Tam doğru....

 Hesab edirəm ki, bu gün ideologiya tribunalarının əksəriyyətini   ən dozalı xlorla təmizliyib yenidən inşa etmək lazımdır. Maarifləndirmə gücləndirilməli, mənəvi-tərbiyə məsələri  bir  hədəf  halına gətirilməlidir.

 İnsanlar yaşamağı və yaşatmağı öyrənməlidirlər.

 

 

"Ən böyük dərd isə biganəlikdir…" və yaxud Turan İbrahimovun fikrlərinə cavab

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz