» » Milli İstiqlalımızın rəngləri

Milli İstiqlalımızın rəngləri


Cəfər Cabbarlı
Rənglərin qurultayı

... Fəqət bizim bayrağımız ucalan pək seviyor
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 
Kölgesində ay əyilib bir gözəli qucmada. 
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 
Şu görünüş bir ananın şəfqətinə oxşayır. 
Düşündükcə zövqlərimi, vicdanımı oxşayır.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə boylə sevilmək! 
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı
Bir türk oğlu olmalı! 
Yaşıl boya islamlığın sarsılmayan imanı, 
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı, 
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU

Milli İstiqlalımızın rəngləri

 

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi ilə bağlı sərəncam verdi. Dekabrın 4-də isə Milli Məclis Prezidentin imzası ilə daxil olmuş qanun layihəsini dəstəkləyərək Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün bayram kimi qeyd edilməsini qəbul etdi. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət bayrağı meydanında isə artıq tamamlama işləri aparılır. Bütün bunlar Azərbaycan Respublikasının dövlət rəmzlərinə, o cümlədən onun Milli bayrağına hörmət və ehtiramın təmin edilməsinə, eyni zamanda, onun təbliği işinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın Dövlət bayrağına hörmət və ehtiramın aşılanması ilk növbədə onun tarixinin və mahiyyətinin öyrənilməsindən başlanır.

Milli istiqlalımızın rəngi

ADR hökumətinin 1918-ci il iyunun 21-də Gəncədə fəaliyyət göstərərkən qəbul etdiyi ilk bayraq üzə-rində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı rəngli bayraq idi. Bayrağın qırmızı rəngi Qərb demokratiyasına, Avropa hürriyyətinə etimad əlamətini bildirirdi. O zaman bəziləri bu bayrağın Osmanlı İmperatorluğunun 1793-1844-cü illərdəki üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayrağına bənzəməsini əsas gətirərək Azərbaycanın Osmanlının bir parçası olmasını iddia edirdilər. O cümlədən Mudros müqaviləsinə (30 oktyabr 1918-ci il) görə Azərbaycan ərazisi üzərində səlahiyyət mandatı almış müttəfiq dövlətlərin qoşunlarının komandanı general V.Tomson elə ilk bəyanatlarında Azərbaycan hökumətini Türkiyənin intriqasından yaranmış bir qurum kimi qiymətləndirirdi. Bu bəhanələrin qarşısını almaq və milli hökumətin tanınmasına nail olmaq məqsədilə Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan yeni üçrəngli milli bayrağını təsdiq etdi. Elə həmin gün üçrəngli cümhuriyyət bayrağı Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binanın üzərində (indiki ARDNŞ-in binası) dalğalanmağa başladı.
Milli bayrağımız 1918-ci il dekabrın 7-də Cümhuriyyət Parlamentinin açılışı zamanı Məclisi-Məbusanın binası (indiki Əlyazmalar İnstitutunun binası) üzərinə qaldırıldı. Sovet Rusiyasının XI qırmızı ordusu aprelin 27-də Azərbaycanı işğal edəndən bir həftə sonra - 1920-ci il mayın 3-də üçrəngli milli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
Üçrəngli bayraq sovet dönəmində də Azərbaycanda dalğalandırılır. Məsələn, 1956-cı ildə üçrəngli bayraq yaşadığı quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu tərəfindən Qız qalasının üzərinə qaldırılır. Bu hərəkətinə görə Cahid Hilaloğlu 4 il azadlıqdan məhrum edilir, ona bu işdə yardım edən Çingiz Abdullayev isə ruhi xəstəliklər dispanserinə salınır.
1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika günün-də M. Ə. Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 1990-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılır.

Milli dirçəli.imizin rəngi

Milli-azadlıq hərəkatı başladıqda ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılır. Rəsmi olaraq isə bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunur və Azərbaycan Respublikası Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırılır. 1991-ci il fevralın
5-də Azərbaycan Respublikasının Ali Soveti həmin vəsatəti təmin edərək "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edir. Beləliklə, üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilir və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başlayır.

Dövlətiətin və millətin rəmzi

Dövlətin və millətin rəmzi olan bayraq xalqın birlik və bərabərliyini təmsil etməklə yanaşı, özündə müqəddəs mənaları və milli dəyərləri əks etdirir. Heç bir bayrağın, o cümlədə Azərbaycanın Dövlət bayrağının forması və rəngi təsadüfən meydana gəlməmişdir.
Dövlət bayrağımızın üzərindəki hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Bu baxımdan Azərbaycanın üçrəngli milli bayrağının - trikolorundakı rəng palitrasının, üzərindəki ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirinin məna və funksiyasının şərhində, açıqlanmasında tarixi-siyasi, mədəni-ideoloji faktorların nəzərə alınması çox vacibdir. Çünki Azərbaycan trikolorunun hələ 1918-ci ildə qəbul edilməsini, həmin bayrağın qəbulunu şərtləndirən tarixi-siyasi və mədəni amilləri, xüsusən bayraqda əks olunan milli-ideoloji prinsiplərin formalaşması və reallaşması prosesinə aparan milli-azadlıq, milli-müstəqillik tarixini nəzərə almadan, onu tarixilik baxımından təhlil etmədən milli bayrağımızdakı rənglərin, eləcə də digər simvolların məna və funksiyalarını gərəyincə açmaq, onları yetərincə düzgün dəyərləndirmək mümkün deyil.
Lakin bayrağımızdakı rənglər düzümünün və digər simvolların məna açımında çoxsaylı yanlışlıqlara, hətta uydurmalara, fərziyyələrə də rast gəlirik. Bu müxtəlifliyi aradan qaldırmaq məqsədilə Azərbaycan milli bayrağını yaradanların, həmçinin XX əsrin əvvəllərində, xüsusən 1918-1920-ci illərdə bu məsələ ilə bağlı mülahizələr söyləmiş fikir, sənət və siyasət adamlarının dediklərini yada salmaq, onların işığında məsələnin şərhini vermək daha faydalı və düzgün olardı.
Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi gör-kəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. O,1905-ci ildən başlayaraq "türkləşmək, islamlaşmaq, avropalaşmaq" siyasi-ideoloji modelini irəli sürdü. Onun fikrincə, türkləşmək milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq islamda milli, dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq Avropa elm və texnikasının nailiyyətlərini öyrənib onun nəticələrinin öz milli mədəniyyətinin, elminin inkişafına yönəldilməsi, Qərb demokratiyası ənənələrindən istifadə olunması deməkdir. Bu model sonralar M.Ə. Rəsulzadə tərəfindən milli-istiqlal hərəkatının siyasi-ideoloji prinsipi səviyyəsinə qaldırılmış, müstəqil Azərbaycanın istiqlal və azadlıq rəmzi olan üçrəngli milli bayrağımızın yaranması ilə nəticələnmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentini açan M.Ə. Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngin "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini (demokratiyasını)" ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. Başqa bir çıxışında isə o, deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur.
Üzeyir Hacıbəyov milli bayrağımızdakı rənglərin ifadə etdiyi məna və funksiyaları haqda yazırdı: "Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu...
Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır".
Bəzilərinə görə, trikolorumuzdakı birinci rəng göy mavisi rəngində olmalıdır. Turkuaz (fransızcada əsli "turquoise"- "türk-e-has") adı ilə daha çox tanınan mavi rəngin bu tonu asanlıqla gözə Çarpan, bürcündə də uğurlu olan rəng tonlarından biridir.
Türklərin göy mavisi rənginə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə tikilən saysız-hesabsız qədim abidələrin əksəriyyəti göy mavisi rəngində olub.
Bayraqdakı qırmızı rəng müasirliyin, inkişafın rəmzidir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra qırmızı rəng Avropanın simvoluna çevrilmişdi. Ə.Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"
Azərbaycan milli-istiqlal hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycan Respublikasının Dövlət bayrağındakı simvollardan biri də bayraqdakı qırmızı zolağın hər iki üzündə təsvir olunan ağ rəngli aypara və ağ rəngli səkkizguşəli ulduzdur. Bu simvolların, xüsusən səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Bəziləri səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını bildirdiyini iddia edirlər ki, bu fikir əsassızdır. Çünki Azərbaycanda yaşayan millətlərin sayı səkkiz deyil, çoxdur. Həm də bu rəmzin Şərq xalqlarında, o cümlədən türk xalqlarında 3 000 illik tarixi var. Müasir heraldika sənətində günəşin bayraqlarda səkkiz, yaxud on iki şüalı verilməsi halları da geniş yayılmışdır. Qafqaz Albaniyasında da günəşə sitayiş edilirdi və alban tarixi abidələrində səkkizguşəli ulduzun təsvirinə tez-tez rast gəlinir.
Türk xalqlarında, eləcə də digər Şərq xalqlarında ayparanın tarixi kökləri çox qədimlərə gedib çıxır. Türkiyə tarixçisi Fevzi Kurtoğlu yazır ki, "hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan Ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmed Fatehin İstanbulu fəthindən başlar. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal (aypara) türk millətinin tarixi qədər əskidir..."
Araşdırmalar göstərir ki, aypara şəklində rəmzləşdirilən ay bir çox qədim Şərq xalqlarında, o cümlədən əski türklərdə müqəddəs sayılır, ona sitayiş edilirdi.
Səkkizguşəli ulduz simvolunun tarixi çox qədimlərlə, əski inamlarla, mifik görüşlərlə bağlıdır. Qədim türklər günəşə və aya sitayiş edər, çadırlarının qapısını günəş doğan səmtə doğru qoyardılar. Əski türklərin dini, mifik görüşlərindən danışarkən türk alimi Bahəddin Ögəl doğru olaraq yazır ki, qədim türklərin dini görüşlərində göy və günəş birinci dərəcəli yer tuturdu. Sonralar maniçilik dinini qəbul edən türklər Ay kultuna da üstünlük verdilər. Beləliklə, göy, ay və günəş kultları qədim türklərdə müqəddəs sayılırdı. Əvvəllər türklər Tanrıya "Göy Tanrı" dedikləri halda, maniçiliyin qəbulundan sonra "Ay Tanrı" deməyə başladılar. Sonralar türk mifologiyasında günəşin ananı, ayın isə atanı simvolizə etdiyini görürük. Maraqlıdır ki, Hun imperatoru Metenin Çin imperatoruna göndərdiyi məktubda belə bir cümlə var: "Göy və Yerin doğurduğu, Günəş və Ayın taxta keçirdiyi Türk xanlarının Böyük Kutu ehtiramla Çin İmperatorundan rica edər..."
Bu ifadələr də göstərir ki, qədim türklərdə Ay və Günəş kultu, onlara sitayiş və tapınma geniş yayılmışdı. Əgər tarixşünaslıqda qədim türklərlə şumerlilər arasında mədəni əlaqələrin, hətta qohumluğun da istisna olunmadığını, eləcə də hər iki qədim etnosun eyni arealda (Mərkəzi və Ön Asiyada) əsrlərlə kontaktda olmalarını nəzərə alsaq, belə bir ehtimal irəli sürmək mümkündür ki, qədim türklərdə mövcud olmuş Ay və Günəş kultları eynən şumerlilərə, həmçinin sonralar şumerlilərin Orta Asiyadan köç etdikləri Ön Asiyadakı xalqlara da keçmişdir. Beləliklə, Ay və Günəş kultu bir çox qədim Şərq xalqlarında geniş yayılmışdır. Şübhəsiz, qədim şumer abidələrində əks olunmuş ay və səkkizguşəli ulduz ("Günəş" anlamında) simvolu əski türk və şumerlilərin Ay və Günəşə olan inamlarının nəticəsi kimi yozulmalıdır.
Ay və Günəş kultu qədim azərbaycanlılar arasında da geniş yayılmışdır. Azərbaycanda Aya və Günəşə sitayişlə bağlı arxeoloji abidələrdə, eləcə də xalçalar üzərində günəşin simvolu olan səkkizguşəli ulduz təsvirlərinin mövcudluğu göstərir ki, xalqımızın dini, mifik görüşlərində Ay və Günəşin müqəddəsliyi və ona sitayiş, inam və tapınma çox qədimlərlə, əski çağlarla səsləşir. Azərbaycan xalqının maddi mədəniyyətinin şah əsəri olan Qobustan qayaüstü rəsmlərində də səkkizguşəli ulduz təsvirlərinə çox rast gəlinir.

Keçmişin, bugünün və gələcəyin rəmzi

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Gördüyümüz kimi, Dövlət bayrağımız xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişindən, böyük mədəniyyətindən xəbər verən qiymətli bir əlyazmasıdır. Və Dövlət bayrağımız dövlətimizin, millətimizin siması olmaqla minillikləri ehtiva edən tarixi keçmişimizi, bu günümüzü, işıqlı sabahımızı özündə əks etdirən müqəddəs bir rəmzdir. Bayraq həm də vətən torpağı, vətən göylərində dalğalanan şəhid ruhlarıdır. Bayrağın dəyəri hazırlandığı parçanın keyfiyyəti ilə deyil, təmsil etdiyi millətin ona verdiyi qiymətlə ölçülür. Dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün hər kəsin bayrağa hörmət göstərməsi vacibdir. Yerə düşən çörəyi görəndə götürüb öpüb, gözümüzün üstünə qoyduğumuz kimi, ÜÇRƏNGLİ BAYRAĞIMlZın şəkli olan kağız, qəzet parçalarmı da yerdə görəndə əyilib götürməliyik, öpüb gözümüzün üstünə qoymalıyıq.

Milli İstiqlalımızın rəngləri

 


Mənbə:"Milli Məclis”
-2010.-№1-2.-S.60-65.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz