» » Biz kimə yer veririk?

Biz kimə yer veririk?


Biz kimə yer veririk?

Türk saytların birində bu mövzuda bir şərhə rast gəldim. Söhbət - ehtiyacı olan insana ehtiram göstərməkdən, bir az da dəqiqləşdirsək, hər hansı ictimai nəqliyyat vasitəsində qalxıb öz yerini ona verməkdən gedirdi. Yazdıqlarına görə, söhbətdə iştirak edənlərin, demək olar ki, böyük əksəriyyəti gənclər idi və onların da daha çox hissəsi adicə şərhlərində aqressivliklərini cilovlaya bilməmişdilər. Bir gəncin yazısı isə məni yaman ağrıtdı. Həmin gənc deyir ki, sənin yer verəcəyin insan da sənin kimi ayaq üstə dayana bilirsə, niyə ona yer verməliyik? O insan eynilə digər hər kəs kimi ayaq üstə durub və ya onun üçün hazırlnmış xüsusi yerlərdən tutaraq yoluna davam edə bilərsə, niyə onlara yer verək? Yer yaşlıya deyil, ehtiyacı olana verilir.
Bir avtobusda, ya da metroda elə də çox vacib ehtiyacı olmayan bir yaşlı adam bu yolla özünə yer tapıb əyləşir, amma çantası özündən böyük məktəbli uşaq yer tapa bilmir, bəs bu, cəmiyyətin əzmə psixologiyasına misal deyilmi?
Əgər bir ahılla kiçik uşaq ictimai nəqliyyat vasitəsində yol gedirsə və hər ikisi də yan-yana ayaq üstədirsə, həmişə yaşlıya yer veriləcək. Lap milyon dəfə də bu ssenari gözümüz önündə təkrarlansa, yenə belə olacaq.
Həyatımda bir dəfə olsun görmədim ki, nisbətən yaşlı olan kimsə özündən böyük çantası olan məktəbli uşağın çantasını alıb öz yerini ona versin. Belə hallarda həmişə uşaq və gənclər qarşılarındakı yaşlıya yer vermək məcburiyyətində qalıb.
Bu fikirlər hamısı həmin türk gəncinə aiddir və o, fikirlərinə davam edərək deyir ki, əyləşmək üçün ehtiram göstərilməyə ehtiyacı olan adam başqa, yaşlı adam başqa.

Onsuz da əyləşməyə ehtiycı olan adamı 30 metr uzaqdan müəyyən edirsən. Amma çoxları da va ki, sappasağlamdır, amma yalandan "of”, "uf” deyə müti görkəm alırlar. Belələri qarşımda huşunu itirib düşsələr belə, havasız qalmasın deyə qəzetlə üzlərini yelpikləndirsəm də, yerimi ona verməyəcəyəm. Bunun səbəbi onların səmimi olmamasına, həyatlarında bir dəfə dürüst davranıb: " mən yorğun deyiləm, oğlum-qızım, qalxma, sən otur!” deməmələrinə görədir. Bu cür insanlar, hətta, elə zənn edirlər ki, bu, belə də olmalıdır. Əgər bir gün görsəm ki, yaşlı bir qadın məktəbli şagirdi öz yerinə əyləşdirir, o gündən sonra heç vaxt nəqliyyatda əyləşərək heç yerə səfər etməyəcəyəm. Bu isə baş tutmayacaq, çünki o qadın heş vaxt o uşağı öz yerində əyləşdirməyəcək.
Bu türk gəncimiz belə düşünsə də, onu hamıya aid etmirəm. Yadınızdadırsa, mstəqilliyimizin ilk illərində 5 türk bahadırı öz qırıcıları ilə bizim səmada cövlan etdilər. Türkün mövcudluğunu nümayiş etdirdilər, bizim tək olmadığımızı nümayiş etdirdilər. Türk gəncləri bunlardır. Haqqında bəhs etdiyimiz gənc də türk gəncidir, bizimdir. Biz də azəri türküyük, canımız, qanımız, kökümüz birdir. Amma həmin gəncimiz və onun kimi düşünən bütün gənclərimiz yanlış düşünürlər. Uşaqlar haqqında burada söylənilən fikirlərlə razıyam, amma onu belə qarşılaşdıraraq nəticə çıxarmaq doğru deyildir. Əgər fikir vermisinizsə, metroda uşaqlar, əlillər üçün məxsusi yerlər nəzərdə tutulur və bu, yazılı şəkildə diqqətə çatdırılır.

Biz kimə yer veririk?

Mənim şəxsi qənaətimə görə, 20-30 il öncə bizim gənclər bu davranış normalarına görə dünyanın özünə nümunə göstərilə bilərdi. Həmin davranış mədəniyyəti, əxlaq normaları bu gün əvvəlki illərdəki kimi olmasa da, yenə qorunub saxlanılır. Hərdən bizim əxlaqımız üçün xarakterik olmayan hallara rast gəlsək də , biz gənclərimizin əxlaq mədəniyyətinə, davranış normalarına bu istisnalara görə deyil, ümumilikdə qiymət verməliyik.
Dünyanın müxtəlif ölkələrində olmuş insanlar söyləyir ki, Avropada, filan yerdə belə ehtiram nümunəsi yoxdur, lap halsızlıqdan ölüb düşsən belə, kimsə sənə yer verməz.
Yenə bizim gənclər onlardan min dəfə şükürlüdür. Amma bu insanlar narahatlıqlarını da gizlətmirlər. Onlar son dövrlərdə gənclərimizin mənəviyyatında baş verən pis təzahürlrdən gileylidirlər.
Bizim hər birimiz gündəlik həyatımızda çox belə hallarla ratlaşırıq: gənclərimiz, hətta nisbətən yaşlı insanlar əsgəri cəldliklə qalxıb, yerlərini qadınlara, körpə uşaqlara, hamilə qadınlara, əlillərə, ahıllara təklif edirlər. Bunlar çox önəmli məsələdir. Qeyd etdiyimiz kimi, bəzən elə gənclərimiz də olur ki, nəinki öz yerini təklif etmir, heç başını qaldırıb qabağında dayanan insana nəzər salmır ki, baxışlarındakı qınağı, məzəməti sezməsin. Bəzi gənclərimiz də var ki, yerini gənc qızlara təqdim edir, amma ondan əvvəl yanında dayanmış yaşlı kişini sanki heç görməyib də. Bəzən olur ki, ətrafdakılar dayana bilmirlər, iradlarını bildirirlər. İnsafən, onlrın daha çox hissəsi gec də olsa anlayır, diqqətsizliyini tez də düzəldir. Amma üzünə qayıdan, səni borclu çıxarmağa çalışanlar da olur. Belələrinə isə söz deməyə dəymir, çünki söz təsir edəndirsə, deməli, başa düşəndir. Başa düşəndirsə, onda heç vaxt insanların əhatəsində belə ədəbsiz hərəkət etməzdi.
Bu cür hərəkətlər təkcə nəqliyyatda deyil, hər yerdə baş verir. Yaşayış binalarının qarşısında, həyətdə, tədbirdə, parkda və s.
Sovet dönəmində, tutaq ki, bir yaşayış məhəlləsində uşaqlar ailənin, məktəbin, mənzil istismar sahələrinin, sahə müvəkkillərinin diqqət mərkəzində olurdu.Yəni intizama dəvət olinan gənclər məhəllə əhatəsindən daha böyük əhatəyə çıxanda da özlərini nümunəvi aparırdılar. İndi bu qurumlar arasında koordinasiya yox, özlərinin ayrı-ayrılıqda fəaliyyəti yox.
Heç kim digər təşkilat, vəzifəli şəxs qarşısında məsələ qaldırmır, təklif vermir və s. Belə laqeydliklərin  törədə biləcəyi fəsadların ziyanı isə gələcəkdə bütün   cəmiyyətə dəyə  bilər. Bir yaşayış məhəlləsində olan ümumi istifadə yerlərini , yaşıllıqlar tükənmək üzrədir, bu cür torpaqsızlaşma və ərazisizləşmələr özü də ciddi fənalar törədir. İnsanlar sosial ünsiyyət imkanlarından məhrum edilir, uşaqlar toz-torpaq içində yaşayırlar, onların oyun yerləri çoxdan əllərindən alınıb. Ətraf zibilliklərlə əhatə olunub. Məcbur olurlar blokların ağzında oynasınlar, bunu da böyüklər qoymur ki,  səs-küy olur, evimizdə körpə uşaq, qoca var və s. Deməyin  ki, bu məsələlərin avtobusda yaşlı insana yer verib-verməmıyə nə dəxli var. Tərbiyə məsələlərinə kompleks baxılmalıdır. Nümunəvi mühit hər yerdə yaradılmalıdır. Ağıllı əmrə hamı tabe olacaq. Hər yerdə ciddi qınaq, nizam-intizam görən, yaşayan hər kəsdə nümunəvi davranış adət halını alacaq. İnsan kübarlığı, yüksək nəzakət və əxlaqı yalnız metroda, avtobusda deyil, hər yerdə bunu nümayiş etdirməlidir.

Biz kimə yer veririk?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz