» » Sevgi ilə yaşayar qızlar hər vaxt

Sevgi ilə yaşayar qızlar hər vaxt

Sevgi ilə yaşayar qızlar hər vaxt. Bu, adi fizioloji ehtiyacın yaratdığı hiss deyil, müəyyən yaş həddinin, ailə varisliyinin göstəricisi də deyil. Qadınlar - həyatımızın və sevgimizin çiçəyi, dünyanın bəzəyi, çiçəklər içində bir Çiçək... Açmasa, yaşayammaz, var ola bilməz... Açmasa, yaşayammarıq, var olammarıq...
Bir qız, qadın haqqında düşündükdə ağlımıza ilk gələn də analıq duyğusu olur. Dünyada nə qədər bər-bəzək, hiss-duyğu var, yenə qadını analıq duyğusu kimi heç nə bu qədər gözəlləşdirə bilməz.
Mən hərdən fikirləşirəm ki, sevgi, şəfqət, səmimiyyət, doğmalıq, vəfa, sədaqət, ülviyyət, qürur kimi bütün nəcib hislərin mənşəyi qadın və qadınlıq məfhumları ilə bağlıdır. Bu hisslərin hamısı gözəldir, bu hisslərin hamısı həyatımızın keyfiyyətini müəyyən edir. Amma qadının həyatımızdakı, taleyimizdəki rolu və yeri ilə bir qədər də cilalanır, məzmun və keyfiyyətcə daha da ülviləşir. Elə götürək, məsələn, "Vəfa” sözünü...
Bu sözün etimologiyası "sözünün üstündə durma”, "borcunu, təəhhüdünü yerinə yetirməkdə möhkəmlik” kimi başa düşülür... Hansı münasibətdə olursa-olsun , əxlaqi keyfiyyət kimi insanı ali edir. Amma sevgidə, ailə münasibətlərində vəfa borcu daha həssas, həssas olduğu qədər də möhtəşəmdir...
Orta məktəbi başa vurduqdan sonra hər il Müəllimlər günündə ilk müəllimini gəlib təbrik edən şagirdin öz əhdinə vəfası necə də gözəldir. Amma müharibədən qayıtmayan nişanlısının ölümünə inanmayan bir Azərbaycan xanımının saçının birini ağ, birini qara hörüb onun yolunu gözləməsi artıq vəfanın təntənəsidir...
Hələ balaca bir fidandı. Anası saçına lent bağlayıb həyətə buraxardı. O da qaçardı məhəllədəki rəfiqələrinin yanına. Atası qardaşına avtomat, top, kranlı maşın alanda ona çoxlu-çoxlu gəlinciklər alardı, servizlər alardı. Hər dəfə həyətə düşəndə də bu gəlincikləri , servizi özüylə düşürər, anası nahara çağırana kimi evciklər qurar, gəlinciklərinin telini darayar, sonra üstünü örtüb yuxuladar, sonra başlayar qayğıkeş "ana” kimi ev işlərini görməyə... Fikir verdinizmi, özü bir tifil olan cocuq hələ 3-4 yaşından analığın əlifbasını öyrənir, özünü analığa hazırlayır.. Ta ana olana kimi davam edər bu hazırlıq ... Bunun təhər-tövrünü kimsə onlara öyrətməz, sövqi-təbii edərlər bunu ....
Yaşa dolduqca vüsala can atarlar. Can atarlar "oğlum”, "qızım” deməyə. Həsrətlə gözlərlər ona " Ana " desinlər.
Ana..Bu, elə bir xilqət ki, daşıdıqları sevgini, şəfqəti, zərifliyi, həyacanı, narahatçılığı hesaba alan, dəyərləndirə bilən etalon yox.. Bu hisslər bir ilin 12 ayına belə sığmaz...
Qəhrəmanlıq təkcə döyüş şəraitində, səngərdə, hansısa bir ekstremal vəziyyətdə yaranmır ki...Ana ömrü, qayğıları özü elə əsl qəhrəmanlıqdır... 9 ay bətnlərində böyüdüb, üzünü görməyərək, sadəcə, hiss etdikləri yavrularının ata belindən ana rəhminə düşdüyü andan başlayar bu qəhrəmanlıq. Hər şeyi nizama salarlar, qoruq-qadağaya təslim edərlər özlərini. Ataları ortaya gələn, əllərinə keçənləri yeyəndə o isə nəfsinə "dur” deyər, durmasan, yavrum gəlməz, mən ölərəm, "dur”...
İsti olanda belə böyür-başlarını bağlar ki, tifilinə birdən soyuq olar...Ətrafda başqaları novbar meyvə yeyəndə o, nəfsini içində boğar..Hələ çox sonra yavrusu dünyaya gələndən sonra da bir müddət belə şeylərə tamah salmazlar...Balasına ziyan olmasın deyə hər əziyyətə, əzaba beləcə sinə gərər..Qəhrəmanlıq deyilmi?
Və nəhayət gözlədiyi gün gələr... 9 ay əsgər sərvaxtlığı ilə keşiyini çəkdiyi, dünyaya gətirincə min yol ölüb-dirildiyi balasını görmədən öncə səsini eşidib, unudar hər şeyi..Allahına şükür edər. Lap qız vaxtındakı kimi dodaqları qızarar... Çünki indi o, anadır.
Nə böyük səadətdir Ana olmaq. Dünənə kimi adicə xanım idi, qız idi, amma indi A...n...a...
Göz-gözə baxmaqdır ana olmaq... Biri olsa-olsa, qığıldayacaq, biri içində ilahinin kəramətinə şükür edəcək ki, əziyyəti itmədi. Ona verilən İlahi payına, bu süd qoxulu körpəyə görə dəyirmiş əziyyət çəkməyə.
Bu əziyyətlər, nigarançılıqlar yenə təkrarlanmaqda davam edəcək. Geçələr səksəkəli yatacaq: narahat deyil ki, altı təmizdirmi, ac deyil ki, üstü açılmayıb ha..üzünü cırmaqlamayıb ki.. Görəcək ki, bunların heç biri yoxdur. Atası da şirin-şirin yatır, balası da. Onda sağ böyrü üstə uzanıb, sağ əlini başına dirsəkləyib bir xeyli öz "sənət əsəri” ni süzəcək, öyünəcək, içində layla söyləyəcək:

 
Layla, beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, layla.

Layla dedim, can dedim,
Yuxudan oyan dedim
Dur , yeri bir mən baxım,
Olum boyun qurbanı. 
Beləcə, özü də balasına dediyi laylanın xumarında səhərə yaxın yuxuya dalacaq.
Xoşbəxtliyi, həyəcanı, sevinci eyni anda yaşamaqdır ana olmaq. Könül meyvəsini can sirdaşına göstərməyə can atmaqdır ana olmaq: bax, sənə nə şirin sovqat gətirmişəm...
Bir ailəyə, bir ocağa yeni həyat, hərarət bəxş etməkdir, nənə, baba nuraniliyi gətirməkdir ana olmaq...
Bir ailənin, bir şəcərənin karvanını uzaq əsrlərə aprmaq qayğısıdır ana olmaq...
Varlığını bilməkdir ana olmaq. Bir qadının qadınlıq şərafəti də Ana olmaqla sonuclanır, bütövləşir, müqəddəsləşir.
Ana və uşaq.az ailəsi adından ailə quran bütün qızlarımıza Allahın dərgahına əl uzadıb dua etdiyimiz diləkdir ana olmaq....

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz