» » » Valideyn himayəsindən məhrum olan uşaqlarla məşğul olan insanlar diqqətlə, xüsusi meyarlarla seçilməlidir

Valideyn himayəsindən məhrum olan uşaqlarla məşğul olan insanlar diqqətlə, xüsusi meyarlarla seçilməlidir

Müəllif: Dəyanət от 3-06-2017, 12:01

Müsabiqə  üçün

Valideyn himayəsindən  məhrum olan  uşaqlarla məşğul olan  insanlar  diqqətlə, xüsusi meyarlarla  seçilməlidir

Valideyn himayəsindən məhrum olmuş uşaqların əqli, fiziki, mənəvi cəhətdən ahəngdar inkişafı üçün müxtəlif proqramlar hazırlanır, sosial pedaqoqlar, psixoloqlar fərqli metodlar ortaya qoymağa çalışırlar.
Lakin bizə elə gəlir ki, hər şeydən əvvəl, valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş aparan müəllimlərin, tərbiyəçilərin yetişdirilməsi, kifayət qədər maarifləndirilməsi prioritet məsələ olmalıdır.
Çünki valideyn himayəsindən məhrum olan uşaqlarla məşğul olan insanlar diqqətlə, xüsusi meyarlarla seçilməlidir. Onlar Suxomlinskinin təbirincə desək, ürəklərini uşaqlara verməyi bacaran insanlar olmalıdır, pedaqoq olmasalar da, belə demək mümkünsə, bir az psixoloq olmalıdırlar. Uşaqların ruh halını, anlıq psixo-sosial durumlarını, zamana görə davranma prinsipini yaxşı bilən, uşağın o an nə hiss etdiyini anlayan və ya duyan tərbiyəçilərin və müəllimlərin yanında kimsəsiz uşaq anlayışı olmaz.
Nəzərə alaq ki, bir çox ata-analı ailələrdə belə, uşaqlar bəzən məngənə kimi sıxılır, bəzən də hər addımına icazə almalı olur; bəzən həddən artıq sevginin qurbanı olur, bəzən də valideyni özünə əsir edir (əlbəttə, valideynin səhv yanaşmaları ucbatından); bəzən özü kimi yox, başqalarının istədiyi kimi davranır, bəzən də fikrini rahat və sərbəst ifadə edə bilmir; bəzən sözlü təhqirlərin hədəfi olur, bəzən də fiziki təzyiqlərin...
Bunları düşünəndə, sözün əsl mənasında, "yaxşı” müəllimlərin əhatəsində olan valideynsiz uşaqlar şanslıdır, yoxsa valideynləri yanlarında ola-ola yanındakı valideynsiz uşaqlar?
Bizcə, "yaxşı” müəllim yetişdirərək bu şanssız kimi görünən həyatları şanslı həyata çevirmək olar. Üstəlik, müsbət mənada qısqanılan şansa.
Dediyimiz kimi, bunun üçün valideyn himayəsindən məhrum olmuş uşaqlarla işləyəcək müəllim və tərbiyəçi heyəti təsadüfən, yaxud da iş xatirinə təyin olunmamalı, təcrübəli pedaqoq və psixoloq heyəti tərəfindən seçilməlidir.
Tərbiyəçilər və müəllimlər bilməlidirlər ki, hər bir uşağın ilk öncə anaya ehtiyacı var. Çünki onu dünyaya gətirən anadır və uşağın bütün təməl ehtiyaclarını anasından qarşılamaq hüququ var. Uşaq dünyaya gələn kimi ilk ehtiyacı olan şey bağlanmadır. Güvənli bağlanma. Bu bağlanma gerçəkləşmədiyi təqdirdə uşaq bunun çatışmazlığını bütün sonrakı həyatı boyu hiss edir.
 

Valideyn himayəsindən  məhrum olan  uşaqlarla məşğul olan  insanlar  diqqətlə, xüsusi meyarlarla  seçilməlidir

Əlbəttə, bu, o demək deyil ki, ana yoxdursa, yaxud öz analıq məsuliyyətini kifayət qədər dərk etmirsə, çarə olmur. Sevgili ananın qayğı və nəvazişlərini uşağa heç kim əsl ana-atası kimi verə bilməsə də, özünü taleyin sitəminə tuş gəlmiş uşaqlara həsr edə bilən ana bu qəlblərdəki həyat alovunu sönməyə qoymaya bilər.
Bağlanma 0-2 və 2-4 yaşlarında olur. Bu müddətdə uşağın kollektiv içində, daha doğrusu, bir neçə nəfərlə deyil, bir nəfərlə bağlanması əsasdır. Ona görə anası işləyən uşaqların 2-3 yaşlarında bağçaya getmələrindənsə, bir dayə himayəsində qalması tövsiyə olunur. Beləcə, uşağın bir neçə nəfərlə yox, məhz bir nəfərlə bağlanması təmin edilmiş olur.
Uşaqlıqda güvənli bağlanma yaşamamış uşağın böyüdükcə hər gördüyünə bağlanma cəhdi güvənli bağlanma deyil, asılılıqdır. Valideyn himayəsindən məhrum olmuş uşaqlarda güvənli bağlanmanın olduqca az olduğunu ehtimal etək, deməli, burada çalışan müəllimlər və tərbiyəçilər ilk öncə uşaqlarda güvənli bağlanma mühiti yaratmalıdırlar.
 

Valideyn himayəsindən  məhrum olan  uşaqlarla məşğul olan  insanlar  diqqətlə, xüsusi meyarlarla  seçilməlidir

İkinci olaraq...
Səbr – tərbiyənin əsas sütunudur. Bu məziyyətə malik olmadan uşaq tərbiyə etmək olmaz. Müəllimlər və tərbiyəçilər bilməlidirlər ki, onların səbrləri normal səviyyənin üzərində olmalıdır. Çünki işləri normal işlərin çox üstündədir. Bununla belə, işini sevərək görən insanın səbrə çox da ehtiyacının olmadığı bilinməlidir.
Üçüncü olaraq...
İdarəçilərin üzərinə düşən ən böyük işlərdən biri müəllim və tərbiyəçiləri daim "canlı saxlamaq”, onları yeniliklərlə, yeni informasiya və təcrübələrlə tanış etməkdir. Bu, müxtəlif ölkələrə kiçik qruplar şəklində işgüzar səyahətlər ola biləcəyi kimi, ixtisaslı mütəxəssislər tərəfindən mütəmadi olaraq təşkil olunan seminarlar, təlimlər şəklində də ola bilər. Beləcə, müəllim və tərbiyəçilər həm daxili, həm də xarici motivasiya ilə, eyni zamanda, daim yenilənən bilik və təcrübələrlə daha faydalı işlər görəcəklər.
Nəticə olaraq onu bildirək ki, sistem nə qədər mükəmməl olsa da, layihə nə dərəcədə uğurla hazırlansa da, əsas işi həyata keçirən müəllim və tərbiyəçi heyətidir. Bu heyət gördüyü işin şüurunda olmazsa, hazırlanan layihələr, edilən çıxışlar, aparılan müzakirələr, qurulan sistem sadəcə kağız üzərində qalacaqdır.
Əlbəttə, bunun üçün müəyyən bilik və bacarıqlar lazım olduğu kimi, əlavə maddi vəsait də tələb edilir. Əslində, buna əlavə maddi vəsait kimi baxmaq da doğru deyil. Çünki bir işlə məşğul olanlara qoyulan sərmayə ən azı o işin özünə qoyulan sərmayə qədər əhəmiyyətlidir.

 

Valideyn himayəsindən  məhrum olan  uşaqlarla məşğul olan  insanlar  diqqətlə, xüsusi meyarlarla  seçilməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz