» » Düşüncələrim (V yazı)

Düşüncələrim (V yazı)

Bir hökmdar ölkəsinin rəssamlarına səadətin ən yaxşı rəsmini çəkməyi tapşırır və qalibə çox yüksək mükafat vəd edir. Eşidib- bilən rəssamlar məşhurlaşmaq üçün gecə-gündüz məharətlərini nümayiş etdirib çoxlu sayda rəsm əsərləri çəkilir, amma münsiflər bu əsərlərdən hökmdara yalnız ikisini seçib təqdim edirlər.
Rəsmlərin birində dağların arasında bir göl təsvir olunmuşdu.
Hər tərəf yaşıllığa, gül-çiçəyə bürünüb, sanki yerə çiçəklərdən xalı sərilmişdi. Quşlar ağaclarda nəğmə oxuyurlar. Səmadakı buludlar dumduru suyu olan göldə əks olunaraq adamda xoş bir ovqat yaradırırdı. Hansı tərəfə boylansaydın, hansı tərəfə baxsaydın, qarşında yeni bir aləm canlanacaqdı. Adamlar da fikirləşir ki, hökmdar elə bunu seçəcək. Amma ikinci tablo hökmdarın daha xoşuna gəlmişdi.
Burada da dağların arasında bir göl təsvir olunmuşdu: axşamdır, göy guruldayır, çimşək çaxır, ildırımlar toqquşaraq çılpaq qayalarda qorxunc bir əks-səda doğururdu. Yerdən-göydən sanki ələm yağır. Ətrafda yaşıllıqdan bir əlamət yox, hər yer vahimə saçır...Bəs niyə hökmdar bu tablonu seçmişdi? Sən demə, hökmdar diqqətlə baxanda uzaq qayaların arasında qurumuş bir ağac görübmüş. Ağacın haça budağında bir quş özünə yuva qurmuş və balasını qanadlarının altına yığaraq yağışın dayanmasını gözləyir. Hökmdara xoş gələn də elə bu olmuşdu ki, bu qədər təhlükələrin, uyğunsuz şəraitin olmasına baxmayaraq, həmin quş öz səadətini məhz burada tapmşıdır. Çox ibrətamiz nümunədir. Bəli, həyat budur....

Düşüncələrim (V yazı)

Maldiv adalarında  yaşamaq  bəxtəvərlikmi? Bacarırsan, bu bəxtəvərliyi öz "alçaq-ufacıq” daxmanda yarat. Sadə həyatında ailənlə birlikdə öz əllərinizlə qurduğunuz sadə həyat səmimiyyətə, qarşılıqlı sevgi və ehtirama əsaslanırsa, vallah, dəbdəbəli həyatdan gözəl və etibarlıdır, həm də Maldiv adalarında yaşanan min bəxtəvərliyə dəyər. İnanın, səmimi deyirəm, heç kimin fikrini ifadə etmirəm, öz şəxsi münasibətimi bildirirəm. Mən inanmıram ki, adi adamlar belə yerləri ağıllarına gətirsinlər. Amma mən inanıram ki, mən bu ağlımla həyat yoldaşımla Maldiv adalarında romantik həyat yaşamağı arzulayım. Eşitdiyiniz, kinolarda, kliplərdə gördüyünüz cütlüklər elə bilirsiniz ki, sizin, mənim düşündüyümüz bir ailə modelidir? Gördüyünüz o xanım elə bilir ki, bu bəyzadə onu növbəti il də bura gətirəcək, yox, növbəti il bu bəyzadə Yava adalarına gedəcək, özü də tamam başqa bir "məhliqa” ilə.
Klipdə gördüyünüz həmin xanımı isə daha başqa mister bu dəfə Seyşel adalarına aparacaq. Belələri maneken xanımlardır. Belələri əza həzzi yaratmaqdan savayı heç nəyə yaramırlar. Biz sizi belə görmək istəmirik, heç Siz özünüz də belələrindən deyilsiniz. Uca Allah Sizi həm bizə, həm də çocuqlarımıza mələk göndərib. Siz hər biriniz bir ərin "Halalı”sınız. Kanar adalarını qonşu yoluna döndərən hansı bir qadını kim "Halalı” kimi qəbul edər?

Düşüncələrim (V yazı)

Elə bilirsiniz ki, biz onları sizdən gözəl hesab edirik, guya onlarda nəsə artıqdır, fərqli keyfiyyətdədir (hər birinizdən dönə-dönə üzr istəyirəm), sizdə isə hər şey primitivdir. Yox, Azərbaycan kişisi belə düşünmür (istisnaların olmasını istəsək də, istəməsək də qəbul etməliyik). Kişi sözünün iki anlamı var: biri, cins fərqliliyini bildirir, biri isə mənəvi mahiyyət kəsb edir. Yüksək əxlaqı, mənəviyyatı , namuslu ailəsi, uşaqları olan kəslərə "kişi” deyirlər. Bunu Azərbaycan kişisinə Siz bəxş etmisiniz.
Azərbaycan kişisinin, lap kasıbının belə ilk əldə etmək istədiyi sərvət Sizsiniz. Əslində onlarda yaranan "diqqətsizliyin”, əminliyin kökü burdan başlayır. Qərbdə xanımlar bir balaca şiddətlə qarşılaşan kimi heç nə olmayıbmış kimi 2 gündən sonra çoxdan seçdiyi yeni ərinə üz tutur. Amma biz 100 faiz əminik ki, siz bunu etməyəcəksiniz, etməzsiniz. Başımızı dik tutaq, heç kim orda-burda, lap içində adımızı dillərinə belə gətirə bilməyəcəklər. Çünki biz sizə inanırıq. Çünki siz elə dəyərə maliksiniz ki, çünki biz elə namus ölçüsünə sahibik ki, bütövlükdə bu etalon dünən, srağagün, 5 il, 10 il bundan öncə formalaşmayıb. Bu ölçünün izləri əsrlərin o tayından gəlir. Hələ bir bu bayatımıza fikir verin:

Əzizinəm yad əli,
Ya divanə, ya dəli,
Məhşərim o gün qopar,
Yara dəysə yad əli.

Hansı kişi babamız deyibsə, əhsən. Qısqanclıq kimi qəbul edilə biinsə də, aqresiv qısqanclıq deyil, çılğın bir sevgidən xəbər verir. Buradakı "toxunmaq" təkcə" yar əlinə naməhrəm əli dəymək" kimi fiziki mənanı deyil, həm də baxmaq, söz demək kimi də şirin bir qısqanclığı ifadə edir.
Və yaxud:
Aşiq, biriynən gərək,
Sədəf dürüynən gərək.
Dünyada gözəl çoxdur,
İlqar biriynən gərək.

Düşüncələrim (V yazı)

Mənə məxsus gözəllik heç kimsəyə baxış nöqtəsi ola bilməz. Bu bayatını düzüb-qoşan adam sənin, mənim, hamımızın babasıdır. Bizə (oğluna da, qızına da ) şirin bir formada vəsiyyətini qoyub. Deyib ki, üstünüzə bir ovuc ətir töküb çölə çıxmayın, elə səpin ki, onun yayılma əhatəsi ərinizin hiss duyğularından 0,000000000000000000000000000000000001 mm o yana keçməsin. Elə paltar geyməyin ki, qadınlıq cizgiləriniz çöldə qalsın. Əriniz onsuz da görəcək.
Teleseriallarda, olsun ki, ətrafınızda belə geyinənlər var. İnanmırsınızmı, onlar fiziki zora məruz qalmasalar belə, yad baxışlarla zorlanacaq. Bunları demək istəyib bayatı düzgüləyən babalarımız. Nəsihətini də edib, dolayısı ilə hər kəsi öz nəfsinə qul olmamağa çağırıb, hamımız üçün bir namus, ləyaqət hədəfi müəyyən edib. O babanın nəsihətinə əməl etməsək, bizim balalarımız, nəvələrimiz seriallardakı taleyi yaşayacaqlar.
"Kitabi-Dədə Qorqud” dastanlarında "Dirsə xan oğlu Buğacın boyu”nda Dirsə xan həyat yoldaşına:
 
Bəri gəlgil, başım batı, evim taxtı,
Evdən çıxıb yeriyəndə sərvi boylum.
Topuğunda sarmaşanda qara saçlım,
Qurulu yaya bənzər matma qaşlım,
Qoşa badam sığmayan dar ağızlım,
Küz almasına bənzər al yanaqlım,
Qadınım, diləyim, döləyim- deyirdi.

Düşüncələrim (V yazı)

Biz Qərb həyatına can ata-ata çırlaşacağıq, genetik kodumuz itəçək, min illərdən sonra antropoloqlar təyin edə bilməyəcək ki, bunlar bizim varislərimizdir.
Kişi cinsinə mənsub olduğumdan məni tərəfkeşlikdə suçlamayın. Sizin ərləriniz də mənim qardaşlarım, qohumlarım. Bizim üstün cəhətlərimizdən biri də budur ki, biz özünmüz kimi digərlərinin də ailə şərəfinə hörmətlə yanaşırıq, yeri gələndə narahat oluruq. Mən demirəm ki, kişilərin ətəklərində namaz qılmaq olar. Amma bu o demək deyil ki, hansısa ailə 1-2 uğursuzluğa, 1-2 nəsnəyə görə dağılmağa idstiqamətlənibsə və ya bu ailə özülünə şübhə və tərəddüdlər yol açıbsa, bunu görən, bilən kimsə laqeyd qalmalıdır.
Mənim fikrimcə, ailənin keyfiyyəti, müqəddəsliyi, şirinliyi ilk bağlanan sevgini qoruyub axıracan yaşatmaqdır, yaşamaqdır. Bu sevgini vüsala çatana kimi çox arzuladıq, bəs yaşayırıqmı?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz