Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilmə ilə bağlı fikirlərim (Müzakirə)
Televizya və radiodan, bizdən əvvəl qurtarmış tanışlardan təyinat mərhələsi haqqında çox eşitmişdik. Ədəbi-publisistik yazılarda müəyyən romantik səhnələr bizim də arzuladığımız gələcək idi və çoxumuza qismət oldu. Təyinat bölgüsü günü saniyəbəsaniyə yaddaşıma köçüb: akt zalının qarşısında toplaşmışdıq. Təyinat komissiyasında hər kəsi fərdi olaraq dəvət edir, arzu və istəyini soruşub, buna uyğun iş yeri təklif edirdilər.
Yəqin ki, Təhsil Nazirliyi hər il universiteti bitirən gənclərin işlə təmin olunub-olunmaması ilə əlaqədar monitorinq aparır. Nə üçün belə monitorinqlər təhlil olunub kadr hazırlığı və gənc mütəxəssislərin ixtisasları üzrə işlə təmin olunması üçün təkliflər hazırlanmır?
Görəsən, biz gənclərin seçdikləri peşələrdən soyumaması üçün onlara stimul yaratmaqdansa, niyə belə süni çətinliklər yaradırıq?
Bu gün hansı əraziyə yolun düşsə, əlinə hansı mətbuat nümunəsi düşsə, orada müəllimlərin diaqnostik qiymətləndirilməsindən söz açılır. Məktəb, müəllim zorla qınaq hədəfinə tuş edilir.
Əslində diaqnostik qiymətləndirmə tibbdə, avtomobillərə servis xidmətlərində istifadə edilən termindir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi yox, müəllim əməyinin diaqnostik qiymətləndirilməsi deyilsə və yazılsa, müəllimlər də bu qədər inciməzdi.
Müəllimlərin işə qəbulunun nə üçün imtahanla keçirildiyi haqqında müxtəlif cavablar var. Mən Təhsil Nazirliyinin bu məsələ ilə bağlı belə fikrinə rast gəlmişəm ki, müəllimlərin işə qəbulunu mərkəzləşdirilmiş mexanizmlə həyata keçirilməsi beynəlxalq təcrübədə də var. Guya bunu zəruri edən bir sıra asəbəblər mövcuddur. Söylənilənlərə görə, bəzi şəxslər saxta diplomlarla məktəblərə yol tapırdılar. Bəzi məktəblərdə işə çox az dərs saatları ilə müəllim qəbul edirlərmiş. Belə "kadrların” bilikləri, peşəkarlıq səviyyəsləri yoxlanılmırmış. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi. Ona görə dövlət ali məktəblərini bitirmiş gənc mütəxəssislri də imtahan etmək məntiqli görünmür. Rəhbər pedaqoji kadrların keyfiyyət tərkibini yaxşılaşdırmaq lazımdır. Hansısa müəllimin çox az saatla içə qəbul olunması üçün həmin məktəbdə qeyri-hüquqi əsas yaradan (az saatla işə qəbul olunandan yazılı razılıq alınır ki, guya 4 saat və ya 6 saat dərslə təmin olunmasına etiraz etmir və ya 4-6 saat ixtisas dərsi, stavkanı tam emək üçün qalan dərs saatlarını da dərnəklə, əlavə məşqələlərlə, fakültativ saatlarla tamamlayırlar və s.), əmr verən məktəb direktoru, daha yuxarı təhsil orqanı özü cavabdehlik daşıyır. Buna görə ucdantutma işə hamını imtahanla qəbul etmək məntiqli deyil.
O müəllimlərdən imtahan götürülsün ki, müxtəlif səbəblərdən uzun müddət peşəsindən ayrı düşüb. Bu müddətdə çoxlu yeniliklər baş verib, görək, həmin müəllim yeni təlim üsulları və texnologiyalarla işləyə biləcəkmi?
Bizim dövrümüzəki kimi ali mətəblərin özündə təyinat bölgüsü keçirmək belə neqativ hallara son qoyar.
Təhsil nazirliyinin elektron səhifəsində isə " Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin məqsədi nədir?”sualına cavabolaraq bildirilib:
- Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması;
- bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi;
- nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
Hələ sertifikasiya mərhələsi və attestasiya var: əlbəttə, üzücüdür. Ali mktəbi yenicə bitirmiş və müəllim ixtisası qazanmış bir bakalavr və ya magistr ixtisası üzrə lazım gələcək bilik və bacarəqları oxuduqları təhsil müəssisəsuində alıb və bunu imtahanlarla gerçəkləşdiriblər. Peşəkarlıq və metodiki bacarıq kimi keyfiyyətləri isə hələ işləməmiş necə müəyyən etmək olar, hələ bir 3-5 il işləsinlər, sonra yoxlamaq olmazmı?.
Əgər diaqnostik qiymətləndirmə budursa, Azərbaycan Respublikasının hal-hazlrda qüvvədə olan Əmək Məcəlləsinin 64, 65, 66, 67-ci maddələrindəki "attestasiya” məfhumunun ehtiva etdiyi anlamın eyni deyildirmi:
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
Mənim qanunun bu maddələrini oxuyub başa düşdüklərim budur ki, attestasiya vasitəsi ilə müəllimlərin bilik və peşə bacarıqlarını bütün incəliklərinə qədər ölçmək və qiymətləndirməyə zəmanət var.
Əlbəttə, bütün sahələrdə olduğu kimi, pedaqoji sahədə işləyənlər peşəkarlıq və metodika baxımından yüksəkhazırlıqlı mütəxəssis olmalıdır, hətta digər peşə sahiblərindən də daha çox. Amma bunu arzu etməklə bərabər müəlim üçün elə şəraiti yaratmaq lazımdır ki, müəllim hər gün yenilənə bilsin, şəxsi təhsil və peşəkarlığını artırmaq qayğısına qala bilsin. Xüsusən, qadın müəllimlərin ailə-ev qayğıları tükənməzdir. Onlar həm bu qayğıların təminatçısı olmalı, həm də yeni dövrün tələblərinə cavab verən müəllim olmalıdır.
Oxşar postlar:
- Oxunub: 1 868
- Şərhlər: 0
- Bölmə: Layihə / Müzakirə
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh YazQonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar