» » Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir


Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir


"….Bir qızım var. Biri daha olacaqsa, onun da qız olmasını ürəkdən istərəm. Amma qız uşaqları fərqli olduğundan deyil, hər iki  uşaq  eyni cinsdən olsun deyə.  Mən heç vaxt  "bir qızım, bir oğlum olsun” deyən tərəfə olmadım. Həp ikisi üşün xəyal qurdum,  amma  həp ikisinin qız, ya da  hər ikisinin  oğlan olmasını dilədim.İki bacının və ya iki  qardaşın anlaşması və birlikdəliyi ruhuma çox xoş gəlir.

 Adamlar tanıyıram ki, sadəcə, övladı olsun, "Ana” çağrılsın deyə  gecə-gündüz Allaha dua edir, nəzir-niyaz paylayır.  Amma adamlar da var ki, dünyaya qız övladı gətirmiş qadınına  şərt qoyur ki,  bu dəfə də qız doğsan, körpəni də götürüb doğum evindən birbaşa atan evinə qayıdarsan və ya  doğulacaq körpənin qız olduğunu bilincə, günahsız tifili tələm-tələsik filan qədər də xərc çəkib, elə bətndəcə məhv etdirirlər. Olurmu belə?!

Təki,  Allah cəmi övlad arzumanında olanlara xeyirli  övlad qismət etsin.

"Mən oğlan istəyirəm”, "qızım olsun”  kimi düşüncələr  nə qədər yersiz görünür”.

Bir məktubdan

 

 Bir il bundan öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata verdiyi bir açıqlamada 2006-2016-cı illərdə qızların sayının azaldığını təsdiqləmişdi.

Dövlət rəsmisinin  təqdim etdiyi statistik rəqəmlərə diqqət yetirək:

Baş məsləhətçisi açıqlamasında onu da qeyd etmişdir ki, bu tendensiyanın davam etməsi gələcəyə yönəlik demoqrafik problemlər yarada bilər.

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov 2017-ci ildə "Trend” informasiya agentliyinə verdiyi açıqlamada  bildirib ki, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində həmişə qadınların nisbi üstünlüyü olub. Lakin son illər bu fərq getdikcə azalır, əhalinin cins tərkibi pozulur:

"Əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur. Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.”

Məsələn, Çində qadın və kişi əhali arasında zaman-zaman yaranan fərq artıq öz fəsadlarını göstərməkdədir. Kişi sayının getdikcə artdığı bu ölkədə  milyonlarla kişi özünə  həyat yoldaşı axtarır.  Hətta bunun üçün onlar müxtəlif yollara əl atmaq məcburiyyətində qalırlar.

Çində son dövrlərə qədər  tətbiq olunan "tək uşaq” siyasəti üzündən  kişilərin sayı qadınların sayını  kəskin fəqrlə üstələmişdir. 2020-ci ildə  burada evlənmə yaşına gəlmiş kişi və qadınlar arasındakı fərqin 30 milyonu üstələyəcəyi güman edilir.  Hətta,  2030-cu ildə Çindəki kişilərin dörddə birinin 30 yaşlarında hələ də subay qalması ( Çində 30 yaşını keçmiş subay kişilərə "şengnan" deyilir) gözlənilir.

Belə vəziyyətdə  kişilər  özlərindən yaşca çox kiçik olan qızların qəlbini qazanmaq üçün bir çox vasitələrə əl atmalı olurlar.

 2015-ci ildə  40  yaşında bir  iş adamı  özünə uyğun bir qadın  tapmaq üçün tanışlıq firmasına bir milyon dollar ödəməsinə baxmayaraq, nəticə hasil olmamış,  buna görə  həmin iş adamı firmanı məhkəməyə vermişdir.  

Quançjou şəhərində  kompüter proqramçısı  olan  digər bir çinli  tanış olduğu qıza 99 iphone almasına baxmayaraq,  evlilik təklifi qız tərəfindən  rədd edilmiş və bu, sosial mediada lağ mövzusuna çevrilmişdir.

Yoldaş tapmaq şanslarını artırmaq üçün çinli qadın və kişilər müxtəlif tədbirlər keçirirlər. Çox qəribə görünsə də, onlara ailə qurmaq üçün həyat yoldaşı  qadın və ya kişi falçılar tərəfindən tapılır.

 Şanxayda  hətta,  evlənmək   niyyətlərinə xidmət edən bazarlar var.  Valideynlər öz subay uşaqlarının keyfiyyətləri,  təhsil və gəlir vəziyyəti  ilə bağlı məlumatları    bu bazarda elanlarla  reklam edirlər.

Valideynlər övladlarını evləndirmək üçün həmin elanlardan yararlanır. Amma bəzəiləri ürəyinə daha yapışanı tapmaq üçün uzun zaman belə elanların yenilərini gözləyirlər.

Çində hər il yanvarın sonundan başlayaraq  fevralın ortalarına qədər Yeni il bayramları  həm çinli kişilərə, həm də  qadınlara  ünsiyyət yarada bilmələri üçün ən münasib vaxt hesab edilir.

İnternet və Vatsap kimi mesajlaşma proqramları vasitəsilə tanışlıq getdikcə daha populyarlaşmaqda davam edir.

 Həmçinin bəzi subay kişilər qruplar halında əyləncə yerləri icarəyə götürüb  tanış olduqları qızları görüşə  dəvət  edirlər.

 Bu ölkədə kişilərin  ailə qurmaq üçün qız tapması bir qədər də çətindir. Çünki, ənənələrə əsasən, bunun üçün kişi qadın tərəfə müəyyən  maddi təminat da verməlidir.

 Kişi evlənmək istədikdə gələcək qayınanası qızı üçün əvvəlcədən  bir ev tələb edir.

 Çinin  bu vəziyyətə düşməsinə səbəb 2015-ci ilə  qədər tətbiq olunan "tək uşaq” siyasəti olmuşdur. Ona görə də oğlan uşağı seçim edilməsi səbəbindən  qız uşaqlarından imtina edilmiş,  doğulmuş qız uşaqları  yetimxanalara verilmiş, hətta öldürüldüyü haqqında   məlumatlar var.

 Bu və digər səbəblər  qadınların da  ər tapmasını çətinləşdirir. Çünki qarşısına belə çətinliklər çıxanda kişilər məcbur olub  evlənmək planlarını təxirə salır, başqa ölkələrə səpələnirlər. Nəticədə, qadınlar  özlərindən yaşca çox böyük olan kişilərlə  nikaha girməyə məcbur olurlar.

 Bu gün Çində  evlənənlər  arasında 10-20 yaş fərqliliyi  olduqca geniş yayılmışdır.

 Eyni problemləri Azərbaycan da yaşaya bilər, bunun müəyyən  təzahürləri artıq özünü göstərməkdədir.

 BMT-nin Əhali Fondunun hazırladığı Hesabata görə (Azərbaycanda doğulan uşaqların cinsnisbətinin pozulmasınazəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat – Bakı - 2014),  "Azərbaycan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə görə nisbətinin ən çox pozulmuş ölkələr sırasındadırlar (Mesle, Vallin və Badurashvili, 2005; Guilmoto, 2012). Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir (Cədvəl 8)”.

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 Doğulan uşaqların cins nisbətindəki bu fərqlər ölkəmizdə qız övladına münasibətin  birmənalı olmamasından qaynaqlanır. Arzuedilən olmasa da, bu gün  cəmiyyətdə  qızların ailədə arzuolunmaz övlada çevrilməsi ilə bağlı narahatlıqlar var. BMT-nin adı şəkilən Hesabatında göstərildiyi kimi, "Azərbaycanda hamiləliklərin təxminən yarısı (52.7%) diri doğuşla tamamlansa da , qalan böyük əksəriyyəti isə süni abortla dayandırılır (hamiləliklərin 40.9%-i). Süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi süni abortla nəticələnir. Süni abort əmsalları aşağı olan ABŞ kimi ölkələrdə baş verən süni abortların əksəriyyəti subay qadınların ilk hamiləliyi ilə bağlıdlr (Westoff, 2005). Lakin Azərbaycanda süni abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4%-ə qalxır .”

 Sanki ailələrdə nəsilverməni məhdudlaşdırmaq arzusu artır.

  "Ötən 50 il ərzində Azərbaycanda nəsilvermə acınacaqlı şəkildə tənəzüllə uğramışdır. Ümumi nəsilvermə əmsalı (hər qadına düşən doğuşların orta hesabla sayı) 1961-ci ildə 5.60 olmuş və bu say azalaraq 2001-ci ildə indiyə qədər müşahidə edilmiş ən minimum səviyyəyə 1.8-ə enmişdir. 2010-cu ildə nəsilvermə əmsalı hər qadına 2.3 uşaq olmuşdur (Qrafik5).”

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

  Narahatçılıq yaradan məsələ isə doğum səviyyəsinin  getdikcə aşağı enməsi və həm də  doğumun daha çox oğlan uşaqları üzərində planlaşdırılmasıdır.

Dövlət tərəfindən doğumu stimullaşdırıcı tədbirlər  görülsə də  (uşaqlara doğularkən müavinətlər verilməsi, himayəsində bir neçə azyaşlı övladı olan ailələrə ünvanlı sosial yardım təyin edilməsi, məktəbəqədər tərbiyə şəbəkələrinin genişləndirilməsi və s.) problem var, onu arxa plana çəkmək deyil,  həlli istiqamətində  düşünülmüş addımlar atmaq lazımdır.

Bəs niyə ailələr çoxuşaqlı ailə olmaqdan qaçırlar? Axı 30-40 il bundan əvvəl Azərbaycan ailələrinin əksəriyyətində ən azından 4-5 uşaq olurdu. Belə ailələr həmin dövr üçün  azuşaqlı ailələr hesab olunurdu. Fəqət, indi iki və üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi tanınır.

Mən xatırlayıram ki, kənddə   10 və daha artıq övlad dünyaya gətirmiş analara "Qəhrəman ana” fəxri adı və Qızıl medalı verirdilər. Özü də  elə kənd yox idi ki, bir neçə qəhrəman anası olmasın. 80-ci illərdən başlayaraq ailələrin say tərkibi  azalmağa doğru meyilləndi. Bunun səbəblərini bir çox amillərlə  izah edirlər. Səbəblər arasında daha çox iqtisadi çətinlik önə çıxarılır.

  Mən öz subyektiv münasibətimi bildirmək istəyrəm.Təbii ki, insanın, insan nəslinin yaşaya bilməsi üçün  dolanışıq, qida etibarlılığı mütləqdir. İnsanların sağlamlığı da bu sırada vacib amillərdən biridir. Amma bu səbəblər  doğum hallarının enməsinə və yaxud oğlan uşağına üstünlük  verilməsinə  vadar edə bilməz. Azərbaycan ailələrinin çoxuşaqlı ailələr kimi tanındıiğı vaxtlarda insanlar arasında belə söhbətlər olurdu.

 Yaxşı xatırlayıram. Kənddə insanlar tütünçülüklə, heyvandarlıqla məşğul olurdular. Bağlarının meyvə-tərəvəzi də dolanışıqlarına dəstək olurdu. Kənddə kimin  uşağı doğulurdu hamı bilirdi. Gözaydınlığına getmək dəb idi. Tutaq ki, bir ailədə 6-7 uşaq var, yeni bir uşaq da doğulub.  Kimsə desə idi ki, filənkəsin  yeni uşaq nəyinə lazım idi, sonsuz deyildi ki, 6-7 uşağı var, kasıb adamdır,   necə saxlayacaq  bu qədər külfəti. Onda yaşlılar, həyat adamları deyirdilər ki, Allah  veribdir, ruzisini də özü yetirəcək. Yəni, ailənin iqtisadi  vəziyyəti  ailə  tərkibinin sayca azalmasına təsir  edə bilməzdi, səbəb ola bilməzdi.

 

  Ailə vardı ki, 3-4, bəzən də daha çox qızı olurdu. Belə ailələr sağıcılıqdan, tütünçülükdən yaxşı qazanc əldə edirdilər. Belə ailələrin həyət-bacası həmişə  gül kimi olurdu. Bu ailələrdə analar əllərini ağdan-qaraya vurmazdılar: hər işi qızları görərdi.  Ana da xanım-xatın kimi evdə oturardı. Kənddə, qonşu kəndlərdə belə ailələrin anaları haqqında  deyərdilər ki: "Filənkəsin  nə dərdi var, mənim kimi 4-5 oğlu yoxdu ki, hamısı dağıdan, bulaşdıran. Çöldə-bayırda ora-bura qaçıb üstünə cummurlar ki "yemək”.4-5 qızının hərəsi bir  işin qulpundan yapışır, anaları da xanım-xatın kimi gəzməklərdə. ” 

Həqiqətdə də belə idi. Oğlan uşaqlarının ağzını kiritmək  heç də asan deyildi.Qız böyütməyə nə vardı ki. Özləri öz yediklərini qazanırdılar, ailəyə fayda gətirirdilər.Gəlin köçənə kimi də cehizliklərini hazırlayırdılar. Oğlan uşaqları isə  həddi-büluğa çatanda kənddən çıxır, illər keçəndən sonra bir çamadanla qayıdırlar ki, toy edin.  Qızlar ərə gedəndən sonra da ailəsinə, valideynlərinə hər zaman həssaslıqla yanaşırlar. Ailələrin qız övladı istəməmək iddialarından söhbət gedə bilməzdi. "Qızbəs”, "Qızyetər”, "Qızqayıt” kimi adlara gəlincə isə, bu adları övladlarına 5-6 qızı olub heç oğlu olmayan ailələr   verirdi. 2-3 oğlu olan ailə heç vaxt bu qardaşların bacısına belə adlar seçməzdi. "Qızbəs”, "Qızyetər”, "Qızqayıt” doğan analar növbəti doğuşda da dünyaya qız uşağı gətirsəydilər, yenə bu övladdan imtina etmirdilər. Sadəcə, belə ad seçmək bir inanc forması idi. Yəni, qızım çoxdur, daha bəsdir, daha dursun və bu iddialarını yeni doğulan qız körpələrinə "Bəsti”,"Dursun” adları verməklə  ifadə edirdilər.

 O vaxtlar uşağın cinsini  bir də doğulandan sonra bilirdilər. Deməli, qızdan imtinadan söhbət gedə bilməzdi, abortdan  da söhbət gedə bilməzdi. Belə meyillər  keçən əsrin sonlarından  xarakterik olmağa, kütləviləşməyə başladı.

  Özü də   qız uşaqlarından imtina   ailələrin say tərkibinin  çiddi şəkildə minimuma endirmək   planlaşması ilə paralel   başladı.  Bir vaxt çoxuşaqlı ailələr kimi tanınan  Azərbaycan haqqında bu gün eyni sözləri demək olmaz.

 Hazırda Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfərə bərabərdir. BMT   Azərbaycan əhalisinin sayı ilə bağlı  hazırladığı hesabatda bildirilir ki,  bu  say  2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq. Amma bu  artım keyfiyyəti  ailələrin çoxuşaqlılığı ilə deyil,  evliliklərin özünün artan sayı ilə mümkün olmuşdur. Yəni  bir yaşayış məskənində, məsələn,  kənddə  200 təsərrüfat vardısa,  ortalama  bu ailələrdə  800-1000 nəfər uşaq olardısa, indi bu say   200 ailənin  hesabına deyil, 400-500 gənc ailənin  hesabına  mümkün olur. İndi ailələr 2-3 uşaqdan çox  uşaq istəmirlər, həm də  oğlan uşağı arzulayır və arzularını  texnologiyanın imkanları ilə nizamlayırlar. Nə qədər qadağalar qoyulsa da,  abort etdirən də, edən də çəmini tapır. Bizim ailə çoxuşaqlı ailə olub: 10 uşaq. 10 uşaq böyüdən ana özündən, xəyallarından, azadlıqlarından mütləq əl çəkməlidir. Gecə-gündüz   çalışmalıdır: əkməli-becərməlidir, toyuq-cücəyə, mal-qaraya baxmalıdır ki, çocuqlarının ağzını yığa bilsin.  Gündə olmasa da, iki gündən bir pal-paltarın yumalı, cıqıq-söküyünü yamamalı, iki gündən bir böyük təhnə tutan təndir çörəyi  bişirməlidir. Səhər gün doğandan ta uşaqlar yatıncaya qədər mənim anam da, eləcə də bütün çoxuşaqlı ailələrin anaları da  beləcə çapalayırdılar. Belə analar  bir də görürdün ayaqüstə mürgü vururlar.

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 

İndinin qadınları bu cəfakeşliyi etməyə hazır deyillər, həm də öz rahatlıqlarını çoxuşağa qurban vermək istəmirlər. Hansını dindirsən, "2-3 uşaq bəsdir” deyirlər.

Dünyaya 10 və yaxud 5-6 övlad gətirən qadının yuxarıda qeyd etdiyimiz   işləri görməsələr də,  təkcə  bu qədər uşaq doğmağa görə də şuxluqlarını itirir, tez qocalır, boyları balacalaşırdı. Amma onlar  belə şeyləri ağıllarına gətirmirdilər. İndiki analar ( heç də hamı nəzərdə tutulmur) 2-3 uşağı da böyük xərclər bahasına  birtəhər dünyaya gətirirlər, körpələrinə süd vermək istəmirlər ki,  vücudlarını təsirə məruz qoymasınlar. İndiki analar istəyir ki, tez-bazar 2-3 uşağı özünü idarə edə bilən səviyyəyə çatdırıb, özləri azadlığa çıxsınlar. Rahat durub –otursunlar və s. Belə analar  romantik həyat yaşamaq istəyir, cəfalı, nigarançılıq və səksəkə ilə dolu həyat yox.

 Mən  mətbuatda bir yazı oxumuşdum. Yazılmışdı ki,  uşaq əmələ gətirən toxumları  xüsusi vasitələrlə labarotoriya şəraitində saxlamaq mümkün olacaq. Bu isə imkan verəcək ki,   ailə  qurmuş qadın gənc vaxtlarında deyil, romantika ilə yaşayıb nə vaxt  uşaq sahibi olmaq istəsə,   o zaman həmin toxumları  yumurtalığa yerləşdirəcəklər.  Daha bu, nə evlilik oldu,  belə evlilkdə hansı ana mehrindən, qadın ülviyyətindən danışmaq olar?

 Halbuki, nəsilartımı   hər bir dövlətin strateji prioritetidir. Həyatın, bəşəriyyətin mövcudluğu  nəsilartımı olmadan  mövcud ola bilməz. İnsanın özünə gəlincə isə, insan onu həyata gətirən ata-ananın qarşısında  bu xətti davam etdirməyə borcludur.  Bu isə nə təkcə oğlan, nə də təkcə qız uşağının mövcudluğu ilə mümkün olan  gerçəklik deyil. Və yaxud olana xüsusi status verib, qızı iknci dərəcəli etmək, qızın  həyatımızdakı yerini kiçiltmək ailənin, böyük eşqin özünün mahiyyətini kiçiltməkdir.

Ailə, onun  keyfiyyəti yalnız  tərəflərin hər ikisinin eyni  amal uğrunda məqsəd eyniliyi ilə mümkün ola bilər. Nəsil xəttinin davam etdirilməsində  tərəflərin hər ikisinin rolu eynidir.  Axı oğlan   qız/qadın olmasa, ailə qurmasa,  nəsil xəttini necə davam etdirəcək? Həyat belə məsələləri elə nizamlayıb ki,  bir oğlan evinin qızı digər bir ailədə  həmin evin oğlu ilə bu yükün altına çiyin verir,  digər bir evin qızı isə  bu olan evinin oğlu ilə birlikdə bu məqsəd üçün ömür sərf edirlər.

Bu birlik hansı keyfiyyətdədirsə,  onların qurduqları ailə də, yaşadıqları həyat da, dünyaya gətirdikləri uşaqlar da o keyfiyyətdə olacaqdır.

Bir çox ailələrin qız uşaqları arzu etməmələrinin səbəbi olsun ki, həmin valideynlərin yanlış düşüncəsi ilə bağlıdır ki, pariarxal cəmiyyətlərin hamısında  nəslin davamçısı oğlan  hesab edilir. Qız övladı isə köçəri quşdur, özgə üçündür. Ona çəkilən zəhmət boşdur, hədərdir.  Amma digər ciddi səbəblər də mövcuddur. Məsələn,  kapitalist ölkələrində qadın  reklam  vasitəsinə    çevrilib   sahibkarın marağına yönlədilir. Avtomobil təkərini reklam edirlər, guya, yanında bir qız olmasa, təkər yaxşı getmir.  Cürbəcürə açıq-saçıq geyimlər(transparan, dekolteli, razrezli  və s)    əndamlı, yaraşıqlı  qızlara geyindirib podiumlara çıxarır, istehsal etdikləri  məhsulları  reklam etdirirlər və s.

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 

 Qərb ölkələrinin seriallarındakı, elə həyatındakı sərhədsiz azadlıqlarını müxtəlif yollarla  bizim həyata  yoluxdurdular. Bir vaxt sinəsi-yaxası  bağlı, topuğa qədər də finka şalvar  geyinən gənc qızlarımız  indi  müxtəlif dəbli cins şalvarlara, mini geylmlərə,  həmçinin transparan, dekolteli  geyimlərə meyil edirlər.

Valideynlər, yaşlı nəsil belə geyimləri qəbul etməsələr də, gənclər bunda heç bir qəbahət görmür və irad bildirən kimi,  gender hüquqlarını, demokratik azadlıqlarını bayraq kimi başları üzərinə qaldırırlar.

 Bakının, eləcə də şəhər və rayonlarımızın əyləncə mərkəzlərində qızların iştirakçısı olduğu  nə qədər hadisələr baş verib və insanlar bunla haqqında mətbuat və televiziya vasitəsi ilə xəbərdardılar.

Və yaxud  sosial şəbəkələrdə məşhur idmançıların, modellərin, aktrisaların macəra həyatından daha nələr qalmadı yazmasınlar,  məşhur modellərin hansı pozada şəkli qalmadı, manşetləri bəzəməsin.

Guya  estrada "ulduz”udur, "ünlü sənətçi”ldir, o, Bakıya gəlməzdisə,  biz mədəniyyətsiz qalacaqdıq. Azis Bakıya gələndə qızlar ona elə rəğbət göstərirlər ki, öz sənətkarlarımız heç vaxt bu  ampulada diqqətə ayrılmayıblar.  

İraq  telekanallarndan biri Bakıda gizli çəkiliş aparmış və bunu öz ölkəsində yayımlamışdı. Obyektivdə təsvir olunanlar Bakıda baş verib və həmin şəxslər də  Azərbaycan qızlarıdır.(https://www.youtube.com/watch?v=xLTefoZRgpk).

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 

Eləcə də istirahət məkanlarında,  park və bağlarda, bulvarda  ətrafdakılara məhəl qoymadan  bir-birinə sarmaşan, öpüşən  gənclər  görəndə  bunlar  valideynləri  qız övladı  arzulamamaq, qız övladından imtina kimi hallara istiqamətləndirə  bilər. 

 Təbii ki, valideynləri də başa düşmək lazımdır.  Azərbaycan ailəsi həmişə namus, şərəf məsələsində mühafizəkar olub. Bildiyim qədər heç bir ailə belə geyimdə, belə davranışları ilə önə çıxan qızı gəlin kimi evinə gətirməz və yaxud belə qız sahibi olub kiminsə onun qapısına elçi gələcəyini gözləməz.Vaxt var idi ki, çoxlu qız övladları olan ailələrin  nəinki ata-anaları, qardaşları belə bu ailənin qızlarına görə  bir hörmət yiyəsi idi. Kimsə öz evində, hansı qohumununsa evində bu ailə ilə qohum olmaq istəyi ortaya çıxa  bilər deyə, bu qızların ata-anasına, qardaşına  onların sezə biləcəyi səviyyədə rəğbət sərgiləyirdilər. Belə qız atalarının qapısına elçiliyə gedəcəklər deyə əvvəlcədən  mühit, münasibət formalaşdırırdılar. İndi də belə ailələrimiz az deyil. Amma  fərqli  mənzərələr də var. Oğlan-qız özləri tapışıb sevişir, görüşür, bəzən evlənənə qədər izdivaca girənlər də olur. Belə davranış və normaların  qarşısını almaq da olmur. "Gənclər azaddır, müstəqil olaraq öz talelərini özləri müəyyən etməlidir”, " İrad tutmaq, nəsə demək Avropa dəyərlərinə, insan haqqlarına ziddir”, "gender prinsipləri” və sair bu kimi səbəblər  ailələrin, valideynlərin əl-qolunu bağlayır. İctimai qınaq formalaşa bilmir. Hansı ki, içtimai qınaq, el gözü, el sözü hər zaman mizan-tərəzi olub.

Bəlkə də valideynlər bütün bu hallarla qarşılaşmasınlar deyə, qız övladları arzulamırlar və yaxud çarəsiz qalanda  selektiv abortla qızlarını dünyaya göz açmadan hamiləliyə son verirlər. Bu qızın günahı yox, dünyanın  pis-yaxşı işığı hələ üstünə düşmədən, onun məsumluğunu necə şübhə altına almaq olar? Mənə belə gəlir ki, abort etdirən ailə qərarı bu tifilə görə yox, ətrafda gördüklərindən hasil etdiyi qənaətə görə qəbul edir. Bizim kütləvi informasiya vasitələrini, özəl telekanallarda saysız-hesabsız belə nümunələr, hadisələr var ki, qızlara qarşı etimadsızlığa sürükləyir.

  Bu etimadsızlığı aradan qaldırmaq, Azərbaycan qızlarının ənənəvi şöhrətini qaytarmaq üçün maarifləndirmə işlərini indikindən üstün hala gətirmək lazımdır. Kütləvi informasiya vasitələrində belə məsələlərə aid  dərc olunan məlumatları, yazıları, şəkilləri, süjetləri hökmən saf-çürük etmək lazımdır. Şou verilişlərinin  birində iştirak edən  bir xanım deyir ki, "…filənkəs kimi  arxa hissəmi siğorta etdirmək istəmirəm.

… Sinə, dodaqlar, burun hamısı özümündür, əməliyyat etdirməmişəm”.

  Düşünürəm ki, mətbuata, ekrana Qadın obrazını  gətirərkən  cəmiyyətin mənafeyini hökmən gözləmək lazımdır.

Cəmiyyəti, böyüməkdə olan nəsli yaxşı nümunələr üstündə kökləmək lazımdır. Bütün dövrlərdə, bütün cəmiyyətlərdə  çoxluğun istəmədiyi, arzu etmədiyi əxlaqi naqisliklər, utanc nümunələr olub və heç olmayacağını gözləmək də sadəlövhlük olardı. Amma belə nümunələrə laqeyd qalmaq olmaz.Belə nümunələri  cürbəcürə adlarla manşetə, ekrana çıxarmaq olmaz. Kimə lazımdır belə plastika, harmoniya? Başından, əqidəsindən,  hər kəsdə məmnunluq yarada bilən əməllərindən söz aça bilməyən qız/qadın ictimai tribunada sinəsindən, dodaqlarından, görkəmindən  necə danışa bilər?

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

 

Qız övladlarından imtina cəmiyyəti hara aparıb çıxara bilər? Sən oğul övladı arzulayırsan, qızın olacaqsa, üz-gözünü turşıdacaqsan. Təkcə oğul övladı olmaq  bəxtəvərlik deyil ki. Bu övladı böyüdüb boya-başa çatdırınca, ömrünü həsr edəcəksən: məktəbə gedəndə  canına bir rahatlıq gələcək, məktəbi bitirəndə, ali məktəbə girəndə, hər addımında sevinəcəksən.Evinə gəlin gətirməyə tələsəcəksən, nəvən olanda dünyanı sənə verəcəklər. Amandı olsun, bütün həmvətənlərimizə beləcə dünya bəxş olunsun.Əcəba, bəs bu dünyanı evimizə, həyatımıza gətirən gəlini   bətndə olarkən selektiv abortla bizə doğru gəlməyə qoymasaydılar,  nə edərdik? Oğlumuz var, öyünək, qurban olaq. Bəs onu bizə kim bəxş edib: tərəddüdlərlə güc-bəla abortdan xilas olmuş o vaxtki bir Qız.

 Qız övladı böyütmək hind atalar sözündə deyildiyi kimi "qonşunun bağındakı çiçəyi sulamaq kimi  deyil”: çiçək yetişdirib, dünyaya, evlərə çiçək paylamaqdır. Verib, çiçək almaqdır…

 İnsanlar ilk  dəfə odu əldə edəndə sönməsin deyə gecə-gündüz ocağın başında keşik çəkirlərmiş, odu qoruyurlarmış. Hər yeni doğulan qız uşağı da Allahın  həyatı, insanlığı qorumaq, davam etdirmək  üçün insanlara əta etdiyi  əbədi nicatdır. İnsanlar bu nicatı  insanlıq davam etsin deyə qorumalıdırlar.

 

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir

Son


İstifadə edilmiş ədəbiyyat: 1. "Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına

zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"- Bakı, 2014;

2. İstifadəyə açıq  internet mənbələri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz