» » Düşüncələrim (VII yazı)

Düşüncələrim (VII yazı)

Düşüncələrim (VII yazı)

Filosoflar ailəni əbəs yerə kiçik dövlətə bənzətmirlər. Dövlət nə qədər güclüdürsə, orada rahat və xoşbəxt yaşamaq imkanları daha etibarlı və davamlıdır. Ailə də belədir, nə qədər sağlam əsaslar üzərində qurularsa, bir o qədər möhkəm olur. Onun başında duranlar da başçılıq etdikləri dövləti daha xoş günlərə apara bilir. Bu dövlətdə hər kəsin bir vəzifəsi, bir yeri varsa da , bütövlükdə onlar eyni məqsəd ətrafında birləşir: birlikdə xoşbəxt ailə nümunəsi yaratmaq, dünyaya sağlam və gözəl övladlar gətirmək.
Bunun üçün birgə mübarizə aparmaq lazımdır. Şübhəsiz ki, hər vaxt çətinliklər də olur, mürəkkəbliklər də. Belədə səbirli olmaq, usanmamaq, bir-birinə mənəvi dəstək olmaqla istənilən çətinliyi dəf etmək olar. Ailənin davamlılığı qarşılıqlı sevgidən başlayır, birgə mübarizə ilə davam edir və sonucda bəxtiyarlı günlər bir-birini əvəz edir.
Xoşbəxt bir ailənin mövcudluğu üçün bu kiçik dövlətdə hər şey əsasdır. Hər şey xüsusi yanaşma tələb edir. Ən adi incikliyin də bu səadətə yaxın düşə bilməməsi üçün sərvaxt olmaq gərək. Bu dövlətin bütün ehtiyatlarını sevgidən tutmaq, sərhədlərini, qalalarını sevgidən hörmək lazımdır. Sevgi yetərincə olarsa, bu dövlətə zaval yoxdur.
Ailə ittifaqında ən həssas məsələlərdən biri də ər-arvad arasındakı intim münasibətlərdir. Nə qədər özünü mühafizəkar olsaq da, özümüzü nə qədər ağayana aparsaq da , böyük-kiçiklik yeri gözləsək də, bəzən belə şeylərə asılılıq yaratmamaq üçün bir ehtiyat etsək də, bu münasibətlər zəruridir, olub, var, olacaq da. Elə isə nədir bu münasibətlər, sadəcə, şəhvət və ya fizioloji tələbatmı? Necə olmalıdır bu münasibətlər, azad və bərabərik deyə, hislərimizin də cilovunu açıb buraxmalıyıqmı?
Elmi və tibbi kitablardan, qəzet və internet saytlarından oxuduqlarımıza görə intim münasibətlərin çox növü mövcuddur. Bəlkə də dünyanın ayrı-ayrı yerlərində bu münasibətlərin çoxluğu adi sayılsın.
 
Düşüncələrim (VII yazı)

Biz müsəlman ölkəsiyik və heç də sevgimizi bu hislərə ayırmamışıq. Ailə tərəfləri bir-birini sevirsə və onlar cinsi əlaqəyə qarşılıqlı rəğbət, ehtiyac üzündən baş vurmuşlarsa, kifayət deyilmi? Seriallarda gördüyümüz, eşitdiyimiz-bildiyimiz intim həyatı müsəlman ölkələrinə gətirmək olmaz, heç yaxın da buraxmaq olmaz. Müsəlman ailəsinin öz davranış çərçivəsi var və müsəlman kişisi öz xanımına seriallardakı kişilər kimi yaxınlaşmayacaq.
Bununla belə intim münasibətlər bizim öz mühitimizdə də çox önəmlidir və bu məsələyə çox həssas münasibət bəslənilməlidir.
Bəzən olur ki, ər-arvad bir-birini sevirlər, bir damın altında yaşayırlar, amma yaxınlıq edə bilmirlər, istəmirlər və yaxud tərəflərdən biri cinsi istəksizlikdə olur. Bəzən elə də olur ki, ər işi ilə əlaqədar olar tez-tez evindən, qadınından uzaq düşməli olur. Nəticə də bu istəksizlik daha da sabitləşməyə doğru gedir. Bir az da ciddiləşərək ixtilaflara gətirib çıxarır.
Bəzən evdə də olanda ya söhbətləri tutmur, ya bir-birlərinə ayrılmaqdansa hərəsi fərqli bir işlə məşğul olur, ya da adi bir şeyin üstə küsüşürlər. Sonralar da belə hallar təkrar olur, souyuqluq getdikcə qalınlaşır. Belə buzu isə sonradan əritmək də olmur, əritsən də, soyuqluq hələ uzun müddət davam edir.
Bunlar həyati yaşantılardır. Qəzet və jurnallarda, televiziya verilişlərində hər gün, demək olar ki, ailə ixtilafları və onları dərinləşdirən hallarla bağlı saysız-hesabsız mübahisələrin şahidi oluruq. Çalışmaq lazımdır ki, ər-arvad arasında olan münasibət hər gün yenilənsin, getdikcə səmimiyyət artsın. Elə etmək lazımdır ki, kişi ən yaxşı rəftarı, rahatlığı, sevgini öz evində tapsın.
Onda hər şey öz qaydasınca olacaq. Anlaşma, şirin söhbətlər, birgə gəzinti, qayıtdıqdan sonra da bu ovqatın özü baş-başa, üz-üzə qoyacağı mehriban anlar. Nə qədər ki, belə mehribanlıqlar, belə anlar olacaq, bu ailənin-dövlətin ruzi və firavanlığı da bol olacaq.

Düşüncələrim (VII yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz