» » Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

Müəllif: Leyla от 24-09-2013, 15:02
                                                                         

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)                    

 

Ramiz Qusarçaylı (şair):
- Qadın çins etibarı ilə kişini əksidir. Bu, onun fiziki halıdır. Qadın deyəndə ilk düşündüyümüz də bu olur. Amma bir az keçincə, özümüzə varıb düşündüyümüzcə daha dərin, həm də incə duyğular alıb gedir bizi. Hərdən mənə elə gəlir ki, dilimizdə incəlik, gözəllik, insana fərəh, yaşamaq eşqi gətirən duyğuları bildirən nə qədər söz var, hamısı qadınlardan sonra yaranıb. Qadın olmasaydı, sevmək sözü nəyə lazım idi ki...? Qadın olmasaydı, bu təbəssüm nə imiş ki gülməkdən başqa?! Qadın olmasaydı, lüğətimiz boş olmayacaqdı, amma sözlər hamısı texniki, cansız olacaqdı, cümlə yaradan, fikri tamamlamaq üçün bir vasitə olaraq qalacaqdı. Amma insan həyatı üçün bu qədər dəyərli olan xanım tarix boyu məhrumiyyətlərin ən ağırını çəkib.
Qadın zəhmətkeşdir, əzabkeşdir. Qadın sədaqət, vəfa şəhididir. yaşayır, amma şəhiddir. Mən bir qələm adamı kimi istər keçmişdəki, istərsə də günümüzdəki qadın adına ehtiramla yanaşıram. Keçmiş dövrlərdə yaşamış qadınlar bugünkü qadınların ulularıdır, ağbirçəkləridir. Bu gün qadınlarla bağlı problemlərimiz də var, qadınlar tərəfindən edilən yanlışlıqlar da var. Mən bunu sırf qadınların adına bağlamazdım. Bu, cəmiyyətin, inkişafın, daha çox Qərbdən gələn təmayüllərin təzahürüdür. Yoxsa, Azərbayccan Qadını qürurludur, sədaqətlidir, bir Ana abidəsidir.

 

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

 

Dr.Samira xanım ( həkim):
- Müqayisə etməyə çalışarkən,təbii ki,ilk olaraq göz önündə olan ünsürləri sadalamaq hər kəsin ilk etdiyi işdir:keçmişdə qadınların geyimləri fərqli idi,çox ağayana,çox xanım-xatın idilər,böyük-kiçik yeri bilən,evdə böyükdən kiçiyə,bütün kişi fərdlərinin icazəsini almadan hansısa bir addım atmayan,ömrünü ailəsinə və övladlarına həsr edən,özləri oxuma -yazma bilməsələr də,övladlarının maariflənməsini istəyən,başından kəlağayısı,sinəsindən hörüyü əksik olmayan və s... Bu siyhaya əlavə edəcəklərimizi istədiyimiz qədər artıra da bilərik.Müasir qadınlar üçün isə deyə bilərik ki,həm geyimləri fərqlidir,həm həyat tərzləri,həm dünyagörüşləri,həm "qadınlığa" münasibəti...Yaxşı yöndə fərqlidir,yoxsa pis yöndə..Bu suala birmənalı cavab vermək mümkün deyil,çünki qadınların sayı qədər,müxtəlif xarakteristikalı fərqliliklər meydana çıxır.Müqayisə etməyimizi və hətta seçim etməyimizi istəyirsiniz,keçmiş yoxsa müasir qadınlar?Bu seçimi etməzdən öncə bir qədər dərinliyə baş vuraq.
Biz,müasir cəmiyyətin müasir qadınları,keçmiş qadınlar haqqında məlumatı hardan almışıq?Təbii ki,kitablardan, tarixdən..Bilmirəm,diqqət etmisinizmi,keçmiş bədii ədəbiyyatımızdakı kitablar çapa verilməzdən öncə neçə dəfə senzuradan keçirilib,neçə ədəbi tənqidçi tərəfindən yoxlanılırdı və etikadan kənar hansısa davranış yaxud personaj olarsa,onun dəyişdirilməsini tələb edirdilər və təbii ki,yazıçılar da bunları nəzərə aldıqları üçün,əsərləri üçün qəhrəman seçərkən,sözün əsl mənasında qəhrəman seçirdilər.İndiki bəzi müasir yazıçılarımız kimi,harda bəxti gətirməyən,pis yola yuvarlanan və s. qadın varsa, onu özünə qəhrəman seçib həyatlarını bütün çılpaqlığı ilə qələmə almırdılar.Yəni bu o demək deyil ki,keçmişdəki qadınların hamısı mələk,müasir qadınlar isə şeytandırlar.KİV-in insanlara necə güclü təsir etdiyinin şahidi olduğumuz bir zamanda yaşayırıq,odur ki,müasir qadınları,eləcə də kişiləri nədə isə qınamağa başlamzdan öncə ilk öncə KİV-i qınamaq və köklü şəkildə dəyişiklik eləmək lazımdır,ən azından senzuranı gücləndirmək lazımdır, bu həm də sayt rəhbərlərinə aid edilməlidir,hər əlinə qələm alana "yazar" deyib,cızma-qaralarını aktiv etməməlidir.
Bütün zamanlarda insanların tərbiyəsinə 3 amil təsir edib,keçmişdə də indi də:1.Ailə,2.Dostlar,3.KİV.Keçmiş qadınlarda,bu 3 amildən yalnız birincisi dominantlıq edirdi,çünki dost çevrəsi qazanmaq üşün məktəb,universtitetə getmirdilər,KİV dən yararlanmaq üçün oxuma -yazma bilmirdilər(mən keçmiş qadınlardan danışarkən,özümdən 3-4 nəsil öncədən danışıram),Müasir qadınlarda isə 1-30%,2-40%,3-40% olaraq, ailə geridə qalır,təəssüf ki...Təhsil almaqlarına və azad hüquqa sahib olduqlarına görə Qərb qadınları feminizm cərəyanına borcludurlarsa,etiraf edək ki,biz də Sovet hakimiyyətinə borcluyuq,qadına təhsil verməyin labüddüyünü və qadının cəmiyyətdə özünü təsdiq edərək işləməsinin əhəmiyyətli olduğunu hər kəsə dərk elətdirdiyi üçün. Ancaq yenə də seçim etmək lazımdırsa,mən heç birini seçmirən,çünki biri səbəb,digəri isə nəticədir.


                                                          Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)
Əfsanə xanım (publisist): 

İnsanın hissləri zamana görə dəyişmir. Məsələn, mən düşünmürəm ki, başqa zamanda yaşasaydım yenə indiki düşüncədə, indici emosiyalarda olardım. Dövr xarakteri dəyişmir. Sadəcə yaşadığımız dövr bizə hansı imkanları verirsə biz o imkanlardan yararlanırıq. Bircə fərq var. Müasir dövrdə hər şey adiləşib. Qadına sahib olmaq üçün evlilik önəmli deyil.Ona görə də kişilər evlənmək istəmir. Qadınların isə fiziki biloji təlabatları var, müəyyən yaşdan sonra bu təlabatlar ödənməyəndə xəstəliklər yaranır. Qadın məcburdu ki, kimisə yatağına qəbul etsin. Umumiyyətlə, qadınları bunda qınamaq olmaz. Bu həyatın bir qanunudur. Bu abır-haya meyarı ilə ölçülməz. Tanrı bizi bu hisslər və bu qabiliyyətlə yaradıb. həyatın qanunudu bu.Dövrümüzdə işləyən oxuyan qadınlar var. Əvvəllər isə belə olmayıb. Oxumuş qadınla savadsız qadının böyütdüyü övladlar arasında çox fərq var. Ümumiyyətlə, valideynin ziyalı olması körpəyə genetik olaraq keçir. Geyimlər, elektrik avadanlıqları isə bu ETT-nin nəticəsidi. İnsan həmişə öz həyatını asanlaşdırmağa çalışıb və çalışır. Zaman zamandır, əslinə qalsa, heç nə dəyişmir. Dəyişən odur ki, insan ölür, əvəzinə başqaları doğulur. Hər şey həyatın qanununa əsaslanıb.

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

 

Gülarə xanım (istifadəçi):
- Keçmişdəki qadınlar daha çox xanım- xatın idilər, milli geyimlərimiz də onlara xüsusilə yanaşırdı. Əvvəlki xanımların rəsmlərinə baxıram, sonra da indikilərə. Keçmişdə 18 yaşlı qız 25 yaşlı kimi görünürdü, daha qamətli, bir az ətli-qanlı oluru. İndiki nəsillər cılızlaşır elə bil. Məndən inciməsinlər, amma keçmişdə böyüklərə hörmət daha çox var idi. İndi qız ya oğlan fərq etməz, sadəcə, başqalarını yuxarıdan aşağı süzür. Onların bütün maraqları hansı təzə telefon, planşet çıxıb, qiymətləri necədi, hansı brend mağazasının açılışıdır, maqazin xəbərlərini oxumaq, o restoran sənin, bu mənim düşüncəsindən başqa bir şey deyil. Keçmişdə qızlar, xanımlar evlənəndə əl qabiliyyətini göstərmək üçün elə hey bişirib, düşürərdi, indiki xanımlar isə bütün işlərini ev xidmətçilərinə gördürmək istəyirlər. Yaxşısı budur, müasirlər məni top-tüfəngə tutmasınlar deyə, sözümü bitirim.

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

 

Sevil xanım (istifadəçi)
- Qadın müqəddəsdir, qadın güclüdür. Azərbaycan qadını istər keçmiş olsun, istərsə də müasir, həmişə tərbiyəli, ailəcanlı, zəhmətkeş olub. Əsl ana, əsl dost olub.
Keçmiş qadınlarımızla müasir qadınlarımız arasındaki fərq: keçmiş qadınlar daha ailəyə bağlı olub, çox çətinliklərə dözüb. Müasir qadınlar hər çətinliyin öhdəsindən gələ bilmirlər. İndiki dövürdə ailə qurmaq və boşanmaq adı bir hala çevrilib. Həm də keçmişdə ailələr çoxuşaqlı olub, şərait indiki kimi olmayıb, qayınata-qaynana yanında yaşayıblar. Amma buna baxmayaraq, evliliklər uzunömürlü olub və qadınlarımız bütün çətinliklərin öhdəsindən gəliblər.
Nə qədər müasir dövr olsa da, qadın azadlığı yaşasalar da, inkişaf yolunda irəliləsələr də, təəssüf ki, bir çox yerlərdə qadınlar dinlənilmədən susdurulur, şiddət görür, cinayətə qurban gedirlər.
Xoşbəxt yaşamaq, yaxşı ailəyə sahib olmaq hər bir qadının haqqıdır. Hər cəmiyyətin tərəqqisi həmin cəmiyyətdə yaşayan qadının vəziyyətindən asılıdır...

Keçmiş qadınlar, yoxsa müasir qadınlar? ( II hissə)

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz