» » Gözəllik nədir?

Gözəllik nədir?

Müəllif: Anaveusaq.az от 9-09-2018, 00:20

 

Gözəllik nədir?

Gözəllik həyatımızı, dünyamızı mənalandıran, insan qəlbini təmizləyən, saflaşdıran, onu xeyirxah əməllərə yönəldən xəyalların ifadəsi və onun dərkidir. Gözəllik bir gözümüzlə gördüyümüz, bir də dərk etdiyimizdir. Başqa sözlə, bir təbiətin gözəlliyi, bir də insanların yaratdığı gözəllik. Günəşin doğması, narın yağış, axan şəlalə, mirvari dalğalar, örüşdən qayıdan inəklərin balasını dili ilə yalaması, toyğun torpaqdan eşələyib bir dən tapanda "qırt-qırt” balalarını səsləməsi, səhərəcən yağmış qarda ilk insan izləri, beşikdə uyuyan körpə və s. təbii gözəllilkərdir. Bir kora yolu nişan vermək, bir yetimi sevindirmək, qurumuş bir bulağın gözünü açmaq, bir ağac əkmək, ədəbli durub-oturmaq, ağsaqqala-qadına hörmət, uşağa qayğı və s bu kimi niyyətlər mənəvi gözəllilklərdir.
Bu cür fikirlərə və qəlbə malik insanlar heç zaman pisliyə, bədxahlığa, qəddarlığa yol verməz, həyatımız hər zaman gözəl olar, insan daim gözəlliklər arasında yaşayar..

Gözəllik nədir?

İnsan yaşadan gözəl xəyallar sözə, melodiyaya, rəngə, tabloya çevriləndə isə sənət yaranır, adına da "incə+sənət” də deyirik.
Məşhur rus yazıçısı Dostoyevski demişdir ki, dünyanı gözəllik xilas edəcək.
Bəziləri bunu qadının gözlə qavranılan şəkildə zahirən gözəl olması kimi qavrayır. Qadınların həyatımızn ən önəmli varlığı şübhəsizdir. Fəqət, gözlərin yaratdığı qənaət hələ bitkin gözəllik deyil.
Bir gəncimiz üçün qarşısındakı qız zahirən gözəl ola bilər. Amma həmin qız hələ bu oğlanın həyatını xoşbəxt etməyə də bilər. Əksinə, zahirən gözəl olmayan bir qızımız daxilən o qədər gözəl ola bilər ki, onu seçə, dəyərləndirə bilən gənci dünyalarca məsud edə bilər.
Əli Kərimin "O qız kimə qismətdir?” şeirindəki qəlbi, ruhu oxşayan bir kamillik kimi:

 

Gözəllik nədir?

Qız xəyala dalıbdır,
Sən deyən də gözəl deyildir...
Amma sifətini
Dərin fikirlər
Xoş duyğular
Elə mükəmməl
Elə gözəl
Işləyib ki...
Deyəsən, bu iş rəssamındır,
Ən odlu bir ilhamındır;
Cizgilər hamısı tamam.
Aralarında bir boş nöqtə belə yox,
Hamısı taram:
Üzündə, alnında,
Gözlərində
Təbəssümün şəffaf rənggi var,
Kamillik ahəngi var.
Gözlərində intəhasızlıq qərq olub,
Baxışları dərin,-
Gün şası kimi uzun.
Hansı planetə qədərsə yol gedir;
Kökü ürəkdədir.
Qız baxır birbaşa ürəkdən
Gözləri ulduzla,
Günəşlə,
Musiqiylə, dünyayla dolu,
Bu qıza rast gələcək hansı idrak oğlu?
Əlbət, beləsi var dünyada,
Mənim də arzumdur:
Belə qıza
Layiq olmaq üçün
Heç olmasa
bir ulduz kəşf edib,
ona bu qızın
adın qoyaydı...
Yaxşı oğlan olaydı,
Yaxşı oğlan olaydı...

Gözəllik nədir?

Bəs filosoflara görə gözəllik nədir?
Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür.
Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.
Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.
Hegelə görə, gözəllik mütləq ruhun obyektlərə əks olunmasıdır.
Şopenhaur isə "gözəllik, mütləq iradənin özünü təsdiq etməsi" demişdir.
Bir kəsin gözəl və son zövqlə geyinməsi heç də həmin şəxsin kamilliyindən xəbər vermir.Həmin şəxs ictimai yerdə, məclisdə özünü elə apara bilər ki, əynindəki geyim təəssüf doğurar.
Bir maraqlı məlumatda oxumuşam ki, atom bombasını icad edən alim kəfini sevincindən uşaq kimi bağrına basırmış. Amma 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarının izləri nə tarixdən silinib, nə də yapon xalqının cismindən.
Demək istədiyim odur ki, gözəlliyin ictimai ölçüləri olmalıdır.Gözəllik gözəllik doğurmalıdır. Elə gözəllik ki, insanlığın, həyatın idealına xidmət etmiş olsun.

Gözəllik nədir?

 

Gözəllik nədir?

 

Gözəllik nədir?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz