» » Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

 

 

 

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

 

 

"Məşhur modelin telefonu "sındırıldı", lüt fotoları yayıldı”, "Amerikalı modelin BU GÖRÜNTÜLƏRİNİ 2 milyondan çox adam izlədi”, "Modellər valehedici ziyafət libaslarıyla dekolte yarışına girdi”, "Məşhur modelin lüt cəsədi aşkarlandı”, "Tanınmış azərbaycanlı model çimərlikdə” ,"Türkiyəli model evli baş nazirdən 5 aylıq hamilədir”, "14 yaşında ölən model gününə 8 dollar qazanırmış”, "Ən yaraşıqlı cani moda ulduzu oldu”,"Kök modelin sinə dekoltesi gecəyə damğa vurdu” ,” Azərbaycanlı modelin cəsarətli sinə dekoltesi”, "Tanınmış model çılpaq fotolarını paylaşıb "İki uşaq anası modelin cazibədar dekoltesi ”, "Övladını itirən 22 yaşlı modelin dərin sine dekoltesi” , "Alt geyimi geyinməyi unudan model, indi də gecə geyimi ilə alış-verişə getdi” və sair, və ilaxır. Təəssüfedici olsa da, bunlar Azərbaycanda fəaliyyət göstərən əksər informasiya vasitələrinin əsas manşetləridir, manivellasıdır sanki.
Bir təəsüfləndirici məqam da burasındadır ki, həmin informasiya vasitələrində bu kateqoriyada olan yazıları izləyənlərin sayı alqışlanmağa layiq digər maarifləndirici yazıları izləyənlərin sayından qat-qat çox olur.
Başa düşürük, bunlar informasiya bolluğunda dayanıqlılıq üçün edilir: daha böyük auditoriya əldə etmək lazımdır. Çünki istər TV-də, istərsə də media sahəsində böyük auditoriya qazanmadan reklam bazarına giriş əldə etmək olmur.
Başa düşürük ki, insanlara statistik rəqəmlərlə, iqtisadi-siyasi mövzularla yanaşı, əyləndirən, təbəssüm ovqatı yaradan yazılar, şəkillər, yumorlar da lazımdır.
Amma bu, tamaşaçı auditoriyasınln zövqünü və intellektual səviyyəsini zədələməməlidir.
Qıcıq doğuran bayağı şoulara, sərməstliyə körükləyən verilişlərə nə qədər baxmaq olar, belə yazıları nə qədər oxumaq olar? Tamaşaçı auditoriyası yüngül həyat, əza həzzi təbliğ edən belə zərərli "incəsənət”lə nəinki maarifləndirilir, əksinə, bizim milli strateji hədəflər daha da hədəfsizləşdirilir. Bu, çox təhlükəlidir. Xüsusilə, yeniyetmə gənclərin dünyagörüşünə belə verilişlər, seriallar tiryək kimi təsir edir.
Bir vaxt Azərbaycan qızı, qadını tanımadığı, elə tanıdığı kişlərin yanından keçib gedəndə "bir köynək ət tökürdü”, kəndlərdə qadınlar heç zaman kişilərlə birlikdə bir məclisdə oturmazdılar: nə xeyirdə, nə şərdə. Qadınlar, qızlar "çimmək”, "yuyunmaq” sözlərini belə dillərinə gətirməyə utanardılar. Amma indi qızlarımız, qadınlarımız var ki, adları gecə saatlarında şou məkanlarında baş verən insidentlərdə hallanır ("Azərbaycanlı qızlar gecə klubunda bir "tufan" qopardılar ki...”, "Bakida yaricilpaq qizlarin EROTIK SOUSU”, "Bakıda məşhur barda qızlar arasında dava düşdü” vəs. ) Bütün bunların kökündə bir çox səbəblər var və onların sırasında televiziya və mətbuatın ”ürək-dirək verməsi”diqqətdən yayına bilməz.

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri
1968- 1970-ci illəri xatırlayıram. Kəndimizdə cəmi 2 televizor vardı. Sonralar getdikcə çoxalmağa başlamışdı. Televizor həyatımımızda bir mədəniyyət ocağı nüfuzu qazanmışdı. Gün-axşama qədər heç kim ekran qarşısından ayrılmaq istəmirdi. Bu, yalnız o vaxt olardı ki, ya "televizior qızıb xarab olar”,- deyə fasilə verilərdi, ya işıq kəsilərdi , ya da valideynlərdən biri durub onu bağlayardı ki, səhər tezdən qalxa bilsinlər. Televiziyanın, olsa-olsa, yeganə qəbahəti insanları işdən – gücdən etməsi idi.
Sovet ideologiyası çox güclü idi. Bütün verilişlər, kino ciddi ölçülüb-biçilərdi. Aparıcıların, konsertdə, tamaşada iştirak edəcək müğənni və aktyorların danışığı, geyimi belə, cəmiyyətin ölçülərinə hədəflənirdi. Televiziyanı oğul, qız, ata, ana, gəlin – evdə kim var, hamı birlikdə izləyə bilərdi: nə bir abırsız səhnə təcəssümü vardı, nə danışıq, nə də geyim tərzi.
"Tələbə klubu”, "Şən və hazırcavablar klubu”, "Valideynlər, sizin üçün”, "Hünər”, "Dalğa”, " Yumoristik novellalar”, "Məktəblilərin rəqs salonu”, "Kamillik”, "İnsan və qanun”, "Retro”, "Şahmat məktəbi”, "Səhər gimnastikası”, "Necəsən, gənc dost”, "Səhər gimnastikası” və s. bu kimi ciddi şəkildə ölçülüb-biçilmiş verilişlər vardı və hər bir veriliş efirə çıxdığı gündən rəğbətlə qarşılanırdı. Təbii ki, bunun ən birinci səbəbi televiziyanın hədəfi ilə cəmiyyətin hədəfinin üst-üstə düşməsi idi. İkinci səbəbi isə hər verilişin aparıcısı peşəkar televiziyacılar idi, bəhs etdikləri mövzunu, bütövlükdə verilişi öz intellektual səviyyələri ilə verilişdən-verilişə canlandırırdılar, yeni forma və üslub dəsti-xətti hər verilişdə hiss olunurdu. Bu illərin televiziyasının simasını Ofeliya Sənani, Rafiq Hüseynov, Roza Tağıyeva, Gülşən Əkbərova, Həmidə Ömərova, Nadejda İsmayılova, Nailə İslamzadə, Natəvan Osmanlı, Rafael Hüseynov, Davud Əhmədov, Hicran Hüseynov, Şərqiyyə Hüseynova Ələkbər Abbasov, Qərib Əhmədli, Nadejda İsmayılova, Telli Əliyeva, Tofiq Abbasov, İlqar Qasımov, Osman Mirzəyev kimi peşəkar jurnalistlər, habelə, Xudu Məmmədov, Tariyel Qasımov, Mehdi Məmmədov, Ayaz Salayev, Əlfəddin Abdullayev kimi öz sahələri üzrə kamil mütəxəssislər müəyyənləşdirirdilər.
Amma indi belə deyil: tamaşaçı maraqları mətbuatın, televiziyanın auditoriya yaratmaq səylərini üstələyir, yəni, Zaur Kamal sabah "Kamillik” verilişi aparsa, auditoriyası "5-də 5" verilişinin auditoriyası kimi reytinqli olmayacaq. Tamaşaçılar, artıq, verilişin varlığını təmin etdiyi kimi, xəttini də müəyyən edirlər. Onların sayı da bir qədər ciddi verilişləri izləyənlərin sayından həmişə üstün olur.
Bu gün informasiya məkanının ümumi mənzərəsi belədir ki, televiziya kanallarının sayı getdikcə çoxalır. Peyk antenasının köməyi ilə hər kəs dünyanın harasını istəyirsə, izləyə bilir. Xarici telekanallar intellektuallıq baxımından bizim informasiya məkanına, təbii ki, yenilik gətirə bilməzdilər, amma əks təsirləri göz qabağındadır.
Cəsarət edib televizoru ailə cəm olanda açmağa, kanalları dəyişməyə adam bir az ehtiyatlanır.
Elə seriallar, reklam rolikləri paylaşılır ki, ailənin onu eyni vaxtda izləməsi mümkün olmur.
Bəzən reklam fasilələri zamanı elə epizodlar verirlər ki, ya kimsə durub otağı tərk etməlidir, ya kanalı dəyişməlisən, ya da televizoru, ümumiyyətlə, söndürməlisən. Bu məqamlar təkcə reklamlara aid deyil, həmçinin nümayiş etdirilən seriallara, eləcə də aparıcı, müğənni, qonaq qismində şou proqramlarına dəvət edilən şəxslərin geyim tərzinə də aiddir. Gənclər xəyallarında bu
müqayisəni apara bilməyəcəklər, amma sovet televiziyasını seyr etmiş insanlar yaxşı xatırlayırlar ki, heç bir aparıcı, diktor, müğənni onların qarşısına sayğısızlıq sərgiləyən libasda çıxmayıb, necə gəldi oturmayıb: bir dəfə Rəhim Rəhimli verilişi aparanı qıcağına alıb 5-3 metr qət etdi və s. İndi bəzi telekanallarda belə davranışlar adi haldır. Bəzi kanallar və kütləvi informasiya vasitələri belə təfərrüat yaradan materialları təqdim etməkdə özləri maraqlıdırlar ki, ağıla, hissə qida verən layihələrlə deyil, illüziya yaradan görüntülərlə, şou məzhəkələri ilə reytinqə aparan yollarını hamar etsinlər.
Eyforiya kimi bir şeydir: bu cür şoulara baxıb şənlənirik, deyib-gülürük, başımız xumarlanır, amma bundan əxlaqımıza, milli dəyərlərimizə yönlənən heç nəyi görmürük və yaxud görürük, fəqət, vecimizə də deyil. Unutmamalıylq ki, mənəvi zərbələrin acı və fəlakətləri daha amansız iz buraxır.
Bu gün ictimai mühitdə rastlaşdığımız anomaliyalar daha çox belə təsirlərin fonunda formalaşır.
Uşaqlara söz demək olmur, adamın üzünə qayıdırlar.
Özlərini sərhədsiz sərbəst hiss edən gənclər nəsli formalaşmaqdadır. Bayağı musiqilərə və geyimlərə aludəlik, gənclərin sevgiyə mənəvi bütövləşmək ehtiyacı kimi deyil, əza həzzi gətirən əyləncə vasitəsi kimi yanaşması, erkən pozulan nikahlar, atılmış uşaqlar, intiharlar, narkomaniyaya meyillilik və s bu kimi halların hamısı mənəviyyatımıza yoluxdurulmuş viruslardır.
M.P.Vaqif bu misraları, sanki, günümüz üçün yazmışdır:

Ucu əşrəfili, bulud kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kələğayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!

Bəs nə var: bəzi şou nümayəndələrinin kosmetoloji əməliyyatlarla vizual görünüş yaratmaq cəhdləri, gözəllik müsabiqələrinin qalibləri olmaq arzusu, model imici qazanmaq üçün heç bir əndazəyə sığmayan pozalarla reklam niyyətləri və s.
Model nə deməkdir, onun əks təsirləri varmı, varsa, nələrdən ibarətdir?

 

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

Mən ola bilsin ki, ifraata varırm, bununla belə fikrimdə qalıram. Bu cür həyat tərzi təqdir edilməməlidir. Hansısa bir idmançıya, sənət adamına bu qədər fövqəladə imtiyazlar yaradılmamalıdır. Onların macəra həyatı cəmiyyətin, xalqın mənəvi ölçülərinin fövqünə qaldırılmamalıdır. Artıq Azərbaycanda da bu təmayül hiss olunmaqdadır. Hesab edirəm ki, hər kəs öz şəxsi həyatını özü yaşamalıdır. Bir məktəb şagirdlərinə əxlaqi dəyərlərimizi öyrədirsə, media, televiziya, xüsusilə reklam sektoru əzalarını nümayiş etdirənləri önə çıxarırsa, bu, məktəbin öyrətmək istədiyi gəncliyin qulağına başqa sözlər pıçıldamaqdır. Digər tərəfdən bizim kəndlərimizdə də, şəhərlərimizdə də elə gözəl, ismətli qızlar var ki, həm də yüzlərlə, minlərlə, yanlarında bir qədər küntöy söz işlətsələr, həyadan qıpqırmızı qızaracaqlar. Belə məmləkətdə, özü də gələcəkdə hər biri bir evimizdə qadın, ana olacaq qızlarımıza model təsərrüfatını nümayiş etdimək nəyimizə lazım? Qızlarımız da inciməsin, bu gün ərinə asi olan qadınlar təbəqəsi yaranmağa başlayıb, hansı ki, "qadınların azadlıq yolunu Avropada, Amerikada görürlər ”. Onlar haradan bilirlər Avropada, Amerikada qadın, həqiqətən, azaddır. Gənclərin heç bir problem yoxdur, yeyib-içib şənlənirlər. Bunlar televiziya və mətbuatla yayılmadımı?
Qərb ölkələri televiziya ilə yayımlanan serial və əyləncə verilişləri ilə guya öz ölkələrində azadlıq, hüquq bərabərliyi illüziyaları yaratmaqla, əslində, başqa ölkələrin əxlaq sistemində pozuculuq niyyətlərini həyata keçirirlər. Dolayısı yolla gəncləri itaətsizliyə sürükləyirlər, qızları və qadınları isə asiliyə.
Bu yaxında saytların birində kanadalı model Aleksandra Rodrigezin Mayami sahillərində istirahət həyatını əks etdirən şəkilləri paylaşılmışdı. İnternet məlumatlarına görə, A. Rodrigez bir müddət müğənni Castin Biber və türkiyəli ifaçı Sinan Akçılla "sevgili” olub, Mayamidə kiminlə olduğunu isə deyə bilmərik.
Sayt yazır ki, "Baxan birdə(?) baxmaq istədi”.
 

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

Burada baxılası axı nə var? Bizim qızlarımıza qarşı etimadsızlıq və hörmətsizlikdir bu. 5-3 şou məkanında olanları çıxaq şərti ilə bizim qızlar belə nümayişi, belə sevilməyi, belə xoşlanılmağı istəməzlər. Söhbət ondan gedir ki, bizim qızlar belə məsələlərin ölçüsünü, mahiyyətini başa düşərək onu dəyərləndirirlərsə, gərək cəmiyyətdə də onları belə düşünməyə, addım atmağa vadar edən hallar gözlənilsin, ən azından belə görməyi arzu edənlər gərək bu cür şəkillərə, onu reytinq naminə paylaşanlara göz bərəltsin, qınaqla qarşılasın. İkinci məsələ, nə olan şeydir bu model. Elə model, pop ulduz deyib mənəvi həyatımızın yarısından çoxunu zəhərləyiblər. Mətbuat, reklam dəyərli olan nə varsa, hamısını öz maraqları naminə tapdalayıb gözəllik kateqoriyasının fövqünə qaldırdıqları qara-qura adamlar bizim qızların heç ayağına su tökməyə də yaramırlar. Rodrigezdir kimdir, o, belə reklam edilmədən, qırmızı geyinmədən qəflətən Tarqovıda peyda olsa, vallah, naçarları saya almasaq, kimsə heç fərqində də olmaz onu. Biz müqəddəs olan, doğru olan hər şeyi alt-üst etmək yolunu tutmuşuq. Qayıdaq bu yoldan.
Bir dəfə bazara gedəndə alma satanlara baxın: almaları silib parıldadırlar, elə səliqə ilə düzürlər ki, diqqəti cəlb etsin. Ticari qanundur bu. Hər kəs çalışır ki, əmtəəsini silib-bəzəyib gözlərə həmlə etsinlər və edirlər də. İnsanların şəxsi həyatına aid etsək, belə modellərlə görüşə gedən kavaler filan qədər xərc çəkib üst-başını düzəltdirirsə, saçlarına ukladka qoydurursa, qarşı tərəf də həmin kavalerdən alacağı qazanca arxayınlaşıb, tanış gözəllik salonunda borca 2-3 minlik ətirlənib, bəzənib düzənirsə, burada sevgidən, təbii ki, söhbət gedə bilməz. Bu, bazardakı əmtəə reklamına oxşar bir niyyətdir.
Belə məqsədlər üçün kimsə hansısa bir modelə 24 min evroya timsah dərisindən gödəkcə alırsa, 300000 avroya Secret de la Reine от Guerlain alıb bununla onu ram edirsə, bu, ümumi həyat tərzi ola bilməz, hamı belə ola bilməz, təbii ki. Hamı da heç belə həyata can atmır da. Amma bu cür az nümunələr cəmiyyətin çox böyük normalarını, ölçülərini pozur, şübhə altına alır. Xəyanətlər, boşanmalar günbəgün artır.
Fikir verirsinizsə, bizim bir çox guya pop ulduzlar, pop modellər kütləvi informasiya vasitələrində heç bir məsuliyyət hiss etmədən, çəkinmədən bulvar təsəvvürlərini ifadə edirlər.
Biz dəyərlilərimizə hörmət olaraq onlara etinasızlıq göstərməliyik. Bu işdə ideologiyamız, televiziya və mətbuatımız canlanmalıdır.
"Ana və Uşaq”da bu mövzuda yazılar vaxtaşırı dərc edilməkdədir. Əlbəttə ki, şou koordinatlarında yox, mənəviyyatımıza sədaqətlə xidmət edən digər kütləvi informasiya vasitələri ilə birlikdə.

Kütləvi informasiya vasitələri və mənəviyyat məsələləri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz