» » Toy adətlərimiz: sağdış

Toy adətlərimiz: sağdış

 

Toy  adətlərimiz:  sağdış

Ailə həyatı qurmaq, oğul evləndirmək, qız köçürmək hər bir valideynin arzusudur. İstər valideynlər, istərsə də gənclər bu mərhələyə hazırlanırlar, müəyyən mərhələdən keçirlər. Ata-ana fikirlərində niyyət tutur, zaman-zaman toy tədarükü tutur və s. Ailə quracaq gənclərimiz isə ailə həyatı, qız seçmək, oğlan bəyənmək və s. bu kimi məsələlərdə ürək qızdırdıqları, dost bildikləri ən yaxınları ilə bu barədə danışar, məsləhət alar, hislərini paylaşırlar. Bu dostların başında qızlar üçün "yengə”, oğlanlar üçün isə " sağdış " durur.
Sağdış kürəkənin yoldaşları arasından seçilib götürülən və ona evlilik, ailəlik özəllikləri barədə məlumatlar verən adamdır. Ona görə də, əsasən, evli dostlar arasından seçilir ki, müəyyən təcrübəsi olsun. Xüsusilə gənc yaşda evlənən bəy üçün sağdış ən böyük köməkçidir. Bəyin bir çox hərəkətini sağdış diqqətdə saxlayır, hətta nəzarət edilir. Bəzi yerlərdə bəy stolundan duranda məhz sağdışı nəzarət edir ki, yad adam onun stolunda oturmasın. Ziffaf gecəsi günü sağdış səhərə qədər evin ətrafında dolaşır. Bu, bir neçə səbəbdən ola bilər: bəzi yerlərdə bəyi oğrama, qaçırma kimi adətlər var.
Sağdış bəyin, xüsusilə toy ərəfəsində, hətta bəzən toydan 10 gün keçənə qədər ən yaxını olar, toyu idarə edər , gələn qonaqların hörmətlə qarşılanıb qulluq göstərilməsini bəy ancaq ona etibar edər. Bu missiya o qədər şərafətli sayılar ki, toyu olacaq gənc özünə hələ toyundan çox-çox əvvəl sağdış seçib müəyyən edər.

Toy  adətlərimiz:  sağdış

Sağdış seçmək, özünə sağdış götürmək, əsasən, türkdilli xalqlara məxsusdur. Bu sözün, məsələnin mahiyyətinə müxtəlif yanaşmalardan ona verilən adlar da müxtəlifdir.
"Sağdış” sözü bəyin sağ tərəfində gedən anlamındadır ki, bizim mədəni həyatımızda, adət-ənənələrimizdə bu yanaşmanın dərin kökləri vardır: görüşərkən sağ əli irəli uzatmaq, təhlükəsizdir deyə yolun sağında getmək, xanımı qoşa addımlayarkən sağ qoluna almaq və s... Görünür, bu yanaşmada hər şeydən əvvəl etibar, sədaqət, xatirçəmlik kimi məsələlər əsas götürülüb. Deməli, toy olan bəy səni sağdış seçibsə, ailə buna razılıq veribsə, bu, böyük etibar, inam, həm də məsuliyyət deməkdir.
Sağdış olmaq qürurverici, möhtərəmlik gətirən bir işdir. Çünki bu andan başlayaraq sağdış bu ailənin ən yaxın adamlarından, bəlkə də qohumlarından biri kimi qəbul ediləcək, hörmətlə qazanacaq.
Sağdış, yeni evlənəcək gəncə toy müddətində necə davranmaq, nələri necə etmək, bəzi məqamlarda vəziyyətdən çıxmaq yollarını öyrədər.

Toy  adətlərimiz:  sağdış

Olsun ki, biz bu məsələləri utanıb çəkindiyimizdən demirik, bildirmirik. Amma bu bizim həyatımızdır, onu olduğu kimi qəbul etməli, dədə-baba rituallarına olduğu kimi əməl etməliyik. Sağdışın gənc bəyə verə biləcəyi məsləhətlər faydalı olmaqla bərabər, həm də psixoloji baxımdan böyük dəstəkdir.
Bizim xalqda abır-həya hər vaxt olub, hər vaxt da olacaq. Odur ki, biz bu məsələrin əsrlərlə qanımıza, canımıza hopan təfərrüatlarına sahib çıxmalıyıq, nəinki biabır olduq qorxusuyla toya bir neçə gün qalmışdan toydan bir neçə həftə keçmişə qədər vahimə keçirək.
Xüsusi ilə toy başa çatandan sonra bəyin ərlik vəzifəsinin başlanğıcıdır. "Toy gecəsi sindromu” halbuki reallıqdır və son həyatı müşahidələr göstərir ki, tez-tez rast gəlinən psixoloji, bəzən tibbi-bioloji uyğunsuzluqlardır və s. Odur ki, bəyin indiyə kimi belə münasibətdə olmaması, həmçinin xanımın təcrübəsizliyi belə vəziyyətlərə düşməməyə zəmanət verə bilməz. İnsanlara bəzən lap heç bir tibbi-fiziki uyğunsuzluq yoxdur, hər şey qaydasıncadır, həyatın məhz bu anı əyləncə kimi gəlməməlidir. Lap mənə qalsa, toy gecəsi sindromu lap olsun, bəy-gəlin özlərində yaşasın bu gizlini, amma bir ömür birgə uçmaq istədiyin qağayını elə ilk gecəsi kobud qarşılayıb, gözünün qurdunu öldürüb sonra kobudluqla digər otaqda tosmalıb yatmaq ədəbsizliyi heç vaxt unudulmayacaq, sağalmayacaq. Və...və....elə ilk gecədən yaşanan bu kobudluq ta ömrün sonuna kimi iç aləminin künclərində sona kimi yaşayacaq. Odur ki, toylarımızda yengənin də, sağdışın da olması çox vacibdir və onların bundan sonra da olması Azərbaycan-türk-müsəlman ailəsinin özəlliklərini qorumağa xidmət edir.
 

Toy  adətlərimiz:  sağdış

Sağdışın ailəli adamdan seçilməsinin əsas səbəbi evli olması, bu yolu toyu olacaq bəydən əvvəl keçməsidirsə, digər bir səbəbi də valideynlərin bu ciddi məsələyə ehtiyatlı yanaşmasını, onların arzularını ifadə edir. Fərqi yoxdur, oğlan tərəf də, qız tərəf də övladlarının xoşbəxt ola bilməsi, gözəl, mehriban ailə qura bilməsi üçün onsuz da bura kimi bütün bacardıqlarını ediblər. Bunu özü ata olub övladını özü bu səviyyəyə gətirməyən kimsə ata-anası qədər heç vaxt bilə bilməz. Əgər bu arzunun reallaşması üçün yüzdə bir dəqiqliklə kəndlərindən 32 km, 13 sm, 5 dm məsafədə bir daşın altında mikrometrlə görülməsi mümkün olmayan bir tel varsa, gözünün nuru getmiş, əlləri-üzləri ayaqlarımız altındakı torpaq kimi cadar-cadar olmuş ata-analar gedib o teli tapacaqlar...hə..tapacaqlar...təki övladlarını xoşbəxt edə bilmək üçün çatışmayan heç nə qalmasın deyə. Bax, sağdış bu mənada ata-anaların səfirləridir. Onlar ağıllı və təcrübəli olmalı, daşıdıqları missiyaya bir əyləncə düçüncəsində deyil, ata-ana narahatşılığına cavabdehlik borcunda yanaşmalıdırlar.
Bu cür xüsusi və müqəddəs sayılan ailə sirlərinə şahid olan fərdin o ailədəki yeri ona görə də başqa yaxın qohum qədər hörmətli sayılır.

Toy  adətlərimiz:  sağdış

Çox təəssüf ki, toy mərasimlərimizin bu mühüm məqamı da getdikcə mahiyyətini itirməkdədir: ayrı-ayrı yerlərdə onu fərqli cür yaşadırlar. Bəzi yerlərdə hətta evlənməmiş uşaqlar sağdış olur, bəzi yerlərdə bu funksiya tama sıradn çıxıb, simvolik olaraq bəy özünə hətta uşağı sağdış təyin edir. Bəzi yerlərdə subay birisi sağdış durursa, onun da toyunda sağdışı olduğu bəy sağdış durur və s..
Qax zonasında sağdış-soldışla bağlı ənənələr, məsələn, bu gün də yaşayır. Sağdış, deyildiyi kimi, bu mükəlləfiyyətə təyin ounandan bəyin ən yaxın dostuna çevrilir, öz evlilik təcrübəsindən bəyi də məlumatlandırır. Toydan bir neçə gün sonra da sağdışınhökmü qalır. Onlarda toy gününün səhərisi "Qazaxdağıtdı" və ya "Bəy üzə çıxdı " günü keçirirlər. Kişilər bəyin, qadınlar isə gəlinin başına yığışırlar. Hamı bəy üçün tərif söyləyir və şabaş verirlər. Məclisi isə sağdiş və soldiş idarə edir. Məclisdə gözünə xoş gəlməyən, özünü yaxşı aparmayan şəxslər bəyin əmri ilə cəzalandırılır, yəni ağacdan asılmaqla yerinə yetirilir. Ellik tərəfindən bəyin özü də asıla bilər. Sonda qız evindən plov gətirilir, oğlan evi plova qiymət qoyur, razılaşıncaya kimi davam edilir, oğlan evi artıq hər cür "naz" edir, axı qız artıq onların evindədir.
Bəy plovu gələndən sonra artıq heç kəs asılmır.
Türkiyənin bir sıra ərazilərində yeni evlənənlər rəsmi nikahla bərabər dini nikahlar da bağlayırlar, bu, bizdə də var. Amma həmin bölgələrdə nikah duası edilərkən "amin" deyən zaman sağdış əlindəki bıçağı açar sonra bağlayar, xəncərləri qınından çıxarıb yenidən qabına qaytarar və ya bağlı bir kilidi açar ki , bəy gərdəkdə ərlik vəzifəsini yerinə yetirə bilsin. Sağdış bu cür hadisələri önləməyə də borcludur.

 

Toy  adətlərimiz:  sağdış

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz