» » Toylarımız və imkanlarımız

Toylarımız və imkanlarımız

 

Toylarımız  və imkanlarımız

Saytların birində "Dəbdəbəli toy etməkdənsə..." sərlövhəli maraqlı bir müsahibəyə rast gəldim. Diqqətimi çəkən bir səbəb də müsahibənin tanınmış jurnalist Süleyman Qaradağlı ilə aparılması idi.

Çox müraciət edilmiş mövzu olsa da, hər zaman aktualdır. Sirr deyil ki, son dövrlərdə bizim toylarımız heç də gənclərimizi xoşbəxt etmir, bəzən toylar böyük xərclə başa gəlir, bəzən ziyana düşənlər də olur. Çünki toylarımızda israfçılıq ifrat dərəcədədir. Menyuda hər adam üçün nəzərdə tutulan yeməklərin, salatların, kababların, içkilərin və sairlərin çeşidi o qədərdir ki, bu qədər ərzağın 1 insan tərəfindən yeyilə bilməsi mümkün olan şey deyil. Əgər bunlar yeyilməyəcəksə və bu israfçılıq artıq dönə-dönə təsdiq olunubsa, yeməklərin çeşidini azaltmaq olmazmı, yerlərin qiymətini aşağı salmaq olmazmı? Nə olar, nəmər kimi atılmış puldan qoy 5-3 min manat pul sonda gənc ailəyə qalsın, onlar da bu pulu zəruri ehtiyaclarına sərf etsinlər. Bax, müsahibənin aktuallığı gənclərimizə bu qayğıdan dəyərləndirilməlidir.

Süleyman müəllimin müzakirəyə çəkdiyi digər vacib məsələ də toy sahiblərinin, xüsusən, toy edən gənclərin öz şənliklərinə "qonşudan geridə qalmayım” prinsipi ilə yanaşması, yəni dəbə uymasıdır. Halbuki, bunların heç biri ailə həyatına yeni qədəm basacaq gənclərin gələcək xoşbəxtlyinə bu və ya digər dərəcədə təsir edə bilməz.

Toylarımızın məqsədi övladlarımızı vüsala qovuşdurmaqdır. Onu necə keçirmək, hansı vasitələrlə daha maraqlı etmək, əbədiləşdirmək kimsəyə qadağan edilməyib. Bu, hər bir ata-ananın, toy edəcək gəncin öz istəyinə buraxılıb. Lakin bəzən gənclərimiz elə iddialara düşürlər ki, bu iddialar onların valideynlərinin imkanları ilə üst-üstə düşmür. Bəzən də o qədər yersiz və mənasız olur ki, durdurmasan, "bu nədir?” deməsən, getdikcə ənənə halına düşəcək. Nəticədə, hər zaman ailələrə əlavə xərclər gətirəcək, yeni problemlər yaranacaq və s.


Toylarımız  və imkanlarımız

Azərbaycan təkcə Qafqazın deyil, bəlkə də dünyanın ən dilbər guşəsində yerləşən elə bir məmləkətdir ki, gözəlliyi, səxavəti, bolluğu təbiət bu torpaqdan əskik etməyib. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 9-nun Azərbaycanda olması bu gözəlliyi, səxavəti və bolluğu şərtləndirən əsas amillərdən biri, həm də birincisidir. Bu zənginlik xalqımızın yaşam tərzində və adət-ənələrində də eynən belədir. Bu torpağa qədəm basan hər bir əcnəbi qonaq sonda ölkəmizdən ayrılarkən özləri ilə hədiyyə kimi götürdükləri suvenir və əşyalardan dəfələrlə çox zəngin təəssürat aparırlar: mədəniyyətimiz , ədəbiyyatımız , tariximiz və adət-ənələrimiz haqqında.

Unutmaq olmaz ki, xalqın tarixi təkcə onun inkişafını müəyyən edən hadisələrdə deyil, həmçinin etnoqrafiyasında, bu günümüzə gəlib çatan adət və ənənələrində də yaşamaqdadır. Bu xalqın bir Novruz bayramı ilə əlaqədar keçirdiyi ayinləri, bir dədə-baba toyunu izləmək kifayətdir ki, bütövlükdə xalqımız haqqında, onun arzu və niyyətləri haqqında məlumat əldə etmək mümkün olsun. Bu məlumat əldə edən kəs təbiətimizin zənginliyi qədər xalqımızın da zənginliyinə heyrət edəcək.

Dədə-baba toylarından danışdım. Xalqımızın ailə-məişət ənənərində toy adətləri öz məzmun və mahiyyətinə görə çox böyük bir tarixi inkişaf yolu keçmişdir. İctimai formasiyalar əvəzləndikcə istehsal münsibətlrindəki dəyişikliklər, mədəni nailiyyətlər, intibah və s. bu kimi amillər ictimai münasibətlərə, həmçinin ailə münasibətlrinə təsir etmiş, hər dəfə onlara yeni bir baxış formalaşdırmışdır. Bu münasibətlərin içərisində ən az dəyişikliyə uğrayan xalqımızın milli-mənəvi dəyərləridir, o cümlədən toylarımızdır. Xalqımız toy adətlərimizin saflığını hər zaman qoruyub saxlaya bilmişdir. Bir çox alimlər bunu elmi məqalələrində qeyd etmişlər. Onlar bir məsələni də xüsusi olaraq vurğulamışlar ki, qafqazlıların gücü, qüdrəti nəslə və kökə bağlılıqlarındadır. Yəni, bizim ailə institunun məramı, məqsədi nəsil xəttini qorumaq, insanlığın davam etməsinə təminat yaratmaqdır. Təbii ki, bu təminat sağlam və saf ailə ittifaqlarlarının mövcudluğu ilə mümkün ola bilər.

Ailənin yaranmağa başladığı zaman neolit və eneolit dövrü üçün təxmin edilsə də, XII əsrdə artıq böyük ailə formaları mövcud idi. N.Gəncəvinin "Leyli və Məcnun” əsərində surətlərdən birinin ilə deyilən "bir ev külfətim var” fikri böyük ailə tiplərinin tarixindən xəbər verir. Bu gün Azərbaycanın bütün rayon və yaşayış məskənlərində bu ailə varisliyini yaşadan izlər var. Məsələn, Xaçmaza gedəndə yolboyu rast gəlinən kənd adlarına diqqət edək: Aslanoba, Ağarəhimoba, Ağaverdioba, Ağaşirinoba, Düztahiroba, Fərzəlioba, Hacıabdurəhimoba, Hacıisaoba, Hacıməmmədoba, Hacıqazma, Hacıqurbanoba, Hacıəhmədoba, Hacıəlibəy, Həbibkənd , Əhmədoba, İdrisoba, Yaquboba və s.

 

Toylarımız  və imkanlarımız

Bu adlar böyük külfət sahiblərinin getdikcə daha böyüyərək öz külfətlərinin, nəsillərinin məskunlaşdıqları obalara çevrilmişlər. Bunları deməkdə məqsədimiz nəsli, şəcərəni qorumaqda ailənin, ailə münasibətlərinin özünün saflığı üçün bir diqqət yaratmaqdır. Yəqin ki, eşitdiklərinizdən, internet məlumatlarından dədə-babaların dövründəki ailələrlə müasir ailələr arasındakı davamlılıq və etibarlılığın fərqindəsiniz. Əvvəlki ailələr daha etibarlı, sədaqətli idi. Bu gün isə belə deyil. Bunun bir səbəbi də toy-nişan adətlərimizdəki urvatı qoruyub saxlaya bilməməyimizdir. Elə qısalda-qısalda, ixtisar edə-edə gedirik. Bilirsiniz niyə, ona görə ki, bu münasibətlərin əksəriyyətində ruhən birləşməkdən daha çox cismən birləşməyə can atılır. Bu gün tanış olur, uzağı 6 aya qədər də toy edirlər. Toy gününədək keçirilməli olan mərhələlərin, mərasimlərin demək olar ki, əksəriyyəti keçirilmir, yengə adı eşidəndə haray-həşir qoparırlar, köhnəliyin qalığıdır deyirlər. Amma belələrinin modern sevgiləri çox qısa olur. Unikal.org informasiya agentliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovanın Azadlıq Radiosuna verdiyi məlumata istinadən bildirmişdir ki, il ərzində 15-17 yaşlı qızlar dünyaya 3 minə yaxın uşaq gətirmişdir. Bu, dövlət rəsmisinin dedikləridir, yəni dəqiq məlumatlardır. Yəqin ki, hələ rüsvayçılıqdan qorxduqları üçün, təhdid edildikləri üçün özlərini zərəçəkmiş qismində tanıtmayanlar yenə də var. Onlar çamurluğa sürüklənmiş zavallılardır. Günahkarlar onlar yox, onları bu çamurluğa sürükləyənlərdir. Belələri hərəkətləri ilə həm də cəmiyyətdə qızlara, sevgiyə bir ümidsizlik, şübhə xofu yaradırlar. Onlar nikahdankənar izdivaca girir, sonra bu izdivacdan dünyaya gələn uşaqlar ya küçələrə atılır, ya da körpələr evinə verilir və s. Nəticədə, gələcəkdə həmin uşaqlar cəmiyyət üçün daha bir problemə çevrilirlər. Və yaxud erkən yaşlarda cinsi həyata baş vurmaq meyli getdikcə intensivləşir və belə gənclər evlənməyə meyilli olmurlar, nə vaxtsa evliliyə razı olanda isə artıq zifaf gecəsi, ailənin özəl həyatı onlar üçün çox sönük olur. Təbii ki, ailə münasibətlərində yaranan soyuqluqda bu amil də ciddi faktorlardan biridir. Bütün bunların baş verməməsi üçün biz dədə-babalardan miras qalmış əxlaq-ailə ideallarına qayıtmalıyıq. Bu sədaqət olmayacaqca, həyat yollarında aşınmalarla müşayiət olunan səhnələrlə qarşılaşacağımız hər zaman gözləniləndir.

 

Toylarımız  və imkanlarımız

                                                                             Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz