» » Ata başa tac imiş...

Ata başa tac imiş...

 
"Ata olandan sonra biləcəksiniz ki, öz xoşbəxtliyinizdənsə, övladlarınızın
xoşbəxtliyi ilə daha çox xoşbəxt ola bilirsiniz”. Əllərimin ikisinidə qaldırıb
 fikir sahibinə təslim olmaqdan başqa yol yox, variant yox.
 

Ata başa tac imiş...   

Hər il iyun ayının 3-cü bazar günü Atalar Günü kimi qeyd olunur.
ABŞ-da Vilyam Smart adlı bir ailə başçısının qadını doğum zamanı həyatını itirir,evdə 5 uşaq da varmış.  Vilyam evlənmir, özü hər əzaba qatlanaraq 6  uşağı təkbaşına böyüdüb ərsəyə çatdırır.
1910-cu ildə Vilyam qızlarının birinin təşəbbüsü ilə ABŞ-da ilk dəfə Atalar Günü qeyd edilir. Üstündən 56 il keçdikdən sonra, 1966-cı ildə bu bayram Amerikada  rəsmi bayram kimi elan olunur və o vaxtdan bəri iyun ayının 3-cü bazar günü ABŞ-da və dünyanın bir çox ölkəsində qeyd edilir. Təkbaşına uşaq böyüdən və kasıb atalara yardımlar verilir, xeyriyyə tədbirləri keçirilir, uşaqlar atalarına hədiyələr bağışlayır, dünyadan köçmüş ataları isə qəbri üstə yad edirlər və s.
 Ənənə Amerikadan başlasa da, bu gün təkcə Amerikada deyil,   ABŞ-da , eləcə də əksər   ölkələrdə   qeyd olunur…

 Ona görə bu günü  elan etməyiblər ki, Analar günü var, Atalar günü də olsun. Ümumiyyətlə, bütün  fəxri günlər rəmzi məna daşıyır: heç olmasa, ilin bu gününə tapınıb əzizlərimizi unutmayaq.  Amma , deyəsən, unuduruq…

Unudulmasın, unutmayaq deyə,   atalar gününə  həsr etdiyim bu yazı ilə dünyasını dəyişmiş  ataların ruhuna  ehtiramla oxucuların qədirşünaslıq duyğularını oyatmq  istəyirəm.

  

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır.

 

 Xalq şairi Bəxtiyar Vahabzadənin  gözəl bir şeirindən seçmədir bu misralar.   Bəzən mən də sitat gətirmişəm. Amma  kiminsə atasına nisbətən daha  uğurlu imkişaf etməsini, cəmiyyətdəki  mövqeyini xatırlatmaq, diqqətə gətirmək üçün deyil, həyatın daim inkişafda olmasını  qəbul etməyə  çağırışı kimi.

 Atanı ötmək olmaz, oğul bunu bacarmaz, heç istəməz də. Bir insanın dünyaya göz açıb, ahəngdar inkişaf etmiş şəxsiyyət kimi formalaşması ailə mühitindən başlayır, atanın ruhundakı, qanındakı işıqlı niyyətlərdən başlayır.   Xarici saytların birində   çoxdan bir yazıya  rast gəlmişdim.   Cənub-Şərqi Asiyada ucqar bir kənddə yaşayan bir  ata qadını  vəfat etdikdən  sonra  ikinci evliliyə baş vurmur və ümidini yeganə oğluna bağlayır. Onun oxuması, universitetə qəbul olunması üçün hər cürə məhrumiyyət və əzablara qatlaşır: az yeyir, əyninə belə paltar, ayaqqabı almır. Oğlu  Tailanddakı  Ratchpatr Universitetinə qəbul olunur və oranı müvəffəqiyyətlə bitirib  kəndlərinə qayıdır. Ata belə istəmişdi, belə arzulamışdı.  Ayaqyalın, şalvarçıq gəzmişdi ki, balası inkişaf etsin, təhsilli olsun. Heç belə atanı ötmək fikrini dilə gətirmək olarmı?

 

Ata başa tac imiş...

 

Bu qədər olmasa da, bizim  də tələbəlik həyatımızı atamızın, anamızın narahatçılıqları, nigarançılıqları ilə dolu  məqamlar  hər vaxt müşayiət edib.

 Yox, atamı-anamı ötmüşəm deyə önə çıxmaq istəmirəm, istəməmişəm.Amma ata-anamın əziyyətini yerə vurmamışam deyə çox qürurluyam.

Ata, Gözümümn gördüyü, ayağımın getdiyi hər yerdə sən varsan. Yanında sənin yaraşığın, andımız, amanımız anam. Yaşa dolduqca, gün üstünə gün gəldikcə həsrətiniz iliyimə işləyir. Geri dönməyə zərrəcə güman yox. İrəli də Sizsiz getmək Sizsizliyi bir qədər də uzağa aparmaqdır.  

Uşaqkən heç bilmirdik bizim yeməyimiz , geyinməyimiz hardan gəlir, necə gəlir. Bilmirdik ki, atamız səhər tezdən hara gedir, niyə gedir. Bir balaca yetkinləşəndən sonra anamızın "atan işdən gələndə”, "atan maaş alanda” kimi sözlərindən bilmişik ki, atamız hər gün səhər tezdən evinə, balalarına şörək qazanmaq üçün kolxoza, zavoda, fabrikə, tikintiyə işə gedir. Hər gün axşama kimi ancaq buna görə çapalayır ki, biz ac qalmayaq, korluq çəkməyək. Anamız da evdə əkib-beçərməklə, toyuq-cücə saxlamaqla atamıza , atamızın əmək haqqına dəstək olur ki, bu qədər külfətin öhdəsindən gəlmək mümkün olsun. Görmürdük bunları, mahiyyətini bilmirdik. Bildiyimiz bu idi ki, öynə oldu-olmadı, acıyan kimi təhnəyə qaçıb lavaşdan, təndir çörəyindən bir parça götürüb üstünə yağdan, şordan yaxıb həyət-bacaya cumaq. Kimin əynində-başında təzə paltar, ayaqqabı gördük imkan-filan düşünməzdik, evə gələn kimi hökm edərdik ki, "mənə də al”. Çox vaxt da özləri görüb istəyərdilər ki, bu ayaqqabıdan onların balasının da olsun, bu dondan, kostyumdan onların balası da geyinsin. Hər yeni paltar, ayaqqabı, çanta alıb məktəbə yola salanda və ya məktəbdən qayıdanda kənardan seyr edib rahatlanardılar ki, zarafat deyil, dünyaya övlad gətiriblər, ailə saxlayırlar, uşaq böyüdürlər.
Necə bəxtəvər günlərmiş: hər şey sanki, göydən düşür, kimsə gətirib qapımıza qoyub gedir, biz də belə də olmalıymış kimi, alıb yeyirik, geyinirik və günlər beləcə bizi qayğısız, dərdsiz-sərsiz irəli aparırdı.
Yaşa dolduqca bir tərəfdən xərcimiz, əziyyətimiz artırdısa, o biri tərədən də ata-anamızın zəhməti çoxalırmış, yuxuları gödəlirmış. Analarımız həmişə süfrə başında mürgüləyirdu.
Çünki onlar indiki "mama"lar kimi, hər cürə rahatlıq, isti su olmasına baxmayaraq, süfrədən yığışdırılmış qab-qacağı yumağı heç vaxt səhərə saxlamazdılar. Nə olur-olsun, süfrəni yığışdırıb, qab-qacağı da yuyardılar. Sonra yşaqların, ərin paltarına baxardılar ki, cırıq yeri yoxdur ki, çirkli deyil ki.
O vaxtlar özü də hər ailədə heç olmasa, 5-6 uşaq olurdu. Ata-ana boş dayanmamalı, çapalamalı idi ki, uşaqlar ac qalmasın. Bir də uşaqlar da böyüyürdü axı, bu gün-sabah ali məktəbə gedəcəkdilər, qızlar gəlin köçməlidirlər, xəstələnmək olmaz, fasilə götürmək olmaz, məzuniyyətə çıxmaq olmaz, axşam düşər-düşməz yatmaq olmaz. Lap leysan yağsa, göydən Günəş od ələsə də, səhər obaşdan mal-qaraya baxmalıdırlar, bağ-bostan becərməlidirlər ki, tələbə balalarına mer-meyvə, süd-qatıq göndərə bilsinlər. Qərib yerdə heç olmasa yavanlıq etməyə qatıqları, yağları olsun. Zəhməti ilə ərsəyə gətirdikləri meyvənin, inəyi-qoyunun artımını satıb puluna toy edə bilsinlər, çehiz tədarükü görsünlər:qızının ər evində heç nəyə ehtiyacı olmasın, heç nə üçün qonşunun üstünə getməsin. Mümkün qədər qızlarını hörmətli yola salsınlar. Bilirsiniz həm də niyə? 3-4 kq-lıq bir tifili kipriklərinlə od götürüb saxlayasan, böyüdüb boya-başa çatdırasan, sonra da toy-tamaşa ilə bir maşına əyləşdirib birinə verəsən ki, apar bunu öz evinə, daha sizing olsun. Hələ Allah bilir yeni evdə qızının günü-güzəranı necə olacaq, ac –susuz qalmayacaq ki, hər sözünə "can” dedikləri balalarının günü göz yaşları ilə keçməyəcək ki.Ona görə də kövrəlir, lap imkan olsa, evlərini, canlarını da bu cehizin üstünə qoyadılar ki, hər şey balalarına artıqlaması ilə xidmət etsin. Təki ata evindən bəxtəvər köçsün.

  

Ata başa tac imiş...


Zər-xaralı geyindiklərini toydan-toya görərdik, atamızın da, anamızın da. Vur-tut adam içinə çıxası bir-iki dəst paltarları (özləri belə deyirdilər) olurdu, onu da həmişə boxçada saxlayırdılar. Bir də görürdülər ki, yaş ötüb, bu parçanın, dəbin vaxtı keçib. Beləcə paltarlarının vaxtı kimi, özlərinin də gənclik dövrü, cavanlıq ömrü övladlarının yolunda ötüb keçirdi. Amma onlar qayğılarını söz etmirlər, üzə vurmurlar. Övladlarının ən kiçik arzusunu gerçəkləşdirə biləndə qalan heç nəyin fərqində olmurdular.  Şən, qayğısız böyüyən  təbəssümləri ilə məmnunluqlarını  bildirirdilər. Ha yozmaq istəsən də, uşaqkən bir övladın atasını sevməsi nəvaziş və qayğılara cavab verməkdən başqa bir şey deyil. Övladın əsl ata-ana sevgisi  valideynləri qocalıb ixtiyar çağlarını yaşayanda başlamalıdır.
Əlləri, ayaqları torpaqda, bağda-bağçada işləməkdən cadar-cadar olur, getdikcə yaşa dolub şuxluqlarını, gözlərinin nurunu itirirlər, üzləri qırış-qırış olur, "əkilmiş torpağa bənzəyir”… ata-analarımızın.
Aman Allah, evin divarında ata-anamın gənclik şəkilləri asılıb, indi gördüyüm ata-anam necə gözəl, şən, şux, qıvraq olublar. İnanmaq olmur həyatın səssiz-səmirsiz, topsuz-tüfəngsiz açdığı oyunlara…
İndi bu yük çiyinlərimizdə ikən bilmişik ki, ata-analar əvəzinə öz cavanlıqlarını, şuxluqlarını, yuxularını, saçlarının qaralığını… hər nəyə gümanları çatırdı qurban veriblər.
Övladı üçün edə bildiklərini başa gətirincə bunların heç fərqində olmurdular. Bəzənmək yox, düzənmək yox, nə yox.. Bunlar olsaydı, ciyərparalarına qayğı, qulluq yavaşıya bilərdi axı, azala bilərdi axı. Ata evdən ruzi dalınca çıxanda gözdən itincə, ana onu baxışları ilə yola salır, qayıdıb başlayırdı ta gəlincə həyət-bacada başını qatmağa ki, vaxt keçsin, bir də baxsın ki, bir də görsün ki, özünün də, uşaqlarının pasibanı gəlir.
Ömrünün sonuna kimi də davam edirdi bu bağlılıq, səcdə, vəfa əhdi, borc. Ata hər evə qayıdanda bunları hökmən hiss edirdi: havadan, göydən, yerdən…Hiss edirdi və ağlı başında o da işini görür, ailəsinə, uşaqlarına bağlanırdı. Ana öz əməyini atanın əməyinə bağlayırdı.
Bəzən heç də hər şey rəvan yoldaymış kimi getmirdi. Mehriban ailələrdə ata-ana çəmini tapıb hər şeyi yola verirdilərsə də, söz-söhbətli, dava-şalaşlı ailələrdə ən sısqa çətinlik belə ailələrin şələsinin üstünə əlavə yük olurdu.
Bu, həyatdır. Doğrudur, bəzən insan bu qayğıların əhatəsində olanda onların heç birini görə, duya, qiymətləndirə bilmir. Heç ata-analar buna özləri də imkan verməzdilər ki, balaca-balaca yavruları bunlardan uzaq olsunlar: ehtiyac nədi bilməsinlər, yoxluq nədi bilməsinlər, imkansızlıq-gücsüzlük nədi bilməsinlər.
Bəlkə də həyatda cavabdehlik, məsuliyyət, qayğı göstərmək, insanın halına acımaq kimi müsbət əxlaqi keyfiyyətləri ehtiyacla, problemlərlə qarşı-qarşıya qalanda yaranıb. Bəlkə də yaranışdan ata haqqı, ana haqqı bu imtahandan qalib şıxanlara verilibmiş ki, "uf” demədən son nəfəsləri canlarından çıxanacan valideynlik borclarına sədaqətli qalırlar. İmtahandan tanış-biliş vasitəsilə, "dayı” vasitəsilə keçənlər uzun yolu davam edə bilmir, yarı yolda səmtlərini digər qeyri-məchulluğa yönəldirlər.

Ata başa tac imiş...


Siz bu həyat imtahanlarından üzüağ, alnıaçıq çıxanlardansınız. Uşaq vaxtı anamın dediklərindən bilirəm ki, atam evlənəndə ailənin tək övladı imiş. Qardaşı müharibədən qayıtmayıbmış. Babam-nənəm də çox qocalıbmış. Atamı 16 yaşında evləndirib ki, ocağında həyatın davam etdiyinə əmin olsun, nəvə görsün. Atamın 10 övladı olub. Atam həmişə deyərdi ki, mənim arxam, qolub-qanadım olmadı, qoy uşaqlarım qollu-budaqlı olsunlar.
10 uşaq böyüdüb, hamısını da yerbəyer etmək bir qəhrəmanlıq sənəti idi. Amma anam ömrünün sonuna kimi də elə "evdar qadın” statusunda oldu, yəni, işləməyib.
Onda əksər ailələr çoxuşaqlı ailə idi. O zamanlaR qaz yox, su yox, "kolyaska” yox, "pampers” yox idi.
Valideynlər bizi bunlarsız böyütdülər: analarımız evdə, atalarımız həm ailədə, həm işdəçəkdikləri zəhmətləri ilə.
Uşaqkən əzbərlədiyim bir şeirdir: atam nahar vaxrı qəzetlərin birindən oxumuşdu. 10 uşaq böyüdən atanın iç dünyası bu şeiri məlhəm kimi qəbul etmişdi deyəsən, elə bəlağətlə oxumuşdu ki, o gedəndən sonra qəzeti götürüb əzbərləmişdim bu şeiri:

Mənim atam

Mənim atam,
Gəl dəyişək qəlbimizi,
Qayğımızı.
Mən sən olum,
Sən mən, ata.
Gəncliyini pay yerinə,
Körpələrlə bölən, ata,
Ailən böyük, qayğın ağır,
Evimizin güzəranı sənə baxır.
Süfrəmizin bərəkəti,
Çörəyimiz, suyumuzsan.
Sevincimiz, fərəhimiz,
Nişanımız, toyumuzsan.
Saçlarını ağ görürəm,
Qocalırsan, mənim atam.
Gəl dəyişək yaşımızı,
Gəl dəyişək saçımızı.
Dəyişdirək ömrümüzü.
Eynək taxma gözlərinə,
Gözlərimi tax gözünə.
Mənim odum,
mənim adım,
Mənim atam...

Bunlar indi mənə yuxu kimi gəlir. Atamın təhsili olmasa da, gözəl qiraəti vardı, nə oxuyardı, ürəyimizə yağ kimi yayılardı. İndi ata-analı günlərimi xatırlayanda çox qəribsənirəm. Qəribsənirəm ki, niyə həyat belədir. Niyə hər zaman onların çevrəsindən uzaqlaşmağa tələsirdik, şəhərə çan atırdıq: üstümüzdə ata zəhmi, ata-qoruq qadağası olmasın deyə, öz əlimiz-öz başımız olsun deyə. Sən demə, mexanikanın "qızıl qaydası”nda olduğu kimi, (qüvvədə nə qədər qazanırıqsa, məsafədə o qədər itiririk və yaxud əksinə) biz nə qədər sərbəstlik qazanırıqmışıqsa,öz əlimiz-öz başımız olurmuşsa, ata-analı günlərdən, ata ocağından, oyun yerlərimizdən anabaan uzaqlaşırıqmış. Bu soyuqluğun, unutqanlığın, naxələfliyin üstünü ayda-ildə bir dəfə getməklə malalayıb indi atasız-anasız dünyada "yetim” qalmışıq. Ürəyimizdə, beynimizdə də bir qorxu hakim: övladlarımız görən sərbəst, öz əli-öz başı olmağa can atmır ki. Axı nəvəsiz biz yaşaya bilmərik. Axı atasız onları atası da yaşaya bilməz: yaşayar ey, amma bizim kimi:acı təəssüflərlə.
Biz valideynlərimizin zəhmətini itirmədik: atamız kimi ola bilməsək də, demədiyi kimi də olmadıq.
Oxuduq, ev –eşik, oğul-uşaq sahibi olduq. Uşaqlarımızı oxutduq, ev-eşik sahibi etdik. Şirin-şəkər nəvələrimiz var. Qoca babalarını görməsələr də, onun nəsil xəttini davam etdirən əsl varislərdir.
Ata-analarınızı sevin, ey ata-anası sağ olanlar. Hər ay, hər gün sevindirin onları.Tez-tez baş çəkin, dərd-sərlərini, arzularını öyrənin və dediklərinə hökmən əvvəl edin. Saç-saqqalını qaydaya salın, təzə paltar alın. Nəvələrini aparın onların əhatəsində olsunlar.
Bu, həm də Atalıq institutunu qorumaqdır…
 

Ata başa tac imiş...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz