» » Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?

 

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?


" Madam ki,  nə vaxtsa deyəcəksiniz, elə bəri başdan ağzınızı alışdırıb deyin, nə zərəri var ki :))”
" Deyə bilmirəm, həm də qorxuram. Nə desəm, fərqli düşünüləcək...döyüş düşəcək.” 
" Aldı-verdi oldu, üzük taxıldı qurtardı da. Gözləyib ər evidə deyəcəksənmi, hazır deyəcəksənsə, indidən de, özünü alışdır buna.” 
" Məncə, sevməyə başladın, elçi gəldi, deməlisən. Bəs birdən iş pozuldu, "otkaz” getdin, səni tanıyan, bunu görən ha, demiyəcəkmi özgənin atasına "ata” deyirdinnn…”
" Bu, sevdiyin adamın sizinlə necə davranmasından asılıdır. Özünüz yaranmış vəziyyətdə, münasibətlərdə aranızdakı məsafəyə baxacaqsınız :  onlar ata/ana məsafəsindədirsə, deyəcəksiniz və deməlisiniz də. "
"Mənə deyirlər ki, nişanlanandan sonra deyə bilərsən. Amma çox da əmin deyiləm.”
" Bizim gəlin 6 ay nişanlı olub, bir ildir də gəlin gəldiyidir , bu müddətdə hələ deməyib ...”
" Qaynıana və qayınataya ana/ ata demək mənə qəribə gəlir ... Axı məni dünyaya bəxş edən atam/anam var...((( Mən ərə getmiyəcəm..demiyəcəm...”
" Hesab edirəm ki, bu mövzuda məcbur ediləcəyəm. İndidən fikir canımı alıb ... :))”
"....şəxsən mən heç bir zaman "ana” deyə bilməyəcəyəm, amma gələcək ərimin təkidini, məcbur edəcəyini də indidən hiss edirəm. Neynim, vur öldür. Mənim bir "mamam” var. Hələ gəlin getməmişəm, xəbər göndərib ki, dekoltesi xoşuma gəlmir. Yaşlı adamsan, sən niyə belə məsələlərə qarışırsan?”

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?


"Xanımım nə vaxt bizimkilərə "ana/ata” desə, mən də o zaman deyəcəyəm.”
"Deməsi çətin, amma alışdıqdan sonra, məncə, çox şirin şey yoldaşının valideynlərinə "ana/ata” demək. Bəs "ana” deməyib də, nə deyəcəksiniz? Xalamı? Ay qızmı? Bibimi? Qətiliklə olmaz, bu, çox pis. Çətin də olsa ən yaxşısı dili "ana” deməyə alışdırmaqdır.”
" Yoldaşlar .. ananın sağ olduğu bir mühitdə başqasına "anacan " demək olmur.”
" İlk tanışlığımızda yoldaşımın anası mənə belə demişdi (zarafatla qarışıq): "Bir qadın oğlunu böyüdüb ərsəyə gətirmək, ağıllı bir şəxs etmək üçün iyirmi il zaman ayırdı, sonra bir başqa qadın gəlib iyirmi dəqiqədə içində o ağılı başından alır". Hələ o zaman onun gəlinlərə olan nifrətlərini çılpaqlığı ilə anlamağa başlamışdım.”
" Hardan oldu ana? Nə zaman doğdu ki sizi? :) Doğana deyirik onsuz da ana.” 
" Demək lazımdır, qapıdan girdin deməlisən ... Analar çox duyur. Siz "ana” dedikcə o da sizi övladı kimi görməyə başlayır:)
Aradakı bağı qüvvətləndirir. Zamanla qayınana olmaqdan çox ana kimi görünməyə başlayır ... 
" Nişandan sonra demək uyğundur Təxirə saldıqca sonra daha çətin gəlir.Sən desən, nişanlın da deyəcəkdir. Ailələr daha tez qaynaşacaqdır. "
" Qız tərəfi "Xeyirli olsun” dedikdən sonra demək lazımdır: artıq söz verilmişdir.”
" Nişanda "xanım ana” deyilməyə başlanır və sonra "xanımlıq” hissə qaldırılır, qalır "anacan” :))
" Bununla bağlı heç təcrübəm yox, amma barmağa üzüklər keçdimi, demək lazım.”
" Yoldaşını nə qədər çox sevəcəksinizsə, bu, çətinlik yaratmayacaq. Sən ona "canım” söylədiniz, ona da can verib sizə bağışlayan o Qadın Ana olmasın bəs kim olsun.?????Kim.... O olmasaydı, "canınız” da olmayacaqdı ..”
Aişə: "Sizə ana deyə bilərəm :)
Gülər: "De, çocuğum, mən də sizə Ayişəmmmm..:)”

Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?

 Bu cavablar  ayrı-ayrı  gənclərimizin  mövzu ilə bağlı düşündükləridir. Aralarında qız və gəlinlər də var, oğlan/kişilər də. Amma qadınlar daha çox. Sonuncu iki cavab ürəyimi  çox açdı. Həyat mənalı deyilsə, şirin dadmırsa, lap 300 il yaşa, nə ləzzəti. Fəqət, 70-80 il yaşayasan, amma köçəndə gözünü həyatdan, balalarından, gəlinlərindən, nəvələrindən kam alıb qapayasan. 
Bu gənclərin  hamısı bizm əzizlərimizdir, birini digərindən az və ya çox sevmirik. Sadəcə , bunların  bəziləri bir az ərköyündür, bir az xudpəsənddir, müəyyən şeyləri bir az gec qavrayır, bir qədər hələ cilalanmayıb. Amma bəziləri də uşaq ikən müdrikdir bir qədər, yaşlarını qabaqlayıblar.
Söhbətin bir axarında suala cavab verən  Ayişə adlı bir yavrumuz Gülər adlı bir xanıma həmsöhbət olduğu məqamda, yəni virtual olaraq müraciət edir ki, "Sizə "ana” deyə bilərəm? :)”. Əlbəttə ki,  nə Ayişə Gülərin qızı, nə də Gülər Ayişənin anası olmayacaqdı. Əgər söhbət sevgidən gedirsə, bəlkə Ayişənin belə deyəndə sevgilisi də varmış, bəlkə heç yoxmuş. Olsun ki, bunlar heç zaman da qarşılaşmayacaqlar. Sadəcə, ünsiyyət yaradıblar. Hisslərini, möhtac olduqları xoş rəftarı paylaşıblar. Qadın da əsl kübar xanım kimi, ağayana bir xanım kimi cavab verir ki, "de, çocuğum, mən də sizə Ayişəmmmm..:)”
Allah, necə gözəl. Sevgini, ülfəti, ehtiramı, etimadı, saflığı, şirinliyi içdə saxlamayıb paylaşanda necə gözəl olurmuş, ruzili olurmuş. Ruzi ürəyinizdən, könlünüzdən əskik olmasın.
Deməli, hər şey bizim içimizdə, xislətimizdə var: lap acı da, küntöylük də. Bunlar təbii şeylərdir.  Və daha təbii olan bir həqiqəti də qəbul etdik:təbəssüm ən asan bir yaxşılıqdır? Çünki gördük ki, ciddi, acıqlı görkəmdə başqalarına əks təsir bağışlayırıq. Deməli , biz müvazinətimizi bu əksliklərdə, pisliklərə, qaralara, açılara görə nizamlayırıq. İnsan sevgi, etimad, ehtiram paylaşmayınca, sevgi, ehtiram mühiti yarada bilməz. Tutaq ki, gəlin köçmüş qızım ailəliklə bizə gəlib, hərə öz işində, biz də qudamızla mənim iş otağımda nərd oynayırıq və birdən qızım gəlir və qayınatasına müraciətlə : "Ata, anam deyir ki, hazırlaşmışıq, Cəmil (yoldaşı) indi maşınla gələcək". Və bunlar gedəndən sonra da məni fikir almalıdırmı ki, qızım əcəb özünə "ata-ana" tapıb.


Qayınata və qayınanaya necə müraciət edilməlidir və nə vaxtdan (II yazı)?


Əksinə, bir ata olaraq bunu gözləyirik də biz. Qızım nümayiş etdirdi ki, yeni ocağa qaynayıb-qarışıb, isinişib. O ata-ana qızım üçün bizi əvəz edən ata-ana olmasaydı, əlbəttə ki, deməzdi belə. Xatircəmlik yaratdı balam. Mesaj verdi ki, günü-güzəranı xoş keçir.
Belə olmalıdır həyat. Mənim gəlinlərim də də belə edir. Heç öz doğma övladlarımın "Ata” müraciəti belə ehtizaz doğurmur. Əgər deməyəcəksə, ürəyimə gələr ki, oğlum bəlkə yaxşı baxmır? Yaxş baxırsa, "burada üfüqlər sakitdirsə”, gəlinim belə diqqətsiz olmazdı axı.
Elə bilirıəm ki , qəlb şairimiz Bəxtiyar Vahabzadənin qızı Gülzara yazdığı bu şeir bütün ataların ürəyindəkilərinin təcəssümüdür: 

 

 Gəlirsən, gedirsən gözüm üzündə,

Bilmirsən nə deyir, nə sorur atan!

Üzündə, gözundə hər bir sözündə

Qəlbini oxumaq istəyir atan!

 

Gəlirsən,gedirsən heç nə sormursan,

Baxışlar danışır, baxışlar ancaq.

Bilmək istəyirəm, ay mənim balam,

Səni isidirmi qondugun budaq?

 

Qınama bələdəm mən bu həyata,

Kim çərxi geriyə döndərə bilmiş?

Qızına qızıldan taxt verən ata,

Qızıldan bəxtini kim verə bilmiş?

 

Gəlirsən,gedirsən,dəyişib bizim

Sözümüz sorgumuz bu sən, bu da mən

Elə gəlirən ki, elə bil, qızım,

Bu evdə dogulub böyüməmisən!

 

Bir az yad olmusan, bir az utancaq,

Əvvəlki ərkini istərəm yenə.

Gələndə qonaqsan, gedəndə qonaq,

Nə tez özgələşdi bu ocaq sənə?

 

Sənin xislətin nə tez dəyişdi?

Demə gileyliyem, yox!yox! şadam mən.

Sev ki seviləsən, bizimki keçdi,

İndi sənin üçün narahatam mən.

 

Qoru hər ləkədən məhəbbətini,

Hər yerdə, hər zaman, həmişə, qızım!

Arxan ata evi, səadətini,

Görüm ər evində tapasan, qızım! 


Qız anaları bir qədər təmkinli olmalıdırlar. Əgər qız yeni evin anasına isinişə bilmirsə, ana ya gərək qızı evdən buraxmayaydı, ya da gərək, deyəydi ki, gec deyil, indi də desin ki, qızım, sənin səadətin yeni ocağa nə qədər tez və möhkəm tellərlə bağlamağınla, qaynayıb-qarışmağınla mümkün olacaqdır. Oğlan ata/anasının da qızı varsa və onlar da bunu öz qızlarına deyir. Yəni həyat qarşılıqlı çarpazlaşmada inkişaf edir.

indi gəlin olan hər bir qızımız sabah özü də ana olacaq, qayınana olacaq. Əgər bugünkü gəlin desə ki, yox, mən istəməyəcəyəm, özgə qızı mənə ana desin, onda günah sizin özünüzdədir.

Qayınana və qayınatalar bizim ilkin, doğma, əsl ata-analarımız olmasalar da, onlara bərabər tutulan, yeri gədiyində onları əvəz edən şəxslərdir. Gəlinlər də, kürəkənlər də belə deməklə onlara rəğbət və ehtiramlarını ifadə edirlər. Və həyatın özündə də gerçək olaraq belədir. 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz