» » Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)


Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)

Müasir dövrümüzdə dul qalanlar arasında kişilərin və qadınların dəqiq sayları haqqında məlumatım olmasa da, bu nisbətdə qadınların çoxluq təşkil etdiyinə əminəm. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə cinslər arasında ömür fərqi orta hesabla 7,5 ildir və bu fərq qadınların xeyrinədir, yəni, qadınlar kişilərə nisbətən 7,5 il daha çox yaşayırlar. Deməli, insanların özləri tərəfindən yaradılmış heç bir ciddi ayrılıq səbəbi olmadan həyatın öz axarında müəyyən dul qadınlar kateqoriyası yaranır.
Gözlənilməz hadisə, təsir, ailədə ixtilaflar,  tərəflərlər arasında etimadsızlıq və digər səbəblərdən  ayrı-ayrı kənd, rayon və şəhərlərdə formalaşan dulqalma  halları da bu kateqoriyada yer alır. Məsələn, 40-50 il bundan əvvəl xəstəlik və qəza hallarında  həyatını itirən insanların sayı günümüzdə  olduğundan qat-qat az idi.  Çünki texnoloji proseslər həyatımızı bu qədər əhatə etməmişdi, həm də nəqliyyat da bugünkü qədər intensiv deyildi. Dövlət Statistika Komitəsindən paylaşdığı bir məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr zamanı 750 nəfər ölüb, 1719 nəfər yaralanıb. Məlumatda neçə nəfərin evli qadın və ya kişi olması haqqında izah olmasa da, təbii ki, istər vəfat edənlər, istərsə də yaralananlar arasında evli qadın və ya kişilərin olması danıla bilməz. İlbəil armaqda olan qəzaların sayı isə dulqalma hallarının artımında ciddi faktordur.
Ağır qəzalar zamanı fiziki sağlamlığını ciddi şəkildə itirmək də ailə dağılmasına, qadının dul qalmasına səbəb ola bilər.
Xəstəlik səbəbindən həyat yoldaşını itirən qadınlar da var. Elə uğursuz ailələr də var ki, uşaq olmaması səbəbindən dağılır. Əgər bu zaman sonsuzluq qadına aid səbəbdirsə, çox vaxt belə qadınları kimə gəldi verirlər: xəstə, əlil, özündən dəfələrlə yaşlı. Onların yeni  evliliyi də dul  həyatında yaşadıqlarından  dramatik olur.  Yeni ərin, yeni ər ailəsinin istənilən vaxt cini tutsa, bu zavallının mitilini yenə çıxarıb qoyacaqlar küçə qapısından çölə. Geriyə yol yoxdur, qadın yaşamaq üçün daha 3-cü, 4-cü kateqoriyalı "ərə gedəcək”. Çox güman ki,  o ərlər də bu biçarəni ailəsində ocaq yandırmağa, dünyaya uşaq gətirməyə almırlar: sadəcə, yeməyini bişirsin, paltarlarını yusun və əsası da yatağına girsin.
Belə qadınların bəziləri ilk evlilklərindən sonra nə qədər utanc olsa da, get-gedə ya könüllü, ya da məcburən Azərbaycan əxlaqı və mühiti üçün xarakterik olmayan seks sənayesi qurbanlarına çevrilirlər.
Ailəsinə xəyanət edən və yaxud gəncliyində etdiyi səhv addımlardan təkrarlanan yanlış həyat tərzinə görə dul qalma halları da var. Belələri ha can atsalar da, ikinci dəfə getdikləri  ailədə qadın səadətinə qovuşa bilmirlər. 
 Ailə üzvlərinin, qohum qonşuların kobud rəftarı, qapının ağzında, çöldə-bayırda rastlaşanda tez uzaqlaşmaları, içəri keçib qapını bağlamaları onu bu mühitə uyğunlaşmağa, isinişməyə qoymur. Bir neçə aydan, yaxud bir neçə ildən sonra onlar bu evi də tərk edərək ya ata evində qayıdıb baldızların qaxınclarını yeye-yeyə yaşamaqda davam edir, ya da bezib kirayə evlərə və yataqxanalara köçür. Artıq onların vəziyyəti o hala gəlib çatır ki, hər təşəbbüs və cəhdləri həyatlarına yüngüllük , rahatlıq gətirmək əvəzinə, daha da ağırlıq, göz yaşları gətirir. Bu cür məqamlarda   münasibətlər qadının səbrindən, hadisə və münasibətlərə necə reaksiya verməsindən, baş verənləri necə qəbul etməsindən asılı olduğu kimi, ər tərəfin adamlarının, qonşuların  həssaslığından da çox asılıdır.

 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)

Kaş olmmayaydı, amma o qədər müqəddəs ailələr də var ki, hansısa bir səbəbdən ər vəfat edib. Ailədə 2-3 uşaq var. Ailə mehriban yaşayıb, əl-ələ verib uşaqlarını böyüdüblər.İndi ər vəfat edib deyə, o, yeni ərə getməlidirmi? Kimdir onu evdən buraxan? Mənim fikrimcə, belə qadınlara "dul” demək günahdır, yanlışlıqdır. Heç o ailənin, qadını həyatına baxışın özü də yanlışlıqdır. O qadın itkinin böyüklüyünü getdikcə nə qədər  yaxından hiss edirsə, ərinə sədaqətinə tapınıb onun uşaqlarına, ocağına o qədər daha qırılmaz tellərlə bağlanır.
Ümumiyyətlə, cəmiyyət tərəfindən dul kimi qəbul edilənlərin, fərqi yoxdur, ya həyat yoldaşları vəfat etmiş qadın/kişi, ya da hansısa problem üzündən boşanmış qadın olsun, heç də onların hamısına "dul” sözünün gətirə biləcəyi məsxərəni, istehzanı, etimadsızlığı yükləmək, ümumiyyətlə, doğru deyildir.
Biz yazımızda tarixin müxtəlif dövrlərində qadınlara fərqli münasibətləri əks etdirən nümunələrə istinad etdik. Azərbaycan qadını diri-diri torpağa basdırılmasa da, əri ölüb deyə özünü öldürmək kimi dilemma qarşısında qalmasa da, cəmiyyətdə qadına mühafizəkar baxışlar hər zaman olmuşdur. Pozulan nikahların, kim bilir, hansısa bir hissəsi bu mühafizəkar baxışlardan  qaynaqlanıb.  Beyinlərdə, ürəklərdə özünə yer eləmiş belə baxışların  hər biri  qadınların taleyindən keçir.
 Dövlət Statistika Komitəsinin 2013-cü il üçün yaydığı hesabata əsasən, ilin birinci yarısı üçün qeydiyyat şöbələri tərəfindən 5386 nikah pozulması qeydə alınmışdır.
2017-ci ilin ilk 5 ayı üçün bu rəqəm 6 207 olmuşdur.
Hələ bu rəqəmlər tam il üçün olan məlumat deyil və ilbəil artmaqda davam etmişdir. 5 ay üçün 6207 ailə dağılırsa, bu, 6207 dul qadın deməkdir. Boşanmış qadınlara  münasibətin heç də yaxşı olmadığı bir cəmiyyətdə   bu  qadınları  qarşıda böyük çətinliklər gözləyir.
Onların  keçirdikləri sarsıntılar hələ relibitasiya olunmamış indi də yaşamaq imkanı əldə etməlidirlər: iş tapıb ailəni  dolandırmalıdırlar.
Bəs sonra? Uğursuz ilk evlilikdən sonra ərə, evliliyə inamı itmiş hansısa qadın təkbaşına yaşamaq üçün mücadilə etməyi bacaracaqmı? Yeni ailə həyatı qurmayacaqsa, hər gün ətrafdakıların tənəli baxışlarını dedi-qoduları görməməzlikdən gəlməyi bacaracaqmı?
Birdən kimsə, hansı "qalstuklu odun parçası”sa saqqqızını oğurlayıb, qəlbinə yol tapa biləcəksə, nə etməli? Birdən subay oğlan sevsə, necə? Məlum məsələdir ki,  cəmiyyətdə mövcud baxışlara görə, subay oğlanın boşanmış qadınla, özü də uşaqlı qadınla ailə qurması nadir hadisə ola bilər və belə izdivacın səmimiliyinə heç inanmaq da  olmur. Lap dul kişiyə tuş olmaq da hələ  etibarlı ailə ittifaqından xəbər vermir. Doğrudanmı, bu dul kişi dul qadını, sadəcə, özünə yastıq yoldaşı deyil, həm də gerçək həyat yoldaşı kimi seçir?  ...Həm onun, həm  də özünün yarımçıq qalmış ailə səadətini bərpa etmək istəyir?
Bunlar həm də cəmiyyət kimi təqdim etdiyimiz   əhatəsində yaşadığımız insanların da tərəddüdləridir, bu da haqlıdır, fəqət, 
 ilk evlilikləri uğursuz olmuş  qadınların yeni evlilik, kişi/ər məhəbbətinə sığınmaq istəmələri də təbii qəbul edilməlidir. Çünki hər bir dul qadın və ya dul kişi dul olmazdan öncə insandır. Onların da yaşamaq haqqı var… mənəvi, fizioloji ehtiyacları var. Bu haqqa kimsə müdaxilə edə bilməz.
Sadəcə, arzu olunur ki, bir dəfə zərbə almış qadınlar bir daha aldanmasın. Müşahidələrə əsasən, çox vaxt   dul qadınların daha ağır vəziyyətə düşmələrinin əsas səbəbi  onların  cinsi arzunu təmin etmək məqsədi ilə seçilməsi olur. Adətən, dul qadınlar istər subay, istər evli kişilər üçün istismarı fantaziyalarla mümkün olan ən təhlükəsiz , təcavüz məsuliyyəti yaratmayan bir cinsi obyekt kimi gəlir. Bu məqam da dul qadını gözləyən çətinliklərindən biridir.
Ola bilsin ki, iş üçün ayaq açdığı əksər yerlərdə də dul qadına bu niyyətlə yanaşılsın.
 

Müzakirə - Nonqolustanda dulların bir daha ailə qurması yasaq imiş, bəs necə olsun ? (II yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz