» » Düşüncələrim (IIIyazı)

Düşüncələrim (IIIyazı)


Ailə ərlə arvadın azad sevgi əsasında qurduqları ittifaqdır.
Bu ittifaq möhkəm əsaslara söykənərsə, getdikcə daha şaxələnir, yeni münasibətlərə aparıb çıxarır. İnsan ata-ana, qayınata-qayınana, baba-nənə olur. Ailə elə, əslində, bu məqsədlə qurulub.
Bu həyatı əsl ailə kimi yaşamaq lazımdır, sevgi ilə yaşamaq lazımdır.
Ailədə səmimi bir ünsiyyət olmalıdır. Nə ata, nə ana özünü heç vaxt uşaqlarından ayrı hiss etməməli, öz ömründə onların ömrünü yaşamalıdır. Ata-ana bir-birilərinə yalnız təkcə ər-arvad kimi deyil, həm də övladlarının ana – atası kimi yanaşmalı, həyata uşaqlarının gözləri ilə baxmağı öyrənməlidir.
Bu ailədə giley-güzar olmamalı, xoş ünsiyyət hökm sürməlidir. Ər həyat yoldaşına , qadın da ərinə diqqətli olmalı, onun sevincinə, kədərinə də şərik olmalıdır.
Elə bir ailə yoxdur ki, orada yaşayanlar öz-özlərinə doğmalaşsınlar. Onlar qarşılıqlı olaraq bir-birlərini dərk etdikcə, bir-birlərinin arzularını yaşadıqca daha da doğmalaşırlar..
Ailədə istər ər, istər qadın bir-birinə etibar etməli, bir-birini anlamalıdır. Etibar , etimad olmayan yerdə sədaqət də, vəfa da öz dəyərini itirir.
Ailədə tərəflər arasında qarşılıqlı anlaşma və güzəşt olmalıdır. Kəsib atmağa, zaman-zaman qurduqlarını bir emosiya ilə yox etməyə nə var ki. Amma sevgi, hörmət, etimad, qarşılıqlı güzəşt varsa, bütün problemlər sakit axarında öz yoluna düşəcək.

Düşüncələrim (IIIyazı)

Ailə həyatı ilk baxışda sadə görünsə də, çox mürəkkəbdir. Ailənin xoşbəxt olması bir çox iqtisadi, sosial və mənəvi amillərlə bağlıdır. Bu amillər arasında intim münasibətlər də var.
Təəssüflə demək lazımdır ki, hələ bir çoxları bu sözün mahiyyətini yanlış anlayır, öz bildiyii kimi qəbul edir.
Doğrudur, intim münasibət fizioloji bir təlabatdır.
Amma bu tələbat insan həyatı üçün məqsəd yox , vasitə olmalıdır. Hər kəs onu təmiz sevginin ülfətində qəlbin bir ehtiyacı kimi dərk etməlidir. Həyatın, insan cəmiyyətinin davamı ondan asılıdır. Fəqət, qadına, sevgiyə yalnız bu tələbatı ödəmək üçün yanaşırıqsa, ülvilik də, sevgi də, qadın da, elə kişi də çılızlaşır.
İntim münasibətlər bir eyb deyil, əksinə, sağlamlıq və yüksək əhvali-ruhiyyə üçün gərəkli bir ehtiyacdır.
Belə münasibətləri qaydasınca qura bilən insanlar özlərini həyatda daha yaxşı hiss edir, depresiyaya daha az məruz qalırlar. Qura bilməyənlər isə cəmiyyətdə və insanlarla münasibətdə çox vaxt aqresiv olurlar.
İntim münasibətlər ünsiyyətin elə əhəmiyyətli formasıdır ki, ər və həyat yoldaşı arasında sevgi və mehribanlığı daha da canlandırır. Gərək bu münasibətlərin mahiyyətini cılızlaşdırmayasan, əza həzzinə çevirməyəsən. Təəssüf ki, sevgini, qadını əza həzzi vasitəsi kimi düşünənlər getdikcə artmaqdadır.
Burada insanlarla yanaşı, kənar təsirlərin rolu da az deyildir. Bir xanımımız yazır ki, mən uşaq vaxtı atamla anamın bizdən öncə yatağa getdiklərini xatırlamıram: bizdən sonra yatardılar, bizdən öncə qalxardılar. Özü də fikir versəniz, o dövrlərdə ailələr çoxuşaqlı olub. Orta məktəbi bitirənə kimi, şəxsən, mən də bilmirdim ki, uşaq hardan dünyaya gəlir. Mənə deyirdilər ki, səni Qorki (indiki Nijniy Novqorod) şəhərindən "posılka" ilə göndəriblər. Ailədə hamımıza da belə deyirdilər. Yəqin ki, atam bunu anamın yanında deyəndə, bu zaman onların da düşüncələrində, ürəklərində bizim görə bilmədiyimiz sevgi dalğaları bir-birini tapırdılar. Hardan biləydik bunu. Bu da sevginin bir çeşididir..Sevgi tək yatmaq demək deyil, öpmək demək deyil, qucaqlaşmaq deyil ki...

Düşüncələrim (IIIyazı)

Artıq cəmiyyətdə informasiyalaşma həddindən artıq çoxalıb. Bir vaxt həftədə 2-3 dəfə qəzet gələn ailədə indi stasionar telefon var, mobil telefon var, televizor, kompüter var. Bir vaxt rayon mərkəzinə gedən bəxtəvər sayılırdısa, indi heç bir yerdə işləməyən Sadıq kişinin oğlu Almaniyada təhsil alır. Bir vaxt televiziya ekranlarına çıxmaq üçün müəyyən əxlaq normaları vardı, indi tv-lərdə "fisqü-ficur həddən aşıb”... Seriallar epidemiya kimi qapıdan, bacadan doluşdu mənəviyyatımıza. 12-13 yaşlı qız uşağı məktəbə gedənə kimi avtobusda, metro girəcəklərində reklam vasitələrində nələr görmür. Bunlar , qram-qram toplanır və bir də görürük ki, "ay dadi-bidad, biz hara gəlib çıxmışıq”. Siz düşünmürsünüzmü ki, getdikcə qız uşaqlarının sayca azalmasının bir səbəbi də budur. Çoxları əllərini qaldırıb şəraitə təslim olub. Belələri 1 qız uşağı böyüdüb ərə verməkdənsə, 3-4 oğlan uşağını saxlamağa daha üstünlük verirlər.
Hələ bir az da dərinə getdikcə, nə qədər mənfi təzahürlər meydana çıxır.
Axı bu xalqın ailə-əxlaq ölçüləri belə olmayıb. Axı bizim ulularımız ailəyə, qadına bu düşüncəylə yanaşmayıblar. Bizim yaxşı ailələrimiz, ailə ənənələrimiz, öyünə biləcəyimiz oğul və qızlarımız da çoxdur. Fəqət, mənfi meyillərə də biganə qalmamalıyıq.

Düşüncələrim (IIIyazı)

30-40 il bundan qabaq ata oğlunu evləndirəndə məqsədi bu olurdu ki, nəsil xətti itməsin. Ocağında yanan işıq sönməsin və sair. Gəlinin də ayağı bu ailəyə düşərli olurdu. Gəlin cani-dildən qayınata və qayınanasının qulluğunda dururdu, həyət-baca çana gəlirdi bu gəlinin gəlişiylə. Təbii ki, bunula birlikdə ailəyə yeni üzvlər də gəlirdi, uşaq doğulurdu. Amma indi daha çox sevgiyə, ailəyə, qadına əyləncə vasitəsi kimi baxmaq meyilləri önə keçib. Bu maraq qadına, ərə sahib olmaq meyillərindən başqa bir şey deyil. Belə deyil yoxsa? İndiki gənclərin 70-80 faizi arzu edir ki, şadlıq evindən birbaşa əlahiddə mənzilə köçsün, sizcə niyə? Guya bi, bizim valideynlərimiz , biz bunlar qədər bilməmişik?! Bilmişik, amma cəmiyyət tərəfindən qəbul olunan ailə, evlilik qayda-qanunlarına əməl etmişik, tabe olmuşuq. İndiki əksər gəlinlər yeməyin duzunu-şitini hələ illər keçəcək bilməyəcək.. Qaynanaları əlini onların üstlərindən götürsə, heç dolana bilməyəcəklər, uşağa bir balaca soyuq dəyən kimi başlarını itirəcəklər. Amma hər hansı bir qız gəlin gəlməmişdən əvvəl nələr vəd etmir. Gəlin köçmək ərəfəsində isə arzu edir ki, əlahiddə evə köçək, əlimizə-ayağımıza dolaşan olmasın.
Hər bir valideyn istəyər ki, övladları müstəqil yaşamağı bacarsınlar. Bacaracaqlarmı, yox. Çünki hər bir ailə quran gənc, istər oğlan- istərsə də qız, hələ məktəb keçməli, həyata hazırlanmalıdır. Analar olmasa, müəyyən müddətə bu təcrübəsiz ər-arvada yön-yöndəm öyrətməsələr, onlar çox çətinlik çəkərlər, elə mənimkilər də. Ona görə də yeni evlənən gənclərimiz bir neçə il qayınata evində qalmalı, ailə həyatı üçün bişməlidir.
Son illərin boşanma statistikaları əsaslı şəkildə narahatlıq doğurur. Elə buna görədir ki, nikahdankənar doğulan uşaqların sayı ilbəil artmaqdadır. Elə bilirsiniz küçələrə, zibil yeşiklərinə, künclərə, divar diblərinə atılan körpələr ata-ana xeyir-duası ilə evlənən gənclərimizin uşaqlarıdır. Yox. Onlar ən ağır maddi vəziyyətlərə də təslim olub belə rəzilliyi etməzdilər. Bunlar nizamsız eyş-işrətlərin, intim həyata alüdəliyin nəticəsində meydana gələn eybəcərliklərdir.
Acınacaqlı da burasıdır ki, bu eybəcərliyin başqa bir forması ailəlik həyatına da sirayət etmişdir. Ər və yaxud qadın, fərqi yoxdur, intim münasibətlərə ancaq fizioloji tələbat kimi baxır. Nə vaxtsa qeyri-iradi ehtiyac duysalar, münasibət quracaq, sonra da bir-birlərinə arxalarını çevirib yatacaqdır. Sanki intim münasibətlərdə sevgi, mehribanlıq yağlı "əppək” olub göyə çıxıb. İntim münasibətlərin yaratmalı olduğu bütün gözəl duyğular: sevinc, gələcəyə bağlılıq və bütün bunlardan yaranan məna getdikcə tükənir.
Azərbaycan mühiti üçün belə problemlər heç vaxt bu qədər söhbət mövzusu olmayıb. Reallıq isə budur ki, nizamlanmayan, dəyərləndirilməyən, diqqətə alınmayan intim ehtiyaclar tədricən ailələrdə boşanmalara gətirib çıxarır. Ən azından evdə həmişə gərginlik olur, bir-birlərinə qarşı yadlaşma prosesi getməyə başlayır.

Düşüncələrim (IIIyazı)

Biz din və əxlaqımızın buyurduğu şəkildə həyatımızda bu hissə də yer ayırmalıyıq.
Bir tanış vardı, anası rəhmətə gedəndən sonra atası tənha qalmışdı. Qızlari, gəlinləri nə qədər qulluğunda dursalar da, bu kişi tənha idi. Analarının ili çıxanda tanışım bir dəfə dedi ki, atama arvad almaq problemi ilə üz-üzə qalıblar.Ailədə heç kim bu işə razılıq vermir ki, yaşlı adamdır, onun nəyinə lazımdır arvad: paltarını yuyurlar, yeməyini vaxtlı-vaxtında verirlər, neynir o, arvadı və almadılar da. Heç bir il keçmədi ki, kişi də rəhmətə getdi. İnanın, bu kişini tənhalıqdan qurtara bilsəydilər, bəlkə də hələ 10-15 il yaşaya bilərdi. Bəziləri, o cümlədən həmin tanışım da qəbul edə bilmirdi ki, bu yaşdan sonra da atasının qadına ehtiyacı ola bilər. Elə bilisiniz ki, bu ahıl kişi intim münasibət axtarırdı, yox. Sadəcə, qaldığı otaqda, lap yorğanının altında qadın nəfəsi, hənirtisi lazım idi ona.
Xarici ölkələrin birində maraqlı sorğu keçirilib. Bu mövzuda yazılmış bir kitabda maraqlı bir rəy sorğusu haqqında yazılmışdı: 90 000 qadından soruşulub ki, seksə, yoxsa qucaqlaşmağa üstünlük verərdiniz? 64 mindən artıq repsodent seksdənsə isti qucaqlaşmaya üstünlük verdiyini bildirmişdir.
Psixoloqlar öz araşdırmalarında göstərirlər ki, hələ çox-çox əvvəllərdə insanlar kişi və yaxur qadın yalnız qucaqlaşmanın təsirini hiss etmək üçün intim əlaqəyə girirmişlər.
Deməli, intim münasibətlər fiziki sakitlik, həzz kimi yox, mehribanlıq vasitəsidir, sevgi yaradandır, münasibətləri qoruyandır, dərinləşdirəndir.
Sirr deyil ki, əsl məhəbbət hisləri kortəbii davam etmir, ünsiyyət yaranır, dərinləşir və getdikcə yeni məzmun, yeni çalar kəsb edir. Könül həmdəminlə zaman-zaman ürəyinizdə qərarlaşan arzularınız həyata keçsin deyə, sevgi çiçəkləriniz açsın deyə, izdivaca qərar verirsiniz.
...Sonra dünyaya körpə gəlir, nə olsun ki, intim münasibətlərin yekunudur bu...
Hər bir ailədə intim həyat normal olmalıdır. Çünki intim həyat ailə cütlüyünün fizioloji ehtiyaçını ödəsə də, əslində bu yaxınlıq daha çox sosial-psixolji çalarları hifz edir. Çünki ər-arvad da məhz bu anlarda bir-biriləri üçün nə qədər yaxın olduqlarını duyur, hiss edirlər. Bu məmnunluq o vaxt yaranır ki, qadınla kişi yataqda bir olmağı eyni vaxtda istəyirlər.
Təbii ki, əgər tərəflər milli adət-ənələrə, dinimizə uyğun bir ailədə böyüyürsə, istər-istəməz bu yaxınlıda bir ədəb-ərkan gözlənilməlidir. Əgər ədəb-ərkan və rituallar qadına da, kişiyə də çərçivədən kənara çıxmağa imkan vermirsə, bu, o demək deyil ki, intim münasibətlər olmamalıdır.Bizim əxlaq qanunlarımızın, ailə konstutisiyazımın özəlliyi də budur. Biz bu dəyərləri gözləməklə bərabər öz həyatımızı da yaşamalıyıq. Biz bu məsələlərə bəzən çox qısqanclıqla yanaşırıq. Bəzən əhəmiyyət vermirik, bəzən mahiyyətinə vara bilmirik.

Düşüncələrim (IIIyazı)

 

Müşahidələr göstərir ki, bəzən qadın həyat yoldaşını, həyat yoldaşı da öz xanımını soyuqluğa görə ittiham edirlər. Amma bu məsələ qarşılıqlı olmalıdır. Hər iki tərəf bir-birinə sevgini əsirgəməlidir. Əgər qadın hansısa bir nəvazişin, xoş sözün ehtiyacındadırsa, həyat yoldaçı bunu duymursa, yaxud da bu məqamda həyətdə domino-nərd oynamağa gedibsə, eləcə də o biri otaqda hansısa filmə baxırsa, bu, diqqətsizlikdir. Ömür biz yuxuda olanda da öz sonuna doğru gedir. Heç kəs bunu unutmamalıdır.
Qadınlar unutmamalıdırlar ki, əri ailəyə, qadına bağlayan sirr, qadının analıq xüsusiyyətidir, qadınlıq şəfqətidir. Qadını gözəlləşdirən ən böyük xüsusiyyəti də məhz onun analıq sevgisidir. Niyə zaman keçdikcə bu sevgi daha da artmaqdansa, öləziməyə doğru gedir?
Niyə qadın fikirləşmir ki, bu evdə onların qızı da böyüyür. Sabah o da ana olacaq. Axı onun qız övladı ata-anası arsındakı soyuqluğu hiss edir. O hiss edir ki, bu ailədə mehriban ailə modeli yoxdur... Elə bil bunlar məhəbbət, nəvaziş nədir heç bilmirlər.
Axı bir müddətdən sonra qızınız da gəlin köçdüyü ailədə özünü belə soyuq aparacaq, anasının ərinə göstərdiyi münasibəti o da həyat yoldaşına göstərəcək. Əri ilə səmimi münasibətlər qurmayacaq, əri də bundan narazı qalacaq, evdə soyuqluq hökm sürəcək.
Mən bu münasibətlərdə kiminsə tərəfində durmağa cəhd etmədim, düşünə bildiyimi, görə bildiyimi, müşahidə etdiyimi yazdım. Arzu edərdim ki, bu məsələlərdə qadınlar daha həssas olsunlar. Onlara çox ehtiyacımız var....
Unutmaq olmaz ki, ailə davranışları, sevmək vərdişləri insana doğularkən verilmir...
Biz onları valideynlərimizin bir-birinə olan məhəbbətini gunbəgun necə ifadə etdiklərini görə-görə dərk edirik.

Düşüncələrim (IIIyazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz